Patrul 36 (ivr. פטרול 36; rus. Патруль 36) – İsraildə yaradılmış neonasist skinhed təşkilatı.[1] 9 üzvdən ibarət təşkilata 1988-ci ildə doğulmuş "Nasist Eli" ləqəbi ilə tanınan Erik Bunyatov rəhbərlik edirdi. Üzvlərin hamısı Rusiyadan köçmüş yəhudiəsilli şəxslər idilər.[2] Onların ailələri Qayıdış qanununa əsasən İsraildə məskunlaşmışdılar.
Patrul 36 | |
---|---|
Növü | skinhedlər, neonasizm, antisemitizm |
Yaranma tarixi | 2005 |
Ləğvolma tarixi | sentyabr 2007 |
Fəaliyyət göstərdiyi yer |
![]() |
Üzvləri | 9 |
"Patrul 36" 2005-ci ildən 2007-ci ilin sentyabrına qədər fəaliyyət göstərmişdir.[3] Onlar tikililəri, xüsusilə də, sinaqoqların profanasiyası ilə məşğul olur, üzərilərinə svastika və qraffitilər çəkirdilər. Təşkilat üzvləri Afrika və Asiyadan gələn miqrant işçilər, narkomanları, LGBT fərdlərini və Haridi yəhudilərinə hücumlar təşkil edirdilər. Üzvlər "88" rəqəmini tatu kimi vurdururdular, üzərilərində silahlar, partlayıcı maddələr, bıçaqlar və Adolf Hitler portretlərini gəzdirirdilər. Qrup təşkil etdiyi hücumların videosunu hazırlayırdı.[4][5][6][7][2][8]
Qrup üzvlərinin evlərində neonasist saytlara keçidlər, neonasist filmlər, nasist uniformasında olan üzvlərin fotoları tapılmışdır.[9][3] Qrup Adolf Hitlerin ad gününü Yad Vaşemin önündə keçirməyi planlaşdırmışdır.[10] "Patrul 36" digər ölkələrdəki neonasist təşkilatlarla əlaqələr saxlayırdı.[1]
Qrup üzvlərindən biri olan İvan Kuzmin Ukraynada yaşayanda "çirkli yəhudi", İsraildə isə "iylənmiş rus" adlandırıldığını demişdir. Kuzminin nənəsi Holokostdan sağ çıxanlardan biri idi.[11] Onun sözlərinə görə üzləşdiyi irqçilik onun da irqçi biri olmasına səbəb olmuşdur.[12] Qrupun lideri Eli Bunyatov səs yazılarının birində "mənim babam yarı yəhudi idi. Mənim uşaqlarım olmayacaq, beləliklə, beləliklə, azacıq yəhudi qanına malik olan bir zibil daha doğulmayacaq" sözlərini işlətmişdi.[13][14] Qrup Petax-Tıkvada məskunlaşmışdı.[3][7] Qrupun əsas ilham mənbəyi Rusiyanın "Format18" adlı neonasist qrupu idi.[15][16] Onlar çəkdikləri videoları "Format18"in saytına yükləyirdilər.[16]
İsrail polisi qrupu 2006-cı ildə araşdırmağa başlamışdır. 9 sentyabr 2007-ci ildə qrupun 8 üzvü saxlanılmış, bir üzv ölkədən qaça bilmişdir. Polis çəkdikləri videoları, nenasist materialları və silahları ələ keçirmişdir.[7][17][1] Qrup üzvləri Tel-Əviv Rayon Məhkəməsində mühakimə olunmuş və hamısı təqsirli hesab olunmuşdur. Onlara 1–7 illik həbs cəzaları verilmişdir.[5][18][9] Erik Bunyatov yeddi illik həbs cəzası almışdır. Qrupun həbs olunmayan son üzvü Dmitri Boqotiç 2011-ci ilin yanvarında Qırğızıstandan İsrailə ekstradisiya olunmuşdur.[19]