Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – eyniadlı Marvel Comics superqəhrəman komandasından bəhs edən 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi. Marvel Studios tərəfindən istehsal olunan film Marvel Kinematoqrafiya Kainatında (MKK) 10-cu filmdir. Ceyms Qannın rejissorluğu və Nikol Perlmanın ssenaristliyi ilə çəkilən filmdə Kris Prett, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli Kuper komanda üzvlərini, Li Peys, Maykl Ruker, Karen Qillan, Cimon Honso, Con Rayli, Qlen Klouz və Benisio del Toro isə digər personajları canlandırırlar. "Qalaktika mühafizəçiləri"ndə Piter Kvill güclü artifaktı oğurlamaq üçün bir qrup yerdənkənar cinayətkar ilə çətin ittifaq qurur.
Qalaktika mühafizəçiləri | |
---|---|
ing. Guardians of the Galaxy | |
![]() Rəsmi posteri. | |
Janr | döyüş, macəra, komediya, elmi fantastika, superqəhrəmanlıq |
Rejissor | Ceyms Qann |
Prodüser | Kevin Fayqi |
Əsərin müəllifləri |
Den Abnett Endi Lenninq |
Ssenari müəllifləri |
Ceyms Qann Nikol Perlman |
Baş rollarda |
Kris Prett Zoi Saldana Deyv Batista Vin Dizel Bredli Kuper Li Peys Maykl Ruker Karen Qillan Cimon Honso Con Rayli Qlen Klouz Benisio del Toro |
Operator | Ben Devis |
Bəstəkar | Tayler Beyts |
Rəssam | NYSE |
Geyim rəssamı | Aleksandra Birne[d] |
İstehsalçılar |
İstehsalçı: Marvel Studios Distribütorlər: Walt Disney Studios Motion Pictures |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Fórum Hungary[d][4], Netflix, Disney+ |
İlk baxış tarixi |
21 iyul 2014 (Dolbi teatrı) 1 avqust 2014 (ABŞ) |
Müddət | 122 dəq.[1] |
Büdcə |
232,3 milyon $ (ümumi)[2] 195,9 milyon $ (net)[2] |
Gəlir | 773,3 milyon $[3] |
Ölkə | |
Dil | ingiliscə |
İl | 2014 |
Sonrakı film | Qalaktika mühafizəçiləri 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | London[5], Millennium körpüsü[5], Lloyds binası |
IMDb | ID2015381 |
![]() |
Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir. Digər rol ifaçıları da zaman keçdikcə dəqiqləşmişdir. Əsas çəkilişlər 2013-cü ilin iyulunda Shepperton Studios-da (İngiltərə) başlamışdır, daha sonra 2013-cü ilin oktyabrına qədər Londonda davam etmişdir. İstehsal sonrası proses 7 iyul 2014-cü ildə başa çatmışdır.
Filmin premyerası 21 iyul 2014-cü ildə Dolbi teatrında baş tutmuşdur. 1 avqust 2014-cü ildə ABŞ teatrlarında 3D və IMAX 3D formatlarında buraxılmışdır. Film böyük tənqidi və maddi uğur əldə etmiş, bütün dünyada 773,3 milyon $ gəlir əldə etmiş, 2014-cü ilin ən çox gəlir gətirən superqəhrəmanlıq filmi, ümumilikdə isə 2014-cü ilin ən çox gətirən 3-cü filmi olmuşdur. Film yumoruna, rejissorluğuna, rol ifalarına, vizual effektlərinə, musiqisinə və döyüş səhnələrinə görə təriflənmişdir. 2015-ci ildə "Ən yaxşı vizual effektlər" və "Ən yaxşı qrim və saç düzümü" nominasiyalarında Oskar mükafatına layiq görülmüşdür.
Sikvel "Qalaktika mühafizəçiləri 2" 5 may 2017-ci ildə buraxılmışdır. Üçüncü film olan "Qalaktika mühafizəçiləri 3"-ün 2020-ci ildə buraxılması planlaşdırılır.
1988-ci ildə anasının ölümündən sonra balaca Piter Kvill Yondu Udonta tərəfindən idarə olunan Dağıdıcılar adlı kosmik quldur dəstəsi tərəfindən qaçırılır. 26 il sonra Kvill Moraq planetində bir kürə oğurlayır, lakin İttihamçı Ronanın köməkçisi olan Koratın hücumuna məruz qalır. Kvill kürə ilə birlikdə qaça bilsə də, Yondu bu oğurluq haqqında öyrənir və onu tutana pul mükafatı təyin edir. Ronan isə kürəni ələ keçirmək üçün sui-qəsdçi Qamoranı göndərir.
Kvill kürəni Nova İmperiyasının paytaxtı Ksandarda satmağa çalışarkən Qamora ona hücum edir və kürəni oğurlayır. Döyüş davam edərkən iki kəllə ovçusu da gəlir: genetik və kibernetik cəhətdən modifikasiya edilmiş yenot Roket və ağacabənzər humanoid Qrut. Nova Corps rəsmiləri onların dördünü də tutur və Kilndə həbs edirlər. Həbsxana məhkumlarından biri olan Draks ailəsini öldürən Ronan və Tanosla əlaqələrinə görə Qamoranı öldürməyə cəhd edir. Lakin Kvill Draksın fikrini dəyişdirir, Qamoranın onu Ronanın yanına apara biləcəyini bildirir. Qamora isə Ronana xəyanət etdiyini, onun kürənin gücündən istifadə etməsini istəmədiyini bildirir. Qamoranın kürə üçün alıcısı olduğunu öyrəndikdən sonra Kvill, Roket, Qrut və Draks birlikdə Kilndən Kvillin gəmisi Milano ilə qaçırlar.
Ronan Qamoranın xəyanəti haqqında danışmaq üçün ögey atası Tanosla görüşə gedir. Kvillin qrupu bir Selestialın qopmuş başında inşa edilmiş kriminal kosmik şəhər Nauereyə uçurlar. İçkili Draks Ronanı çağırır, qrupun qalanı isə Qamoranın alıcısı kolleksioner Taneliir Tivan ilə görüşürlər. Tivan kürəni açır və içindən bir Sonsuzluq daşı çıxır. Bu daş sayəsində ondan istifadə edən şəxs bir planeti asanlıqla məhv edə bilər. Tivanın işgəncə görən köməkçisi Karina daşa toxunur, baş verən partlayış nəticəsində Tivanın arxivi məhv olur.
Ronan gəlir və Draksı asanlıqla məğlub edir. Qalanları isə gəmiyə minirlər və Nebula və Ronanın əsgərlərindən qaçmağa çalışırlar. Nebula Qamoranın gəmisini məhv edir və Qamora açıq kosmosa düşür. Ronanın döyüşçüləri isə kürəni ələ keçirirlər. Kvill Yonduya mesaj göndərir və Qamoranın sağ qalması üçün öz skafandrını ona verir. Yondu çatır və onların ikisini də xilas edir. Draks, Roket və Qrut Yondunun gəmisinə hücum etmək istəyirlər, lakin kürəni vermək şərti ilə Yondu ilə atəşkəs təmin edə bilir. Kvillin qrupu Ronanla qarşılaşmağın ölüm demək olduğunu, lakin onun güc daşından istifadə edib bütün qalaktikanı məhv etməsinə imkan verməyəcəkləri barədə razılaşırlar. Ronan əsas gəmisi Dark Aster-də güc daşını çəkicinə bərkidir və gücü özünə götürür. O, Tanosla əlaqə saxlayır və Ksandarı məhv etdikdən sonra birinci onu öldürəcəyini bildirir. Ögey atasından nifrət edən Nebula da Ronana qoşulur.
Dağıdıcılar və Kvillin qrupu Dark Aster-i Ksandarda qarşılamaq üçün Nova Corps-a qoşulurlar və Kvillin qrupu Milano ilə Dark Aster-də bir deşik açırlar. Ronan gücləndirilmiş çəkici ilə Nova Corps donanmasını məhv edir. Draks və Qamora Korat və Nebulanı məğlub edib qaçırlar, lakin Ronanın gücü qarşısında aciz qalırlar. Lakin Roket bir Dağıdıcı gəmisini Dark Aster-ə çırparaq gəminin Ksandara düşməsinə şərait yaradır. Bu zaman Qrut komandanı qorumaq üçün özünü qurban verir. Ronan dağıntıların içərisindən çıxır və Ksandarı məhv etməyə hazırlaşır, lakin Kvill onun diqqətini yayındırır və Draks ilə Roketin çəkici məhv etməsinə şərait yaradır. Kvill sərbəst qalmış daşı tez tutur, Qamora, Draks və Roketin köməyi ilə ondan istifadə edərək Ronanı məhv edir.
Daha sonra Kvill Yondunu aldadaraq içində daş olmayan kürə göndərir, əsl daşı isə Nova Corps-a verir. Dağıdıcılar Ksandarı tərk etdikdən sonra Yondu Kvilli müqaviləyə əsasən atasına verməli olduğuna baxmayaraq, vermədiyinə görə sevindiyini bildirir. Hazırda Qalaktikanın mühafizəçiləri adı ilə tanınan Kvillin qrupunun bütün cinayət qeydləri silinir. Kvill əslində yarı-insan olduğunu, atasının mənşəyinin məlum olmadığını öyrənir. Kvill nəhayət anasının ona verdiyi son hədiyyəni açır: sevimli mahnılarının olduğu bir kaset. Mühafizəçilər bərpa olunmuş Milano və fidan Qrutla birlikdə Ksandarı tərk edirlər.
Post-kredits səhnəsində Tivan iki canlı sərgi nümunəsi ilə məhv olmuş arxivində oturur: it kosmonavt və antropomorfik ördək.[Q 1]
Bunlardan əlavə, Coş Brolin Tanos rolunda çıxış etmiş, personajı səsləndirmiş, hərəkət tutmada iştirak etmişdir.[63][64][65] Şon Qann Tanos üçün çəkilişlərdə dayanmış, filmdə isə Dağıdıcılarda Yondunun ilk dostu olan Kraqlini canlandırmışdır.[30] Aleksis Denisof "Qisasçılar" filmində olduğu kimi bu filmdə də Tanosun vəziri Başqanı oynamışdır.[66] Ofeliya Lovibond Kolleksionerin qulu Karina rolunda çıxış etmişdir.[67][68] Piter Serafinoviç Nova Corps əməkdaşı denariyalı Qartan Saalı,[69][70] Qreqq Henri Kvillin babasını,[71] Lora Heddok Kvillin anası Merediti,[70][72] Meliya Kreylinq Beriti,[73] Kristofer Feyrbenk Brokeri,[74] Mikaela Huver Nova Praymın köməkçisini,[75] Marama Korlet barda boss olan Çəkməni,[76] Emmet Skenlan Nova üsyan mühafizəçisini,[77][78] Aleksis Rudni Moloka Darı,[79][80] Tom Proktor Dağıdıcılardan biri olan Horuzu,[81] Spenser Uildinq Kvillin Walkman-ını oğurlayan həbsxana mühafizəçisi rolunda çıxış etmişdir.[79][82] İt aktyoru Fred Kosmo kimi görünmüşdür.[6] Stiven Blekhartın filmdə kiçik rolu var idi.[83] Naomi Rayanın da filmdə kiçik rolu var idi, lakin həmin səhnə filmdən atılmışdır.[76] Filmdə müxtəlif kameolar olmuşdur: Ceyms Qann sakaarlı,[6] Sten Li ksandarlı qadınlarla əylənən qoca kişi,[6][84] Lloyd Kaufman məhkum,[85][86] Nathan Fillion bir məhkumun səsləndiricisi,[6][87] Rob Zombi Dağıdıcıların naviqatorunun səsləndiricisi,[6] bəstəkar Tayler Beyts Dağıdıcılar pilotu[88] və Set Qrinn Ördək Hovardın səsləndiricisi kimi peyda olmuşdur.[7]
—Den Abnett, 2008-ci ildə yeni "Qalaktika mühafizəçiləri" komandasını yaradan iki yazıçıdan biri[89]
Marvel Studios prezidenti Kevin Fayqi "Qalaktika mühafizəçiləri"ni əvvəlcə 2010 San Diego Comic-Con International tədbirində potensial film layihəsi kimi bildirmişdir: "Bəzi qeyri-müəyyən başlıqlar var, Qalaktika mühafizəçiləri kimi. Mən düşünürəm ki, onlar son vaxtda komikslərdə əyləncəli şəkildə yeniləniblər".[90] Fayqi "Entertainment Weekly" jurnalının 2011-ci il sentyabr buraxılışına verdiyi müsahibədə bildirmişdir: "Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfində, "Tor" ipucu ola bilər, böyük kosmik epika yaratmaq kimi seçim də var". Fayqi həmçinin film çəkilsə, Qisasçılar və ya İks-adamlar kimi bir komandadan bəhs etməli olduğunu qeyd etmişdir.[91]
Fayqi 2012 San Diego Comic-Con International tədbirində Marvel-in panelində filmin Marvel Studios-un aktiv layihəsi olduğunu bildirmiş və buraxılış tarixi olaraq 1 avqust 2014-cü ili açıqlamışdır. O, filmdəki komanda heyətinin Ulduz lordu, Dağıdıcı Draks, Qamora, Qrut və Roketdən ibarət olacağını açıqlamışdır.[92] Tədbir zamanı iki konsepsiya-art nümayiş etdirilmişdir: birində ancaq Roket, birində isə bütün komanda təsvir olunmuşdur.[93] 2012-ci ilin avqustunda Ceyms Qann Peyton Rid və Anna Boden–Rayan Flek ikilisi kimi rejissorları geridə buraxaraq rejissorluq üçün Marvellə danışıqlara başlamışdır.[94] "Qisasçılar" filminin rejissoru və "Qisasçılar" sikvelinə aparan bütün filmlərin istehsalında iştirak edən[95] Coss Uidon Qannın seçilməsinə görə həyəcanlı idi: "Ceyms nə edəcəksə, işə yarayacaq... O, qəribə və çılğındır, lakin ağıllı və yaradıcıdır, ürəkdən işləyir. O, yenotları sevir. Yenotlara ehtiyacı var... [İnsan personajlar] üçün çətin olacaq".[96]
2009-cu ildə Marvel-in ssenari yazma proqramında iştirak etmiş[97] Nikol Perlmana əsasında ssenari yazması üçün bir neçə az tanınan komiks təklif edilmişdi.[98] Perlman kosmosa və elmi fantastikaya maraq göstərdiyindən Den Abnett və Endi Lenninqin Qalaktika mühafizəçilərini seçmiş[98] və əlavə etmişdir: "Mən Qalaktika mühafizəçilərini seçəndə Marvel bir az təəccüblənmişdi, çünki romantik-komediya və ya onun tərzindəki bir yazıçı üçün daha məntiqli görünən başqa seçimlər də var idi". Perlman Qalaktika mühafizəçiləri kainatını dərindən öyrənmək və ssenari yazmaq üçün 2 il vaxt sərf etmişdi. 2012-ci ilin əvvəlində Qann da ssenari yazmaq işinə daxil edilməzdən öncə, 2011-ci ilin sonlarında ondan bir ssenari daha yazmasını istəmişdilər.[99] Ən sonda Qann "ona uyğun gəlmədiyi" üçün ssenarini tamamilə başdan yazmışdır; o, "Çirkli düjün" filmindən ideyalarını Marvel-ə çatdırmaq üçün istinad kimi istifadə edəcəkdi.[100] Qann daha sonra bildirmişdi ki, Perlmanın yazdığı ssenari filmdə istifadə etdiyi ssenaridən tamamilə fərqli idi, fərqli hekayə, personaj arklarına malik idi və Walkman yox idi: "Nikolun ssenarisində hər şey fərqli idi... Eyni şey demək olar ki, yox idi. Amma Qərbi Amerika Yazıçılar Gildiyası belə işləyir. Onlar əvvəlcə dəhşətli ssenaristləri sevirlər".[101] 2012-ci ilin avqustunda Marvel Studios Kris Mekkoyu Perlmanın ssenarisini yenidən yazmasını üçün işə cəlb etmişdir. Lakin Mekkoyun ssenarinin son versiyasına hansı töhfələr verdiyi məlum deyil;[102] onun adı istehsalçı heyətin siyahısında da yoxdu.[57]
Qann bildirir ki, personaj təqdimatları, xüsusilə Tanosun filmdə təqdimatı, ən çətin hissələrdən biri idi. O düşünmüşdü ki, Tanosun filmdə olması "Qalaktika mühafizəçiləri"nə yox, Marvel Kinematoqrafiya Kainatına daha çox xeyir verə bilərdi. Buna görə Tanosun filmdə görünməsini istəsə də, Tanosun filmin əsas protaqonisti olan Ronanı da arxa plana atmasını istəmirdi. Qann dilemmanı həll etmək üçün Ronanın Tanosun vəziri Başqanı öldürməsinə "icazə vermişdi": "Mən düşündüm ki, bu maraqlı idi. Bizdə gücü Loki ilə müqayisə olunan Başqa var idi və sonra görürük ki, Ronan onu çox asanlıqla öldürür. Mən bunu bəyəndim, lakin bu da çətinliklə üzləşdi, çünki mən bunu ilk dəfə yazanda gülməli görünsə də, filmdə yumor elə də işləmədi".[103]
2012-ci ildə Qann filmin rejissoru olduğunu və ssenari yenidən yazacağını təsdiqləmişdir.[104] Noyabr ayının sonunda Coel Edqerton, Cek Hyuston, Cim Stercess və Eddi Redmeyn Piter Kvill rolu üçün testlərə cəlb edilmişdirlər.[105] Dekabrın əvvəlində Li Peys də rol üçün namizəd olduğunu açıqlamışdır.[47] Rol üçün namizəd olan digər aktyorlar "Tor 2: Zülmət aləmi" filmindən Zakari Livay,[106] Cozef Qordon-Levitt,[107] Maykl Rozenbaum[108] və Con Qallaher idilər.[109] 2013-cü ilin fevralında Kris Prett Kvill rolunu bir neçə filmdə canlandırmaq barədə müqavilə imzalamışdır.[15][110]
2013-cü ilin yanvarında filmin çəkilişlərinin Londonun Shepperton Studios-unda baş tutacağı açıqlanmış,[111] Marvel isə filmin 3D buraxılacağını bildirmişdir.[112] Filmin icraçı prodüseri Viktoriya Alonso çəkilişlərin 2013-cü ilin iyununda başlayacağını açıqlamışdır. O, həmçinin Roket və Qrut personajlarının yaradılması üçün kompüter qrafikasından və hərəkət tutmadan istifadə ediləcəyini bildirmişdir: "Əsl yenotla heç bir hərəkət tutma edə bilməzsiniz, onlar sizə imkan verməyəcəklər. Amma biz çox güman ki, bəzi davranışlar üçün rotomasiyadan istifadə edəcəyik... Bizdə Ceyms Qannın istədiyi davranış və performansı verə biləcək performansçılar var. O, personajları harada götürmək istədiyi ilə bağlı qərarlıdır".[113] 2013-cü ildə Kevin Fayqi "Qalaktika mühafizəçiləri"nin Marvel Kinematoqrafiya Kainatındakı yerini müzakirə etmişdir: "Bu, adi tək filmdən daha artıqdır. Bunlar eyni kainatda baş verir. Biz kainatın o biri tərəfindəki başqa filmlərdə olanda, Mühafizəçilərdə bu xarakteristikaları görəcəksiz, lakin bu zaman Qisasçılar olanlara qarışmayacaqlar". Fayqi həmçinin filmin 95 %-nin kosmosda keçəcəyini bildirmişdir.[114] Mart ayının ortasında Deyv Batista Dağıdıcı Draks roluna seçilmişdir.[115] Bu rol üçün İsaya Mustafa, Brayan Patrik Ueyd və Ceyson Momoa da namizəd idilər.[115] Növbəti həftə "Ulduz müharibələri" filmlərində Dart Veyder üçün maskalar hazırlayan heykəltaraş Brayan Muyrun film üzərində işləyəcəyi açıqlanmışdır.[116]
2013-cü ilin aprelinin əvvəllərində Zoi Saldana Qamora rolu üçün namizəd olmuş, ayın sonunda rol üçün təsdiqlənmişdir.[67][117] Aprel ayında həmçinin Maykl Ruker Yondu roluna,[49] Ofeliya Lovebond isə bir köməkçi rola seçilmişdir.[67] Bu zaman Li Peys filmin əsas supercinayətkarı rolu üçün namizəd idi.[118] May ayında Con Rayliyə Romann Dey rolu təklif olunmuşdur.[119] Eyni zamanda film istehsalçılarının bir başqa rol üçün Hyu Lori, Alan Rikman və Ken Vatanabe kimi aktyorlar axtardıqları məlum olmuşdur. Kristofer Markus və Stiven Makfili ssenariyə son düzəlişləri etmişdirlər.[119] Bir neçə gün sonra Qlen Klouz Nova Corps-un başçısı,[58] qısa müddət sonra isə Karen Qillan filmin baş qadın cinayətkarı kimi filmə qatılmışdır.[120] 2013-cü ilin iyununda Benisio del Toro Marvel ilə bir neçə filmlik müqavilə bağlamışdır.[61] Ayın sonunda Rayli Romann Dey roluna seçilmişdir.[56]
Xüsusi effektlər qrim dizayneri Devid Vayt personajları yaratmaq üçün lazım olan materialları sınamaq üçün Batista kimi aktyorlarla görüşmüşdür. Vayt deyir: "Ceyms həmişə praktiki və qrim effektlərində təzyiq edirdi. O, mənim kimi studiyada əsl iş görmək istəyirdi". Vayt Qannın bənzərsiz qabaqcadan görülən dünyasında kiçik düşməmək üçün "müasir" bədheybət dizaynlarından qaçınmışdır. Vayt və komandası 1000-ə qədər prostetik qrim və 2000-ə qədər müxtəlif rəngli yadplanetli qəlibi yaratmışdırlar.[121] Filmin spesifik estetik görünüşü üçün Qann "rəngli elmi fantastika"nın yaradılmasını istəyirdi. Buna görə filmə 1950-ci və 1960-cı illərin filmlərinin elementlərini daxil etmişdir. Dağıdıcıların gəmisini isə muscle car ilə müqayisə etmişdir.[122] Elmi fantastika sənətçisi Kris Foss filmdə görünən kosmik gəmilərin son görünüşlərində kömək etmişdir.[123] "Mass Effect" videooyun seriyası, Fleş Qordon, "Farskeyp" və "Ulduz müharibələri" Ceyms Qannın film üçün əsas ilham mənbələri olmuşdur.[124]
Əsas çəkilişlər 6 iyul 2013-cü ildə Böyük Britaniyanın paytaxtı Londonda[54] "Full Tilt" iş başlığı altında başlamışdır.[8] Çəkilişlər Shepperton Studios və Longcross Studios-da baş tutmuşdur.[111][125] İyulun sonunda Qann və aktyor heyəti San Diego Comic-Con International tədbirində iştirak etmək üçün Londondan San-Dieqo şəhərinə uçmuşdur. Tədbir zamanı Peysin İttihamçı Ronan, Qillanın Nebula, del Toronun Kolleksioner və Cimon Honsonun Korat roluna seçildiyi bildirilmişdir.[54][57] Daha sonra Klouzun İrani Raeli oynayacağı məlum olmuşdur.[9][57] Tədbirdə həmçinin Tanosun filmdə "ağıl ustası" rolunda çıxış edəcəyini bildirmişdir.[126] 11 avqust 2013-cü ildə Ksandar planeti[24] üçün məkan kimi seçilən Millennium körpüsündə də çəkilişlər başlamışdır.[127] 2013-cü ilin avqustunda Marvel Bredli Kuperin Roketi səsləndirəcəyini açıqlamışdır.[38] 3 sentyabr 2013-cü ildə Qann "filmin yarıdan çoxunun tamamlandığını" bildirmişdir.[128] Sentyabr ayında Vin Dizel Qrutu səsləndirdiyini demişdir.[28] Lakin bu zaman Marvel Dizelin layihədə iştirak etdiyi barədə rəsmi açıqlama etməmişdi.[42][129][130] 12 oktyabr 2013-cü ildə Qann sosial şəbəkədə filmin çəkilişlərinin başa çatdığını bildirmişdir.[131]
Kinematoqraf Ben Devis film üçün Arri Alexa XT kameralarından istifadə etmişdir: "Mən ənənəvi fotokimya fanatıyam, lakin rəqəmsal formatdan istifadə etmək bu film üçün düzgün yol idi... Alexa bu xüsusi film üçün düzgün görüntünü verdi". 1980-ci illərdə baş verən açılış səhnəsi üçün Devis JDC Cooke Xtal (Crystal) Express anamorfik linzalarını seçmişdir, çünki onların "daha çox anamorfik artifaktları və abberasiyaları" var idi. Devis filmin qalan hissəsi üçün sferik Panavision linzalarından istifadə etmişdir. Bundan əlavə, Devis hər səhnə üçün ən doğru görüntünü əldə etmək üçün istehsal dizayneri Çarlz Vudla yaxından əməkdaşlıq etmişdir.[125] İki personaj tamamilə kompüter qrafikasından ibarət olduğundan Devis bir səhnəni bir neçə dəfə çəkməyə məcbur olmuşdur: adətən, bir dəfə personajın istinadları ilə birlikdə, bir dəfə də onlarsız.[132]
Qann qardaşı Şon Qannın filmin çəkilişləri zamanı bir neçə rolda (Roket üçün dayanmaq) çıxış edəcəyini bildirmişdir. Qann qeyd etmişdir ki, bu, Saldana, Prett və Batista da daxil olmaqla digər aktyorlar üçün də köməkçi olacaq. Batista Şonun performansına pozitiv şəkildə yanaşmışdır.[30] Xüsusi effektlər qrim dizayneri Devid Vayt vizual effektlərə kömək etməsi üçün Roketin iki əsl ölçülü versiyasını və Qrutun büstünü hazırlamışdır: "Bu film istehsalçılarına tətbiq olunması lazım olan vizual effektlər üçün yaxşı istiqamət verir".[31] Bu büstlər həmçinin studiya işıqlarının personajlara necə təsir etdiyini görmək üçün də istifadə olunmuşdur.[31]
2015-ci ilin yanvarında Disneyin filmin razılaşdırılmış büdcədən bir az çox – 232,3 ABŞ dollarına (Böyük Britaniya hökuməti tərəfindən 36,4 milyon ABŞ dollarının güzəşt edilməsi ilə birlikdə)[2] çəkildiyini bildirmişdir. Bundan əvvəl filmin büdcəsinin 170 milyon ABŞ dolları olduğu müəyyənləşdirilmişdi.[133]
2013-cü ilin noyabrında Qann istehsal sonrası prosesdə kompüter qrafikasının və hərəkət tutmasının istifadəsinə yardımçı olmaq üçün mümkün qədər çox praktiki effektlərdən istifadə etməyə cəhd etdiyini bildirmişdir: "Bizim studiyalarımız çox böyükdür. Bizim 350.000 funtluq poladdan hazırlanmış həbsxanamız var. Məni tanıyan hər kəs bilir ki, kompüter qrafikası ilə praktiki effektləri qarışdırmağı sevirəm... İnsanların bunu izləyəcəkləri vaxtı gözləyə bilmirəm, çünki bu, heyranedici dərəcədə gözəldir". "Tor 2: Zülmət aləmi" filminin buraxılışından sonra Fayqi MKK-nın Üçüncü fazasına gedən yolda filmdə diqqətlərin Sonsuzluq daşlarına yönəldiləcəyini bildirmişdir. "Zülmət aləmi" haqqında noyabrda verdiyi başqa bir müsahibədə Fayqi filmdə üçüncü, naməlum Sonsuzluq daşının peyda olacağını və Kolleksioner tərəfindən "Güc daşı" adlandırılacağını bildirmişdir. "Zülmət aləmi" filminin son səhnələrində Lovibondun rolunun Kolleksionerin köməkçi Karina olacağı məlum olmuşdur. 2013-cü ilin dekabrında Marvel Dizelin Qrutu səsləndirdiyini təsdiqləmişdir.
Əsas heyətin iştirak etdiyi və bir neçə həftə davam edən əlavə çəkilişlər Kaliforniyanın Berbank şəhərində yerləşən Walt Disney Studios-da 2014-cü ilin martında baş tutmuşdur. 2014-cü ilin aprelində Qann Tanosu filmdə "ilanın başı" kimi təsvir etmiş və təsvir olunmasında hərəkət tutmadan istifadə olunacağını təsdiqləmişdir. 2014-cü ilin mayında Qann bildirmişdir ki, filmdə həddən çox rolu kiçik olan Marvel personajı var və indiyə qədər çəkilmiş Marvel filmləri arasında ən çox personajı olan filmdir. Kostyum koordinatoru Den Qreys bu fikirlə razılaşmışdır: "Biz həqiqətən qalaktikanın miqyası və ölçüsü haqqındakı duyğunu hiss edirik. Biz 5 planet ziyarət edirik, 100 fərqli irq görürük". Filmdə Ronanın muzdlu əsgərləri rolunda çıxış edən Sakaar irqi təqdim olunur və bu irq Badun irqini əvəz edir, çünki Badun irqinin film hüquqları 20th Century Fox-a aid idi.
May ayının sonların Coş Brolinin Tanosu səsləndirdiyi məlum olmuşdur. İyul ayında isə Fayqi onun hərəkət tutmada iştirak etdiyini qeyd etmişdir. Tanos filmdə daha çox holoqram vasitəsilə ünsiyyət qursa da, Ronan və Nebula olan səhnədə də görünür. 2014-cü iyununda Fayqi qeyd etmişdir ki, Tanos və onun izləyiciləri gələcəkdə "Qisasçılar" filmlərinə gətirib çıxaracaq ən böyük əlaqələndirici parçadır. Brolinin seçilməsi haqqında Fayqi danışır: Biz onunla əlaqə saxladıq və bu, hər zaman baş verməyən, lakin baş verdikdə gözəl olan bir şey idi. Bu, onun marağını cəlb etmişdi. O, bizim işimizin fanatı idi və Londonda bir oteldə Ceremi Latçam ilə görüşüb personajlar haqqında bir az məlumatlanmışdı. Onunla telefonda bir neçə dəfə danışdım. ... Daha sonra onu çəkdik və personaj üçün qeyd etdik".
7 iyul 2014-cü ildə Qann sosial şəbəkədə film üzərində işini başa çatdırdığını bildirmişdir. Avqustda post-kredits səhnəsi haqqında danışan Qann Ördək Hovardın əvvəlcə filmdə olmadığını, amma istehsal sonrası prosesdə əlavə olunduğunu, qərarın özü və Fred raskin tərəfindən alındığını açıqlamışdır. Personajı əlavə etmək qərarı istehal sonrası prosesin axırlarında alındığından Sony Pictures Imageworks tərəfindən animasiya olunmazdan öncə personajı dizayn etməli idi. Qrutun rəqs etdiyi pre-kredits səhnəsi haqqında danışan Qann rəqs üçün özünün hərəkət tutmada iştirak etdiyini açıqlamışdır. Səhnənin titrlardan öncə göstərilməsi qərarını Qann vermişdi, çünki test nümayişində alınan pozitiv nəticələrdən sonra Marvel və Qann "insanların bu cür şeyi qaçırmasını" istəmədiklərini hiss etmişdirlər. Marvel filmin başlıq səhnələri üçün Sarofsky dizayn şirkətinə müraciət etmişdir. Marvel daha öncə bu şirkətin "Birinci qisasçı: Başqa müharibə" filmindəki işini bəyənmişdi. Sarofsky tizer posterlərdəki fontdan istifadə edərək açılış səhnəsi üçün xüsusi font hazırladı və filmin göy və boz görüntüsünə uyğun görünməsi üçün fontu narıncı rəngə boyadı. Şirkət həmçinin filmdə məkanları bildirən başlıqlar üçün təkliflər etmişdir.
Vikianbarda Qalaktika mühafizəçiləri ilə əlaqəli mediafayllar var. |