Rakotsi üsyanı (1703–1711) — Macarıstan zadəganı II Ferens Rakoçi rəhbərliyi ilə Habsburq monarxiyasına qarşı baş vermiş milli-azadlıq hərəkatı.[1] Bu üsyan Macarıstan ərazisində Avstriya hökmranlığına qarşı XVII–XVIII əsrlərdə baş verən ən böyük silahlı müqavimət hərəkatlarından biri olmuşdur.[2]
Rakotsi üsyanı | |||
---|---|---|---|
İspaniya mirası uğrunda müharibə | |||
![]() Kuruts atlıları avstriyalı əsgəri əsir götürürlər | |||
Tarix | 15 iyun 1703 – 1 may 1711 | ||
Yeri | Macarıstan | ||
Nəticəsi |
Müqəddəs Roma imperiyasının qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
![]() |
XVII əsrin sonlarında Macarıstanın böyük hissəsi Osmanlı imperiyasının tərkibindən çıxaraq Habsburqların nəzarətinə keçmişdi. Habsburqlar bu ərazilərdə mərkəzləşdirilmiş idarəetmə tətbiq edir, yerli zadəganların hüquqlarını məhdudlaşdırır və almanlaşdırma siyasəti aparırdılar. Bu, həm zadəganların, həm də kəndlilərin narazılığına səbəb olmuşdu.[3]
1701-ci ildə II Ferens Rakoçi Habsburq imperiyasına qarşı gizli üsyan planladığına görə saxlanılır. Onun planları ifşa olunur və o, Vyana yaxınlığındakı Neustadt qalasında həbs olunur. Lakin dostlarının köməyi ilə türmədən qaçaraq Polşaya sığınır.[4][5] Bu dövrdə Avropada genişmiqyaslı İspaniya mirası uğrunda müharibə (1701–1714) gedirdi və Habsburqların qüvvələri Qərbi Avropada məşğul olduqları üçün Macarıstanda nəzarət zəifləyirdi. 1703-cü ilin yazında Şimali və Şərqi Macarıstanda ağır vergi siyasətindən və feodal zülmündən narazı olan kəndlilər üsyana qalxdılar. Bu üsyançılar arasında əsas qüvvəni "kurutslar" (kurucok) təşkil edirdi. Onlar silahsız və təlimsiz olsalar da, böyük sayda olmaları və yerli əhalinin dəstəyini almaları onların gücünü artırırdı. Rakoçi bu vəziyyətdən istifadə edərək Macarıstana qayıdır və iyun ayında Vinoqradov yaxınlığında üsyançı ordunun başına keçir. Qısa müddət ərzində Tokay, Kassa (indiki Koşitse), Debretsen kimi mühüm şəhərlər ələ keçirilir və üsyanın miqyası genişlənir.[6][7][8]
Üsyanın ilk mərhələsində kurutslar böyük uğurlar qazandılar. Habsburq qüvvələri Avropada yerləşən digər müharibələrlə məşğul olduqları üçün Macarıstanda ciddi müqavimət göstərə bilmirdilər. 1704-cü ildə üsyançılar Avstriyanın nəzarətində olan demək olar ki, bütün əraziləri azad etdilər. Rakoçi Macarıstanda müvəqqəti hökumət qurdu, vergi sistemini dəyişdi və müntəzəm ordu təşkil etməyə başlamışdır.[9] Eyni zamanda o, Fransa kralı XIV Lüdoviklə diplomatik əlaqələr quraraq müttəfiq axtarırdı. 1705-ci ildə keçirilən Şaroşpatakda II Ferens Rakoçi "Macar knyazı" (Fejedelem) elan edilir.[10] Həmin dövrdə 100 mindən çox üsyançıdan ibarət ordu formalaşdırılmışdı. Lakin bu ordu zəif silahlanmış, nizamsız və təlimsiz idi. Habsburqlar 1706-cı ildən başlayaraq üsyanı yatırmaq üçün ciddi tədbirlər görməyə başladılar. İmperator I İosif təcrübəli sərkərdələrdən biri olan qraf Ştaremberqi Macarıstana göndərdi.[11][12][13]
1707-ci ildə Onodda Macarıstan Habsburq taxt-tacından rəsmi olaraq imtina edir. Bu, üsyanın siyasi və ideoloji məzmununu dərinləşdirirdi, lakin xarici dəstəyin olmaması vəziyyəti çətinləşdirirdi. Rakoçi həm Fransadan, həm də Rusiyadan yardım almağa çalışsa da, Avropadakı siyasi maraqlar bu dəstəyi təmin etmədi.[14]
1708-ci ildə Trençin döyüşü Rakoçi üsyanı üçün dönüş nöqtəsi olmuşdur. Bu döyüşdə kurutslar ağır məğlubiyyətə uğradılar, ordu dağılmışdır və çoxsaylı zadəganlar üsyanı tərk etmişdilər. Bundan sonra üsyançıların sayı azalmağa başladı və xalq dəstəyi zəiflədi. Rakoçi hələ də müqaviməti davam etdirməyə çalışırdı, lakin həm iqtisadi, həm də hərbi cəhətdən resursları tükənmişdi.
1711-ci ildə Rakoçinin sərkərdələrindən biri, qraf Şandor Karoyi Habsburq nümayəndələri ilə danışıqlara başlamışdır. Satmar müqaviləsi 1711-ci ilin aprelində imzalanmışdır. Bu müqaviləyə əsasən, üsyançılara amnistiya verildi, mülkləri geri qaytarıldı və katolik olmayan zadəganlara müəyyən dini azadlıqlar tanınmışdır. Lakin Macarıstan Habsburq imperiyasının tərkibində qalmışdır və dövlət müstəqilliyi əldə olunmamışdır.[15] Rakoçi özü bu şərtlərlə razılaşmadığı üçün müqaviləni qəbul etməmişdir və ölkəni tərk edərək əvvəlcə Polşaya, daha sonra Fransa və Osmanlı imperiyasına sığınmışdır. 1735-ci ildə Osmanlı şəhəri olan Rodostoda (indiki Tekirdağ) vəfat etmişdir.[16]
Rakotsi üsyanı zamanı Macar xalqı əsas güc olsa da, bir sıra xarici mənşəli əsgərlər və siyasi qüvvələr də bu hərəkatda dolayısı və ya birbaşa şəkildə iştirak etmişdir.
Üsyanın əvvəlində II Ferens Rakoçi Fransadan diplomatik və hərbi yardım almağa çalışmışdır. Fransa kralı XIV Lüdovik Habsburqlara qarşı mübarizədə Rakoçini potensial müttəfiq kimi görsə də, İspan irsi uğrunda müharibə ilə məşğul olduğu üçün yalnız maliyyə yardımı və bəzi hərbi məsləhətçilər göndərmişdi. Fransızlar Macarıstana heç bir rəsmi ordu göndərmədilər, lakin üsyanın siyasi legitimliyini tanımağa meyilli idilər.[17]
Rakotsi üsyanı zamanı bəzi polyak zadəganları və kazak dəstələri də Macar torpaqlarına keçərək kurutslara qoşulmuşdur. Bu iştirakçılar əsasən Polşa–Litva Birliyi sərhəd bölgələrindən gəlmiş və şəxsi təşəbbüslə hərəkət etmişlər. Rakoçi özü üsyandan əvvəl Polşaya sığınmışdı və orada mühüm əlaqələr qurmuşdu.[18]
Osmanlı dövləti Rakoçiyə birbaşa hərbi yardım göstərməsə də, onun Avstriyaya qarşı çıxışını müsbət qarşıladı. Üsyandan sonra Rakoçi Osmanlı sultanından sığınacaq aldı və ömrünün son illərini Osmanlı torpağında keçirdi. Bu, Osmanlıların Avstriya əleyhinə olan siyasətinə uyğun bir diplomatik addım idi.[19]
Kurutslar arasında təkcə macarlar yox, həm də slovaklar, rutənlər (ukraynalılar), alman kəndlilər, hətta qaçqın serblər də iştirak edirdilər. Bu üsyançı dəstələr sosial ədalətsizliyə qarşı çıxır və zadəgan hakimiyyətindən narazılıqlarını silahla ifadə edirdilər.[20]