Roza Hüseyn qızı Eyvazova (16 aprel 1937, Bakı – 15 fevral 2020, Bakı) — Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor.[1]
Roza Eyvazova | |
---|---|
Roza Hüseyn qızı Eyvazova | |
![]() | |
Doğum tarixi | 16 aprel 1937(1937-04-16) |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2020(2020-02-15) (82 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Mükafatları |
![]() |
Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Bakıda "Burevestnik" idman mərkəzində gimnastika ilə məşğul olan Roza Hüseynova (Eyvazova) 10 yaşında olarkən 1947-ci ildə Moskvada keçirilən Ümumittifaq Spartakiadasının fəal iştirakçısı olmuşdur. 1954-cü ildə Bakı şəhəri Səbail rayonundakı 7 №-li məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir.[3] 1966-cı ilə qədər Bakının 1 №-li internat məktəbində fars dili fənnini tədris etmişdir. 1967-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hazırda Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisidir.
R. H. Eyvazova "Dəricə-azərbaycanca lüğət", "Varlıq" dərgisində dilçilik məsələləri", "Azərbaycan və fars dillərində ismin kateqoriyaları", "Mənbələr əsasında qədim şərq dillərinin öyrənilməsi", "Azərbaycan dili İrandakı türk etnoslarının dili kontekstində", "Azərbaycan və fars dillərində felin quruluşca və mənaca növlərinin müqayisəli tədqiqi" və s. mövzularda araşdırmalar aparmış, həm respublika, həm də xaricdə məqalələri çap edilmiş, beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir. Bir çox kitab, toplu və məqalələrin redaktoru və rəyçisi olmaqla bərabər, ekran-efirdə dilçiliyin müxtəlif problemləri ilə bağlı çıxışları olmuşdur.
Uzun illər səmərəli əmək fəaliyyəti ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyəti adından Oktyabr rayon Soveti İcraiyyə Komitəsinin 3 mart 1988-ci il qərarı ilə "Əmək veteranı" medalı ilə, Azərbaycanda dilçilik elminin inkişafında xidmətlərinə görə və anadan olmağının 70 illiyi ilə əlaqədar 17 oktyabr 2008-ci il № 21/7 qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə, 6 aprel 2012-ci ildə elm və mədəniyyət sahəsindəki layiqli xidmətlərinə görə Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutu tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Roza Eyvazova Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi ilə əlaqədar 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir.
Roza Eyvazova 2012-ci ildə Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında, Əfqanıstanda türk mənşəli toponimlərin, Şumerlərin tarixinin, Azərbaycan ərazisində azsaylı xalqların dillərinin tədqiqində olan səmərəli elmi fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Dilçilik elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim diplomu və qızıl medalı ilə təltif edilmişdir.
150-dən çox əsəri olmaqla çap etdirdiyi monoqrafiya və məqalələrin dil əlaqələri və dilimizin tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyəti vardır.
Roza Eyvazova "Словарь технических терминов (русско-дари)". Составители: к.ф.н. Эйвазов Ф. И., Джунусова А. В. (Афганистан – Кабул, 1985, Изд. в Минтрансе ДРА, 55 с.) kitabının redaktoru olmuşdur.
Roza Eyvazovanın 3 kitabı Almaniyada elektron kitabxanasına salınmışdır: 1. Kişvəri "Divan"ının dili: (morfoloji xüsusiyyətlər) / Roza Eyvazova. Bakı: Elm, 2005; 2. Orta əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü: (linqvistik təhlil) / Roza Eyvazova. Bakı: Elm, 1999; 3. Əfqanıstanda türk mənşəli toponimlər / Roza Eyvazova. Bakı: Elm, 1995.
Uzun illər Təfəkkür Universitetinin professoru olmaqla, İran filologiyası, Azərbaycan dilinin tarixi (Ədəbi dil tarixi, Tarixi qrammatika), Onomastika fənləri, həmçinin "Kitabi-Dədə Qorqud" mövzusunda seçmə fənn üzrə mühazirələr oxumuşdur.
Roza Eyvazova Bakı Dövlət Universiteti nəzdində filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Birləşmiş İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olmuşdur. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təşkil olunmuş Müdafiə Şurasının üzvüdür. Gənc alim və kadrların yetişməsində əməyi böyükdür.
AMEA Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Roza Eyvazova gənc alimlərin yetişdirilməsində, vətən və xalq qarşısında əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə "Tuti Bikə" mükafatına layiq görülüb.[4],[5]