Firdovsi Seyidov (28 yanvar 1948, Çaykənd kəndi, Çəmbərək rayonu, Ermənistan SSR) — Azərbaycanlı alim, kimya elmləri doktoru, professor.
Firdovsi Seyidov | |
---|---|
Firdovsi Seyidov Tatar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Çaykənd kəndi, Çəmbərək rayonu, Ermənistan SSR |
Vəfat tarixi | (68 yaşında) |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Alma-mater | Gəncə Dövlət Pedaqoji Universiteti |
Seyidov Firdovsi Tatar oğlu 1948-ci il dekabr ayının 28-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Çaykənd səkkizillik məktəbini, 1966-cı ildə isə Gölkənd orta məktəbinin onuncu sinfini bitirmiş və H.Zərdabi adınaGəncə Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. 1970-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat ilə Tovuz şəhərinə göndərilmiş və orada az müddət müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, “Sintetik yağların kimyası və texnologiyası“ laboratoriyasında çalışmağa başlamışdır.
Ordu sıralarinda qulluq edib instituta qayitdıqdan sonra kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Aspiranturanı bitir-dikdən sonra 1979-cu ildə «Bitsiklik endometilen quruluşlu efirlər və onların sürtgü yağları kimi tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “kimya elmləri namizədi” elmi dərəcəsi almışdır.
1992-ci ildə F.T.Seyidov “Neftkimyası” ixtisası üzrə “Yeni mürəkkəb efir tipli sintetik sürtgü yağları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1994-1995-ci illərdə “Sintetik sürtgü yağları və xüsusi mayelər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1995-ci ildə İran İslam Respublikasına dəvət edilmiş və orada İran Elm və Texnologiya Mərkəzi Təbriz bölməsində baş müşavir vəzifəsində çalışmışdır.
F.T.Seyidov 28 may 2016-ci ildə vəfat etmişdir.
Professor tərəfindən yeni birləşmələr sintez olunmuşdur, və onlar sürtkü materiallarının komponentləri və əsası kimi sınaqdan keçirilmişdir.
F.T.Seyidovun institutda işlədiyi müddətdə əsas elmi istiqa-məti – yüksək istismar xassələrinə malik yeni tipli sintetik sürtgü yağlarının alınması və onların istehsal texnologiyasının işlənib hazırlanmasından ibarət olmuşdur. Onun tərəfindən alitsiklik molekulaya malik birləşmələrin stereokimyası ilə triboloji xüsu-siyyətləri arasındaki qanunauyğunluqlar araşdırılmışdır. Apardığı araşdırmalara əsasən müəyyən etmişdir ki, alitsiklik birləşmələrin istismar xassələrində digər faktorlara nisbətən steriokimyəvi faktor üstünlük təşkil edir. F.T.Seyidov tərəfindən sistemli aparılmış tədqiqatlar nəticəsində geniş temperatur intervalında maksimum mütəhərrikliyə, yüksək termiki stabilliyə və digər müsbət istismar xassələrinə malik yeni sintetik sürtgü yağlarının hazırlanmasının nəzəri və təcrübi əsasları hazırlanmışdır. Onun rəhbərliyi ilə sintetik və yarımsintetik motor yağları, turbin mühərriklərində istifadə oluna bilən sürtgülərin texnologiyası işlənib hazırlanmışdır.
Apardığı tədqiqatların nəticələri 86 elmi əsərdə, o cümlədən 19 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, 3 elmlər namizədi hazırlamışdır.
F.T.Seyidov bir sıra Beynəlxalq simpozium və konfranslarda, o cümlədən Kanada, İran və Rusiyada məruzələrlə çıxış etmişdir.
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.224-225.