Mia Cipsi Mello da Silva Qot (25 oktyabr 1993[1][2], London[5][6]) — İngiltərə aktrisası. Yeniyetməlik illərindən modellik sahəsində fəaliyyət göstərən gənc aktrisanın böyük ekranlardakı ilk debütü 2013-cü ildə "Nimfoman" adlı erotik-sənət filmində baş tutub. Mia Qot yaradıcılığının növbəti mərhələsində "A Cure For Wellness" (2016), "High Life" (2018), "Suspiria" (2018) kimi layihələrdə rol alıb, "Emma" (2020) filmindəki obrazı ilə tamaşaçıların rəğbətini qazanıb. Aktrisanın karyerasında ən parlaq məqam 2022–2024-cü illər arasında "X" film seriyasında canlandırdığı Maksin Minks və Perl obrazları sayılır.[7][8]
Mia Qot | |
---|---|
ing. Mia Goth | |
![]() | |
Doğum adı | Mia Gypsy Mello da Silva Goth[3][4] |
Doğum tarixi | 25 oktyabr 1993(1993-10-25)[1][2] (31 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Partnyoru |
|
Fəaliyyəti | aktrisa, model[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
IMDb | ID5301405 |
![]() |
Mia Qot 1993-cü il oktyabrın 25-də Londonun Qays xəstəxanasında doğulub. Braziliyalı ana ilə Kanadanın Yeni Şotlandiya bölgəsindən olan atanın övladıdır.[9] Nənəsi tanınmış Braziliya aktrisası Maria Qledis, babası isə amerikalı artist Li Caffe olub.[10]
İki həftəlik körpə ikən anası onu Braziliyaya aparıb. İyirmi yaşlı gənc ana övladını böyütmək üçün ailəsinin dəstəyinə ehtiyac duyduğundan doğma yurduna qayıdıb. Beş yaşında yenidən Birləşmiş Krallığa köçən Mia, on yaşında atasının vətəni Kanadaya yollanıb. Bir tədris ili ərzində doqquz məktəb dəyişməli olan balaca qız üçün atası ilə yaşadığı dövr olduqca çətin keçib.
On iki yaşında anası ilə birlikdə Londonun cənub-şərqində məskunlaşan Mia, təhsilini Sydenham məktəbində davam etdirib.[11] Ofisiant işləyən anası tək valideyn kimi bütün çətinliklərə sinə gərərək qızını böyüdüb.[12]
Qot 2012-ci ildə "Nimfoman" filmində rol aldığı zaman amerikalı aktyor Şaya LaBafla tanış olub. 2016-cı ilin 10 oktyabrında cütlük Las-Veqasda Elvis təqlidçisiliyi edən aparıcının müşayiəti ilə nikah mərasimi keçirib.[13] İki gün sonra yerli rəsmi şəxs bildirdi ki, əslində onların rəsmi nikahı qeydə alınmayıb, sadəcə bir məhəbbət andı içmə mərasimi olub.[14] Lakin həmin ayın sonunda LeBaf "Ellen DeGeneres Show" verilişində onların nikaha girdiyini təsdiqləyib.[15] 2018-ci ilin sentyabrında cütlüyün ayrıldığı və boşanma ərizəsi verdikləri məlum olub.[16] 2022-ci ilin fevralında mətbuatda onların barışdığı və Qotun ilk övladına hamilə olduğu xəbəri yayıldı.[17][18] Mart ayında onların qız övladı dünyaya gəlib.[19][20]
2024-cü ilin yanvar ayında film meydançasında baş vermiş xoşagəlməz hadisə ictimaiyyətə məlum olub. "MaXXXine" filmində meyit rolunu canlandıran aktyor Ceyms Hanter Mia Qotu sözlü və fiziki təcavüzdə ittiham edərək məhkəməyə müraciət edib. Hanterin iddiasına görə, Mia Qot qəsdən onun başına təpik atıb. Aktyor bu hərəkət nəticəsində beyin silkələnməsi keçirib, növbəti gün isə işdən azad edilib.[21][22] "A24" şirkəti Mia Qotun müdafiəsinə qalxaraq bütün bu iddiaları qəti şəkildə təkzib edib.[23]