AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana.[1]
AMEA Mərkəzi Elmi kitabxana | |
---|---|
![]() Mərkəzi Elmi Kitabxananın binası | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Tipi | Elmi kitabxana |
Yaradılıb | 1923 |
Ünvan | Bakı şəhəri, Hüseyn Cavid prospekti 129, Akademiya şəhərciyi, MEK-in yeni binası, AZ1143 |
Telefon | +(994 12) 539 73 65 |
Fondu | |
Fondun həcmi | 1304686 (iyul, 2024) |
Digər məlumatlar | |
Direktor | Hüseyn Hüseynov |
İşçi sayı | 202 |
Sayt | mek.az |
![]() |
Mərkəzi Elmi Kitabxana Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətləri, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılmasını, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılmasını, dünya elmi, tarixi və mədəniyyətini təbliğ edir. MEK, Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir. MEK-in əsas prioritet fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 №-li Fərmanı və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifə və öhdəliklər ilə uyğunlaşır.
Kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynovdur.
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin[2] nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb.[3] Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.[4] Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında böyük rol oynamış professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyinin II hissəsində bu faktı belə xarakterizə edir:
Cəmiyyətin nizamnaməsində təşkili zəruri hesab edilən kitabxananın əsası elə 1923-cü ilin dekabrında qoyuldu. Cəmiyyət yarandığı gündən onun təşəbbüskarları cəmiyyətin kitabxanasını yaratmaq işini ön plana çəkmiş, kitabxana üçün kitab toplamağa başlamışdılar... Bu kitabxananın yaranmasında 1924-cü ildə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Biblioqrafik büronun mühüm rolu olmuşdu... Biblioqrafik büroya professor A.B.Baqri rəhbərlik edirdi... Büro Cəmiyyətin kitabxanasının formalaşması sahəsində də ciddi iş aparırdı.[5] |
1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur.
Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir.[6] 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır.[7] AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana (MEK) adlanır.[8]
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu almışdır.[9]
1925-ci ildə Hənəfi Zeynallının rəhbərliyi ilə yaranan Mərkəzi Elmi Kitabxana (MEK) 100 illik fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynamışdır.[10] Mərkəzi Elmi Kitabxanaya müxtəlif illərdə S. M. Yəhyazadə, Y. İ. Tahirov, Nazim Axundov, Rasim Kazımov, Məhbubə Həsənova, Əmin Əfəndiyev, Aybəniz Əliyeva-Kəngərli, Leyla İmanova ,[11] Sevil Zülfüqarova, Məmməd Əliyev rəhbərlik etmişdir.[12] 2024-cü il aprel ayının 2-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika elmləri doktoru dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin olunub.[13]
Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 1304686 nüsxəyədək ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir.[14]
Direktor | Hüseyn Cəlil oğlu Hüseynov |
Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini | Oruc İslam oğlu Quliyev |
Kitabxana xidməti üzrə direktor müavini | Şəhla Tahir qızı Quliyeva |
Ümumi işlər üzrə direktor müavini | Yusif Rəsul oğlu İsmayılov |
Elmi katib | Şəbnəm Ayaz qızı Rüstəmova |
Baş mühəndis | Rafiq Savalan oğlu Aslanov |
Mərkəzi Elmi Kitabxana respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidir. AMEA MEK ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, MDB dövlətləri və digər ölkələrin təşkilatları (Akademiyalar, ali təhsil müəssisələri, kitabxanalar, xüsusi təşkilatlar, muzeylər, ayrı-ayrı alimlər, yazıçılar, ictimai xadimlər) ilə əlaqə yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır.[15]
MEK 37 ölkənin 108 təşkilatı ilə beynəlxalq mübadilə aparır. Beynəlxalq mübadilə nəticəsində qarşılıqlı olaraq oxucuların sorğusuna əsasən sifarişlər edilir və fondlar zənginləşdirilir. Aktiv təşkilatlar arasında ABŞ Konqres kitabxanası, Fransa Milli Kitabxanası, Rusiya Dəqiq Elmlər EA Kitabxanası, Milli Kitabxanası, Qazaxıstan Akademiya Kitabxanası, Belarus MEK, Moldova EA Kitabxanası, Özbəkistan Milli Kitabxanası, Bosniya və Hersoqovina — Akademiya Kitabxanası, Qazi Xosrov kitabxanası, Türkiyə — Türk Dil Qurumu, Türk Ocaqları, Türk Dünyası Araşdırmaları Vəqfi, Türk Tarix Qurumu, İldırım Bəyazid Universiteti, Böyük Millət Məclisi kitabxanası, Milli Kitabxana, Çin Milli Kitabxanası, Almaniyanın Fraye Universiteti, Senkenberq Araşdırmalar İnstitutu, Macarıstan Elmlər Akademiyasının Kitabxanası, Rusiya, Belarus, Bolqarıstan, Rumıniya Milli Kitabxanaları vardır.
Ölkələr arasında ABŞ partnyor sayına görə 1-ci yeri tutur (80-dən çox təşkilat). Aktiv partnyorlar sırasında Vaşinqton şəhərində yerləşən Konqres Kitabxanası, Miçiqan Universitetinin Kitabxanası, Los-Ancelesdə Kaliforniya Universiteti, İllinois Universitetinin kitabxanasının adlarını çəkmək olar. Həmçinin Avropa ölkələri — London Coğrafiya İnstitutu, Asiya Cəmiyyəti, İngiltərənin Britaniya muzeyi, Parisdə Milli Kitabxana, Hamburqda Zoologiya İnstitutu, Tokio şəhərində yerləşən Yaponiyanın Zəlzələ Araşdırmalar İnstitutu, Riyaziyyat İnstitutunun Kitabxanası və digərləri ilə kitab mübadiləsi müvəffəqiyyətlə həyata keçirilir.[16]
Bu əlaqələr çərçivəsində Mərkəzi Elmi Kitabxana 2015-ci il ərzində Azərbaycanda fəaliyyətdə olan bir neçə səfirliklərin nümayəndələri ilə görüşlər keçirmişdir.
— Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami (09 aprel, 2015)
— Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandaki səfirliyinin missiya rəhbərinin müavini Abdulla Yasim Əl-Şəmsi (21 aprel, 2015)
— Əfqanıstan İslam Respublikasının Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili (23 aprel, 2015)
— İsveç Krallığının Azərbaycandaki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestad (30 aprel, 2015)
— İraqın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak (04 may, 2015)
— Türkmənistanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov (05 may, 2015)
— Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim (06 may, 2015)
— Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-inn (20 may, 2015)
— Kolumbiyanın Azərbaycandakı səfirliyinin daimi işlər vəkili Assad Xose Xater Penya (29 may, 2015)
— Rusiyanın Azərbaycandaki səfirliyinin baş müşaviri Aleksandr Qladkov (29 may, 2015)
— Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri MEK-i ziyarət edib (30 yanvar, 2020)
— Cenevrə professoru Vera Slaveykova, Rusiyanın Həştərxan Dövlət Universitetinin professorları Mixail Yeqorov və Olqa Yeqorova MEK -i ziyarət ediblər (05 mart, 2020)
10 fevral 2021-ci ildə Azərbaycan Müdafiə Nazirliyinə Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə təqdim edilməsi üçün 191 ədəd (türk və rus dilində) kitab verilmişdir.
2021-ci il ərzində kitabxananın büynəlxalq əlaqələri genişlənmiş yeni əməkdaşlıq müqavilələri imzalanmışdır:
25 noyabr 2021-ci ildə MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (1993-cü ildə Kiyevdə təsis edilmiş, rus. MAAH) üzvü seçilmişdir (24 Elmi Şuradan Kitab mədəniyyəti, kitab nəşri, kitabxana Elmi Şurasının üzvü seçilmişdir).
30 may 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlu, ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqaner Mərkəzi Elmi Kitabxanada yaradılan "Şimali Kipr Türk Cümhuriyyəti" diplomatik guşəsinin açılışında iştirak ediblər. MEK-in direktoru Hüseyn Hüseynov dünyanın 46 ölkəsi və 126 təşkilatı ilə əməkdaşlıq edən kitabxana haqqında nazirə ümumi məlumat verib.[17] Açılış zamanı qonaqlar "Akademik zal"da yaradılan guşədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin MEK-ə hədiyyə etdiyi ədəbiyyatlarla tanış olublar.
31 may 2024-cü ildə Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Səncər Mərkəzi Elmi Kitabxananı ziyarət etmiş, buradakı yeniliklərlə yaxından tanış olmuşdur.[18]
27 iyun 2024-cü ildə Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov ilə Özbəkistanın Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev arasında əməkdaşlığa dair memorandum imzalanıb.[19]
Vikianbarda AMEA Mərkəzi Elmi Kitabxana ilə əlaqəli mediafayllar var. |