Siyasi risk — bir ölkədəki siyasi, iqtisadi və sosial vəziyyətin dəyişməsi nəticəsində şəxslərin, şirkətlərin və ya investorların maliyyə maraqlarına mənfi təsir göstərə biləcək təhlükələrə deyilir.[1] Bu risk növü əsasən investisiyaların, ticarət müqavilələrinin, əmlakın və ya biznes əməliyyatlarının siyasi qərarlar və ya qeyri-sabitlikdən necə təsirləndiyini əhatə edir.[2]
“Siyasi risk” termini zamanla bir çox fərqli mənalar kəsb etmişdir. Bununla belə, geniş mənada, siyasi risk, ümumi olaraq siyasi qərarlar adlanan şeylər nəticəsində bizneslərin və hökumətlərin üzləşə biləcəyi fəsadlara aiddir[3] — və ya “müəyyən bir iqtisadi fəaliyyətin gözlənilən nəticəsini və dəyərini dəyişdirən hər hansı siyasi dəyişikliklər, biznes məqsədlərinə nail olmaq ehtimalı."
Azərbaycanda siyasi risklər əsasən aşağı səviyyədə qiymətləndirilir. Ölkədəki siyasi sabitlik və hökumətin investisiyalara dəstək siyasəti xarici sərmayədarların diqqətini çəkir. Lakin regional münaqişələr, enerji bazarındakı dəyişikliklər və qonşu ölkələrdə baş verən hadisələr potensial risklər kimi qeyd edilə bilər.[4]
2000-ci illərin əvvəllərində Venesuela hökuməti neft şirkətlərini milliləşdirdi və xarici investorların əmlakını müsadirə etdi. ABŞ və Çinin ticarət müharibəsi, həmçinin Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalar bir çox şirkətin fəaliyyətinə təsir etdi. Argentina və Zimbabve kimi ölkələrdə valyutanın sabitliyinin itirilməsi və kapitalın çıxarılmasına tətbiq olunan məhdudiyyətlər investorlar üçün ciddi risklər yaratdı.[5]
Müəyyən bir ölkədə siyasi riskin aşağı səviyyəsi yüksək siyasi azadlıq dərəcəsinə mütləq uyğun gəlmir. Doğrudan da, ən stabil dövlətlərdən bəziləri həm də ən avtoritar dövlətlərdir. Siyasi riskin uzunmüddətli qiymətləndirilməsində siyasi repressiv mühitin yalnız yuxarıdan-aşağı nəzarətin mövcud olduğu və vətəndaşların xarici dünya ilə sərbəst fikir və mal mübadiləsinin qarşısının alındığı müddətcə sabit olması təhlükəsi nəzərə alınmalıdır.[6]
Siyasi riskin həm makro, həm də mikro səviyyələri var. Siyasi riskin makro səviyyəsi müəyyən bir yerdəki bütün xarici aktorlar üçün oxşar təsirlərə malikdir. Onlar ölkə riski təhlilinə daxil edilsə də, ölkə riski yalnız milli səviyyəli riskləri nəzərə aldığından və maliyyə və iqtisadi riskləri də əhatə etdiyindən siyasi riskin makro səviyyəsini ölkə riski ilə eyniləşdirmək düzgün olmazdı. Riskin mikro səviyyəsi sənaye, firma və ya layihə riskinə diqqət yetirir.[7]
Siyasi risk sığortası vəsaitlərin çevrilməməsi, müsadirə və zorakı münaqişə nəticəsində itkilər kimi siyasi risklərdən qorunmaq üçün həyata keçirilə bilər.[8] Bir ölkədə siyasi risklə bağlı iddialar siyasi məhdudiyyətlərlə azalır, siyasi rəhbərlik dəyişdikcə isə artır.