III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[1][2][…], Sietl, Vaşinqton[5]) — ABŞ-dən olan iş adamı və xeyriyyəçi. 1970–80-ci illərdəki mikrokompüter inqilabının baş memarlarından biri sayılır. 1975-ci ildə uşaqlıq dostu Pol Allen ilə birgə "Microsoft" proqram təminatı şirkətini yaratmışdır. 2014-cü ilədək şirkətin ən böyük fərdi səhmdarı olaraq qalmışdır.
Bill Geyts | |
---|---|
ing. Bill Gates | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | William Henry Gates III |
Doğum tarixi | 28 oktyabr 1955(1955-10-28)[1][2][…] (69 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | sahibkar, proqramçı, xeyriyyəçi |
Həyat yoldaşı |
|
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
İyirmi dörd illik zaman kəsiyində – 1995–2017-ci illər arasında on səkkiz dəfə dünyanın ən varlı adamı adını daşımış, xüsusilə 1995-2007-ci illərdə bu mövqeyini davamlı qoruyub saxlamışdır. Sərvəti 1999-cu ildə yüz milyard dolları aşaraq, ona tarixdə ilk sentimilyarder ünvanını qazandırmışdır. 2024-cü il "Forbes" jurnalının milyarderlər siyahısında yeddinci pillədə qərarlaşmış, sərvəti 128 milyard dollar həcmində qiymətləndirilmişdir.
Sietldə dünyaya göz açan Geyts təhsilini Leyksayd özəl məktəbində almış, orada Allen ilə dostluq telləri qurmuşdur. 1973-cü ilin payızında Harvard Universitetinə qəbul olunsa da, iki il sonra təhsilini yarımçıq buraxaraq Allen ilə birgə "Microsoft" şirkətinin təməlini qoymuşdur. 25 il ərzində şirkətin idarə heyətinin sədri və baş icraçı direktoru vəzifələrini icra edən Geyts, 2000-ci ildə rəhbərliyi Stiv Balmerə təhvil vermişdir; bununla belə, 2014-cü ilədək direktorlar şurasının sədri olaraq qalmışdır. Zaman keçdikcə "Microsoft"dakı fəaliyyətini məhdudlaşdıraraq diqqətini dünyanın ən böyük özəl xeyriyyə təşkilatı olan "Bill və Melinda Geyts Fondu"na yönəltmişdir – bu fondu 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə təsis etmiş, hər ikisi həmsədr kimi çalışmışlar. 2024-cü ildə boşanma səbəbindən Melindanın həmsədrlikdən uzaqlaşmasından sonra təşkilat "Geyts Fondu" adını almış və özü yeganə sədr olmuşdur.
Geyts "BEN", "Cascade Investment", "TerraPower", "Gates Ventures" və "Breakthrough Energy" də daxil olmaqla bir sıra şirkətlərin qurucusu və sədridir. 2010-cu ildə Vorren Baffettlə birlikdə "Giving Pledge" təşəbbüsünü irəli sürmüş, bu çərçivədə onlar digər milyarderlərlə birlikdə sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə yönəltməyi öhdələrinə götürmüşlər.
1955-ci il oktyabrın 28-də Vaşinqton ştatının Sietl şəhərində Vilyam H. Geyts Sr. ilə onun ilk həyat yoldaşı ictimai xadim Meri Maksvell Geytsin oğlu olaraq doğulmuşdur. Anası "First Interstate BancSystem" və "United Way of America" şirkətlərinin idarə heyətində təmsil olunur, ana babası C.U. Maksvell isə milli bankın prezidenti vəzifəsini daşıyırdı.[7][8] İngilis, alman, irlandiya əsilli nəslin davamçısı olan Billə atasının şərəfinə Vilyam Henri Geyts III adını qoymuşdurlar.
Ailənin böyük qızı Kristi (Kristiann) ilə kiçik qızı Libbinin arasında böyüyən Bill, nəsildə dördüncü Vilyam olduğundan, atasının adındakı "II" rəqəminə görə ona Vilyam Geyts III yaxud sadəcə "Trey" deyə müraciət edirdilər.[9] Sietlin Send-Point məhəlləsindəki evlərində yaşayan ailənin məskəni, Vilyamın yeddi yaşı olanda nadir rast gəlinən qasırğanın hücumuna məruz qalmışdı.[10]
Valideynləri övladlarının gələcəyini hüquq sahəsində görmək istəyirdilər. Protestant-islahatçı məzhəbinə mənsub olan Konqreqasional Xristian Kilsəsinin daimi üzvləri kimi, ailə dini dəyərlərə sadiq qalırdı.[11][12][13]
Yaşıdlarına nisbətən zəif cüssəli Bill uşaqlıq illərində həmyaşıdlarının təzyiqlərinə məruz qalırdı. Ailədə rəqabət ruhu güclü idi – istər kart oyunu, istər pikbol, istərsə də bərəyə qədər üzmək olsun, qalib gələn mükafatlandırılır, məğlub olan isə cəzalandırılırdı.[14]
On üç yaşında ikən Leyksayd təhsil ocağına getməyə başlayır.[15] Səkkizinci sinifdə oxuduğu günlərdə məktəbin valideyn komitəsi köhnəlmiş əşyaların satışından əldə etdikləri məbləği dövrün müasir texnologiyasına – "Teletype Model 33 ASR" terminalına xərcləmiş, üstəlik şagirdlərə "General Electric" kompüterində çalışmaq şansı yaradılmışdır. Bill bu nadir fürsəti dəyərləndirərək "BASIC" proqramlaşdırma dilini elə böyük həvəslə mənimsəyir ki, məktəb rəhbərliyi onu riyaziyyat dərslərindən azad etməyi münasib görür.
O, ilk proqram təminatını məhz bu qurğuda yazır;istifadəçilərin kompüterlə "X-O" oyununu oynamasına imkan verən tətbiq hazırlamışdı. Maşının proqram kodlarını mükəmməl şəkildə icra etməsi onu heyran qoyur. Valideyn Komitəsinin yaratdığı kompüter saatları tükənincə, Geyts başda olmaqla bir dəstə həvəskar gənc DEC PDP mini-kompüterlərindən faydalanmağın yollarını aradı. Belə sistemlərdən biri Computer Center Corporation-a (CCC) məxsus PDP-10 idi. Ancaq Pol Allen, Rik Veyland və Geytsın ən yaxın dostu, ilk ortağı Kent Evansla birgə əməliyyat sistemindəki boşluqlardan yararlanaraq pulsuz kompüter vaxtı əldə etdiklərinə görə şirkət onları yay boyu sistemdən istifadədən məhrum edir.
Dörd yoldaş maddi qazanc əldə etmək arzusuyla Leyksayd Proqramçılar Klubunu təsis edir. Qadağa müddəti başa çatanda CCC-yə proqram təminatındakı xətaları aşkarlamaq müqabilində əlavə kompüter saatları təklif edirlər. Geyts uzaqdan qoşulmaq əvəzinə birbaşa CCC-nin qərargahına yollanaraq Fortran, Lisp, maşın dili kimi müxtəlif proqramların mənbə kodlarını dərindən mənimsəməyə başlayır.
1970-ci ildə şirkətin fəaliyyətini dayandırmasınadək CCC ilə əməkdaşlıq davam edir. Növbəti il Leyksayd məktəbinin müəllimi Geyts və Evansdan məktəbin dərs cədvəlini avtomatlaşdıran proqram hazırlamağı xahiş edir. Bunun müqabilində onlara kompüter vaxtı və qonorar təklif olunmuşdu. İkili son sinifdə istifadəyə vermək üçün proqram üzərində səylə çalışırdı. Lakin onbirinci sinfin sonlarında Evansın dağa dırmanma zamanı həlak olması Geyts üçün həyatının ən kədərli günlərindən biri olur. Bu hadisədən sonra Bill yarımçıq qalan işin tamamlanması üçün Allenə müraciət edir.