. Love.az

Mirze Rebi Kebiri - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Rebi Kebiri

Mirzə Rəbi Kəbiri (1889, Marağa, Şərqi Azərbaycan ostanı – 1947, Marağa, Şərqi Azərbaycan ostanı) — general-mayor, siyasətçi, repressiya qurbanı. Azərbaycan Milli Hökuməti dövründə Yollar, Poçt və Teleqraf naziri eləcə də Marağa şəhərinin qubernatoru olub.

Mirzə Rəbi Kəbiri
Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və Teleqraf naziri
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
  • Marağa, Marağa şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1947
Vəfat yeri
  • Marağa, Marağa şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Partiya
  • Azərbaycan Demokrat Firqəsi,
  • İran Tudə Partiyası
Fəaliyyəti siyasətçi
Rütbəsi general

Təltifləri "Səttarxan" ordeni "21 Azər" medalı — 19461946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Hökumətinin qurulmağında göstərdiyi şücaətə görə "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunub və Marağa şəhərində asılıb.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Azərbaycan Demokrat Hərəkatında
    • 1.2 Ölümü
  • 2 Mənbə
    • 2.1 İstinadlar
    • 2.2 Ədəbiyyat
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Mirzə Rəbi Hacı Mir İsaq oğlu Kəbiri 1889-cu ildə Marağa şəhərində anadan olub.[1][2] Marağanın tanınmış mülkədar nəslindən olub.[3] İlk təhsilini evdə alıb. Sonrakı təhsilini isə Təbrizdə və Tehranda davam etdirib. Təhsilini bitirdikdən sonra İran Daxili İşlər Nazirliyində işləməyə başlayıb. Müxtəlif şəhərlərdə müxtəlif dövlət vəzifələrini icra edib. Kirmanda, Bəlucistanda, Rəfsəncanda və Kirmanşahda qubernator, maliyyə rəisi və digər vəzifələrdə işləyib.[4]

1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə qurulan Milli Hökumətin yaranmasından ruhlanaraq, Marağa vilayətində kəndli üsyanlarına başçılıq edib. Buna görə də şah məmurları və yerli mülkədarlar tərəfindən təqiblərə məruz qalıb və həbs olunub. Həbsdən çıxdıqdan sonra da fəaliyyətini davam etdirib.

Rza xanın dövründə Ərdəbilin qubernatoru təyin edilib.[5] Bu vəzifədə ikən kürd quldur İsmayıl Simkonun Urmiya və ətraf ərazilərdə törətdiyi qətllər və talançılığın qarşısını almaq məqsədilə oraya göndərilib və Urmiya şəhərini quldurlardan təmizləyib.

Azərbaycan Demokrat Hərəkatında

redaktə

1941-ci ildə Qonabadın qubernatoru təyin olunur. Burda asayişi bərpa etdikdən sonra Kuçan, Xoy və Marağaya[6] qubernator təyin olunub.[7] Bir müddət sonra isə dövlət işini tərk edib. Marağada Tudə partiyasına üzv olub. Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi qurulduqdan sonra ora üzv seçilib.[8][9] Bölgədə öz ailəsinin nüfuzundan istifadə edərək partiyanın mövqelərini möhkəmləndirib. 1944–1945-ci illərdə Marağa şəhərində və onun ətraf kəndlərində onun başçılığı ilə fədai dəstələri təşkil olunub.[1]

Marağa fədailərinə başçılıq edib.[10][11] 1945-ci ilin avqust ayında Kəbiri fədai dəstələri ilə birlikdə Marağadakı dövlət qurumlarını ələ keçirib. Bundan sonra Marağada hərbi vəziyyət elan olunub və Marağanın hərbi qubernatoru tərəfindən Kəbiri həbs olunub.[12] Daha sonra Sovet qoşunlarının təzyiqi ilə Marağada hərbi vəziyyət aradan götürülüb və Kəbiri azadlığa buraxılıb. Şahın təyin etdiyi məmurlar və hərbçilər Marağanı tərk etdikdən sonra Kəbiri bölgəni tamamilə nəzarətinə götürüb. 1945-ci il dekabr ayında Marağanın qubernatoru təyin olunub.[13] Onun burada topladığı fədailər daha sonra Təbrizə doğru istiqamətləniblər və onların köməyi ilə Təbriz də şah qoşunlarından təmizlənib.[14]

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Yollar, Poçt və Teleqraf naziri təyin olunub.[15][16][17][18][19] Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib.[20][21] Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Mirzə Rəbi Kəbiri olub.[22] Fəaliyyət göstərdiyi müddətdə Marağa və ətraf ərazilərdə yeni məktəblərin tikintisinə eləcə də bəzi məktəblərin təmirinə maddi dəstək verib.[1][23]

Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul edib.[24][25] Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verib. Qızılbaş Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı.[24] Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Mir Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər təyin olunublar.[24][25]

1946-cı ilin əvvəllərində şah rejimini dəstəkləyən yerli feodallar Çaroymaq mahalının Qızılabad, Qarağac, Arpadərə, Göycəqələ, Əcəbşir xətlərində Milli Hökumət əleyhinə fəaliyyətə başlayıblar. Bu dəstələr Kəbirinin başçılıq etdiyi fədai dəstələri tərəfindən məhv edilib.[1] Bundan sonra Mirzə Rəbi Kəbiri Azərbaycan Mili Hökuməti tərəfindən Xalq Qoşunlarının generalı rütbəsi ilə təltif olunub.[26][27][28] 1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı[1] və "Səttarxan" ordeni ilə təltif edilib.[29][30]

Ölümü

redaktə
 
Mirzə Rəbi Kəbirinin edamı, Marağa, 1947-ci il.

SSRİ İran hökumətinin verdiyi vədlərdən sonra 1946-cı ilin may ayında ordusunu bölgədən çıxarır.[31] Şah rejimi tərəfindən Mirzə Rəbi Kəbiriyə milli hərəkatı tərk etməyin qarşılığında Azərbaycan valiliyi vəd edilsə də o, bunu qəbul etməyib.[1] Tehran hökuməti "Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Azərbaycana qoşun yeridir.[31] Milli Hökumətə hücum edən şah ordusuna qarşı mübarizə aparmaq üçün Çaroymaq, Gur-Gur, Şahyurdu və Qarağacdan tutmuş, Xan Təxtiyə qədər olan böyük cəbhənin rəhbərliyi general Kəbiriyə tapşırılır. Şah qüvvələrinin tankları, təyyarələri, digər ağır silahları eləcə də sayları çox olsa da Kəbirinin başçılıq etdiyi qüvvələr ilk günlərdə düşmənin hücumunu dayandıra bilirlər. 1946-cı il dekabrın 5-də Miyana istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[32][33] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[34] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı.[35][36] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr yaratmaq oldu.[34][37][38] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[36][39] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[34][40] Lakin bu istəyi də cavabsız qaldı.[41] 1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai dəstələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında əmr verdi.[42][43][44] Elə həmin gündən etibarən, İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[45][46] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[46] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[45][46] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[45][47] Azərbaycan Milli Hökuməti süqut etdi.[48] [49] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[50][51] Bundan sonra da qırğınlar və talan davam etdi.[47][50] Minlərlə insan həbs olundu, sürgün edildi,[52] hərbi səhra məhkəmləri quruldu.[53] Bir neçə gün ərzində minlərlə insan güllələndi.[54] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[55][56][57] Bu hadisələrdə Mirzə Rəbi Kəbiri Məlik kənd xanı Cəmşid İsfəndiyarı tərəfindən həbs olunub.[58] Həbsindən sonra bütün əmlakı qarət edilib. 1947-ci il yanvarın 17-də Marağada Xan hamamı meydanında dar ağacından asılıb.[59][60][61][62] Ölümündən əvvəl son sözləri belə olub:

  İran irticası Azərbaycanın azadlığı yolunda mübarizə edən minlərlə namuslu oğlanları dar ağacından asmış və güllələmişdir. Lakin hər zaman bu mübarizəni davam etdirən yeni-yeni igidlər meydana gəlmişdir. Məni də bu dar ağacından asınız. Lakin biliniz ki, mən öz xalqımın səadəti üçün çalışmışam və mənim mübarizəmi başqaları davam etdirəcəkdir. Biliniz ki, əvvəl-axır azadlıq qalib gələcək və Azərbaycan xalqı sizin bu qanlı əməllərinizin intiqamıı alacaqdır.[63][64]  

Asıldıqdan sonra cənazəsini vəba xəstəliyindən ölmüş və yandırılmış insanların meyitlərinin yanına atılıb. Amma gecə saatlarında yerli insanlar tərəfindən cənazəsi çıxarılıb və Marağada dəfn olunub.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 İsmayılov, Güləddin. "Mirzə Rəbi Kəbiri (1889 – 1947)". azerbaycan-ruznamesi.org. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
  2. ↑ Atabaki, 2000. səh. 124
  3. ↑ Pişəvəri, 2005. səh. 113
  4. ↑ Dərvişian, 1999. səh. 46
  5. ↑ Dərvişian, 1999. səh. 49
  6. ↑ Həsənov, 2007. səh. 563
  7. ↑ Həsənli, 1998. səh. 141
  8. ↑ Çeşmazər, 1986. səh. 70
  9. ↑ Pişəvəri, 2005. səh. 227
  10. ↑ Çeşmazər, 1986. səh. 60
  11. ↑ Rəhimli, Əkrəm. "Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 13-cü yazı". Xalq Cəbhəsi qəzeti. 2019-09-19. 2025-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-12.
  12. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 34
  13. ↑ Mərəndli, 2017. səh. 186
  14. ↑ Pişəvəri, 2005. səh. 327
  15. ↑ Atabaki, 2000. səh. 130
  16. ↑ Bayramzadə, 2015. səh. 66
  17. ↑ Həsənli, 2006. səh. 167
  18. ↑ Çeşmazər, 1986. səh. 65
  19. ↑ Образование национального правительства Иранского Азербайджана (PDF) (rus). 6625. Tbilisi: Заря Востока. 1945-12-18. 4.
  20. ↑ İbrahimov, 1948. səh. 32
  21. ↑ Balayev, 2018. səh. 25
  22. ↑ Miyanalı, Əlirza. "İNQİLABİ HƏRƏKATIMIZIN SİLAHLI QÜVVƏLƏRİ" (PDF). achiq.info. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-06.
  23. ↑ 11-روزشمار تاریخ ایران / از مشروطه تا انقلاب اسلامی / دکتر باقر عاقلی ، نشر گفتار – چاپ اول 1369 ، ج اول – ص284
  24. ↑ 1 2 3 Qasımlı, 2012. səh. 49
  25. ↑ 1 2 "Azərbaycan Demokrat Firqəsinin xalqa müraciətində nə deyilirdi?". Aznews.az (az.). 2024-09-05. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
  26. ↑ İsmayılov, Güləddin. "Mirzə Rəbi Kəbiri (1889-1947)". azerbaycan-ruznamesi.org. 2024-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
  27. ↑ Çeşmazər, 1986. səh. 115
  28. ↑ Pişəvəri, 2005. səh. 310
  29. ↑ Bayramzadə, 2015. səh. 106
  30. ↑ Çeşmazər, 1986. səh. 114
  31. ↑ 1 2 Ələkbərli, 2021. səh. 334
  32. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 2015-01-04. 2025-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-06.
  33. ↑ Həsənli, 2006. səh. 437
  34. ↑ 1 2 3 Həsənli, 2006. səh. 438
  35. ↑ Rəhimli, Əkrəm. Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. / S.C.Pişəvəri gənclik illərində (PDF) (az.). Bakı: Azərnəşr. 2010. 83. ISBN 9952310031. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-06.
  36. ↑ 1 2 Hasanli, 2006. səh. 366
  37. ↑ Atabaki, 2000. səh. 172
  38. ↑ Sultanlı, 2010. səh. 83
  39. ↑ Rəhimli, 2003. səh. 143
  40. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444.
  41. ↑ Həsənli, 2006. səh. 441
  42. ↑ Rossow, 1956. səh. 30
  43. ↑ Rəhimli, 2003. səh. 149
  44. ↑ Hasanli, 2006. səh. 370
  45. ↑ 1 2 3 Hasanli, 2006. səh. 373
  46. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  47. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  48. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  49. ↑ Həsənli, 2006. səh. 445
  50. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  51. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  52. ↑ Hasanli, 2006. səh. 375
  53. ↑ Balayev, 2018. səh. 28
  54. ↑ Mərəndli, 2017. səh. 132
  55. ↑ Balayev, 2018. səh. 137
  56. ↑ Əmirov, 2000. səh. 51
  57. ↑ Əliqızı, 2001. səh. 24
  58. ↑ Mərəndli, 2017. səh. 316
  59. ↑ Şəmidə, 1961. səh. 164
  60. ↑ Mərəndli, 2017. səh. 189
  61. ↑ Nəzirli, 1999. səh. 264
  62. ↑ Quluncu, Əlirza. ""Türkcə kitablarımın yandırılmasına səbəb olanları bağışlamayacağam"". Amerikanın səsi (az.). 2017-12-12. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  63. ↑ Həsənli, 2006. səh. 449
  64. ↑ Rəhimli, 2003. səh. 159

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • "Azərbaycan" qəzeti I. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı: 1945-1946-cı illər, Təbriz (az.). I. Bakı: Elm nəşriyyatı. 2022. səh. 928. ISBN 978-9952-556-47-6.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 978-9952-37-091-1.
  • Bayramzadə, Səməd. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF) (az.). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 185. ISBN 9789952828535. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-06.
  • Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2024-12-06.
  • Dərvişian, Əliəşrəf. Səfərxan haqqında xatirələr (PDF) (fars). Tehran: Cheshmeh. 1999. səh. 376. ISBN 9646194982.
  • Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-14.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. ISBN 5–91017–012–0. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-06.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-25.
  • Həsənov, Həsən. Иранский дневник (1944-1946 гг.) (rus). Bakı: Elm nəşriyyatı. 2007. səh. 576. ISBN 5-8066-1706-8.
  • İbrahimov, Mirzə. O демократическом движении в Южном Азербайджане (rus). Bakı: Elm nəşriyyatı. 1948. səh. 48.
  • Qasımlı, Aydın. Güney Azərbaycan Türkləri son 100 ildə (PDF) (az.). Bakı: Adiloğlu nəşriyyatı. 2012. səh. 202. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-11.
  • Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-06.
  • Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1999. səh. 384. 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-11.
  • Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
  • Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-12.
  • Rossow, Robert. "The Battle of Azerbaijan, 1946". Middle East Journal (ingilis). X (1). 1956: 17–32. JSTOR 4322770. 4 February 2022 tarixində arxivləşdirilib.
  • Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.
  • Şəmidə, Əli. İranda fəhlə və həmkarlar hərəkatı (1941-1946) (az.). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1961. səh. 181.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Rəbi_Kəbiri&oldid=8125580"
LOVE.AZ