Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər.
Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır. 2018-ci ilin dekabrında rəsmən filmin "Qisasçılar: Final" adlanacağı elan edilmişdir.
Filmin premyerasının 26 aprel 2019-cu ildə IMAX və 3D formatlarında baş tutması planlaşdırılır.
Tanosun Sonsuzluq daşlarını istifadə etməsindən[N 1] sonra kainatda olan bütün canlıların yarısı, o cümlədən Klint Bartonun ailəsi külə çevrilir. Üç həftə sonra, Titanda qarşılaşmadan sonra kosmosda köməksiz qalan Nebula və Toni Stark Kerol Denvers (Kapitan Marvel) tərəfindən xilas edilir. Yerdə onları Nataşa Romanova, Brüs Benner, Stiv Rocers, Raketa, Tor, Pepper Potts və Ceyms Roudi qarşılayırlar. Dəstə Tanosu taparaq daşların təsirini geri qaytarmağa çalışsa da, məlum olur ki, Sonsuzluq daşlarının sonradan istifadə olunmasının qarşısını almaq məqsədi ilə Tanos onları məhv etmişdir. Hiddətlənən Tor, Tanosun başını kəsərək onu öldürür.
Beş il sonra kvant aləmindən çıxa bilən Skott Lenq [N 2] Romanova və Rocersi taparaq Qisasçılara qoşulur. Kvant aləmində əldə etdiyi təcrübəyə istinad edən Lenq, bildirir ki, onlar zaman səyahəti edə bilərlər. Romanova, Rocers və Lenq, həyat yoldaşı Pepperlə birlikdə azyaşlı qızı Morqanı böyüdən Toni ilə görüşərək deyirlər ki, onlar keçmişə səfər edərək Sonsuzluq daşlarını müasir dövrə qaytara və Tanosun əməllərinin nəticəsini ləğv edə bilərlər. Toni qızı Morqanı itirməkdən qorxaraq əvvəlcə bu təklifi rədd etsə də, sonradan Piter Parkeri xatırlayaraq fikrini dəyişir. Bundan sonra Stark, zaman səyahətini stabilləşdirən qurğu icad edir. Bu arada Nataşa, kədər hissinin qəddar qatilə çevirdiyi Bartonu taparaq Qisasçıların qərargahına qaytarır.
Yenidən birləşmiş Qisasçılar, planı həyata keçirmək üçün kiçik komandalara bölünürlər. Benner, Rocers, Lenq və Stark 2012-ci ilin Nyu-Yorkuna qayıdırlar.[N 3] Sanktum Sanktoruma gələn Benner Qədimlə görüşərək Zaman daşını ona verməyi xahiş edir. Qədim Bennerə xəbərdarlıq edərək, Sonsuzluq daşlarının keçmişdən qoparılmasının pis nəticələr verəcəyini bildirir. Benner isə öz növbəsində daşları qaytaracaqlarına söz verir. Zəka daşını ələ keçirmək üçün Stiv Rocers Hidra agentləri və özünün 2012-ci il versiyasına qalib gəlsə də, Lenq və Starkın Tesseraktı ələ keçirmək cəhdi uğursuzluqla nəticələnir. Daşı oğurlayan Loki, onların əlindən qaçmağa müvəffəq olur.
Rocers və Stark 1970-ci il ABŞ ordusunun Ley düşərgəsinə[N 4] getmək üçün Pimin sonuncu kiçildici hissəciklərini istifadə edirlər. Orada onlar Tesseraktın daha erkən versiyasını və Henk Pimin kvant hissəciklərini oğurlayır və öz dövrlərinə qayıdırlar.
2013-cü ilin Asqardına qayıdan Tor və Raketa Ceyn Fosterdən[N 5] Reallıq daşını alır, Tor isə məhv edilmiş[N 6] Myölneri qaytarır. 2014-cü ilin Vormirinə gələn Barton və Romanova Qırmızı kəllədən öyrənir ki, Ruh daşını əldə etmək üçün əziz olan adamın canını qurban vermək lazımdı. Nəticədə Nataşa Romanova özünü qurban verərək həlak olur.
2014-cü ilin Moraqına gələn Nebula və Roudi Piter Kuilldən əvvəl Güc daşını ələ keçirir.[N 7] Roudi Güc daşı ilə müasir dövrə qayıtsa da, Nebulanın bədəninin kibernetik hissələri 2014-cü il Nebulasının bədəninin kibernetik hissələri ilə qarşılıqlı əlaqəyə keçdiyinə görə o Moraqı tərk edə bilmir. Bu əlaqə nəticəsində 2014-cü ilin Tanosu müasir dövrdə baş verən hadisələrdən xəbər tutur və 2014-cü ilin Nebulasını müasir dövrə göndərir.
Bütün daşların toplanmasından sonra, Benner külə çevrilmiş canlıların qaytarılması üçün onları istifadə edir. 2014-cü ilin Nebulası zaman maşınını istifadə edərək 2014-cü iliin Tanosunu ordusu ilə birlikdə müasir dövrə gətirir və Tanos Qisasçılara hücum edir. Rocers, Tor və Stark birlikdə Tanosa qarşı döyüşürlər və Rocers Myölnerə layiq olduğunu sübut edir, lakin Tanos onlara qalib gələrək Qara ordeni və ordusunu çağıraraq Yeri mühasirəyə alır. Müasir Nebula, bacısı Qamoranın 2014-cü il versiyasını Tanosa qarşı çıxmağa razı sala bilir və özünün 2014-cü il versiyasını öldürür.
Doktor Strenc Tanosun ordusu ilə döyüşmək üçün, bütün tərəfdaşlarını, o cümlədən Vakanda və Asqard, həmçinin maqların ordusunu Qisasçıların qərargahına transportasiya edir. Döyüş zamanı Stark Sonsuzluq daşlarını istifadə edərək Tanos və onun ordusunu məhv edir, lakin daşların istifadəsi zamanı Toni Stark özü də ağır yaralanır və döyüşdən sonra vəfat edir.
Starkın dəfnindən sonra Tor, Valkiriyanı Asqard kraliçası elan edir, özü isə Qalaktika mühafizəçilərinə qoşulur. Sonsuzluq daşları və Myölneri aid olduqları vaxt və yerə qaytaran Stiv Rocers keçmişdə qalaraq Peggi Karterlə yaşamağa qərar verir. Müasir dövrdə isə yaşlı Rocers öz qalxanını Sem Vilsona həvalə edir.
Bunlardan başqa, Frenk Qrillo və Letisiya Rayt daha əvvəl MKK filmlərində canlandırdıqları Brok Rumlou / Krossbonus və Şuri rollarına qayıdıblar.[68][69] Hiroyuki Sanada və Ketrin Lenqford filmdə naməlum obrazları canlandırıblar.[70][71] Qisasçıların yaradıcılarından biri olan Sten Li filmdə kameo rolunu almışdır.[72]
Xarici video | |
---|---|
Filmin 7 dekabr 2018-ci ildə yayımlanmış ilk rəsmi treyleri | |
Filmin 14 mart 2019-cu ildə yayımlanmış ikinci rəsmi treyleri. |
2014-cü ilin oktyabrında Marvel "Qisasçılar: Altron dövrü" filminin iki hissəli sikvelinin çəkiləcəyini, "Qisasçılar: Sonsuzluq savaşı. I hissə"nin 4 may 2018-ci ildə, "Qisasçılar: Sonsuzluq savaşı. II hissə"nin isə 3 may 2019-cu ildə çıxarılacağını elan edir.[73][74] 2015-ci ilin aprelində Entoni və Co Russo qardaşlarının[75] hər iki filmin ard-arda[76] çəkilişlərinə 2016-cı ildə başlayacağı müəyyən olur. Həmin ay Kevin Fayqi bildirir ki, "onlar, bir-birindən ayrı iki müstəqil film çəkirlər, çünki, onlar oxşar elementlərə malik olsalar da, bir-birindən fərqlidirlər. Buna görə, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Onlar, bir-birindən fərqli iki müstəqil film olacaqlar."[77] 2015-ci ilin mayında Kristofer Markus və Stefan MakFilinin hər iki film üçün ssenari yazacağı elan edilir.[78] Bir il sonra iki hissəli film çəkilməsi haqqında məlumatların təkzib edilməsi üçün iki ayrı film çəkdiklərini bildirirlər, Co Russo isə qeyd edir ki, "Biz onların adlarını da dəyişəcəyik, sadəcə indi ad fikirləşməmişik."[79] 2016-cı ilin iyulunda Marvel birinci filmin "Qisasçılar: Sonsuzluq savaşı" olacağını elan edir.[80]
Filmin əsas çəkilişləri 10 avqust 2017-ci ildə[81] "Meri Lou 2" işçi adı adı altında[82], Trent Opaloçun operatorluğu[83] ilə Corciya ştatının Feyett dairəsindəki "Pinewood Atlanta Studios"[84] da başlamışdır. 14 iyul 2017-ci ildə çəkilişlər yekunlaşdırılır.[85]