Toyre no Hanako-san (トイレの花子さん?, hərf. "Tualetdəki Hanako-san") və ya sadəcə Hanako-san – tualetlərdə məskunlaşmış Hanako adlı gənc qızın ruhundan bəhs edən yapon şəhər əfsanəsi. Bir çox şəhər əfsanəsində olduğu kimi Hanako-san əfsanəsi ilə bağlı detallar müxtəlifdir. Hekayənin müxtəlif versiyalarında Hanako-sanın İkinci Dünya müharibəsində gizlənpaç oynayarkən hava hücumu zamanı öldürüldüyü göstərilir. Digər versiyalara görə o, valideyni tərəfindən öldürülüb və ya bullinq səbəbilə məktəb tualetində intihar edib.
Hanako-sanla bağlı əfsanələr Yaponiya məktəblərində olduqca populyardır. Hanako-san haqqında filmlər, manqalar, animelər və videooyunlar hazırlanmışdır. Bəzi əsərlərdə Hanako-sanın oğlan versiyası olan Hanako-kun uydurulmuşdur.
Folklorşünas Metyu Meyerin araşdırmasına görə Hanako-sanla bağlı əfsanələr 1950-ci illərdə ortaya çıxmışdır.[1] "Yokay kitabı: Yaponiya folklorunun müəmmalı varlıqları" kitabının müəllifi Dilan Fosterə görə Hanako-sanın bu cür məşhur şəhər əfsanəsi olmasına səbəb Yaponiyadakı bütün məktəblərlə əlaqələndirilməsidir. 1990-cı illərdən etibarən Hanako-san filmlərdə peyda olmağa başlamış və populyar mədəniyyətin bir hissəsinə çevrilmişdir.[2]
Şəhər əfsanəsinə görə Hanako-san məktəb tualetlərində məskunlaşmış gənc bir qızın ruhudur. O, yokay və ya yurey kimi təsvir oluna bilər.[1][3] Hanako-sanın fiziki görünüşü haqqında detallar müxtəlifdir, lakin əsasən kare saç düzümündə və qırmızı paltarda təsvir olunur.[4][2][5] Hanako-sanın mənşəyi haqqında müxtəlif versiyalar var.[2] Bəzi versiyalarda Hanako-san yad biri və ya istismarçı valideyn tərəfindən məktəb tualetində öldürülmüş uşaqdır.[1][3] Digər versiyalarda o, məktəb tualetində intihar edib.[1] Bəzi versiyalarda isə o, İkinci Dünya müharibəsi dövründə yaşamış,[2] gizlənpaç oynayarkən məktəb tualetində gizlənib ölən hava hücumu qurbanıdır.[1][3]
Hanako-sanı çağırmaq istəyən şəxs qızlar tualetinə daxil olmalı (adətən məktəbin üçüncü mərtəbəsindəki), tualetdəki üçüncü qapını üç dəfə döyməli və Hanako-sanın orada olub-olmadığını soruşmalıdır.[1][2][5] Əgər Hanako-san oradadırsa, "Bəli, burdayam" cavabı verəcək.[1][2] Hekayənin bəzi versiyalarında qeyd olunur ki, şəxs qanlı və ya kabuslu əl görəcəklər.[2][5] Əl və ya Hanako-san şəxsi tualetə doğru çəkə və onu cəhənnəmə gətirə bilər.[1][4] Digər versiyada qeyd olunur ki, şəxs Hanako-sanı narahat etdiyi üçün üç başı olan kərtənkələ tərəfindən yeyilə bilər.[2][6]
Hanako-san personajı filmlərdə, ədəbiyyatda, manqalarda, animelərdə və videooyunlarda peyda olmuşdur. Hanako-san haqqında çəkilən ilk film 1995-ci il istehsalı "Tualetdəki Hanako-san" filmidir.[7] Filmdə Hanako-san intihar etmiş bir qızın məktəb tualetində məskunlaşmış ruhudur.[8] 1998-ci ildə "Yeni Tualetdəki Hanako-san" filmi çəkilmişdir.[7] Filmdə Hanako-san ölməzdən öncə təhsil aldığı orta məktəbdə məskunlaşmış qisasçı kabusdur.[9][10] 2013-cü ildə onun haqqında "Tualetdəki Hanako-san: Yeni film" filmi çəkilmişdir.[7]
Sakae Esuo tərəfindən yaradılmış "Hanako and the Terror of Allegory" manqa seriyası Hanako-san kimi şəhər əfsanələrini araşdıran özəl detektiv haqqındadır.[11] 2014-cü ildə serializasiya olunmağa başlayan "Toilent-Bound Hanako-kun" manqa seriyası Hanako-sanın oğlan versiyası Hanako-kundan bəhs edir.[12] Manqa əsasında çəkilən anime serialı 2020-ci ildə yayımlanmağa başlamışdır.[12][13] Hanako-sanın peyda olduğu digər anime seriallarına "Kyōkai no Rinne",[14] "GeGeGe no Kitarō"[15] və "Ghost Stories" aiddir.