Ves Anderson (1 may 1969[1][2][…], Hyuston[3]) — ABŞ kinorejissoru. Onun yaradıcılığında kədər notları, məsumluğun itirilməsi motivləri, mürəkkəb ailə münasibətləri əsas yer tutur.[4] Filmlərindəki qeyri-adi bədii həllər, özünəməxsus vizual-narrativ yanaşma tərzi, seçmə aktyor heyətindən məharətlə istifadə etməsi nüfuzlu tənqidçiləri onu müstəqil yaradıcı – auteur adlandırmağa sövq edib. "BBC Culture"ın 2016-cı ildə tərtib etdiyi "2000-ci ildən sonrakı ən yaxşı filmlər" siyahısında onun üç əsəri yer alıb.[5]
Ves Anderson | |
---|---|
ing. Wes Anderson | |
![]() Anderson 2018-ci ildə Berlin Beynəlxalq Film Festivalında | |
Doğum adı | Wesley Wales Anderson |
Doğum tarixi | 1 may 1969(1969-05-01)[1][2][…] (56 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, yazıçı, aktyor, animasiyaçı, prodüser, rejissor |
Fəaliyyət illəri | 1994-cü ildən |
Təhsili | |
Mükafatları |
![]() |
IMDb | ID0027572 |
![]() |
Anderson ilk böyük uğurunu "Bottle Rocket" (1996) və "Rushmore" (1998) filmləri ilə qazanıb. Bu dövrdə Lük və Oven Vilson qardaşları ilə sıx əməkdaşlıq edən rejissor "American Empirical Pictures" prodüser şirkətinin əsasını qoyub.[6] "The Royal Tenenbaums" (2001) filmi ona ilk "Oskar" nominasiyasını – "Ən yaxşı orijinal ssenari" kateqoriyasında namizədlik gətirib. Növbəti illərdə "Stiv Zissu ilə su həyatı" (2004), "The Darjeeling Limited" (2007) filmlərini çəkib, "stop-motion" texnikası ilə işlənmiş "Misilsiz cənab Foks" (2009) animasiya filmi "Ən yaxşı animasiya filmi" mükafatına namizəd olub. "Yüksələn ay krallığı" (2012) filmi isə ona "Ən yaxşı orijinal ssenari" kateqoriyasında daha bir "Oskar" namizədliyi gətirib.
""Qrand Budapeşt" oteli" (2014) filmi Andersonun yaradıcılığında xüsusi mərhələ açıb – "Ən yaxşı rejissor", "Ən yaxşı film" kateqoriyalarında ilk "Oskar" nominasiyalarını, üçüncü dəfə "Ən yaxşı orijinal ssenari" nominasiyasını qazanıb. Film "Qızıl Qlobus" mükafatını "Ən yaxşı musiqili komediya" kateqoriyasında, "BAFTA" mükafatını isə "Ən yaxşı orijinal ssenari" kateqoriyasında alıb.[7] Rejissorun "stop-motion" texnikası ilə çəkdiyi ikinci film – "Isle of Dogs" (2018) ona Berlin Film Festivalında "Gümüş ayı" mükafatını qazandırıb.[8] Sonrakı illərdə "The French Dispatch" (2021), "Asteroid City" (2023) filmlərini ərsəyə gətirib. "The Wonderful Story of Henry Sugar" (2023) qısametrajlı filmi ona "Ən yaxşı qısametrajlı bədii film" kateqoriyasında "Oskar" mükafatı bəxş edib.
Vesli Vels Anderson 1969-cu il mayın 1-də Texasın Hyuston şəhərində doğulmuşdur. Anası Ann Anderson (qızlıq soyadı Berrouz) daşınmaz əmlak və arxeologiya sahəsində çalışmış, atası Melver Leonard Anderson isə reklam və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərmişdir.[9][10][11][12][13]
Üç qardaşın ortancılı olan Veslinin səkkiz yaşı olanda valideynləri ayrılmışdır. Böyük qardaşı Mel həkim peşəsini seçmiş, kiçik qardaşı Erik Çeys Anderson isə yazıçı-rəssam kimi tanınmışdır - onun rəsm əsərləri qardaşının bir sıra filmlərində, o cümlədən "The Royal Tenenbaums"da öz əksini tapmışdır.[14] Andersonun nəsil şəcərəsində ingilis, isveç və norveç qanı axır.[15]
1987-ci ildə Houstonun Sent-Cons məktəbini bitirən Anderson, sonralar məhz bu təhsil ocağını özünün "Raşmor" filminin əsas çəkiliş məkanlarından birinə çevirmişdir.[16] Uşaqlıq illərindən yazıçı olmaq arzusu ilə yaşamış, atasının "Super 8" kamerası ilə qardaşlarını və dostlarını "aktyor" kimi çəkərək səssiz filmlər yaratmağa başlamışdır.
Texas Universitetində daxil olan Anderson, 1989-cu ildə gələcək həmkarı Oven Vilsonla məhz burada tanış olmuşdur. O, təhsil aldığı illərdə Hoqq Memorial Auditoriyası kinozalında proyektor operatoru işləmişdir.[17][18][19] 1991-ci ildə fəlsəfə ixtisası üzrə bakalavr dərəcəsi alan rejissor, xüsusilə Ç.K. Oqden və Ayvor Armstronq Riçardsın "The Meaning of Meaning" əsərindən dərindən təsirlənmişdir.[20]
Andersonun ilk filmi "Bottle Rocket" (1996) Lük və Oven Vilson qardaşları ilə birgə çəkdiyi eyniadlı qısametrajlı ekran əsəri əsasında ərsəyə gəlmişdir. Böyük soyğunçuluq əməliyyatları həyata keçirmək arzusunda olan bir qrup gənc texaslının macəralarından bəhs edən bu cinayət komediyası tənqidçilərin rəğbətini qazansa da, kinoteatrlarda gözlənilən uğuru əldə edə bilməmişdir.[21][22][23]
Rejissorun növbəti işi – məktəbli oğlanın ibtidai sinif müəlliməsinə olan məhəbbətindən bəhs edən "Rushmore" (1998) Ceyson Şvartsman, Bill Mürrey və Oliviya Vilyamsın baş rollarını paylaşdığı özünəməxsus yumorlu bir əsər olmuşdur. Film həm tənqidçilərin rəğbətini qazanmış, həm də gəlir baxımından uğurlu olmuşdur.[24] Məhz bu ekran əsəri Bill Mürreyin müstəqil kinematoqrafiyada nüfuzlu aktyor kimi şöhrət qazanmasına vəsilə olur. O, bundan sonra Andersonun demək olar ki, bütün filmlərində çəkilir.
1999-cu il "Independent Spirit Awards" mərasimi filmin yaradıcı heyəti üçün xoş müjdələrlə yadda qalır – Anderson ən yaxşı rejissor, Mürrey isə ən yaxşı ikinci dərəcəli aktyor elan edilir. Mürreyin ifası "Qızıl Qlobus" mükafatının "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında da dəyərləndirilmişdir. Görkəmli rejissor Martin Skorseze 2000-ci ildə "Bottle Rocket" filmini yüksək qiymətləndirməklə yanaşı, "Rushmore"un da bədii dəyərini vurğulamışdır.[25] 2016-cı ildə ABŞ Konqres Kitabxanası tərəfindən Milli Film Reyestrinə daxil edilən "Rushmore" artıq kult film statusu qazanıb.[26]
Andersonun 2001-ci ildə ekranla çıxan "The Royal Tenenbaums" adlı növbəti tragikomediyası Nyu-York şəhərində yaşayan istedadlı bir ailənin əhvalatını canlandırır. Cin Hekmen, Ancelika Hyuston, Ben Stiller, Lük Vilson və Qvinet Peltrou kimi parlaq aktyor heyətini tamaşaçı qarşısına çıxardan film istər tənqidçilər, istərsə də kino həvəskarları tərəfindən rəğbətlə qarşılanıb. "The Royal Tenenbaums" "Yüksələn ay krallığı"na qədər rejissorun ən yüksək gəlir gətirən əsəri olmuş, Amerika kinoteatrlarında əlli milyon dollardan artıq qazanc əldə etmişdir. Həmçinin "Oskar"a da namizəd göstərilən bu film "Empire" jurnalının keçirdiyi sorğuda bütün dövrlərin ən yaxşı 159-cu filmi adına layiq görülür.[27]
Bill Mürreyin canlandırdığı, məşhur səyyah Jak-İv Kusto tərzində sənədli film rejissoru obrazının mərkəzdə dayandığı "Stiv Zissu ilə su həyatı" Andersonun 2004-cü ildəki növbəti böyük ekran əsəri olmuşdur. Kinolentdə Oven Vilson, Keyt Blanşett, Villem Defo, Ceff Qoldblum, Ancelika Hyuston və Maykl Qembon kimi aktyor-aktrisalar rol alıb. Film rejissorun özünəməxsus üslubunu əks etdirsə də, tənqidçilərin rəyləri heç də gözlənildiyi qədər müsbət olmamış; filmin kommersiya göstəriciləri "The Royal Tenenbaums"un səviyyəsinə çata bilməmişdir.[28]
Kinematoqrafiya aləmində özünəməxsus dəst-xətti ilə seçilən Ves Anderson 2007-ci ildə "The Darjeeling Limited" filmini ərsəyə gətirdi. Əsərin mərkəzində bir-birindən uzaq düşmüş üç qardaşın Hindistan dəmir yollarında keçən səyahəti dayanır. "The Royal Tenenbaums" filmindəki dramatik çalarları özündə əks etdirən bu ekran əsəri, "Stiv Zissu ilə su həyatı" kimi tənqidçilərin müxtəlif fikirlərini doğurdu. Rejissor özü etiraf edirdi ki, çəkilişlər üçün Hindistanı seçməsində böyük hind kinematoqrafçısı Satyacit Rayın yaradıcılığına olan heyranlığı əsas rol oynayıb.[29] Film məhz bu sənətkara ithaf olunub.
Anderson qısamətrajlı filmlərin də mahir ustasıdır. İlk "Bottle Rocket" qısametrajlı filmindən başqa, Parisdə lentə alınan "Hotel Chevalier"i (2007) çəkib. Ceyson Şvartsman ilə Natali Portmanın baş rolda çəkildiyi bu film "The Darjeeling Limited"in proloqu sayılır.
2009-cu ildə rejissorun Roald Dalın əsəri əsasında çəkdiyi "Misilsiz cənab Foks" animasiya filmi işıq üzü görür. Mürrey, Defo, Şvartsman, Broudi, Qembon, Oven Vilson, Corc Kluni, Meril Strip kimi ulduz aktyorların səsləndirdiyi film tənqidçilərin rəğbətini qazanır və "Ən yaxşı animasiya filmi" nominasiyasında "Oskar"a namizəd göstərilir.
2012-ci ildə Kann kinofestivalında nümayiş olunan "Yüksələn ay krallığı" filmi xəyali Yeni İngiltərə şəhərciyində cərəyan edən yeniyetməlik hekayəsidir.[30] Bill Mürrey, Edvard Norton, Brüs Uillis, Frensis Makdormand, Tilda Svinton kimi aktyorların məharətlə canlandırdığı obrazlar filmin uğuruna töhfə verib. Andersonun özünəməxsus üslubunu parlaq şəkildə nümayiş etdirən film ona ssenari üzrə növbəti "Oskar" nominasiyası qazandırdı.
2014-cü ildə ekranlara çıxan "The Grand Budapest Hotel" Ralf Fayns, Toni Revolori, Sirşa Ronan, Ceff Qoldblum başda olmaqla, rejissorun daimi tərəfdaşları Mürrey, Vilson, Svinton, Şvartsmandan ibarət möhtəşəm aktyor heyətini bir araya gətirdi.[31] 1930-cu illərdə cərəyan edən, mehmanxananın konsyerji cənab Qustavın macəralarını əks etdirən film, "The New York Times"ın təbirincə, "tarixi hadisələri zərif zarafat və şıltaq jestlərlə məharətlə ələ salır".[32]
2018-ci ildə rejissor "stop-motion" texnikası ilə çəkilmiş "Isle of Dogs" filmi ilə sənətsevərlərin görüşünə gəlir.[33] Böyük Britaniyada istehsal olunan film "Ən yaxşı animasiya filmi" və "Ən yaxşı orijinal musiqi" nominasiyalarında "Oskar"a layiq görülüb.[34]
Andersonun "The French Dispatch" adlı filmi müharibədən sonrakı Fransa dövrünü əks etdirən parlaq kinematoqrafiya nümunəsi olmaqla, ekran əsərində Benisio Del Toro, Ceffri Rayt, Bill Mürrey, Frensis Makdormand, Oven Vilson, Villem Defo, Edrien Broudi, Tilda Svinton, Timoti Şalame kimi ulduz ansamblı yer alıb. Pandemiya səbəbindən təxirə salınan filmin ilk nümayişi 2021-ci ilin 12 iyulunda Kann festivalında baş tutmuş, Amerika kinoteatrlarında isə həmin ilin 22 oktyabrında geniş ekranlara çıxmışdır.[35] Bu müddət ərzində "Searchlight Pictures" şirkəti Kristofun "Alin" mahnısının Carvis Koker tərəfindən kaver edilmiş, Andersonun rejissorluğu ilə çəkilmiş animasiya klipini tamaşaçılara təqdim etmişdir.[36][37]
2021-ci ilin payızında Anderson "Asteroid City" filminin çəkilişlərini yekunlaşdırmış, film barədə mətbuata yalnız cüzi məlumatlar sızmışdır.[38] Ekran əsərinin əksər səhnələri İspaniyanın Çinçon şəhərində, xüsusi olaraq inşa edilmiş nəhəng "Monument Valley" dioramasında lentə alınmışdır.[39][40] Tom Henks, Skarlet Yohansson, Edrien Broudi, Tilda Svinton, Brayan Krenston, Ceff Qoldblum, Houp Devis, Ceffri Rayt başda olmaqla tanınmış aktyor heyətinin yer aldığı film 2023-cü ildə Kann festivalında nümayiş olunmuş, iyunun 16-da ABŞ-də geniş ekranlara çıxmış, tənqidçilər tərəfindən müsbət rəylər almışdır.[41]
Bundan sonra Anderson "Netflix" üçün Ronald Dalın "The Wonderful Story of Henry Sugar" adlı novellalar toplusunu ekranlaşdırmışdır. 41 dəqiqəlik qısametrajlı film 2023-cü ildə Venesiya festivalında təqdim edilmiş, sentyabrın 20-də məhdud şəkildə kinoteatrlarda, 27-də isə "Netflix" platformasında yayımlanmışdır. Benedikt Kamberbetç, Dev Patel, Ralf Fayns, Ben Kinqsli kimi istedadlı aktyorların çəkildiyi film böyük rəğbət qazanmışdır.[42][43] Anderson həmçinin Dalın əsərləri əsasında çəkilmiş daha üç qısametrajlı filmi – "The Swan", "The Rat Catcher", "Poison"u ardıcıl olaraq sentyabrın 28, 29, 30-da "Netflix"də təqdim etmişdir.[44] "The Wonderful Story of Henry Sugar" 96-cı "Oskar" mükafatına layiq görülmüş, lakin rejissor çəkiliş qrafiki səbəbindən mərasimə qatıla bilməmişdir.[45][46] 2024-cü ilin martında dörd qısametrajlı film "The Wonderful Story of Henry Sugar and Three More" adı altında antologiya şəklində "Netflix"də yayımlanmışdır.[47]
2024-cü ilin mart ayında Anderson Almaniyada "The Phoenician Scheme" adlı yeni filminin çəkilişlərinə başlamış, Benisio del Toro, Maykl Sera, Bill Mürrey kimi aktyorların iştirakı təsdiqlənmiş, rejissorun daimi əməkdaşlıq etdiyi digər ulduzların da layihədə yer alacağı gözlənilir.[48]
Andersonun yaradıcılığında Vudi Allen,[49] Pedro Almodovar,[50] Satyacit Ray, Hel Eşbi[51] və Roman Polanskinin əsərlərindən qaynaqlanan incə kinematoqrafik çalarlar özünü büruzə verir.[52] "Today" verilişində Hoda Kotb ilə söhbətində Brayan Krenston rejissorun özünəməxsus iş prinsiplərindən söz açmışdır; həmin gün "Asteroid City" filminin digər iştirakçısı Ceyson Şvartsman da verilişə qatılmış, obrazını daha dərindən mənimsəmək məqsədilə evində qaranlıq otaq qurduğunu dilə gətirmişdir.
Krenstonun təsvir etdiyi kimi, Andersonun film çəkilişləri səciyyəvi xüsusiyyətləri ilə seçilir:
"Bütün aktyorlar eyni mehmanxanada qalır, hər axşam Ves və qonaqlarla birgə süfrə arxasında əyləşirlər - sanki aktyor düşərgəsindəsən... Anderson filmində qrim otaqları, fərdi vaqonlar mövcud deyil... İyerarxiya, çəkiliş cədvəli anlayışı yoxdur - sadəcə səhər saat doqquz yarı, on radələrində geyiminlə hazır olursan. Onunla birgə qolf arabasına yaxud mikroavtobusa minib çəkiliş meydançasına yollanırsan... Hamı bir yerdə vaxt keçirir, səhnəyə nə vaxt çağırılacağını bilmirsən. O, həm sənət, həm şəxsi həyatında son dərəcə xeyirxah, səxavətli insandır... Hamı eyni məbləğdə qonorar alır. Sadəcə gəlir və işə başlayırsan. Bəzən kiçik epizodik rolda çəkilir, bəzənsə baş qəhrəmanı canlandırırsan."[53]
Anderson auteur kimi tanınan rejissorlardan biri olmaqla, Amerika ekssentrik kinosunun önəmli simalarından sayılır.[54][55][56][57][58] Tənqidçilər onun yaradıcılığında Tony Riçardsonun 1984-cü ildə çəkdiyi "The Hotel New Hampshire" filmi ilə çoxsaylı paralellər aşkar edirlər. Codi Foster, Bo Bricez, Rob Lou, Nastasya Kinski, Amanda Plammer, Mettyu Modayn kimi ulduzların çəkildiyi, Set Qrinin ilk rol aldığı bu ekssentrik komediya-drama janrlı əsərlə səsləşmələr müşahidə olunur.[59]
Sovet kinematoqrafiyasının görkəmli nümayəndəsi Elem Klimovun 1964-cü ildə çəkdiyi "Welcome, or No Trespassing" filminin kamera işi, hekayə quruluşu və cazibədar fantaziyası Andersonun yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
2010-cu ildə kinorejissor Ves Anderson "Criterion" xəzinəsində qorunub saxlanılan əsərlər arasından özünün ən çox dəyər verdiyi on iki filmi seçmişdir. Sıralamada üçüncü, dördüncü, beşinci nömrələrdə qərarlaşan əsərlər isə boks-set şəklində təqdim olunmuşdu. Bu filmlər:[60]
Anderson 2022-ci ildə Britaniya Film İnstitutunun keçirdiyi "Sight and Sound" sorğusunda iştirak edib. Hər on ildən bir təşkil olunan bu mötəbər sorğuda müasir rejissorlar kino tarixinin ən yaxşı on filmini seçirlər. Anderson öz seçimində üstünlüyü tamamilə fransız filmlərinə verib, onları xronoloji sıra ilə düzüb:[61]
Anderson qorxu janrında çəkilmiş filmlər arasında "Rosemary's Baby" əsərini xüsusi məhəbbətlə seyr etdiyini dilə gətirib.[62] Rejissorun həmçinin rəğbət bəslədiyi musiqili əsərlər sırasında "The Pajama Game", "Meet Me in St. Louis", eləcə də "Sadie McKee" tamaşaları önəmli yer tutur.[63]
Postmodernizmin əlamətdar nümayəndəsi sayılan sənətkarın əsərlərində xırdalıqlara qarşı nostalji həssaslıq, ənənəvi nəql üsullarının alt-üst edilməsi, müxtəlif janrların eyni filmdə qovuşması, mürəkkəb cinsi kimliyə malik qəribə obrazların təsviri diqqəti cəlb edir.[64][65]
Yaradıcılığının əsas xəttini sürətli komediya janrında çəkilmiş, dərin kədər notları ilə müşayiət olunan filmlər təşkil edir. Bu əsərlərdə məsum uşaqlıq illərinin itirilməsi, ailədaxili münaqişələr, övladların tərk edilməsi, xəyanət, doğmalar arasında rəqabət hissi, gözlənilməz dostluq münasibətləri kimi mövzular öz bədii həllini tapır. Onun filmləri obrazların daxili aləminin dərindən açılması ilə seçilir. Tənqidçilər bu xüsusiyyəti "ədəbi ziyalı üslubu" kimi dəyərləndirərək həm təqdir, həm də tənqid edirlər.[66][67]
Süjet xəttində oğurluq və qəfil yoxa çıxma hadisələrinin təsviri mühüm yer tutur, detektiv janrının elementlərindən geniş istifadə olunur.[68]
Aleks Buononun qeyd etdiyi kimi, Andersonun özünəməxsus rejissor dəst-xətti müstəvi görüntülər yaradan kamera hərəkətləri, simmetrik kompozisiyalar, qəfil yaxınlaşdırmalar, ağır-ağır addımlayan personajların təsvirləri ilə seçilir.[69][70][71] Onun filmlərinə xas olan məhdud rəng palitrasına əlavə olaraq, əl işi olan dekorasiyalar, xüsusilə miniatür maketlərdən istifadə rejissorun üslubunu formalaşdıran başlıca elementlərdir.
Bu özünəməxsus bədii yanaşma kinematoqrafiya aləmində dərin müzakirələrə yol açmış, tənqidçilərin diqqətini cəlb etmiş, hətta parodiyalara mövzu olmuşdur. Tənqidçilər, sənətşünaslar, eləcə rejissorun özü də filmlərinin sanki "qapalı bir aləm" yaxud "miqyaslı ev maketi" təəssüratı yaratdığını vurğulayır.
Cessi Foks Meşarkın fikrincə, Andersonun əsərləri nə realist, nə sürrealist, nə də magik realizm cərəyanına aid edilə bilməz - onun yaradıcılığını daha çox "nağılvari" adlandırmaq mümkündür. Rejissorun filmlərinə xas olan vizual estetika 2019-cu ildə "Murals Wallpaper" şirkətinin divar kağızları kolleksiyasına ilham qaynağı olmuşdur.
"Stiv Zissu ilə su həyatı" filmindən başlayaraq Anderson "stop-motion" animasiya texnikasına xüsusi önəm vermiş, "Misilsiz cənab Foks" və "Isle of Dogs" kimi əsərlərini bütünlüklə bu üsulla ərsəyə gətirmişdir.[72]
Anderson filmlərinə bəstələnmiş musiqi partituralarında altmışıncı və yetmişinci illərin pop musiqisinə xüsusi yer verilir, hər filmin səs yazısında bir müəyyən qrup ya da musiqiçinin əsərləri üstünlük təşkil edir. "Rushmore" filmində müşahidə etdiyimiz kimi, Ket Stivens və Britaniya İnvaziya qruplarının melodiyaları, "The Royal Tenenbaums" lentində Nikonun təkrarsız ifası, "Stiv Zissu ilə su həyatı"nda Devid Bouinin orijinal və Seu Corc tərəfindən kaver edilən mahnıları dinləyicini ovsunlayır.
"The Darjeeling Limited" və "Rushmore"da "The Kinks" qrupunun, "Misilsiz cənab Foks"da "The Beach Boys"un, "Yüksələn ay Krallığı"nda isə Henk Vilyamsın musiqiləri səslənir. "Yüksələn ay Krallığı" filmi, həmçinin, süjet xəttinin əsas dönüş nöqtələrində Bencamin Brittenin əsərləri ilə zəngindir. "The Darjeeling Limited"in musiqi tərtibatında Satyacit Rayın filmlərinə xas üslubdan bəhrələnilmişdir.
Otuzuncu illərdə cərəyan edən "The Grand Budapest Hotel" pop musiqidən imtina edərək, Aleksandr Desplanın bəstələrinə üstünlük verir. Bu filmin musiqi tərtibatı Desplana "Oskar" mükafatını, "BAFTA"nın "Ən yaxşı film musiqisi" mükafatını, "Dünya Səsyazma" mükafatının "İlin ən yaxşı orijinal musiqi partiturası" nominasiyasını qazandırmışdır.
Andersonun filmlərində istifadə olunan musiqi parçaları ifaçıların yenidən kəşfinə səbəb olmuş, xüsusilə "The Royal Tenenbaums"da səslənən "These Days" kompozisiyası böyük marağa səbəb olmuşdur.
Anderson-un yaradıcılığında özünəməxsus aktyor ansamblı formalaşıb – Vilson qardaşları (Oven, Lük, Endru), Bill Mürrey, Ceyson Şvartsman, Ancelika Hyuston, Villem Defo, Ceff Qoldblum, Edvard Norton, Edrien Broudi, Bob Balaban, Toni Revolori başda olmaqla bir çox istedadlı sənətkarlar onun filmlərinə xüsusi rəng qatıb. Rejissorun bütün canlı çəkilişli filmləri Robert Yeomanın operatorluq məharəti sayəsində ekranlaşdırılıb; ilk dörd filminin musiqi tərtibatını Mark Motersbo, növbəti altısını isə Aleksandr Depla bəstələyib – "Misilsiz cənab Foks"dan etibarən məhz Depla bu estafeti öz üzərinə götürüb. "Rushmore"dan başlayaraq Anderson-un bütün ekran əsərlərinin musiqi tərtibatçısı qismində Rendal Poster çıxış edib. Rejissor öz ssenarilərini Noa Baumbax, Roman Koppola, Hüqo Ginnes kimi yaradıcı şəxslərlə birgə qələmə alıb. Onun kinolayihələri əsasən Stiven Reylsin "Indian Paintbrush" prodüser şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.
2009-cu ildə Anderson məşhur rejissor Roman Polanskinin müdafiəsinə qalxdı – Polanski bir film festivalına gedərkən 1977-ci ildə törətdiyi cinsi təcavüz ittihamına görə saxlanılmışdı. İmzaladığı petisiyada qeyd olunurdu ki, belə həbslər film festivallarının azad yaradıcılıq məkanı kimi ənənəsini sarsıdar; bitərəf ölkələrə səfər edən rejissorların tutulması isə gələcəkdə hansı fəsadlara yol aça biləcəyi məlum olmayan təhlükəli bir presedent yarada bilər.[73][74]
Rejissorun sevgi macərası Livan əsilli yazıçı, kostyum rəssamı, səsləndirmə aktrisası Cuman Məluf ilə davam edir.[75][76] Tanınmış romançı Hənan əl-Şeyxin qızı olan Cumanla münasibətlərinin bəhrəsi 2016-cı ildə dünyaya gələn qızları Freyadır.[77][78] Maraqlıdır ki, körpənin xaç atası aktyor Bill Mürrey seçilib.[79]
Ömrünün böyük qismini Nyu-Yorkda keçirmiş Anderson 2005-ci ildən bəri Paris küçələrinin birində mənzil sahibidir.[80][81][82] Sənətkarın qardaşı Erik Çeys Anderson yazıçı, illüstrator qismində tanınır, aktyor kimi də fəaliyyət göstərir.[83]
İl | Ad | Distributor |
---|---|---|
1996 | Bottle Rocket | Sony Pictures Motion Picture Group |
1998 | Rushmore | Buena Vista Pictures |
2001 | The Royal Tenenbaums | |
2004 | The Life Aquatic with Steve Zissou | |
2007 | The Darjeeling Limited | Fox Searchlight Pictures |
2009 | Misilsiz cənab Foks | 20th Century Fox |
2012 | Yüksələn ay krallığı | Focus Features |
2014 | "Qrand Budapeşt" oteli | Fox Searchlight Pictures |
2018 | Isle of Dogs | |
2021 | The French Dispatch | Searchlight Pictures |
2023 | Asteroid City | Focus Features / Universal Pictures |