Səfər xan Qəhrəmani (1921, Şişəvan, Şərqi Azərbaycan ostanı – 2002, Tehran) — inqilabçı, fədai, siyasi məhbus. Azərbaycan Demokrat Firqəsinin üzvü olub, Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib. Ömrünün 32 ilini həbsxanada keçirib. İran tarixində ən uzun müddət həbsdə qalan siyasi məhbusdur.
Səfər xan Qəhrəmani | |
---|---|
![]() | |
Doğum tarixi | 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 2002 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, siyasi məhbus |
Partiyası | |
![]() |
Səfər Qəhrəmani 1922-ci il mayın 3-də Şişəvanda anadan olub.[1][2] İbtidai təhsilini Əcəbşirdə bitirib.[3] Lakin imkansızlığa görə təhsilini davam etdirə bilməyib.[3][4] Daha sonra yerli ərbablarla mübarizə aparmağa başlayıb.[1] Azərbaycan ərazisində kəndliləri qorumaq üçün formalaşdırılan qaçaq dəstələrindən birinə rəhbərlik edib.[5] 1945-ci ildə yaradılmış Azərbaycan Demokrat Firqəsinə üzv olub.[6][7] 21 Azər hərəkatında iştirak edib və Şişəvan fədailərinə rəhbərlik edib.[8] Noyabrın 20-dən dekabrın 11-ə qədər Marağanın şah qoşunlarından təmizlənməsinə başçılıq edib.[9] Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunları Ordusunda zabit kimi xidmət edib.[2] Urmiyanın şah qoşunlarından azad olunmasında iştirak edib.[10]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[11][12] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[13] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[14][15] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[13][16][17] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[15][18] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[13][19] Lakin bu istəyi də cavabsız qaldı.[20]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[21][22][23] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[24][25] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[25] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[24][25] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[24][26] Azərbaycan Milli Hökuməti süqut etdi.[27][28] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[29][30] Bundan sonra da qırğınlar və talan davam etdi.[26][29] Minlərlə insan həbs olundu, sürgün edildi.[31] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[32][33][34]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Səfər xan Qəhrəmani bir müddət bir neçə fədai ilə birlikdə İran-İraq sərhəddində şah qoşunlarına qarşı partizan döyüşləri aparıb.[35] Daha sonra İraq ərazisinə keçib.[36] Burada yerli hakimiyyət tərəfindən həbs olunaraq Ərbil həbsxanasına salınıb.[2][4][37] Həbsdən qaçaraq Urmiyaya gedib.[2][38][39] 1948-ci il martın 8-də Urmiyada həbs olunub.[40] Bir neçə ay dindirilib və 1950-ci ildə ölüm hökmünə məhkum olunub.[2][4][35] Ondan başqa atası və qardaşı da həbs olunaraq müxtəlif cəzalar alıblar.[2] 1952-ci ildə Məhəmməd Müsəddiq hakimiyyətə gəldikdən sonra Səfər xanın işinə təkrar baxılıb. Lakin 1953-cü ildə Müsəddiq hökuməti dağıldı. 1955-ci ildə isə Səfər xana verilmiş ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənib.[2] Bir neçə il Bürazcanda yerləşən həbsxanada[41] saxlanıldıqdan sonra Tehranda yerləşən Qəsri Qacar və Evin həbsxanalarına köçürülüb.[35] Həbsxanada olduğu müddətdə digər məhbuslar tərəfindən hörmət əlaməti kimi "Səfər xan" adı alıb.[2]
İran İslam İnqilabından sonra həbsdən azad olunub.[42] İran tarixində ən uzun müddət həbsdə qalmış siyasi məhbusdur. Siyasi əqidəsinə görə ümumilikdə 32 il həbs cəzası çəkib.[43][44]
2002-ci il noyabrın 10-da Tehranda dünyasını dəyişib[45] və Kərəcdə yerləşən İmamzadə Tahir qəbiristanlığında dəfn olunub.[4][35]
Azərbaycan İstiqlal Muzeyində Səfər xan Qəhrəmaniyə aid təsbeh və müştük qorunur.[46]
1999-cu ildə iranlı yazıçı, siyasi məhbus və həm də Səfər xan Qəhrəmani ilə birlikdə eyni kamerada həbs cəzası çəkmiş Əliəşrəf Dərvişian onun haqqında "Səfərxan haqqında xatirələr" kitabını yazıb.[47]
2012-ci ildə Təbrizin Mərkəzi Həbsxanasında həbsdə olan milli fəallar tərəfindən Səfər xan Qəhrəmaninin anım mərasimi keçirilib.[48]