Napoleonun penisinin onun 1821-ci ildəki ölümündən qısa müddət sonra icra edilmiş meyityarma zamanı amputasiya edildiyi iddia olunur. Penis bir neçə nəfər tərəfindən satın alınmış, 1927-ci ildə Nyu-York şəhərində sərgilənmişdir. 1977-ci ildə Con Lattimer tərəfindən satın alınmışdır və hələ də ailəsi tərəfindən saxlanılır. Napoleonun penisi "dəri parçası və ya kiçik, büzüşmüş ilanbalığı" kimi təsvir olunmuşdur.[1]
Napoleon Vaterlo döyüşündə məğlub olduqdan sonra Müqəddəs Yelena adasına sürgün olunmuşdur.[2] 5 may 1821-ci ildə bu adada ölmüşdür.[3] Ölümündən sonra meyityarma həyata keçirilmiş və iddiaya görə meyityarmanı həyata keçirən həkim Fransua Karlo Antommarçi bir neçə bədən üzvü ilə birlikdə penisini də kəsib götürmüşdür.[2][4][5] Onun bu hərəkəti qəsdən və ya təsadüfən etdiyi məlum deyil.[3] Bəziləri iddia edir ki, Antommarçi Napoleonun kapellanından rüşvət almış və bunu etmişdir. Bu iddiaya görə kapellan Napoleon tərəfindən "xədim" adlandırıldığı üçün qisas almaq istəyibmiş.[6] Napoleonun bioqrafı Filip Duayer Antommarçinin Napoleonun penisini kəsməsini "fantaziya" adlandırmışdır.[7]
İddia olunan penis Napoleonun kapellanının əlinə keçmiş və o, penisi özü ilə birlikdə Korsika adasındakı evinə aparmışdır. Penis 1916-cı ilə qədər keşişin ailəsində qalmışdır.[1][8] 1916-cı ildə Londonda yerləşən kitab satışı şirkəti "Maggs Bros. Ltd." onu satın almışdır. 1924-cü ildə Filadelfiyada yaşayan kitabsatan Abraham Simon Volf Rosenbax penisin yeni sahibi olmuşdur.[2][4][5][9]
Penis 1927-ci ildə Nyu-York şəhərində yerləşən Fransız İncəsənəti Muzeyində sərgilənmişdir. "Time" jurnalının adından sərgidə iştirak edən bir tənqidçi penisi "dəridən hazırlanmış ayaqqabı bağının pis rəftar edilmiş ipi" kimi təsvir etmişdir.[10] Sərgidəki digər şəxslər penisi "dəri parçası və ya büzüşmüş ilanbalığı" ilə müqayisə etmişdirlər.[1] Rosenbax əşyanı Donald Hayd adlı kolleksiyaçıya satmışdır. Haydın ölümündən sonra onun arvadı penisi Con Fleminqə vermişdir. Fleminq Rosenbax ilə yaxınlığı olan kitabsatan idi. Bir başqa kolleksiyaçı penisi satın almış və "Christie's" vasitəsilə hərracda satmağa çalışmışdır.[3] Hərracdan sonra Ceyms Komin Napoleonla əlaqəli əşyaların kolleksiyaçısı olan Erik Lavin haqqında andlı izahatı oxuyarkən "penis"i evfemik şəkildə "müəyyən bədən üzvü" adlandırmışdır.[11] Uroloq və kolleksiyaçı Con Lattimer 1977-ci ildə penisi 3000 dollar qarşılığında satın almışdır. Penis hazırda onun qızı tərəfindən saxlanılır. Penisə görə ona ən az 100.000 dollar təklif olunmuşdur.[2][4][5][10]
Saxlanılmış penis "The New York Times" əməkdaşı Cudit Pasko tərəfindən "çətinliklə bədən üzvü kimi tanınan" adlandırmışdır. Penisin həqiqiliyi dəqiq deyil.[8][5] Channel 4 kanalı tərəfindən yayımlanmış "Ölü məşhur DNT" sənədli filmində penis "çox kiçik" təsvir olunmuş və uzunluğunun cəmi 2,5 santimetr olduğu müəyyən edilmişdir. Napoleonun yaşadığı zaman əsl ölçüsünün nə qədər olduğu bilinmişdir. İndiki sahibi sadəcə 10 nəfərə penisi görməyə icazə verib və penis heç vaxt kamera ilə qeydə alınmayıb.[4]