AbzasMedia — Azərbaycanda fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı və müstəqil media orqanıdır. 2016-cı ildə Ülvi Həsənli daxil olmaqla bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib.[1] Fəaliyyəti əsasən korrupsiya araşdırmaları ilə bağlıdır. Sayt hər gün daxili siyasət və insan haqları ilə bağlı beş-altı xəbər, həmçinin dövri köşə yazıları və araşdırmalar dərc edir.[2]
AbzasMedia | |
---|---|
![]() | |
URL | abzas.org |
Tipi | qeyri-kommersiya təşkilatı[d] |
Sahibi | Ülvi Həsənli |
Redaktor | Sevinc Vaqifqızı |
Açılma tarixi | 2016 |
AbzasMedia martın 19-da Çexiyada "People in Need" təşkilatının "Homo Homini" insan hüquqları mükafatına layiq görülüb.[3] 23 avqust 2024-cü ildə "Azad Media" mükafatı ilə təltif olunub.[4]
AbzasMedia 2016-cı ildə bir qrup ictimai fəal tərəfindən direktor Ülvi Həsənlinin təşəbbüsü ilə yaradılmışdır. Media orqanının yaradılmasındakı məqsədlərdən və onun fəaliyyət istiqamətlərindən biri korrupsiyanın Azərbaycanda güc bərabərsizliyini və sosial-iqtisadi bərabərsizliyi artıraraq cəmiyyətə zərərli təsirlərini vurğulamaq idi.
Qurucu direktor Ülvi Həsənli "Dalğa" Gənclər Hərəkatı, Azad Gənclik Hərəkatı və NİDA Vətəndaş Hərəkatı kimi demokratik dəyərlərin cəmiyyətə aşılanmasını hədəfləyən təşkilatların idarə heyətində təmsil olunmuşdur.
Saytın baş redaktoru, jurnalist və hüquq müdafiəçisi Sevinc Vaqifqızı isə daha əvvəl Meydan TV müstəqil mühacir media qurumunda 9 il jurnalist olaraq çalışmış və bir sıra dövlət rəsmiləri, o cümlədən Prezident İlham Əliyev və ailəsi ilə bağlı korrupsiya araşdırmalarında mühüm rol oynamışdır.
AbzasMedia tərəfindən 2022–2023-cü illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri[5], Xarici İşlər naziri Ceyhun Bayramov[6], Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini Bəylər Eyyubov[7], DTX rəisi Əli Nağıyevlə[8] bağlı araşdırmalar, o cümlədən Heydər Əliyev Fondu və PAŞA Holdinga aid tenderlər barədə materiallar dərc olunmuşdur.[9][10][11] Həmçinin "Araşdırılmayan cinayətlər" seriyasında metropoliteninin sabiq rəisi Tağı Əhmədov[12], Slavyan Universitetinin sabiq rəhbəri Nurlana Əliyeva[13], sabiq Ordu Korpusunun Komandiri Hikmət Həsənov[14], sabiq mer Hacıbala Abutalıbov[15], sabiq deputat Elmira Axundova[16], sabiq nazir Hüseynqulu Bağırov[17] və hazırda maliyyə naziri olan Samir Şərifovun[18], general-leytenant Mais Bərxudarovun[19], sabiq millət vəkili Ziyad Səmədzadənin[20], Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin[21], general-leytenant, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun [22]adının hallandığı cinayətlər barədə də araşdırma materialları verilmişdir.
Bundan əlavə, AbzasMedia "Söyüdlü hadisələri"nin işıqlandırılmasında da aktiv iştirak etmiş, kənd sakinlərindən,[23][24][25][26] aktivistlərdən[27][28] və hüquqşünaslardan[29][30] alınan müsahibələr əsasında materiallar hazırlamışdır. Jurnalist Nərgiz Absalamova Söyüdlü kənd sakinlərinin keçirdiyi etiraz aksiyasını işıqlandıran zaman polislərin müdaxiləsi ilə üzləşmişdir[31]. Jurnalist dostu ilə birgə saxlanılmış, telefonu əlindən alınaraq kənddən zorla çıxarılmışdır.
2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı[32]. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib. O, jurnalistlərə saxlanılan zaman onun polislər tərəfindən gözündən yumruqla vurulduğunu bildirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qaldığını qeyd edən Həsənli idarədə ona yumruqla zərbələrin endirildiyini bildirdi.[33] Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib[34].
Daha sonra "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı[35]. Elə həmin gün onun mənzilində axtarış apardıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Noyabrın 21-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçildi[36].
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində həbs qətimkan tədbiri seçib[37].
2023-cü ilin noyabr ayında Abzas Media rəhbərləri və əməkdaşları “qaçaqmalçılıq” ittihamı ilə həbs edildikdən sonra Nərgiz Absalamova da eyni iş üzrə noyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib[38]. Dindirilməsindən bir həftə sonra – noyabrın 30-da o, yenidən şahid qismində Bakı Şəhər Baş Polis idarəsinə dəvət olunub. Lakin şübhəli şəxs qismində saxlanılıb[39]. Ona qarşı Abzas Media rəhbərliyinə qarşı irəli sürülən eyni ittiham - Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi irəli sürülüb. Dekabrın 1-də Nərgiz Absalamova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.[40]
Elnarə Qasımova “AbzasMedia” işi ilə əlaqədar 2 dəfə - 24 noyabr 2023-cü il[41] və 13 yanvar 2024-cü ildə şahid qismində dindirilib. Sonuncu çağırışda - 13 yanvar 2024-cü ildə şübhəli şəxs qismində saxlanılıb[42]. 15 yanvar 2024-cü ildə isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub. Həmin gün Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib[43].
“AbzasMedia”nın əməkdaşları saxlanıldıqdan sonra, jurnalist Hafiz Babalı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb[44]. 13 dekabrda Babalı polis tərəfindən nəzarətə götürülüb və onun evində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi ilə birgə 8 polis əməkdaşı tərəfindən axtarış aparılıb[45]. “AbzasMedia”nın digər əməkdaşları kimi, onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olma) maddəsi ilə cinayət işi açılıb[46].