Raziyə Şabani (30 may 1925[1], Təbriz – 28 yanvar 2013, Köln, Şimali Reyn-Vestfaliya) — cənubi azərbaycanlı siyasətçi və aktivist. Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Bəzi tarixçilərə görə İran tarixində olan ilk qadın siyasi məhbusdur.
Raziyə Qulami Şabani | |
---|---|
az.-əski. راضیه غلامی شعبانی | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Şərqi Azərbaycan ostanı |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Köln, Almaniya |
Vətəndaşlığı |
![]() |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Rza İbrahimzadə |
![]() |
Raziyə Şabani 1925-ci il mayın 30-da Təbriz şəhərində anadan olub.[2][3] 1941-ci ildə ailəsi ilə birlikdə Tehrana köçüb.[4] Burada 1937-ci ildə həbs olunmuş 53-lərdən biri olan Rza İbrahimzadə ilə ailə qurub.[2][4] Bu evlilikdən sonra siyasi fəaliyyətə başlayıb.[5] 1941-ci ildə qurulmuş Tudə Partiyasına üzv olub.[6]
1945-ci ildə həyat yoldaşı ilə birlikdə Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə üzv olub.[5] Azərbaycan Milli Hökuməti qurulduqdan sonra aktiv fəaliyyət göstərib. 1946-cı ilin aprel ayında Təkistanda həbs olunub və bir ay Qəzvində həbsdə saxlanılıb.[3] 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil olub.[7][8] Bir neçə günlük döyüşlərdən sonra Azərbaycan Milli Hökuməti süqut edib.[9]
Bu dövrdə Tehranda olan Raziyə Şabani bir müddət hökumət qüvvələrindən gizlənməli olub.[5] 1947-ci ilin fevral ayında Pəhləvi rejiminin məmurları tərəfindən həbs olunub.[5] Həbs olunanda hamilə olub.[3][5] Bir müddət Tehranda saxlanıldıqdan sonra Təbrizə köçürülüb. Hökm oxunduqda isə artıq oğlu dünyaya gəlmişdi. Bəzi tarixçilərə görə Raziyə Şabani İranın ilk qadın siyasi məhbusudur.[4][10] 6 il həbsdə qaldıqdan sonra azad olunub.[10] Bir müddət ölkədə qaldıqdan sonra 1955-ci ildə SSRİ ərazisinə keçir və burada mühacirətdə olan həyat yoldaşına qovuşur. Tacikistanda yaşadığı dövrdə universitetdə təhsil alıb və fars dili müəllimi olub.[5]
1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra İrana geri qayıdıb. 8 il orada yaşadıqdan sonra əvvəlcə Azərbaycana daha sonra isə Almaniyaya mühacirət edib.[5] 2001-ci ildə öz xatirələrini yazıb və kitab kimi nəşr etdirib.[3][11] Qısa zamanda məşhurlaşan kitabı İranda qadağan olunub.[2]
Raziyə Şabani İbrahimzadə 2013-cü il yanvarın 28-də Almaniyanın Köln şəhərində dünyasını dəyişib.[12]
Mühacirətdə yazdığı xatirələrində 1947-ci ildə həbs edilməsi ilə bağlı bunları yazıb:[6]
Mən o vaxt Tehran şəhərində idim. Azərbaycana hücum edəndə və xalqı qırıb öldürəndə gizlənməyə məcbur qaldım. Ancaq sonra tutularaq 1947-ci ilin fevral ayında iki aylıq uşağım qarnımda ikən zindana göndərildim. O zamanlar, qadınlara məxsus zindan yox idi. General Rəzmaranın binalarından birini icarəyə götürüb, zindana çevirmişdilər. Daha sonralar, məni Tehrandan Azərbaycandakı Ordu Prokurorluğuna təslim etdilər. Birinci hərbi məhkəməyə aparılanda oğlum 12 günlük idi. |