Sərnişin təyyarəsi — ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulmuş təyyarə növü. Bunlar həm sərnişinlərin, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunurlar. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur.
Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Sərnişin təyyarələri XX əsrin əvvəllərindən etibarən genişlənməyə başlayan əsas sənaye sahələrindən biri hesab olunan kommersiya məqsədli aviasiya sənayesində mühüm rol oynayır.[1][2] İlkin sərnişin təyyarələri indiki müasir sərnişin təyyarələrindən çox fərqli olmuşdur. İlk müntəzəm hava sərnişin daşımaları 1912-ci ildə Qraf fon Zeppelinin "Delag" adlı dirijabl ilə başlamışdır. Bu dirijabl ilk sərnişin təyyarəsi hesab oluna bilər. Bu sahədəki əsas tədbirlər Birinci Dünya müharibəsindən sonra başlamışdır.[3][4] 1919-cu ildə Zeppelinlər yenidən müntəzəm uçuşlara başlamışdır. Lakin 1936-cı ildə hidrogen qazı ilə havaya qalxan "Hindenburq" dirijablının yanması hava nəqliyyatında zeplinlərin təyyarələrlə əvəz edilməsi prosesini sürətləndirmişdir.[5][6]
1933-1934-cü illər arasında aerodinamik profilli, gövdələri tamamilə metaldan hazırlanmış sürətli və rahat "Boeing 247 D", "Douglas DC-2" və "Douglas DC-3", "Lockheed 10" təyyarələri istifadəyə verilmişdir.[7][8] ABŞ və Avropanın aparıcı aviaşirkətləri uzun illər, öz aviasiya donanmalarında məhz bu təyyarələrdən istifadə etmişdirər.[9]
Qitələrarası sərnişin təyyarələri XX əsrin əvvəllərində hidrotəyyarələrlə davam etdirilmişdir.[10] 1930-cu illərdə Lufthansa şirkəti 12 mühərrikli dünyanın ən böyük hidrotəyyarə tipli sərnişin təyyarəsini istifadəyə vermişdir.[11] 1935-ci ildə Sakit okean marşrutunun açılması ilə Pan American Airways şirkəti 4 mühərrikli "Martin M-130" hidrotəyyarələrini, 1938-ci ildə isə daha böyük olan "Boeing 314 Clippers" təyyarələrini istifadəyə vermişdir.[12]
Hidrotəyyarələr uzun bir müddət ərzində yüksək gəlirli kommersiya nəqliyyat vasitələri kimi istifadə olunmuş[13], lakin 1950-ci illərdən etibarən böyük aviaşirkətlər öz uçuşlarını daha qənaətcil və daha rahat olan quru tipli təyyarələrə həyata keçirməyə başlamışdırlar.[14]
İkinci Dünya müharibəsindən sonra istehsal edilmiş bütün sərnişin təyyarələri pərli və mərkəzdən periferiya istiqamətində düzülmüş olan hava ilə soyudulan mühərriklərlə təchiz edilmişdirlər.[15][16] 1950-ci illərin ortalarından etibarən sərnişin təyyarələri daha da müasirləşmiş və reaktiv mühərrikli sərnişin təyyarələri istehsal olunmağa başlanmışdır. Belə tipdə olan təyyarələrin birinci nümunəsi 1958-ci ildə istifadəyə verilən “Boeing 727” təyyarəsidir.[17][18]
Bu inkişaf tendensiyaları təkcə Qərb ölkələri ilə məhdudlaşmırdı.[19][20] Sovet Rusiyasında da 120-220 arasında sərnişin tutumuna malik olan Tupolev "Tu-114" sərnişin təyyarələri istifadəyə verilmişdir.[21][22]
1960-cı illərin axırlarından etibarən daha böyük həcmli təyyarələr təqdim edilmişdir.[23][24] “DC-8” və “Boeing 727” tipli uzun sərnişin təyyarələri ilə yanaşı, sərnişin tutumunu artırmaq üçün geniş gövdəli reaktiv təyyarələr də istifadəyə verilmişdir.[25][26][27]
XXI əsrdə sərnişin təyyarələri sərnişin tutumunu artırmaq üçün geniş korpus ilə istehsal edilirlər.[28][29] Bunun ən yaxşı nümunəsi “Airbus A380” təyyarəsidir. “Airbus A380” 853 sərnişin tutumuna malik olub, “Rolls-Royce Trent 900” kimi çox yüksək səviyyədə təkmilləşdirilmiş mühərrikə malikdir və hər cür müasir texnologiya ilə təchiz olunmuşdur.[30][31] Rusiya istehsalı olan sərnişin təyyarələri də eyni prinsiplə istehsal edilirlər.[32][33][34]