Antiroman (fr. Antiroman) — əsasən XX əsrin ortalarında Fransa yazıçıları arasında modernizmin bəzi nəsrini xarakterizə edən və "yeni roman" termini ilə yanaşı işlənən şərti anlayış.[1]
İlk dəfə “"antiroman" termini 1633-cü ildə Fransa yazıçısı Şarl Sorel tərəfindən "Dəli çoban" parodiya əsərinin alt başlığı kimi istifadə edilmişdir.[2]
1948-ci ildə "anti-roman" termini Jan Pol Sartr tərəfindən ədəbi tənqidin praktik lüğətinə qaytarılmışdır. O, Natali Sarrotun "Naməlum adamın portreti" kitabının ön sözündə əsəri belə təsvir etmişdir.[3]
Əslində XX əsrin ortalarında fransız əsərlərindən xeyli əvvəl yaradılmış bir sıra əsərlərdə antiroman əlamətləri var. Məsələn, İngiltərə yazıçısı Lourens Sternin "Tristram Şendi" (1759) əsərinin mətni müntəzəm olaraq çoxsaylı lirik ekskursiyalar, oxucu ilə söhbətlər, kənar hekayələr, qəhrəmanın qohumlarının həyatından bəhs edən hekayələr ilə kəsildiyi yerdə onu ironik və dramatik səhnələrin qəribə qarışığına çevirir.[4]
Antiroman terminin mənasını əsaslandıran romanın klassik elementlərinin, məsələn, müfəssəl, ardıcıl süjetin, bütöv daxili aləmi və xarakteri olan personajların rədd edilməsi ilə səciyyələnir. Antiroman yadlaşdırma və konformizmin yaratdığı ümumən əhəmiyyətli, lakin simasız həyat vəziyyətlərini həvəslə təhlil edir. Təqdimatda vaxt ardıcıllığının pozulması, dil, qrammatika və durğu işarələri ilə təcrübələr, alternativ sonluq və başlanğıcların olması, hətta boş və ya çıxarıla bilən səhifələr, kənar rəsmlər kimi poliqrafik məşqlər də ola bilər.[5]