Salamulla Cavid (1900, Xalxal, Ərdəbil ostanı – 1986, Tehran) — həkim, siyasətçi, ədəbiyyatçı, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökumətinin Daxili İşlər naziri. İranın baş naziri Əhməd Qavam ilə Azərbaycan Milli Hökuməti arasında 13 iyunda razılaşmasının imzalanmasından sonra edilən struktur dəyişiklikləri nəticəsində Azərbaycan valisi olmuş, qurum işğal edilənə qədər də bu vəzifəsində qalmışdır.
Salamulla Cavid | |
---|---|
![]() | |
mart 1946 – 12 dekabr 1946 | |
12 dekabr 1945 – mart 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1986 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, həkim |
|
|
Təltifləri |
![]() |
![]() |
1948–1953-cü illərdə Tehranda gizli fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Bürosuna rəhbərlik edib. Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. Ömrünün son illərində ədəbiyyatla məşğul olub. Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyətinin qurulmasında iştirak edib. Ədəbiyyat və tibb sahələrində bir neçə kitabın müəllifidir.
Salamulla Molla Haşım oğlu Cavid 1900-cü ildə Xalxal bölgəsinin Nirov kəndində anadan olub.[1] Uşaq ikən anasını itirdiyi üçün dayısının ailəsində böyüyüb. İlk təhsilini Molla Hüseyn mədrəsəsində alıb.[2] Dayısı Məhərrəm Nəsrulla oğlu siyasi fikirlərinə, hökumət əleyhinə olduğunu üçün ailəsi daim təqib olunub. Bu təqibdən qurtarmaq üçün o və dayısının ailəsi 1910-cu ildə gizli şəkildə Bakıya köçüblər.[3] Bakıda olduğu dövrdə əvvəlcə Hacı Ənam Xalxalinin məktəbində, sonradan isə "İttihad" məktəbində təhsilini davam etdirib.[1][4] 1914-cü ildə məktəbə Məmmədəli Tərbiyət müdir təyin olunduqdan sonra, yaxşı oxuyan uşaqlara maddi yardım göstərilir. Bu yardımdan Salamulla Cavid də istifadə edib. Gimnaziyada təhsil aldığı dövrdə "Təməddün" məktəbində müəllimlik də edib.[4][5] 1916-cı ildə yaradılmış Ədalət Partiyasına üzv olub.[1]
1922-ci ildə Tehranda çap olunan "Həqiqət" qəzetində "Həsənzadə" imzası ilə məqalələr yazıb.[6] 1921-ci ildə Əbülqasım Lahutinin başçılığı altında Təbrizdə baş tutmuş hərəkatda iştirak etdiyi üçün təqibə məruz qalıb.[1][7] Məhz buna görə Bakıya qayıdıb və burada tibb təhsilini davam etdirib.[1] Ali məktəbi bitirdikdən sonra təkmilləşdirmə kursunu keçmək üçün Moskvaya gedib.[4] Moskvadan qayıtdıqdan sonra 1929-cu ilə kimi Bakıda yaşayıb.[1][8] Daha sonra ailəsi ilə birlikdə İrana gedib. 3 ay Məşhəddə qaldıqdan sonra Tehrana köçüb.[9] Tehrana köçdükdən sonra həyat yoldaşı ilə birlikdə həkimlik ediblər.[10]
1930-cu il dekabrın 27-də Seyid Cəfər Pişəvəri həbs olunub.[11] Onun həbsindən sonra Salamulla Cavid də təqiblərə məruz qalıb və 1931-ci il martın 13-də saxlanılıb.[12] 93 gün tək adamlıq kamerada saxlanılıb.[13] Bir müddət sonra onu Qəsri Qacar həbsxanasına köçürüblər.[14] Burada bir müddət tək adamlıq kamerada saxlanıldıqdan sonra Seyid Cəfər Pişəvəri ilə birlikdə eyni kamerada saxlanılıb.[15] Həbsdən buraxıldıqdan sonra Kaşana sürgün olunub.[1][15] Salamulla Cavid Kaşanda yaşadığı dövrdə də həyat yoldaşı ilə birlikdə həkimlik edib.[16] 1934-cü ildə Kaşan səhiyyə idarəsinin müdiri təyin olunub.[17] Burada fəaliyyət göstərdikdən sonra 1941-ci ildə ailəsi ilə birlikdə yenidən Tehrana köçüb.[1][18] Tehranda yeni yaradılmış Azərbaycan Demokrat Firqəsinin təbliğatını aparıb.[19]
1945-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüb.[20] 1945-ci ilin oktyabrın 2-də Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirildi.[21][22][23] Burada ADP-nin nizamnaməsi qəbul olundu, 3 sentyabr müraciətnaməsinin müddəaları bir daha təsdiqləndi.[21][22] Qurultay tərəfindən Seyid Cəfər Pişəvəri ADF Mərkəzi Komitəsinin sədri, Mirzə Əli Şəbüstəri və Sadıq Padeqan isə onun müavinləri seçildilər.[21][22] ADF Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvlüyünə Seyid Cəfər Pişəvəri, Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, Məhəmməd Biriya, Salamulla Cavid seçildilər.[22][24][25]1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinə üzv seçilib.[26][27] 1945-ci il noyabrın 27-dən dekabrın 1-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[28][29][30] Keçirilən seçkilər nəticəsində Salamulla Cavid səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.[31][32][33] Azərbaycan Milli Hökuməti formalaşdırılanda Seyid Cəfər Pişəvəri tərəfindən daxili işlər naziri təyin olunub.[1][34][35][36] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[37] Bu komissiyaya Salamulla Cavid də daxil olub.[38][39] 1946-cı ilin may ayında Seyid Cəfər Pişəvəri Tehrana danışıqlar üçün getdiyi üçün bir neçə gün onun vəzifəsini icra edib və Azərbaycan Milli Hökumətinin baş naziri olub.[40][41][42]
1946-cı ildə Azərbaycanın valisi təyin olunub.[43][44][45][46] Daha sonra danışıqlar aparmaq üçün iyulda Tehrana yola düşüb.[47] Burada olduğu günlərdə əvvəlcə baş nazir Əhməd Qəvamla daha sonra isə 1946-cı il iyulun 11-də Məhəmməd Rza Pəhləvi ilə görüşüb.[48] Burada 17 gün danışıqlar aparıb və müəyyən uğurlar qazanıb.[49][50] İkinci dəfə 1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padeqan, general Mahmud Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti Tehrana danışıqlara gedib.[51][52]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[53][54] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[55] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[56][57] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[55][58][59] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[57][60] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[55][61] Lakin bu istəyi cavabsız qaldı.[62]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[63][64][65] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[66][67] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[67] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[66][67] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[66][68] Azərbaycan Milli Hökuməti süqut etdi.[69][70] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[71][72] Bundan sonra da qırğınlar və talan davam etdi.[68][71] Minlərlə insan həbs olundu, sürgün edildi.[73][74] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[75][76][77] Bir neçə gün sonra Salamulla Cavid Hacı Mirzə Əli Şəbüstəri ilə birlikdə həbs olunaraq Tehrana aparılıb.[78][79][80]
Tehrana gətirildikdən sonra 7 ay 17 gün ev dustaqlığında qalıb.[81][82] 1947-ci il avqustun 2-də azadlığa buraxılıb.[83][84][82] 1948–1953-cü illərdə Tehranda gizli şəkildə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Bürosu fəaliyyət göstərib.[85] Bu mərkəzə Salamulla Cavid rəhbərlik edib.[85] Mərkəzi Büronun Güney Azərbaycanın bir çox bölgələrində şöbələri fəaliyyət göstərirdi.[85] Büronun işi gizli şəkildə Azərbaycan türkcəsində qəzetlərin çapı, Azərbaycan cavanlar və qadınlar cəmiyyətlərinin təşkili və Bakıdakı ADF şöbəsi ilə əlaqə qurmaq olub.[86] 1948-ci ilin fevral ayında yenidən həbs olunub və ona 2 il həbs cəzası verilib.[3][87] Məhəmməd Rza Pəhləvinin verdiyi amnistiya qərarı Salamulla Cavidə də şamil olunub və o, 1948-ci il iyul ayında həbsdən azad edilib.[88] 1952-ci ilin avqust ayında Tus şəhərində Mərkəzi Büronun ilk gizli konfransı keçirilib.[89]
İranda 1953-cü ildə baş vermiş dövlət çevrilişindən sonra həbs olunub. 15 gün həbsdə saxlanıldıqdan sonra günahsız olduğu üçün azad edilib.[90] 5 ay keçdikdən sonra yenidən həbs olunub. Qəsri Zirehin həbsxanasında 5 ay saxlanıldıqdan sonra günahsız olduğu sübuta yetirilib və o, yenidən azadlığa buraxılıb.[90]
1950-ci illərin ortalarından etibarən Tehranda qurulan bir neçə ədəbi məclislərə qatılıb və daha çox ədəbiyyatla məşğul olub. Bu məclisdə Əli Azəri, Nəsrulla Fəthi, Cabbar Bağçaban, Məhəmmədəli Fərzanə, Bulud Qaraçorlu Səhənd, Həsən Məcidzadə Savalan və başqaları toplaşıb ədəbi müzakirələr aparır, yazdıqları əsərləri dəyərləndirirdilər. Bundan başqa məclis üzvləri "Koroğlu", "Dədə Qorqud" dastanlarını, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sini, Mirzə Əli Möcüzün satirik şeirlərini Azərbaycan türkcəsində, əlyazma halında həvəskarlar arasında yayır və bununla da Azərbaycan ədəbiyyatını təbliğ edirdilər.[81] Tehranda olduğu müddətdə Məhəmmədhüseyn Şəhriyar da bu məclisin görüşlərinə qatılıb.[81] Şah rejimi tərəfindən Azərbaycan türkcəsində kitab çapına icazə verilmədiyi üçün gizli çap etdikləri kitablarda təxəllüslərdən istifadə edirdilər. Salamulla Cavid də Azərbaycan türkcəsində gizli çap etdirdiyi kitablarda "Cad" təxəllüsündən istifadə edib.[81] 1964-cü ildə "Dili təkbaşına öyrənmə", 1965-ci ildə isə "Azərbaycan folkloru nümunələri" adlı kitab yazıb.[91][92] 1979-cu ilin aprelində Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyətinin qurulmasında iştirak edib.[93] 1979-cu ildə Tehranda "Dostlar görüşü" adlı ədəbi dərnək yaradıb.[94] Tibbi mövzularda da "Tibb və müalicə dərsliyi", "Tütün istehsalı və xərçəng xəstəliyi", "Körpələr pərvərişi" adlı kitablar yazıb.[81] İran İslam İnqilabından sonra 1980-ci ildə "Dostlarla görüş" adlı kitabını çap etdirə bilib.[95]
1986-cı ildə Tehranda dünyasını dəyişib.[2] Ölümündən sonra Məhəmmədhüseyn Şəhriyar ona "Doktor Cavid də getdi" şeirini həsr edib.[81] Öz vəsiyyətinə uyğun olaraq ölümündən sonra kitabxanasındakı kitablar Təbriz Milli Kitabxanasına hədiyyə olunub.[81] Öz həyatı və fəaliyyəti ilə bağlı xatirələrini yazıb.[96][97] 2003-cü ildə xatirələri Əkrəm Mişovdağlının tərtibi və redaktorluğu ilə "Doktor Salamulla Cavid. O günün həsrəti ilə (xatirələr)" adı ilə çap olunub.[98]
Salamulla Cavid Molla Haşımın ailəsində anadan olmuşdur.[3] O uşaq ikən anası vəfat etdiyinə görə onu, dayısı Məhərrəm Nəsrulla oğlu və dayısının həyat yoldaşı Dürrə xanım böyüdüblər.[3] Bikəxanım xanımla evlənmiş, bu evlilikdən 1929-cu ildə Azad, 1934-cü ildə Nikzad, daha sonra isə Behzad adlı oğulları anadan olmuşdur.[99]