Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir.[a] İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir.
Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Dejarik ilk dəfə 1977-ci ildə yayımlanmış "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" kosmik operası filmində ekrana çıxmışdır. Təxminən 15 saniyə davam edən bir səhnədə Han Solonun yüngül korellian kosmik yük gəmisi olan "Millennium Falcon" ilə Tatuindən Alderaana səyahət edərkən vuki Çubakka droid R2-D2 ilə oyun oynayır. R2 oyunu qazanmağa başlayanda Çubakka qəzəblənir və C-3PO onun qəzəbinə fikir bildirir. Vukilər rəqiblərinin əllərini qoparmaqla tanındıqları üçün Han Solo Çubakkanı incitməməyin daha yaxşı bir seçim olduğunu söyləyir. Bunun ardınca vahimələnən 3PO fikrini dəyişir və R2-yə deyir: "Qoy vuki udsun". Dejarik lövhəsi daha sonra həmin kosmik gəmi "Ölüm ulduzu"ndan Yavin 4-ə uçduğu səhnədə nümayiş edilir. Burada, Lyuk Skayvolker lövhənin qarşısında oturaraq Dart Vayder tərəfindən öldürülən Obi-Van Kenobinin yasını tutur.[2]
Səhnədə oyunu təmsil etməsi üçün istifadə olunan avadanlıq Fil Tippett və Con Berq tərəfindən dizayn edilmiş və yaradılmışdır.[3][4] Oyun daha sonra bir sıra "Ulduz müharibələri" mediasında, o cümlədən "Ulduz müharibələri: Klon müharibələri" və "Ulduz müharibələri: Üsyançılar" televiziya seriyalarında nümayiş edilmişdir. 2015-ci ildə çəkilmiş "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" filmində Finn qısa müddətə "Millennium Falcon"dakı dejarik lövhəsini aktivləşdirir, 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Çubakka və Tobias Bekett "Millennium Falcon"da oyun oynayır.[5][6][7][8]
Dejarik "Ulduz müharibələri" kainatında məşhur bir holoqrafik oyundur. Bu, hiperkosmos vasitəsilə uzun uçuşlar zamanı əyləncə mənbəyi rolunu daşıyır deyə, məsələn, kosmik gəmilərin göyərtələrində quraşdırılır. Tipik bir oyun stansiyası adətən dəstin silindrik bazasına yerləşdirilən holoqram generatorundan ibarətdir. Burada ağ və qara sahələrlə doldurulmuş üç dairədən ibarət lövhə var. Əməliyyat icra olunanda rəngli üçölçülü personajlar yaradılır. Bu personajlar masaya quraşdırılmış klaviaturadan istifadə edilərək oyunçu tərəfindən idarə olunur. Hər bir fiqurun oyun zamanı istifadə edilə bilən öz xüsusi qabiliyyətləri var. İki personaj lövhədə eyni yeri tutduqda, bir-biri ilə vuruşurlar.[5][6][9]
Oyunda səkkiz fiqurun olmasına baxmayaraq, 1977-ci ildə çəkilmiş filmin səhnəsində dejarik əvvəlcə on fiqur üçün nəzərdə tutulmuşdu. 2018-ci ildə yayımlanan filmdə də göstərilən versiyada on fiqur mövcuddur.[b] 1977-ci ildəki filmdə ilkin olaraq on fiqurlu variant dizayn edilmiş, lakin Corc Lukas "daha az qarışıq" olduğu üçün səkkiz fiqurlu varianta üstünlük vermişdi. 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filminin prikveli olan "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Çubakka "Millennium Falcon"dakı dejarik proyektorunu zədələyir. Bu, ekranda niyə yalnız səkkiz fiqurun olmasının kainatdaxili izahatıdır. Bu o deməkdir ki, oyunun tam versiyasında səkkiz deyil, on fiqur olmalıdır.[5][6][11]
Oyunun detallı qaydaları filmdə və ya digər rəsmi mediada təsvir edilməmiş və azarkeşlər oyunun rəsmi lisenziyalı buraxılışının olmaması səbəbindən illər ərzində qaydalar dəstinin öz variasiyalarını yaratmışlar.[9][13][14] 2017-ci ildə "Star Wars: Jedi Challenges" lisenziyalı videooyununun yayımlanması ilə rəsmi qaydaların digər detalları nümayiş edilmişdir.[15][16][17][18] 2019-cu ildə "Galaxy's Edge: Dejarik Board Game with Checkers" adlı lisenziyalı stolüstü oyun buraxılsa da, onun qaydaları 2017-ci ildə yayımlanmış videooyundakı qaydalardan fərqli olmuşdur.[19][20] 2020-ci ildə "Lucasfilm" nə vaxtsa dejarik üçün oyun qaydaları hazırladığını elan etmiş, lakin 2021-ci ildəki məlumata görə, onlar hələ də yayımlanmamışdır.[21] 2021-ci ildəki məlumata görə, bütün məlum qaydalar səkkiz fiqurlu versiya üçün nəzərdə tutulmuşdur.[13]
Bir sıra lisenziyalı məhsullara əlavə olaraq,[19][22] bir neçə "Ulduz müharibələri" azarkeşi bu illər ərzində dejarik oyununun öz surətlərini yaratmışdır.[23][24] Oyunun əyləncə parkı replikası 2017-ci ildə "Star Wars: Galaxy's Edge" əyləncə parkında yaradılmışdır.[8][25]
Dejarik insan–kompüter qarşılıqlı əlaqəsi sahəsində elmi tədqiqatların mövzusu olmuşdur.[26] Oyun uydurma əsərlərdə holoqramların[27][28] və artırılmış reallıq texnologiyasının[29][30][31] klassik, erkən nümunələrindən biri kimi müəyyən edilmişdir. Dejarik həmçinin, bir sıra ixtiraçıları filmdə görünən holoqrafik effektləri təqlid edən fiziki cihazlar yaratmaqda ilhamlandırmışdır.[32][33] Bunun nümunələri 1983-cü il "Archon: The Light and the Dark" videooyunu[34] kimi köhnə məhsullardan "Voxiebox" tərəfindən hazırlanmış daha yeni məhsullara[35] qədər çoxdur.