Oqura Kenci (小倉倹司?, 19 aprel 1861 – 1946) və ya bəzən Oqura Kenşi – Yaponiya fotoqrafı və mühəndisi. Müharibə fotojurnalistikası ilə məşğul olmuşdur. Yaponiyanın ilk analoq fotoqraflarından biri hesab olunur.[1] Yaponiyada hava şarından aerofoto çəkən ilk şəxsdir.[2]
Oqura Kenci | |
---|---|
Doğum tarixi | 19 aprel 1861(1861-04-19) |
Vəfat tarixi | 1946 |
Fəaliyyəti | fotoqraf, mühəndis |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Oqura Kenci 1861-ci ildə doğulmuşdur. Fotoqrafiyanı əvvəlcə 1877-ci ildə Şincuro Suqiyamadan, daha sonra Hərbi Akademiyada Yokoyama Matsusaburodan öyrənmişdir. Yokoyama vasitəsilə fotolitoqrafiya ilə tanış olmuşdur. Yaponiya ordusunun Mərzçəkmə İdarəsinə daxil olmuşdur.[2]
Oqura ordunun 1892-ci ildə başlatdığı hava şarı sınaqlarında iştirak etmiş, 6 iyul 1892-ci ildə hava şarından aerofoto çəkmişdir. O, Yaponiyada hava şarından aerofoto çəkən ilk şəxs olmuşdur. 1894-cü ildə Mərzçəkmə İdarəsinin müharibə fotoqrafiyası komandası ilə birlikdə Birinci Çin–Yaponiya müharibəsində xidmət etmiş və 1895-ci ildə Yaponiyaya qayıtmışdır. O, ənənəvi quru plitə yerinə fotolentdən istifadə etmiş, Yaponiyada analoq fotoqrafiya ilə məşğul olan ilk şəxs olmuşdur.[1]
Oqura 1895–1899-cu illərdə Avstriyada yerləşən Vyana Fotoqrafiya Məktəbində fotoqrafiya və çap texnikaları təhsili almışdır. 1899-cu ildə öz evində üçrəngli fotoqrafiya laboratoriyası qurmuşdur. Kollodiya emulsiyası metoduna əsaslanan fotoqrafik plitələrlə üçrəngli fotoqrafiya çapını öyrənmişdir. O, Yaponiyada üçrəngli fotoqrafiya hazırlanmış ilk işləri hazırlamış və 1902-ci ilin noyabrında İmperator Meyciyə nümayiş etdirmişdir.[1]
Oqura 1904–1905-ci illərdə Rus-yapon müharibəsində müharibə fotoqrafı qismində iştirak etmişdir. O, İmperator Baş Qərargahının fotoqrafiya komandasının rəhbəri təyin olunmuşdur. Döyüş səhnələrinin fotosunu çəkməklə yanaşı tarixi hadisələri də kamera ilə qeydə almışdır. Mukden şəhərində 8 yapon komandirinin görüşünü əks etdirən fotosu poçt açıqcalarında istifadə olunan məşhur fotoya çevrilmişdir. Oqura Avstriyada öyrəndiyi alüminium fotolitoqrafiyası üsulundan istifadə edərək müharibə üçün hərbi xəritələr hazırlamışdır. Bu xəritələr həm Yaponiya ordusu, həm də Yaponiya donanması tərəfindən istifadə olunmuşdur. 1928-ci ilə qədər Mərzçəkmə İdarəsinin baş mühəndisi olmuşdur.[1]
Oqura 1889-cu ildə yaradılmış Yaponiya Fotoqrafiya Cəmiyyətinin qurucu üzvlərindən biri olmuşdur. 1893-cü ilin iyununda Arito Kintaro və Kacima Seybey ilə birlikdə Böyük Yaponiya Fotoqrafiya Tənqidi Cəmiyyətini təsis etmişdir.[3]