The Uncensored Library (hərf. "Senzurasız kitabxana") – "Sərhədsiz Reportyorlar" tərəfindən buraxılmış, "BlockWorks", "DDB Berlin"[1] və ".monks"[2] tərəfindən yaradılmış "Minecraft" serveri və xəritəsi. Serverin məqsədi mətbuat azadlığının olmadığı ölkələrdəki senzuradan yayınmaqdır. Serverdə yaradılmış kitabxanada Meksika, Rusiya, Vyetnam, Səudiyyə Ərəbistanı, Misir, Braziliya, Belarus, İran və Eritreya haqqında senzuraya məruz qalmış hesabatlar yer alır.[3][4][5] Kitabxananın hər bir korpusu bir ölkəyə həsr olunmuşdur və hər korpusda qadağan olunmuş məqalələr saxlanılır. Server 12 mart 2020-ci ildə – Dünya Kibersenzura ilə Mübarizə Günündə həsr olunmuşdur. Kitabxanaya daxil olmağın iki yolu var: rəsmi saytdan xəritəni endirmək və ya "Minecraft" serverinə qoşulmaq.[2][6][7]
The Uncensored Library | |
---|---|
![]() | |
![]() | |
Tipi | "Minecraft" serveri[d] |
Tərtibatçılar | Berlin DDB, BlockWorks, .monks, Sərhədsiz Reportyorlar |
Yayımlanma tarixi | 12 mart 2020 |
Sayt | uncensoredlibrary.com |
![]() |
Kitabxana neoklassik memarlıq üslubunda tikilmiş böyükmiqyaslı layihədir. Kitabxananın dizaynı Nyu-York İctimai Kitabxanası kimi tanınmış institutları, eləcə də, layihəyə qarşı olacaq avtoritar qurumları xatırladır.[7] Kitabxana 12,5 milyon "Minecraft" bloku ilə tikilmişdir.[8] Bibliofillər və oyunçular kitabxanaya giriş edilməsini təmin etmək üçün digər proqramlarda bekdorun yaradılmasına maraq göstərmişdilər. Belə olan halda fərdi hökumətlər və avtoritar rejimlər senzuralı materiallara çatmağın qarşısını almaq üçün bir spesifik oyuna qadağan qoya bilməyəcəklər.
Doqquz ölkənin hər biri üçün, eləcə də, "Sərhədsiz Reportyorlar" üçün kitabxanada ayrıca korpus nəzərdə tutulub.[1] Hər korpusda ingilis dilində və ya orijinal dildəki məqalələr saxlanılır.[2] Kitabxanadakı mətnlər oyundakı əşyalardan biri olan "kitab" vasitəsilə yazılır, bir çox oyunçunun oxuya biləcəyi yerə qoyulur.[1] Bu məqalələr senzura, ədalətsiz cəza və digər tənqidi mövzular haqqındadır. Hər ölkənin otağının interyer memarlığı ölkənin unikal vəziyyətini və jurnalistika problemlərini simvolizə edir.[2] Kitabxananın mərkəzi otağında Mətbuat Azadlığı İndeksi yerləşir və hər ölkənin mətbuat azadlığı indeksi göstərilir. Meksika bölməsində yazılarına görə öldürülmüş jurnalistlərə həsr olunmuş memoriallar yerləşir.[7] 2020-ci ilin martında kitabxanada 200 fərqli kitab var idi.[7]
COVID-19 pandemiyasının jurnalistikaya təsirinə həsr olunmuş otaqda 10 ölkə (Braziliya, Çin, Misir, Macarıstan, İran, Myanmar, Şimali Koreya, Rusiya, Tailand və Türkmənistan) haqqında kitablar saxlanılır. Bu kitablar pandemiyanın həmin ölkələrə necə təsir etdiyindən bəhs edir.[9]
Server yaradıldıqdan sonra sosial media platformalarında viral olmuşdur. "BBC",[10] "DW News",[11] "CNBC",[12] "CNN",[2] "TechCrunch",[6] "The Verge",[7] "Gizmodo",[1] "Engadget",[13] "Mashable",[14] "PC Gamer"[15] və "Scene World Magazine"[16] kimi xəbər saytları layihə haqqında məqalələr hazırlamışdır. Layihə 2022-ci ildə Pibodi Mükafatının qalibi olmuşdur. Mükafatın rəsmi saytı layihəni "mətbuat azadlığına qoyulmuş abidə" adlandırmışdır.