Virciniya Halas Makkaski (ing. Virginia Halas McCaskey; 5 yanvar 1923, Çikaqo, İllinoys – 6 fevral 2025[1]) — 1983-cü ildən 2025-ci ildəki ölümünə qədər Milli Futbol Liqasındakı "Çikaqo Bearz" klubunun sahibi olmuş amerikan futbol səlahiyyətlisi. O, "Çikaqo Bearz"ın təsisçisi olan Corc Halasın qızı idi və 1983-cü ildə atasının ölümündən sonra klubun mülkiyyətini miras olaraq əldə etmişdi. Klub onun rəhbərliyi altında 1986-cı ildə Superboulun qalibi olmuşdur.
Virciniya Halas Makkaski | |
---|---|
Doğum tarixi | 5 yanvar 1923(1923-01-05) |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 2025(2025-02-06)[1] (102 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | atlet, biznes ledi |
O, "Çikaqo Bearz"ın təsisçisi və sahibi olan Corc Halas ilə Minni Buşinq Halasın ailəsində anadan olmuşdur və ailənin ən böyük uşağı idi.[2] Virciniya atasının yanında işləmək üçün[3] Dreksel Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alıb.[4] O, yerli Pi Siqma Qamma qadın tələbə təşkilatının, katolik tələbələri birləşdirən Nyumen Klubunun, qadın tələbə təşkilatlarını birləşdirən Milli Panhelenik Konfransının və Gənc Xristian Qadınlar Assosiasiyasının aktiv üzvü idi.[5]
Onun "Bearz" ilə bağlı ilk xatirəsi iki yaşında olarkən atası ilə birlikdə klubun nümayiş oyunları turuna səyahət etməsidir.[6] Virciniyanın getdiyi ilk Milli Futbol Liqası (MFL) matçı isə o, 8 yaşında ikən 1932-ci il mövsümünün pleyoff oyunu olub.[7] O, həmçinin həmin mövsüm ilk dəfə qapalı məkanda keçirilmiş MFL matçında[4] və "Bearz"ın çempion olduğu 1940 MFL final oyununda tamaşaçılar arasında olub.[8]
Makkaski atasının təsisi etdiyi klub haqqında danışmaqdan çəkinən və biznes fəaliyyətini nadirən müzakirə edən biri kimi tanınırdı. O, 1943-cü ildə Ed Makkaski ilə evlənmişdir[4] və onların 11 övladı, 21 nəvəsi, 40 nəticəsi və 4 kötükcəsi var. Makkaski Roma-Katolik kilsəsinə mənsub idi və həyatında "iman, ailə və futbol"un ayrılmaz olduğunu hesab edirdi.[9][10]
Virciniya Makkaski 5 yanvar 2023-cü ildə 100 yaşını qeyd etmiş[11] və 6 fevral 2025-ci ildə, 102-ci doğum günündən bir ay sonra vəfat etmişdir.[12]