Makiavellizm — siyasi nəzəriyyədə və davranışda Nikkolo Makiavellinin (1469–1527) ideyalarından ilhamlanan bir yanaşmadır. Bu termin, gücün qorunması və artırılması üçün məqsədi hər vasitə ilə doğrultma prinsipinə əsaslanan amansız, hiyləgər və manipulyativ siyasəti təsvir edir.[1][2][3]Makiavellizmin tarixi onun əsas mənbəyi olan Makiavellinin əsərləri ilə başlayır və sonrakı dövrlərdə siyasət və fəlsəfə sahəsində müxtəlif təsirlər yaratmışdır.[4]
Nikkolo Makiavelli Florensiyada doğulmuş və Renessans dövrünün tanınmış dövlət xadimi, filosofu və yazıçısı olmuşdur. Florensiya Respublikasında diplomatik missiyalar və idarəçilikdə iştirak etmişdir. 1512-ci ildə Medici ailəsinin hakimiyyətə qayıdışı ilə Makiavelli siyasi fəaliyyətini itirmiş və sürgünə göndərilmişdir.[5]Bu dövrdə o, siyasi nəzəriyyə ilə bağlı əsas əsərlərini yazmışdır. Makiavellinin ən məşhur əsəri olan Hökmdar, gücün əldə edilməsi və qorunması üçün praktik məsləhətlər kitabıdır. Əsərdə gücün saxlanılması üçün etik dəyərlərin arxa planda qala biləcəyi vurğulanır və hiylə, güc və manipulyasiya kimi vasitələrdən istifadəni təsdiqləyir.[6]
Makiavellizm tarixi boyunca həm tərif, həm də tənqid obyekti olmuşdur. Bu yanaşma siyasətdə reallıq və güc balansını ön plana çıxarsa da, əxlaqi baxımdan mübahisələr doğurur.[7][8]Onun ideyaları müasir siyasətdə və insan davranışlarının araşdırılmasında aktual olaraq qalır.
Siyasətdə ən vacib məqsəd gücü qorumaqdır; bu məqsədə çatmaq üçün vasitələr əxlaqi mühakimələrdən asılı deyil. Əxlaq və siyasət bir-birindən müstəqildir.[9][10][11]Siyasi liderlər məqsədlərinə çatmaq üçün lazım gəldikdə etik normaları poza bilərlər. Siyasət, güc balansı və insan təbiətinin zəifliklərini nəzərə almalıdır. Hökmdarlar gücü qorumaq üçün həm sevgi, həm də qorxu yaratmağı bacarmalıdırlar. Hökmdar dürüstlük nümayiş etdirməkdən çox, məqsədinə çatmaq üçün situasiyaya uyğun davranmalıdır.[12]
Makiavellinin ideyaları dövrün mütləqiyyətçi hökmdarları üçün ilham mənbəyi oldu. Ona həm təriflə yanaşıldı, həm də əsərləri "amansız siyasətin" manifesti kimi tənqid edildi.
Katolik kilsəsi Hökmdar əsərini etikaya və dini dəyərlərə zidd sayaraq onu qadağan etdi. Makiavellizm bu səbəbdən mənfi mənada, hiyləgər siyasət sinonimi kimi qəbul olunmağa başladı.[13][14]Bəzi maarifçi filosoflar Makiavellini tənqid etsə də, bəziləri onun realizmini qəbul etdilər. Məsələn, Monteskyö və Volter onun ideyalarını siyasi etika ilə əlaqələndirərək təhlil etdilər. Bəzi maarifçi filosoflar Makiavellini tənqid etsə də, bəziləri onun realizmini qəbul etdilər. Məsələn, Monteskyö və Volter onun ideyalarını siyasi etika ilə əlaqələndirərək təhlil etdilər. Makiavellizmin prinsipləri müasir siyasətdə realpolitik kimi ifadə edilir. Bu yanaşma siyasətdə idealizmin deyil, praktiki və strateji qərarların üstünlük təşkil etdiyini vurğulayır.[15]
Şekspirin bir çox əsərində Makiavellinin təsirinə rast gəlinir. Məsələn, "III Riçard" əsərində əsas obraz güc üçün hiyləgər siyasət yürüdür. [16]Makiavelli "amansız siyasətçi" obrazının yaranmasında mədəni arxetip kimi qəbul edilir. Makiavellizmin təsiri mütləqiyyət, diktatura və avtoritar rejimlərdə daha çox nəzərə çarpır. Realdakı liderlər onun prinsiplərinə uyğun hərəkət etmişlər (məsələn, Napoleon Bonapart, Bismark). Makiavellizm psixoloji termin kimi də işlədilir. Bu, şəxslərin manipulyasiya, soyuqqanlılıq və əxlaqdan azad qərarlar qəbul etmək meylini ifadə edir.[17]