Tofiq Sədrəddin oğlu Yusifov — Azərbaycan alimi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti jurnalistika kafedrasının professoru.
Tofiq Yusifov | |
---|---|
Tofiq Sədrəddin oğlu Yusifov | |
![]() | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
İş yeri | Bakı Slavyan Universiteti |
Tofiq Sədrəddin oğlu Yusifov — 1957-ci il yanvarın 25-də Azərbaycan Respublikası Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin rayonun Turan (keçmiş S. Orconikidze adına taxılçılıq sovxozu) qəsəbə opta məktəbini bitirmişdir.
1974-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuş, 1979-cu ildə orada təhsilini fərqlənmə diplomu ilə başa vuraraq jurnalist ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə "Şəki fəhləsi" qəzetində müxbir kimi başlamışdır. 1980–1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin ikinci, 1982–1985-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır. 1985–1987-ci illərdə Şəki Rayon XDS İcraiyyə Komitəsinin şöbə müdiri, 1987–1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru olmuşdur. 1981–1988-ci illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilmişdir.
Tofiq Yusifov 1991–2006-cı illərdə "Səhər" qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, "Aydın sabah" beynəlxalq müstəqil qəzetin baş redaktoru, "Fakt" İnformasiya Agentliyinin baş redaktoru, "Günay" qəzetinin şöbə müdiri, parlament müxbiri, baş yazarı və baş redaktoru vəzifələrində çalışmışdır. 2006–2023-cü illərdə bir sıra strukturlarda mətbuat və kadr məsələləri üzrə menecer və mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmişdir.
T. Yusifov 2001-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2008-2013-cü illərdə"Təfəkkür" Universitetinin professoru olmuşdur. 2003-2005-ci illərdə Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnindən dərs demişdir.
Hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının professorudur. 2012-ci ildə "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu" (1991–2004-cü illər) mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki (2015) və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016). BSU-da magistr dissertasiyaları üzrə İxtisaslaşmış Şuranın sədri olmuşdur. 12 kitabın, 30 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir. Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2013–2014 və 2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur. Müxtəlif elmi və ictimai təşkilatların 5 medalı ilə təltif edilmiş, H. Zərdabi[1], H. Z. Tağıyev adına, həmçinin Ali Media[2][3], "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür.
1981-ci ildən Azərbaycan (SSRİ) Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan jurnalistlərinin I, II, III, IV və VI qurultaylarının nümayəndəsi olmuşdur. 2017-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasının Fəxri Qazeteçisi” adına layiq görülmüşdür.
2019-cu ildən Beynəlxalq Jurnalistlər Federasiyasının fərdi üzvüdür. 2018-ci ildə Avrasiya Yazıçıları Liqasının Beynəlxalq “Ədəbi Olimp” mükafatını, 2019-cu il avqustun 29-da Dünya Söz Akademiyasının "Ədəbiyyat və Söz Sənətinə hizmət ödülü"-nü almışdır.
Ailəlidir, 3 övladı var.