Bayraq sancma – insanların kontekstdən asılı olaraq nümayiş etdirdiyi davranış. Hərbi və ya geosiyasi vəziyyətlərdə ərazi iddiasını nümayiş etdirmək üçün yerinə yetirilir. Bayraq sancma praktikasına futbol kimi idman yarışlarında da rast gəlinir.
İkinci Dünya müharibəsində bir çox məşhur bayraq sancma insidenti qeydə alınmışdır: amerikalı əsgərlərin İvo Cimada,[1] Finlandiya əsgərlərinin Treriksrösetdə[2] və sovet əsgərlərinin Reyxstaqda bayraq sancdıqları anı əks etdirən fotoşəkillər məşhur olmuşdur.[3] 1948-ci ildə baş verən Ərəb–İsrail müharibəsi zamanı İsrail əsgərləri Umm əl-Rəşrəşin (indiki Eylat) ələ keçirilməsini Mürəkkəb bayrağını sancmaqla və ucaltmaqla bildirmişdirlər.[4]
Bayraq sancma insidenti futbol kimi idman yarışlarında da qeydə alınır. Bu adətən aralarında rəqabət olan komandaların qarşılaşmalarında baş verir və qarşı tərəfi öz meydanında qışqırtmaq məqsədilə edilir. 1996-cı ildə futbol üzrə Türkiyə Kubokunun finalında "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdikdən sonra "Qalatasaray"ın baş məşqçisi Qrem Suness Şükrü Saracoğlu stadionunun ortasında Qalatasaray bayrağını sancmışdır. Bu hadisədən sonra azarkeşlər tərəfindən Sunessə "Ulubatlı" ləqəbi verilmişdir.[5]
ABŞ-də kollec futbolunda bir neçə dəfə bayraq sancma insidenti qeydə alınmışdır. 2005-ci ildə "Miçiqan Şteyt Spartans" oyunçuları "Notr Dam Faytinq Ayriş" komandasının meydanında, 2017-ci ildə "Oklahoma Suners" komandasının oyunçusu Beyker Meyfild "Ohayo Şteyt Bakays" komandasının meydanında[6][7] və 2024-cü ildə "Miçiqan Volverins" oyunçuları "Ohayo Şteyt Bakays" komandasının meydanında öz bayraqlarını sancmışdırlar.[8]
Bazz Oldrin 1969-cu ildə "Apollo 11" proqramı çərçivəsində Aya enmiş və Ayın səthinə ABŞ bayrağını sancmışdır.[9] 2007-ci ildə Rusiya tərəfindən Şimal qütbünə göndərilmiş missiya paslanmaya davamlı olan və titandan hazırlanmış Rusiya bayrağını okean yatağına sancmışdır.[10]