I Muaviyə və ya Əbu Əbdirrəhman Muaviyə ibn Əbu Süfyan Sahr ibn Hərb ibn Ümeyyə əl-Əməvi əl-Qureyşi (ərəb. معاوية; 603[1], Məkkə[2] – 18 aprel 680, Mədinə) — səhabə,[3] 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır.
I Muaviyə | |
---|---|
ərəb. معاوية | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 603[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 680(0680-04-18) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, şair, qubernator, Xəlifə |
Atası | Əbu Süfyan |
Anası | Hind binti Utba |
Uşağı | |
Ailəsi | Əməvilər sülaləsi |
Dini | İslam |
![]() |
602 və ya 603-cü ildə Məkkədə doğulub. Atasının adı Əbu Süfyan, anası isə Hind bint Utbə ibn Rəbiadir. Ümmü Həbibə binti Əbu Süfyandan ötrü də Məhəmməd peyğəmbərin qaynıdır.[4] O, atasının nəzarətində bir şahzadə kimi böyümüş və atası ilə birlikde Məkkənin fəthi vaxtı müsəlman olmuşdu. Müəlləfəti-qülubdan (ərəb. المؤلّفة قلوبهم; azərb. müsəlman olmaları arzuolunan şəxslər) hesab olunduğu üçün Huneyn döyüşündən sonra ona çoxlu mal və qənimət verilmişdi.
Müsəlman olduqtan sonra Məhəmməd peyğəmbər tərəfindən katib təyin olunmuş, xəlifə Əbu Bəkrin əmri ilə qardaşı Yezidlə birlikdə Suriyaya hərbi yürüşə göndərilmişdi. Muaviyə, İordaniyada bir-sıra uğurlara nail olmuş, əldə etdiyi uğurlardan ötrü hicri 17-ci ildə İordaniyaya əmir təyin edilmişdi. Bu hadisədən bir il sonra qardaşı vəbadan öldü. Xəlifə Ömər onu qardaşının yerinə Dəməşq valisi təyin etdi. Osmanın dövründə isə bütün Suriyanın valisi təyin edildi. O, Osmanın qətlə yetirilməsinə qədər bu vəzifəni icra etdi.
Osmanın qətlindən sonra Əlini Mədinədə xəlifə seçdilər. Muaviyə, Əli Osmanın qatillərinin tapılmasında laqeydlik etdiyini və Osmanın qatillərini öz ordusunda gizlətdiyini deyərək Əliyə beyət etmədi. Hətta xəlifəyə qarşı üsyan etməklə kifayətlənmədi, Osmanın yaxın qohumu olaraq hüquqi baxımdan onun qanını tələb etmə haqqına sahib olduğunu söylədi. Bunu həyata keçirmək şərti ilə də Şam əhalisindən beyət aldı. Əli ilə Osmanın qanı üzərində mübarizə aparan Aişə, Təlhə və Zübeyr üçlüyü konfliktinin nəticəsini gözləyərək neytrallığını qorudu. Əli Cəməldə qalib gələrək Muaviyədən ona beyət etməsini tələb etdi. Cavab olaraq Muaviyə Əlidən üç şeyi — Osmanın qatillərini ona verməsini, xəlifəlikdən əl çəkməsini və şura tərəfindən yeni xəlifənin seçilməsini təmin etməsini tələb etdi.
Tərəflərin iddialarından əl çəkməməsi onları Siffində üz-üzə gətirdi.
Döyüşlər fasilələrlə üç ay davam etdi. Müharibənin son günündə döyüşlərin Əlinin xeyrinə başa çatmaq üzrə olduğunu görən Muaviyə, Amr ibn Asın təklifi ilə nizələrin ucuna Qurani-Kərim səhifələri taxdıraraq müharibənin dayandırılmasına və məsələnin hakimlərə həvalə edilməsinə nail oldu. Beləliklə, ordusunu qəti məğlubiyyətdən xilas etməklə yanaşı, işi hakimlərə həvalə etdirərək Əlinin ordusunun parçalanmasına və sayı 12.000-ə çatan xaricilərin meydana çıxmasına zəmin yaratdı. Hakim hadisəsinin (Hakim Vaqeəsi) məsələnin həllindən çox onu daha da mürəkkəbləşdirdi. Bu isə yalnız onun (Muaviyənin) xeyrinə oldu. Xaricilər səbəbilə böyük qüvvə itkisinə məruz qalan Əlinin yeni ordu toplamaqda çətinlik çəkməsindən istifadə edən Muaviyə vəziyyətini daha da yaxşılaşdırdı. Misir başda olmaqla xəlifəyə tabe olan bəzi mühüm məntəqələri nəzarəti altına aldı. Əli hicri 40-cı (661-ci) ildə İbn Mülcəm adlı xarici tərəfindən qətlə yetirildikdən sonra, Muaviyə Şam əhalisindən "əmirəl-möminin" titulu ilə beyət aldı. Əlinin yerinə Həsən xəlifə seçildi. Həsənin İraq ordusuna güvənməməsi və digər səbəblərlə mübarizədən imtina etdi və Muaviyəyə beyət etdi. Bu beyət ilə Muaviyə hicri 41-ci ilin Rəbiüləvvəl ayının sonlarında (iyul 661-ci il) bütün İslam dünyasını öz hakimiyyəti altına aldı; beləliklə, təxminən doxsan il müsəlmanlara rəhbərlik edəcək Əməvilər dövlətini qurmuş oldu. Muaviyənin xilafətini rəsmi olaraq "Hakim Vaqeəsi"ndən sonra, yaxud Əlinin ölümündən sonra elan etdiyi barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq sünni görüşə görə, onun xilafəti Həsənin ona beyətindən sonra rəsmiləşmişdir.
Muaviyənin xəlifə olması ilə İslam tarixində yeni dövr başlamışdı. O, Raşidi xəlifələrindən fərqli olaraq, "xəlifətullah" titulunu istifadə etmişdir. O, müəyyən şərtlər daxilində Həsəndən beyət alaraq, bütün ölkədə öz hakimiyyətini təmin etmişdi. 661-ci ildə baş verən bu hadisə "birlik ili" (ərəb. عام الجماعة) adlandırılmışdı. Lakin Əməvi müxalifləri mübarizələrindən əl çəkmədilər. Ümmətin birliyini qorumaq məqsədilə Muaviyəyə itaəti üstün tutan passiv dini müxalifət istisna edilərək, Əməvilərə qarşı olan müxaliflər iki əsas qrupa ayrımaq mümkündür: dinin bəzi hökmlərini digər qruplardan çox fərqli şəkildə şərh edən və özlərindən olmayan müsəlmanların qanını tökməyi dini bir zərurət sayan inqilabçı Xaricilər və xilafətin Əli övladlarının haqqı olduğunu iddia edən Əli tərəfdarları.
İslam cəmiyyətinin mühüm daxili çəkişmələr və böyük ölçüdə siyasətə yönəlmiş bir şəraitində hakimiyyətə gələn Muaviyə üçün ən önəmli məsələ bu iki müxalifət qrupunun itaət altına alınması idi. Hər iki qrupun mərkəzi İraq bölgəsi olduğu üçün Muaviyə bu bölgəyə xüsusi əhəmiyyət verirdi. Kufə və Bəsrə valiliklərinə bacarıqlı şəxslər təyin etdi. Bəsrə valisi Muğirə ibn Şöbə və onun ölümündən sonra həm Bəsrə, həm də Kufə valiliyini öz üzərinə götürən Ziyad ibn Əbih sayəsində bölgədə sabitlik təmin edildi. Az və çox sayda qüvvə toplayaraq tez-tez üsyan edən xaricilərə qarşı sərt tədbirlər görülərkən, vaxtında hərəkətə keçməyən Əli övladlarını nəzarət altında saxlamağın yolları axtarıldı və bu sahədə müəyyən uğurlar əldə edildi. Muaviyə öz xilafəti dövründə onları üsyançı bir ünsür olmaqdan çıxarmağı bacardı. Hətta onları xaricilərə qarşı döyüşlərdə istifadə etdi. Muaviyə İraq valilərinə geniş səlahiyyətlər vermişdi. Ziyad ibn Əbih gözləniləndən daha uğurlu oldu. Muaviyə onun tətbiq etdiyi sərt siyasətə qarşı olsa da, bu siyasətə göz yumdu.
Digər mühüm bir bölgə olan Misirdə də əmin-amanlıq Amr ibn Asın uğurlu siyasəti sayəsində təmin olunmuşdu.
Muaviyə ölkədə siyasi sabitliyi təmin etdikdən sonra uzun müddətdir dayanmış olan hərbi yürüşlərə yenidən start verdi. Bu hərbi yürüşlər üç əsas istiqamətə yönəlmişdi: Şam orduları Bizansın hakimiyyətində olan Anadolu və Erməniyyə, İraq orduları Xorasan, Mavəraünnəhr və Sind, Misir orduları isə Şimali Afrika torpaqlarında mübarizə apardılar. Anadoluda yürüşlər il ərzində həm yayda, həm də qışda olmaqla ildə iki dəfə təşkil olunurdu. Bu yürüşlərin əsas hədəfi Bizansın paytaxtı Konstantinopol idi. Quru və dəniz yolu ilə gələn İslam qüvvələri hicri 49-cu (669) ildə ilk Konstantinopolu mühasirəsini aldılar; daha sonra Kapıdağ yarımadasını ələ keçirərək, Konstantinopol yürüşü üçün oranı təhlükəsiz baza halına gətirdilər. Qış aylarını burada keçirən və baharda yürüşə çıxan qüvvələr, Konstantinopolu mühasirəyə aldılar. Bu mühasirədən dörd il sonra yeddi il davam edəcək hücumlar başladı. Bu müddətdə Rodos və digər bəzi adalar tabe edildi. Bu adalarda və Kapıdağ yarımadasında yerləşdirilmiş qüvvələr Muaviyənin ölümündən sonra Boğaziçidən və Egeydən geri çəkildilər.
Xorasan və Sind bölgəsində isə daxili qarışıqlıqlardan istifadə edərək üsyan etmiş bəzi mərkəzlər itaət altına alındı. Özünətanedən sonra yeni yürüşlərə həyata keçirilməyə başlandı. Sicistan şəhərlərini ələ keçirən müsəlman birləşmələri, Kabilə qədər irəliləyib bu şəhəri də tabe etdilər. Hindistanın bir hissəsini xərac ödəməyə məcbur etdilər. Xorasanın bir hissəsi, Toxaristan və Kuhistan zəpt edildi. Ceyhunu keçən qüvvələr Buxara və Səmərqəndi ələ keçirdilər. Uqbə ibn Nafi tərəfindən həyata keçirilən fəthlər sayəsində İfrikiyyə və Afrikanın dərinliklərində mühüm uğurlar əldə edildi. Uqbə, güclü hərbi qarnizon qurmaq məqsədilə Qayrəvan şəhərini inşa etdirdi. O, uğurlu siyasəti ilə bərbərlərin müsəlmanlaşmasınısürətləndirdi və bu sayədə bölgədə İslam hakimiyyəti gücləndi.
Əsl gücünü özünə səmimi şəkildə bağlı olan Şam ordusundan alan Muaviyə, İslam cəmiyyətinin mövcud vəziyyətini yaxşı qiymətləndirərək qurucusu olduğu dövlətin təməllərini möhkəmləndirdi. İslamdan əvvəl Bizans hakimiyyəti altında yaşamış və nizamlı dövlət quruluşuna, hərbi və siyasi intizama alışmış Şam xalqı yeni hökmdarları Muaviyəni asanlıqla qəbul etdilər, öz ənənələrinə görə qanuni saydıqları bu sülaləni Qurana və Sünnəyə uyğunluğu baxımından müzakirə etməyə ehtiyac duymadılar. Muaviyə müxalifləri ilə razılığa gəlmək üçün onların anlayacağı dildən danışmağı prinsip etmişdi. Siyasətindəki incəlik helm (təmkin) idi; gücə yalnız çox məcbur qaldıqda müraciət edirdi. Ancaq Ziyad ibn Əbih nümunəsində olduğu kimi valilərinin sərtliyinə göz yumur, bəzən isə bunu təşviq edirdi.
O, həm də öz qəbiləsinin nüfuzu altına düşməməyə çalışırdı. Muaviyə, Osmanın aqibətini yaşamamaq üçün mühüm əyalətlərə başqa qəbilələrdən valilər təyin etdi. Qəbilə başçılarına dəyər verdiyini göstərən hər cür addımı atdı. Paytaxtdakı qəbilə şeyxlərindən və şəhərlərdən göndərilən qəbilə heyətlərindən geniş şəkildə istifadə edirdi. Bu dəstəyi öz oğlu Yezidin varis elan edilməsində də səmərəli şəkildə istifadə etdi. Yəmən mənşəli Kəlb qəbiləsindən etdiyi evliliklə İslamdan əvvəl Şama yerləşmiş bu güclü qəbilənin dəstəyini təmin etdi. Yezidin varisliyinin qəbul edilməsində xüsusilə anasının mənsub olduğu bu qəbilənin mühüm payı olmuşdur. Qəbilə başçılarına özlərindən biri kimi yanaşan, biliyi, fəsahəti və heybəti ilə bir ərəb zadəganı kimi tanınan Muaviyə, onların üzərində qurduğu şəxsi nüfuz və etibar sayəsində oğlu Yezid üçün beyət alaraq öz qəbiləsinə yetmiş illik hakimiyyət şansı yaratdı.
Dövlətini bəzi Bizans institutlarından faydalanaraq quran və sabit vəziyyətə gətirən Muaviyə qeyri-müsəlmanlara qarşı da çox yaxşı münasibət göstərmiş, onların könlünü qazanmış və bəzilərini sarayında vəzifəyə gətirmişdi. Məsələn, müşavirlərindən olan Sərcun ibn Mənsur xristian idi.
Xilafəti qəbilə təəssübünə əsaslanan mübarizə nəticəsində əldə etmiş Muaviyənin ən mühüm tədbiri oğlu Yezidi varis təyin etməsi olmuşdur. Onun bu məsələdəki fəaliyyətlərini Kufə valisi Muğirə ibn Şöbənin təklifi ilə başladığı rəvayət olunur. Muaviyə, oğlunun xilafətə layiq olduğunu göstərmək üçün bəzi təşəbbüslər etmişdi. Bu məqsədlə onu tələsik şəkildə hicri 50-ci (670) ildə Konstantinopol səfərinə göndərmişdi. Yezidin Həccə getməsi və Hicaz xalqına bol yardımlar etməsi də bu məqsədlə əlaqələndirilmişdir. Muaviyə əvvəlcə yalnız valilərinə açdığı bu niyyətini bu məsələyə müsbət yanaşmayan Ziyad ibn Əbihin ölümündən sonra (53/673) açıq şəkildə elan etdi. Müsəlmanların xilafət məsələsi ucbatından yeni bir daxili müharibəyə sürüklənməməsi üçün bu yolu zəruri gördüyünü irəli sürən Muaviyə, Hicazdan kənarda ciddi bir müxalifətlə qarşılaşmadı. Qəbilə liderləri üzərindəki nüfuzu sayəsində məqsədinə asanlıqla çatdı. Lakin Mədinədə Hüseyn, Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkr, Aişə və digər bəzi önəmli səhabələr onun bu addımını şura yolu ilə gələn xilafəti sülaləyə çevirmək kimi dəyərləndirdilər və buna şiddətlə etiraz etdilər.
Muaviyənin hicri 60-cı ilin Rəcəb (aprel 680) ayında vəfatından sonra paytaxt Dəməşqdə və digər mərkəzlərdə Yezidə beyət edildi.[3]
O, Məhəmməd peyğəmbərdən 163 hədis rəvayət etmişdir. Bu hədislərdən 4-ü Buxarinin və Müslimin, 5-i yalnız Buxarinin, 4-ü də sadəcə Müslimin kitabında vardır.
Onun haqqında İbn Əbid-Dünya,[5] İbn Əbu Asim (Fəzailü Muaviyə), Qulamu Saləb,[6] Əbu Yalə əl-Fərra,[7] Ubeydullah ibn Məhəmməd əs-Səqati (Fəzailü Muaviyə), İbn Teymiyyə (Risalə fi Muaviyə ibn Əbi Süfyan), İbn Həcər əl-Heytəmi,[8] Araz Həsənzadə[9] və başqaları kitab qələmə almışlar.
Muaviyə şiələr tərəfindən sevilməsə də, ərəblərin "üç dahisindən biri"[3] hesab olunur. Haqqında "Muaviyə" adlı tele-serial çəkilmişdir.[10]