Nəbz (ing. Pulse) — Zoi Robin tərəfindən yaradılmış Amerika tibbi dram televiziya serialıdır. Serialın premyerası 3 aprel 2025-ci ildə Netflix-də baş tutub və bu, Netflix-in ilk orijinal ingilisdilli tibbi dram serialı olub.[1] Serial qarışıq rəylər alıb.
Nəbz | |
---|---|
Pulse | |
![]() | |
Janr | Tibbi dram |
Yaradıcısı | Zoi Robin |
Rollarda |
Villa Ficerald Kolin Vudel Castina Maçado Cek Bennon Cessi T. Aşer Daniela Niyes Çelsi Mörhed Cessi Yets |
Bəstəkar | Torin Borroldeyl |
İstehsalçı ölkə |
![]() |
İl | 2025 |
Dil | İngilis dili |
İlk çıxış tarixi | 3 aprel 2025 |
Mövsüm sayı | 1 |
Seriya sayı | 10 |
İstehsalçı şirkət |
Letter Zed Genre Arts Busy B Entertainment MGM Television |
IMDb | ID31407116 |
Platforma | Netflix |
Nəbz Mayamidə yerləşən, birinci səviyyəli travma mərkəzi olan Maguayr xəstəxanasında çalışan təcili yardım və cərrahiyə rezidentlərinin şəxsi və peşəkar həyatından bəhs edir. Hadisələr Təcili Tibbin Baş Rezidenti vəzifəsi uğrunda yarış zamanı baş verir. Serialda həmçinin cinsi zorakılıq şikayətinin nəticələri və şəhərə qasırğa yaxınlaşarkən həkimlərin yaşadıqları çətinliklər təsvir olunur.[2]
2024-cü ilin fevralında Netflix-in Nəbz adlı seriala sifariş verdiyi açıqlanıb. Serialın yaradıcısı Zoi Robin olmaqla yanaşı, o, həm də layihənin baş prodüseri və şouraneri kimi fəaliyyət göstərəcək. Karlton Kus da baş prodüserlərdən biri olacaq.[3]
İlk olaraq davamlı rol ifaçısı olaraq Castina Maçado elan edilib.[4] 2024-cü ilin martında Villa Ficerald və Kolin Vudel-in baş rollarda yer alacağı açıqlanıb.[5] Eyni ayın sonunda Cek Bennon, Cessi T. Aşer, Daniela Niyes, Çelsi Mörhed və Cessi Yets-in serialın heyətinə qoşulduğu elan edilib.[6]
Serialın premyerası 3 aprel 2025-ci ildə Netflix -də baş tutmuşdur.[7]
Rotten Tomatoes icmal aqreqator saytı serialı 19 tənqidçinin rəyi əsasında 47% bəyənmə reytinqi qazanıb və orta qiymət 5.0/10 olaraq göstərilib. Orta hesablanmış reytinq sistemindən istifadə edən Metacritic isə 11 tənqidçinin fikrinə əsaslanaraq seriala 100 baldan 48 bal verib və bu, "qarışıq və ya orta" rəylər kimi qiymətləndirilib.[8]
Variety nəşrinin yazdığına görə, zəif qurulmuş süjet xətti, cinsi zorakılığın dəhşətli şəkildə təsviri və dözülməz personajlar serialı baxımlı etmir.[9] Time isə serialın #MeToo hərəkatı ilə bağlı süjet xəttini "yetərincə işlənməmiş" adlandıraraq tənqid edib.[10]