Barri Keoqan (18 oktyabr 1992[1]) — İrlandiya aktyoru. Sənət aləmində qazandığı nailiyyətlər sırasında "BAFTA" mükafatı, "Oskar" mükafatına namizədlik, iki dəfə "Qızıl Qlobus" mükafatına namizədlik yer alır. "The Irish Times" onu 2020-ci ildə ölkənin ən istedadlı 27 kinoaktyorundan biri kimi dəyərləndirib.
Barri Keoqan | |
---|---|
ing. Barry Keoghan | |
![]() | |
Doğum tarixi | 18 oktyabr 1992(1992-10-18)[1] (32 yaş) |
Partnyoru |
|
Fəaliyyəti | kino aktyoru, televiziya aktyoru, aktyor |
Fəaliyyət illəri | 2011-ci ildən |
Boyu | 172 sm[3] |
IMDb | ID4422686 |
![]() |
Səhnə fəaliyyətinə 2011-ci ildə başlayan Keoqan, 2017-ci ildə Kristofer Nolanın "Dünkerk" ekran əsərində canlandırdığı obrazla diqqətləri üzərinə çəkib. Elə həmin il Yorqos Lantimosun "The Killing of a Sacred Deer" filmindəki roluna görə tənqidçilərin rəğbətini qazanıb. İrland istehsalı olan "Calm with Horses" (2019) kriminal dramasında, eləcə də fentezi janrlı "The Green Knight" (2021) filmindəki çıxışları ilə sənətkar kimi püxtələşib. Marvel Kinematoqrafiya Kainatının "Əbədilər" (2021) blokbasterində Druiq obrazı ilə irimiqyaslı layihələrə qədəm qoyub.
Martin Makdonanın "İnişerinin banşiləri" (2022) filmindəki roluna görə "BAFTA"nın "Ən yaxşı ikinci dərəcəli kişi rolu" mükafatını alıb, "Qızıl Qlobus" və "Oskar" mükafatına namizəd göstərilib. Psixoloji dram janrında çəkilmiş "Saltburn" (2023) filmindəki baş rolu ilə "Qızıl Qlobus" və "BAFTA" mükafatlarına "Ən yaxşı aktyor" kateqoriyasında namizəd olub.
Barri Keoqan RTÉ telekanalının "Love/Hate" (2013) serialında, HBO-nun "Çernobıl" (2019) miniserialında, Netflix platformasının "Top Boy" (2023) layihəsinin yekun mövsümündə, eləcə də Apple TV+ şəbəkəsinin "Masters of the Air" (2024) miniserialında rol alıb. O, hazırda Dior və Barretstown brendlərinin rəsmi səfiri kimi fəaliyyət göstərir.
Barri Keoqan 1992-ci ilin 18 oktyabrında İrlandiyanın Dublin şəhərinin Sammerhill bölgəsində doğulub.[4] Anasının narkotik asılılığı ucbatından on iki yaşında ikən valideynsiz qalan Barri, qardaşı Erik ilə birlikdə on üç müxtəlif himayədar ailənin yanında qalmalı olub. Yeddi il davam edən bu məcburi köçkünlük həyatından sonra nəhayət nənəsi, xalası və böyük bacısı Qemmanın himayəsində yaşayıb boya-başa çatıb.[5][6]
Kiçik yaşlarından səhnəyə maraq göstərən Barri, Dublinin North Richmond küçəsindəki O'Connell məktəbində keçirilən tamaşalarda rol alıb, lakin dəcəl davranışlarına görə məktəb teatrından uzaqlaşdırılıb.[7] Sənətə olan sevgisi onu Parnell küçəsindəki Cineworld kinoteatrına çəkib aparıb. Dostları ilə birlikdə gizlicə filmlərə baxmağı özünə adət edən Barri, bir müddət sonra buradan da qovulub.
"Between the Canals" filmində kiçik rol alan Barri, Dublinin məşhur teatr məktəbi The Factory-də (indiki Bow Street Academy) təhsil almağa başlayıb. O dövrdə maddi çətinliklər yaşayan gənc aktyor, məktəbə getmək üçün 2.20 avro məbləğində avtobus pulunu belə tapa bilmədiyini xatırlayır.
Həvəskar səviyyədə boksla məşğul olur.[8][9] O, "Mançester Yunayted"in azarkeşidir və yaxın qohumu Frank Stapleton ilə birlikdə klubun 2024–2025 mövsümü üçün forma təqdimatı kampaniyasında iştirak edib.[10][11][12] Barri Keoqan 2022-ci ilin mart ayında "Barretstown" uşaq xeyriyyə təşkilatının səfiri seçilib. İspaniyanın Aladina Fondunun maliyyə dəstəyi ilə quruluşun yeni Aladina Studiosunun açılışında iştirak edib. 2024-cü ilin martında Britaniya lüks moda evi "Burberry" onu brend səfiri təyin edib.[13]
2022-ci ilin aprel ayında Barri ictimai yerlərdə sərxoş vəziyyətdə olduğuna görə Dublində saxlanılıb, lakin cərimə qəbzi təqdim edildikdən sonra sərbəst buraxılıb.[14]
Barri Keoqan 2017-ci ildən 2020-ci ilədək Killarnidə bir pabda çalışan Şona Querin ilə sevgi münasibətləri yaşayıb.[15][16] Onların ilk tanışlığı Böyük Cümə günü baş tutub. İki sevgili 2019-cu ildə Lüsi Kennedinin aparıcısı olduğu "Livin' with Lucy" verilişində iştirak edərək, Los-Ancelesdəki evlərində qonaq qəbul ediblər.
Keoqan 2021-ci ilin sentyabrında stomatoloq və ortodontiya mütəxəssisi Elison Kirans ilə münasibət qurmağa başlayıb. 2022-ci ilin avqustunda cütlüyün oğlu dünyaya gəlib.[17][18] Eyni ilin noyabrında onlar Şotlandiyanın Broughty Ferry şəhərinə köçüblər.[19] Ancaq 2023-cü ilin ortalarında yollarını ayırıblar.[20]
Barri Keoqan 2023-cü ilin sonlarından 2024-cü ilin dekabrınadək amerikalı müğənni-bəstəkar Sabrina Karpenter ilə münasibətdə olub. Ayrılıqdan sonra o, "heç bir insanın oxumamalı olduğu" mesajlar aldığını bildirərək İnstagram hesabını deaktiv edib.[21][22][23]