Nekonomika[a] (ネコノミクス, nekonomikusu?) və ya pişik iqtisadiyyatı – Yaponiyada pişiklərlə bağlı istehlakı bildirən iqtisadi termin. Nekonomikaya pişik sahiblərinə yönəlmiş məhsulların satışı, məhsulları satmaq üçün pişik təsvirlərindən istifadə, turist və müştəriləri cəlb etmək üçün canlı pişiklərdən istifadə daxildir. Pişiklər yapon mədəniyyətində populyardır və uğurla assosiasiya olunurlar. Lakin onların populyarlığı və iqtisadi təsiri XXI əsrdə daha da artmışdır. "Nekonomika" termini 2015-ci ildə Yaponiyanın abenomika iqtisadi siyasətinin adından yaranmışdır.
2007-ci ildə Tama adlı pişiyin Kişi stansiyasının rəisi təyin olunması stansiyanın məşhurlaşmasına və turistlərin axın etməsinə səbəb olmuşdur. Bundan sonra digər yerlər turist cəlb etmək üçün pişiklərdən istifadə etməyə başlamışdır. Küçə pişiklərinin çox olduğu adalar populyarlıq qazanmışdır. 2024-cü ilin məlumatına əsasən Yaponiyada nekonomik bazarın həcmi təxminən 2,5 milyard yen təşkil edir.
XXI əsrin əvvəllərində Yaponiyada pişiklərlə bağlı məhsulların istehlak pişiklərin daha da populyarlaşması ilə artmışdır.[1] 2007-ci ildə pişik Tamanın Kişi stansiyasının rəisi təyin olunması stansiyanı görməli yerə çevirmiş və bağnanılmaqdan xilas etmişdir.[2] Tama 2015-ci ildə öldükdən sonra bənzər addımlar digər yerlərdə də atılmışdır.[3]
2012–2016-cı illərdə Yaponiyada ev pişiklərinin sayı təxminən 300.000 artmışdır.[4] Bəzi rəqəmlərə görə Yaponiyada pişik saxlayanların sayı 2014-cü ildə it saxlayanların sayını keçmişdir.[5] 2014–2015-ci illərdə Yaponiyada pişiklərlə bağlı reklamlar 50% artmışdır. Pişik kafeləri populyarlaşmış,[4] pişikləri toplamaq mövzusunda olan "Neko Atsume" oyunu məşhurlaşmışdır.[6] 2021-ci ilin məlumatına əsasən Yaponiyada pişiklərlə bağlı məhsulların və xidmətlərin ümumi bazar həcmi 2 trilyon yen təşkil edir.[5]
"Nekonomika" terminə 2015-ci ildə Kansay Universitetinin professoru Kasuhiro Miyamoto tərəfindən ortaya atılmışdır.[1]:141[7][8] "Neko" sözü yapon dilində "pişik" deməkdir. Termin hərfi tərcümədə "pişik iqtisadiyyatı" deməkdir. Bu termin həmin dövrdə Yaponiyanın iqtisadi sistemini bildirən "abenomika" termininə əsasən yaranmışdır.[2][9]
Yaponiyada pişik mövzusunda olan məhsullar son illərdə daha populyarlaşmışdır. Pişiklər mövzusunda olan ədəbi əsərlərin sayı artmağa davam edir, hətta ancaq pişik mövzusunda olan kitablara həsr olunmuş bir kitab evi açılmışdır.[5]
Yaponiyada pişiklər turistləri cəlb etmək üçün istifadə olunur. 2018-ci ildə Bitçu Matsuyama qəsrinə gedən yol fırtına səbəbilə zərər görmüş, lakin bir pişik qəsrdən sığınacaq kimi istifadə etmişdir. Qəsr yenidən açılanda pişik ziyarətçiləri qarşılayaraq məşhur olmuşdur. O, yerli turizm assosiasiyası tərəfindən qəsrin lordu elan olunmuşdur.[1] 2007-ci ildə Tama adlı pişiyin Kişi stansiyasının rəisi təyin olunması yerli iqtisadiyyata 1,1 milyard yen gəlir gətirmişdir. Yaponiyada Taşirocima kimi pişik adaları son illərdə turistlərin axınına məruz qalır. Onomiçi şəhəri turistləri cəlb etmək üçün "pişik dərəsi" yaratmışdır.[1][10][11]