Rza Rəsuli (1892, Təbriz – 1984, Tehran) — siyasətçi, ictimai xadim, "21 Azər" hərəkatının iştirakçısı. Azərbaycan Milli Hökuməti dövründə Ticarət və İqtisadiyyat naziri.
Rza Rəsuli | |
---|---|
![]() | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1984 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
![]() |
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra təqib olunduğu üçün 2 il Təbrizdə gizlənib. Bu dövrdə öz xatirələrini qələmə alıb. 1948-ci ildə həbs olunub. Azadlığa çıxdıqdan sonra Tehranda yaşayıb.
Rza Rəsuli 1892-ci ildə Təbrizdə anadan olub.[1] Təhsilini bitirdikdən sonra İran Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə xidmət edib.[2] Bu nazirliyin tabeliyində müxtəlif illərdə Təbriz, İsfahan və Kirmanşahda fəaliyyət göstərib.[1] Daha sonra Marağa şəhərinin meri təyin olunub. 1942-ci ildə Təbrizə dəvət olunub və Təbriz bələdiyyəsində işləməyə başlayıb.[1][3]
1945-ci ildə Azərbaycan Demokrat Partiyası yaradıldıqdan sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının üzvü olub.[4] 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.[5][6][7] Rza Rəsuli də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib.[8] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[9] Rza Rəsuli qurulmuş hökumətdə Ticarət və İqtisadiyyat naziri təyin olunub.[10][11][12][13]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[14][15] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[16] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[17][18] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[16][19][20] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[18][21] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[16][22] Lakin bu istəyi cavabsız qaldı.[23]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[24][25][26] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[27][28] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[28] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[27][28] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[27][29] Azərbaycan Milli Hökuməti süqut etdi.[30] [31] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[32][33] Bundan sonra da qırğınlar və talan davam etdi.[29][32] Minlərlə insan həbs olundu, sürgün edildi.[34] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[35][36][37]
Rza Rəsuli də bu dövrdə təqiblərdən qurtulmaq üçün 2 il Təbrizdə gizlənib. Gizləndiyi dövrdə öz xatirələrini qələmə almağa başlayıb.[38] 1948-ci il noyabrın 28-də bir neçə tanışının ona zaminliyi ilə Tehrana gəlib və hərbi prokurorluğa təslim olub.[39] Bir neçə müddət çəkən məhkəmələrdən sonra 5 il həbs cəzasına məhkum edilib. 1949-cu ilin noyabr ayında əfv olunub və azadlığa buraxılıb.[39]
1984-cü ildə Tehranda vəfat edib. Rey şəhərində İmamzadə Abdulla qəbiristanlığında öz atasının və oğlunun yanında dəfn olunub.[39]