. Love.az

Hesen Hesenov Siyasetci 1904 - Wikipedia - Love.az

Ana Səhifə - Hesen Hesenov Siyasetci 1904
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Həsən Həsənov (dəqiqləşdirmə).

Həsən Məmməd oğlu Həsənov (5 dekabr 1904, Soltanlı, Cəbrayıl qəzası – 21 mart 1977, Bakı) — Azərbaycan-sovet ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1942–1944, 1945–1951), SSRİ Ali Sovetinin (2-ci və 3-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı.

Həsən Həsənov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat-təşviqat üzrə katibi
may 1945 – dekabr 1951
Birinci katibMir Cəfər Bağırov
Sonrakıİmam Mustafayev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi
oktyabr 1942 – aprel 1944
Birinci katibMir Cəfər Bağırov
ƏvvəlkiƏziz Əliyev
SonrakıHəsən Seyidov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeyinti sənayesi üzrə katibi
mart 1942 – oktyabr 1942
Birinci katibMir Cəfər Bağırov
SonrakıMirzə Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1904(1904-12-05)
Doğum yeri
  • Soltanlı, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 mart 1977(1977-03-21) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1928–1977)
Təhsili
  • Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyası[d] (1929–1932),
  • Qırmızı Professorlar İnstitutu (1935–1938)
Fəaliyyəti siyasətçi, tarixçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri namizədi (1960)

Təltifləri "Lenin" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1942 "Şərəf nişanı" ordeni — 1940 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
    • 1.2 Xatirəsi
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Həsən Məmməd oğlu Həsənov 5 dekabr 1904-cü ildə Cəbrayıl qəzasının Soltanlı kəndində əkinçi ailəsində anadan olmuşdur. Həmin kənddə 1913-cü ildə rus-tatar məktəbi açıldıqda Həsən Həsənov məktəbin birinci sinfinə daxil olmuş və 1916-cı ilədək orada oxumuşdur. 1916-cı ildə müharibə səbəbindən oxuduğu məktəb bağlanmış və Həsən Həsənov kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğulduğu Soltanlı kəndində 1-ci dərəcəli məktəb açılmış və o, 1924-cü ilədək həmin məktəbdə oxumuşdur. Sözügedən məktəbi bitirdikdən sonra hazırkı Füzuli rayonundakı 2-ci dərəcəli məktəbə daxil olmuş və 1926-cı ilədək burada təhsil almışdır. Həmin ilin noyabrında Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış və orada Ağdam–Cəbrayıl hərbi komissarlığında katib vəzifəsinə təyin edilmişdir. Ağdamda, eyni zamanda hərbi komissarlıqda qulluq etməklə 2-ci dərəcəli pedaqoji təmayüllü məktəbdə təhsilini davam etdirmiş və 1928-ci ildə oranı bitirmişdir. Həsən Həsənov ordu sıralarında komsomol təşkilatının fəal üzvü olmuş və 1928-ci ildə bolşeviklər partiyasına qəbul edilmişdir.[1]

Həsən Həsənov bir müddət "Osoaviaxim"in Qarabağ Dairə Şurasında məsul katib vəzifəsində çalışmış və 1929-cu ildə partiya təşkilatı tərəfindən Moskvaya, Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına oxumağa göndərilmişdir. 1932-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış, 1932-ci ilin iyulundan 1933-cü ilin noyabrınadək Azərbaycan K(b)P Qasım İsmayılov Rayon Komitəsinin Mədəniyyət və təbliğat şöbəsinin müdiri vəzifəsində işləmiş, ardınca Azərbaycan K(b)P Mərkəzi Komitəsinə təlimatçı göndərilmişdir. Burada 1935-ci ilədək çalışmış və yenidən Moskvaya, Qırmızı Professorlar İnstitutunun Tarix fakültəsində təhsil almağa göndərilmiş, 1938-ci ilin fevralınadək — QPİ bağlananadək burada oxumuşdur.[1] İnstitut ləğv edildiyi üçün diplom işini müdafiə edə bilməmişdir.[2]

1938-ci ildə Bakıya qayıdan Həsən Həsənov Azərbaycan K(b)P MK-ya göndərilmiş və əvvəlcə Partiya Tarixi İnstitutunun elmi-tədqiqat işləri üzrə direktor müavini, 1938-ci ilin avqust ayından 1939-cu ilin aprel ayınadək isə direktoru olmuşdur. 1939-cu ilin aprelində Azərbaycan K(b)P MK-nın Kadrlar şöbəsi müdirinin müavini təyin edilmiş və 1940-cı ilin fevral ayında oradan Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinə kadrlar üzrə katib göndərilmişdir. 1942-ci ilin mart ayından Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibi olmuş[3] və həmin ilin oktyabr ayında Mərkəzi Komitənin üçüncü katibi vəzifələrinə irəli çəkilmişdir.[2]

Həsən Həsənov 1944-cü ilin aprelində ÜİK(b)P MK-nın qərarı ilə İrana diplomatik işə göndərilmiş və Təbrizdə SSRİ Baş Konsulluğunun vitse-konsulu təyin edilmişdir. O, 1945-ci ilin yanvar ayınadək burada çalışmışdır.[3] 1945-ci ilin may ayında Azərbaycan K(b)P Mərkəzi Komitəsinin təbliğat-təşviqat üzrə katibi təyin edilmişdir.[2] 1951-ci ilin dekabr ayınadək bu vəzifədə işlədikdən sonra Mərkəzi Komitənin Elm və mədəniyyət şöbəsi müdirinin müavini, ardınca isə şöbə müdiri vəzifələrinə keçirilmişdir. 1954-cü ildə bu vəzifədən azad edilərək Partiya Tarixi Muzeyinin direktoru təyin edilmişdir.[1] Ardınca V. İ. Lenin adına Mərkəzi Muzeyin Bakı Filialının direktoru olmuşdur. 1960-cı ilin dekabr ayında müvəqqəti olaraq Mərkəzi Lenin Muzeyinə ezam edilmiş, Bakıya qayıtdıqdan sonra direktor vəzifəsini davam etdirmişdir. 1962-ci ilin yanvar ayında Muzeyin Bakı Filialının direktoru vəzifəsindən azad olunduqdan sonra yenidən Partiya Tarixi İnstitutunda çalışmışdır.[2] Burada o, 1974-cü ilədək baş elmi işçi olmuşdur.[4]

Həsən Həsənov 1960-cı ildə Moskvada "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər)" mövzusunda dissertasiyanı müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.[3] 1964-cü ildə pensiyaya çıxmış, 1968-ci ilin mart ayından ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]

Həsən Həsənov Azərbaycan KP Mərkəzi Komitəsinin və Mərkəzi Komitə bürosunun üzvü seçilmiş, Sov.İKP-nin XIX qurultayının nümayəndəsi olmuşdur.[2] SSRİ Ali Sovetinin (2-ci və 3-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, habelə "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[5] 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.[1]

Həsən Həsənov 21 mart 1977-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

Ailəsi

redaktə

Seysmoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Həsənovun atasıdır.[3]

Xatirəsi

redaktə

2004-cü ildə Həsən Həsənovun anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər keçirilmişdir. Həmin ildə onun elmi-publisistik işlərindən ibarət "Ləyaqətli şəxsiyyət" və "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər)" adlı kitablar çap olunmuşdur.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ləyaqətli şəxsiyyət. Bakı: Elm. 2004. ISBN 5-8066-1667-5.
  2. ↑ 1 2 3 4 5 6 Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət (2-ci kitab). Bakı: Şirvannəşr. 2011. səh. 124–137.
  3. ↑ 1 2 3 4 5 Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər). Bakı: Elm. 2004. səh. 3–5.
  4. ↑ Һ. М. Һәсәнов // Коммунист. № 68 (16503). 23 март 1977-ҹи ил. С. 4.
  5. ↑ Һәсән Мәммәд оғлу Һәсәнов // Коммунист. № 44 (8256). 3 март 1950-ҹи ил. С. 3.
  6. ↑ Иранский дневник (1944–1946 гг.). Баку: Элм. 2007. səh. 15–17. ISBN 5-8066-1706-8.

Xarici keçidlər

redaktə
  • "Гасанов Гасан Мамед-оглы" (rus). Память народа. İstifadə tarixi: 2 yanvar 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həsən_Həsənov_(siyasətçi,_1904)&oldid=7957427"
LOVE.AZ