Obri Kristina Plaza (26 iyun 1984[1], Vilminqton[d], Delaver) — ABŞ aktrisası, komediyaçı və prodüser. Sənət yoluna "Upright Citizens Brigade" teatrında improvizasiya və sketç komediya janrında başlayan aktrisa, Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbini bitirdikdən sonra "Mystery Team" (2009) filmi ilə böyük ekranda debüt etmişdir. NBC kanalının siyasi satirik serialı "Parks and Recreation"da (2009–2015) Eypril Ladqeyt obrazı ilə geniş tanınma qazanıb.
Obri Plaza | |
---|---|
ing. Aubrey Plaza | |
![]() | |
Doğum adı | Aubrey Christina Plaza |
Doğum tarixi | 26 iyun 1984(1984-06-26)[1] (40 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, səsləndirmə aktrisası[d], komediyaçı, televiziya aktrisası, kino aktrisası, səsli kitab hekayəçəsi[d], film prodüseri, NBC page[d], intern[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Təhsili |
|
IMDb | ID2201555 |
![]() |
Kinokariyerasında "Skott Pilqrem dünyaya qarşı" (2010) filmində ikinci dərəcəli, "Güvənliyə zəmanət verilmir" (2012) filmində isə baş rolda çəkilib. 2017–2019-cu illərdə tənqidçilərin rəğbətini qazanan "Legion" superqəhrəman serialında Shadow King və Lenny Busker obrazlarını canlandırmış, eyni zamanda "The Little Hours" və "İnqrid qərbə gedir" qara komediyalarının həm prodüseri, həm də baş rol ifaçısı olmuşdur. 2020-ci ildə "Happiest Season" romantik komediyasında və "Black Bear" trillerində rol almış, 2022-ci ildə isə "Emily the Criminal" kriminal dramında prodüser və baş rol ifaçısı kimi çalışmışdır.
HBO-nun "The White Lotus" (2022) antologiya serialının ikinci mövsümündə canlandırdığı ciddi vəkil obrazı ilə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. "Time" jurnalı 2023-cü ildə onu dünyanın ən nüfuzlu 100 şəxsiyyəti siyahısına daxil edib. 2024-cü ildə "Megalopolis" və "My Old Ass" filmlərində, Marvel Kinematoqrafiya Kainatının "Agatha All Along" mini-serialında Rio Vidal rolunda çəkilib.
Delaverin Vilminqton şəhərində doğulan Obri Kristina Plaza (26 iyun 1984), üç bacının ən böyüyüdür. Gənc yaşlarında – Bernadett on doqquz, Devid iyirmi yaşında ikən valideyn olmuşlar.[2][3] Onların zəhmətsevərliyi balaca Plazaya dərin təsir buraxmışdır – gecə məktəbində təhsil alaraq, bir tərəfdən də müxtəlif işlərdə çalışan valideynləri öz peşə ixtisaslarını – hüquqşünas və maliyyə məsləhətçisi olmaq arzularını gerçəkləşdirmişlər.[4][5] Ata tərəfdən Puerto-Riko mənşəli olan Plazanın babası on yeddi yaşında Arekibodan ABŞ-yə köçüb.[6][7][8] O, özündə hindu (tayno) və bask qan qarışığını daşıyır.[9][10] İrland əsilli anası övladlığa götürülüb.[11][12] Anasının övladlığa götürülmüş valideynləri İrlandiyadan gəlib, özü də anasının atası da övladlığa verilib.[13] İrland və Puerto-Riko əsilli nənə-babaları arasında böyüyən Plaza, valideynləri işdə olarkən onların himayəsində olmuşdur.[14]
Plaza kiçik yaşlarından kinoya dərin maraq göstərib, təxəyyülünün genişliyi ilə seçilib. Orta məktəbə qədər özünü sakit və utancaq uşaq kimi xarakterizə edən Plaza, yerli teatr dərnəyində səhnəyə çıxdıqdan sonra tamamilə fərqli bir şəxsiyyətə çevrilib.[15] Katolik tərbiyəsi almış Plaza təhsilini "Ursuline Academy"də – qızlar üçün nəzərdə tutulmuş katolik məktəbində davam etdirib.[16][17][18] Məktəb illərində tələbə şurasına rəhbərlik edən gənc aktrisa, Vilminqton Drama Liqası və Delaver Teatr Şirkətinin tamaşalarında rol alıb, həvəskar film çəkilişləri ilə məşğul olub.[19][20][21] On altı yaşında ikən məktəbini təmsil edərək Co Baydenin təşkil etdiyi Delaver gənc liderlər konfransında iştirak edib.[22][23] Yeniyetməlik dövründə bibisinin video-mağazasında işləməyə başlayan Plaza burada müstəqil kinematoqrafiya ilə tanış olub, Con Voters və Kristofer Qest kimi rejissorların yaradıcılığından təsirlənib.[24][25][26] Xüsusilə Votersin "Serial Mom" satirik filmi onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Filadelfiyada improvizasiya məktəbində təhsil alan aktrisanın yaradıcılıq təkamülündə 2001-ci ildə Nyu-York Film Akademiyasının yay düşərgəsində keçirdiyi günlər də mühüm əhəmiyyət daşıyıb. "Ursuline Academy"ni bitirdikdən sonra Nyu-Yorka köçən Plaza, 2006-cı ildə Nyu-York Universiteti Tiş İncəsənət Məktəbinin film və televiziya istehsalı fakültəsini bitirib.[27]
Plaza 2004-cü ildən "Upright Citizens Brigade" teatrında improvizasiya və yumoristik tamaşalarda iştirak edərək professional səhnə təcrübəsi qazanıb.[28] O, eyni zamanda "Laugh Factory" və "The Improv" səhnələrində çıxış edib.[29] Emi Poler onun improvizasiya sənətinə yönəlməsində əsas ilhamverici qüvvə olub.[30] Plaza "Upright Citizens Brigade" teatrındakı təcrübəsini böyük həyəcanla xatırlayaraq, yeraltı teatrda son dərəcə çətin, lakin uğurlu alındığı zaman xüsusi zövq verən bir sənət növü ilə məşğul olduqlarını qeyd edib. Kinematoqrafiya təhsili aldığı dövrdə əvvəlcə 2004–2005 mövsümündə "Saturday Night Live" verilişində, daha sonra NBCpage proqramında təcrübə keçib.[31] Bu müddətdə 2006-cı ildə "30 Rock" serialının bir bölümündə rol alıb.[32] 30 Rockefeller Plaza-dakı vəzifəsi SNL təcrübə proqramından aşağı səviyyəli olsa da, yüksək seçim tələb edən nüfuzlu bir proqram idi. 2006-cı ildə "Killswitch" və "In Love" adlı iki qısametrajlı filmdə çəkilib.[33] 2008-ci ildə Improv Everywhere qrupunun Nyu-York şəhərindəki "Starbucks" kafesində kompüter və monitorla həyata keçirdiyi performansda iştirak edib.[34] Plaza "The Jeannie Tate Show" veb serialında davamlı rol almış, ESPN kanalının "Mayne Street" (2008) verilişində Robin Qibni obrazını canlandırmış və Funny or Die platformasında "Terrible Decisions with Ben Schwartz" verilişinin ilk bölümündə çıxış etmişdir.[35]
Plaza qadın və kişilərə qarşı romantik hislər bəslədiyini açıq şəkildə dilə gətirib.[36][37][38] O, "Skott Pilqrem dünyaya qarşı" filminin çəkilişləri zamanı aktyor Maykl Sera ilə tanış olub münasibət qurub. On səkkiz ay davam edən sevgi macərasında, cütlük Las-Veqasdan keçərkən zarafatyana evlənmək fikrinə düşüb. Sera sonradan izah etmişdi ki, məqsədləri dərhal boşanıb, iyirmi yaşlarında bir-birlərini "keçmiş həyat yoldaşım" deyə çağıra bilmək imiş.[39][40]
2011-ci ildə əyləncə axşamlarınıb birində yazıçı-rejissor Ceff Baena ilə tanış olan Plaza onunla məhəbbət münasibətləri qurub. Yaradıcılıq sahəsində sıx əməkdaşlıq edən cütlük birlikdə dörd film ərsəyə gətirmiş, aktrisa Baenanın dörd layihəsində rol almışdır.[41] Suqarramurdidəki Bask cadugər məhkəmələri ilə bağlı məkanda Baena ona evlilik təklif etmiş, 2021-ci ildə onların münasibətlərinin onuncu ildönümündə həyətlərində təşkil etdikləri kiçik mərasimlə nikaha girmişdirlər.[42][43][44] 2024-cü ilin sentyabrında nikah münasibətlərində yaranmış çətinliklər səbəbindən ayrılsalar da, Plaza Nyu-Yorka köçdükdən sonra belə Baena ilə tez-tez əlaqə saxlamışdır.[45][46] 2025-ci il yanvarın 3-də Baenanın intihar xəbəri gəlib.[47][48] Yanvarın 5-də keçirilən 82-ci "Qızıl Qlobus" mükafatlandırma mərasimində təqdimatçı rolundan imtina edən Plaza, fevralın 16-da "Saturday Night Live" şousunun 50 illik yubiley buraxılışının aparıcısı olmuş, toy mərasimində geyindikləri "tie-dye" köynəyinə bənzər bir geyimlə Baenanın xatirəsini yad etmişdir.[49]
Plaza 20 yaşında ikən insult keçirmiş, bu da müvəqqəti iflic və nitq pozğunluğuna səbəb olub.[50] Bir müddət sonra "Parks and Recreation" serialının çəkilişləri zamanı tranzitor işemik həmlə yaşayıb.[51][52] Bütün bunlarla yanaşı, aktrisada sosial təşviş pozuntusu olduğu məlumdur – özü bu barədə ictimaiyyətə açıqlama verib.[53][54][55]
Plaza həvəskar basketbol oynayarkən idman fəaliyyəti zamanı dizindəki ön çarpaz bağında iki dəfə zədə alıb. İlk dəfə 2010-cu illərin ortalarında həvəskar liqa oyununda, ikinci dəfə isə 2024-cü ildə WNBA Ulduzlar Oyunu öncəsi "Nokaut" yarışmasında iştirak edərkən xəsarət alıb.[56][57]