Yuri Aleksandroviç Kovalenko (ukr. Юрій Олександрович Коваленко; 22 mart 1966, Nekrasovo[d] – 14 mart 2023, Kuzmino[d], Luqansk vilayəti) — Ukrayna alimi, tarixçisu, arxeoloqu, "Qara lalə" missiyasının iştirakçısı, diyarşünası, müəllimi, musiqiçisi, Ukrayna Silahlı Qüvvələrinin baş çavuşu, Rusiya–Ukrayna müharibəsinin iştirakçısı. 2023-cü ildə Rusiyanın Ukraynaya hücum əməliyyatları zamanı həlak olmuşdur. Kovalenko Sumı vilayətində anadan olmuş, Qluxov Pedaqoji İnstitutunu və Kiyev Universitetini tarix ixtisası üzrə bitirmişdir. O, 1999-cu ildən "Qluxov" Milli Qoruğunda elmi-tədqiqat şöbəsinin müdiri kimi çalışmış və Qluxov Arxeologiya Muzeyinin yaradılmasında mühüm rol oynamışdır. Baturin qalasının və tarixi Qluxovun tədqiqatı da daxil olmaqla arxeoloji qazıntılarda fəal iştirak etmiş, tələbə ekspedisiyalarına rəhbərlik etmişdir.
Yuri Kovalenko | |
---|---|
ukr. Юрій Олександрович Коваленко | |
![]() Yuri Kovalenko cəbhə xəttində. | |
Şəxsi məlumatlar | |
Ləqəbləri |
"Professor" "Maestro" |
Doğum tarixi | 22 mart 1966(1966-03-22) |
Doğum yeri |
|
Vəfat tarixi | 14 mart 2023(2023-03-14) (56 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı | Oksana Kovalenko |
Uşaqları | Lesya, İvanka |
Atası | Aleksandr Kovalenko |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() ![]() |
Qoşun növü |
![]() Ukrayna Quru Qoşunları (1992—1997, 2020—2022) |
Hərbi hissə |
![]() |
Xidmət illəri | 1985–1987, 1992—1997, 2020—2022 |
Rütbəsi | Baş çavuş[d] |
Döyüşlər | |
Təltifləri |
![]() |
Kovalenkonun maraqları çoxşaxəli idi: gəncliyində gitara çalmış, 1991-ci ildə "Çervona ruta" festivalında çıxış etmiş, bədii rəhbər və musiqi müəllimi kimi çalışmışdır. 1980-ci illərdə Kiyevdə arxeoloji ekspedisiyalarda iştirak etmiş və Qluxovda Ukrayna vətənpərvər hərəkatlara qoşulmuşdur. 1985–1987-ci illərdə Polşada Sovet Ordusunda xidmət edən zaman sovet işğalının mənfi qəbul edildiyini görmüş, bu, onun dünyagörüşünü formalaşdırmışdır. 2021-ci ildə Qluxovun tarixi və abidələri üzrə tədqiqat apararaq tarix elmləri namizədi dərəcəsi almışdır.
2022-ci ildə Rusiyanın Ukraynaya hücum əməliyyatları başlayanda Kovalenko Ukrayna Silahlı Qüvvələrinə ştab-serjant kimi qoşulmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. O, həmçinin həlak olmuş ukraynalı əsgərlərin cəsədlərinin tapılması ilə məşğul olan "Qara lalə" humanitar missiyasının üzvü olmuşdur. 14 mart 2023-cü ildə Luqansk vilayətində gedən döyüşlərdə hak olmuşdur.
Yuri Kovalenko 22 mart 1966-cı ildə Ukrayna SSR-də, Sumı vilayətinin Şostka rayonunda (2020-ci ildən Qluxov şəhər ərazi icmasının bir hissəsi) Nekrasovo kəndində anadan olmuşdur. 1981-ci ildə burada səkkizillik məktəbi bitirmişdir. Uşaqlıqdan artefakt axtarışına böyük həvəs göstərmiş, Ukrayna tarixi ilə maraqlanmışdır. Doqquzuncu və onuncu sinifləri Qluxov 2 saylı orta məktəbdə oxumuşdur. Eyni zamanda Qluxov Musiqi Məktəbində təhsil almış, gitara və musiqiyə həvəs göstərmişdir. Arzuladığı tarix fakültəsinə daxil olmaq əvəzinə 1983-cü ildə Sumı 5 saylı Peşə Texnikumuna daxil olaraq elektrik ixtisası almışdır.[1] Sovet ordusunda xidmət edən zaman (xüsusilə 1985–1987-ci illərdə, yenidənqurma dövrünün əvvəlində, Polşanın Leqnitsa şəhərində Qərb Sovet Ordusu Qrupunda iki il xidmət etmişdir) ilk dəfə sovetlərə "işğalçılar" kimi xitab edildiyini eşitmişdir.[2] 1987-ci ildə 21 yaşlı Yuri Kovalenko Kiyevin Podol rayonunda fəaliyyət göstərən arxeoloji ekspedisiyaya qoşulmuşdur. 1988-ci ildən axtarış fəaliyyəti ilə məşğul olmuşdur. Onun rəhbərlik etdiyi qrup, "Xalq Yaddaşı" Ümumukrayna İctimai Birliyinin tərkibində olaraq, İkinci Dünya müharibəsində həlak olmuş minlərlə əsgərin yenidən dəfn edilməsini təmin etmişdir.[3] 1990-cı illərin ortalarında qrupun komandiri seçilmişdir.[4]
1980-ci illərin sonlarında Yuri Kovalenko Nekrasovo kənd Mədəniyyət Evində bədii rəhbər, Nekrasovo məktəbində musiqi müəllimi, daha sonra Qluxov Rayon Mədəniyyət Evində musiqi dərnəyinin rəhbəri və Qluxov 31 saylı Peşə Texnikumunda yeniyetmələr klubunun direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildən oxuduğu məktəbdə musiqi müəllimi kimi fəaliyyət göstərən və hippi olan Kovalenko qızlardan ibarət vokal-instrumental ansambl təşkil etmişdir.[5]
Bu dövrdə ruslaşmış Qluxovda Ukrayna vətənpərvər təşkilatların üzvü olmuş, ilk proukrayna mitinqlərində iştirak etmiş və səhnədə gitara ilə çıxış etmişdir. 1991-ci ildə Zaporojyedə keçirilən məşhur "Çervona ruta" musiqi festivalında iştirak etmiş, burada 1708-ci ildə Baturin qalasının alınmasına həsr olunmuş "Getmanlıq haqqında duma" adlı mahnısı ilə yadda qalmışdır.[6] Mariupollu yunan dostu Eduard ilə birlikdə "Traktir" qrupunu yaratmış, daha sonra laureatların qastrol səfərində iştirak etmişdir. Gitara ilə yanaşı fortepiano və akkordeonda ifa etmiş, kamera xorunun xoristi olmuşdur.[7][8] 1991–1996-cı illərdə Qluxov Pedaqoji Universitetinin qiyabi şöbəsində məktəbəqədər pedaqogika və psixologiya ixtisası üzrə təhsil almışdır.[1][9]
Üç illik romantik görüşlərdən sonra Yuri Kovalenko məktəb məzunu Oksana ilə evlənmişdir.[5] 1992-ci ildən Ukrayna Silahlı Qüvvələrində müddətdənxaric xidmətə başlamış və təxminən yeddi il (1992–1997) Qluxovda hərbi hissədə mənəvi-psixoloji təminat strukturunda xidmət etmiş, hərbi hissənin klubunun müdiri olmuşdur. Həmin il Qluxovda həmfikirləri ilə birlikdə "Obelisk" axtarış dəstəsini təsis etmiş və ona rəhbərlik etmişdir. Bu dəstə sonradan "Xalq Yaddaşı" Ümumukrayna Birliyinin tərkibinə daxil olmuşdur. 1994-cü ildə Qluxovda İkinci Dünya müharibəsi zamanı hərbi əsirlər düşərgəsinin yerində aparılan qazıntılar nəticəsində "Ümumukrayna yaddaş vəxti" təşkil edilmişdir. Xüsusilə, 1 oktyabr 1994-cü ildə Qluxovun kənarında, Borok adlı ərazidə yeni yaradılmış memorialda həlak olanların yenidən dəfni baş tutmuşdur. Bu, Ukraynada ümumrespublika səviyyəsində rezonans doğuran ilk belə aksiya olmuşdur.[1][7]
1999-cu ildən Yuri Kovalenko "Qluxov" Milli Qoruğunun elmi-tədqiqat şöbəsinin müdiri vəzifəsini tutmuşdur. Alim və praktik arxeoloq kimi 2005-ci ildən etibarən çoxsaylı arxeoloji ekspedisiyalarda iştirak etmiş, xüsusilə 1708-ci ildə Çar Rusiyası tərəfindən yandırılmış Baturin qalasının qalıqlarını tədqiq etmişdir.[8] O, keçmiş getman qalasının şimal hissəsində əsas paytaxt məbədi olan Müqəddəs Üçlük kilsəsinin və onun qəbiristanlığının yerini müəyyənləşdirmişdir. Həmçinin, Baturin qalasının, getman evinin və qala kilsəsinin xarici görünüşünü rekonstruksiya etmişdir. Bundan əlavə, Baturin qalasının sitadelinin qalıqlarının tədqiqinə rəhbərlik etmiş, getman İvan Mazepanın Qonçarovkada yerləşən şəhərətrafı iqamətgahının qazıntılarını idarə etmiş və digər alimlərlə birlikdə general yazıçısı Filipp Orligin malikanəsini araşdırmışdır.[7][10][11][12] Baturin Arxeoloji Ekspedisiyasının tərkibində Qluxov Milli Pedaqoji Universitetinin tarixçi tələbələri və Qluxov Hərbi-Fiziki Təlim Lisey-İnternatının şagirdlərindən ibarət dəstəyə rəhbərlik etmişdir.[6]
Yetkin yaşlarında Kiyev Milli Taras Şevçenko Universitetinin tarix fakültəsində təhsil almış və 2005-ci ildə arxeologiya və muzeyşünaslıq ixtisası üzrə məzun olmuşdur.[2][4][13][14]
Qluxovun keçmişini fəal şəkildə tədqiq etmiş, xüsusilə qədim rus dövrünə aid Qluxovun tədqiqatı üçün genişmiqyaslı arxeoloji qazıntılar təşkil etmişdir. Keçmiş getman paytaxtında tapılmış artefaktlar əsasında 6 noyabr 2008-ci ildə, Qluxovun getman və solsahil Ukraynanın paytaxtı elan edilməsinin 300 illiyi münasibətilə Qluxovda Arxeologiya Muzeyi açılmışdır. Yuri Kovalenko bu muzeyin konseptinin müəllifi olmuşdur. Həmin il "Qluxov" qoruğu milli status almışdır. Tədqiqatçı, xüsusilə, Anastasiya Üçlük kilsəsində Tereşenkovlar ailəsinin məzarını aşkar etmişdir.[7][9][15]
2014-cü ildə Ukraynanın şərqində müharibə başlayan zaman hərbi arxeoloq kimi "Qara lalə" humanitar missiyasında iştirak etmiş, separatçı qüvvələrin nəzarətində olan ərazilərdə 9 rotasiya keçirmişdir.[16][17][18][19] Həmkarları ilə birlikdə öz İlovaysk və Debaltseve döyüşlərində həlak olan 150-dən çox şəxsin cəsədini tapmış və şəxsiyyətini müəyyənləşdirmişdir.[2][20] Onun topladığı faktlar və Rusiya qoşunlarının müharibə cinayətlərinin foto-video qeydləri Sumıdan olan yazıçı Yevgen Polojinin "İlovaysk" kitabında istifadə olunmuşdur.[21] "Qara lalə" missiyasında göstərdiyi fəaliyyətinə görə Ukrayna Müdafiə Nazirliyinin nişanı ilə təltif edilmişdir.[22][23]
2020-ci ilin dekabrında Yuri Kovalenko Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayaraq İvan Vıqovski adına 58-ci ayrıca motoatıcı briqadanın tərkibində Avdeyevka uğrunda döyüşlərdə iştirak etmişdir. Baş Qərargah və Birləşmiş Qüvvələr Komandanlığının nişanları ilə təltif olunmuşdur.[24] Hərbi xidmətdə olan zaman, 14 may 2021-ci ildə Çerniqovda "Qluxovun orta əsrlər və erkən müasir dövrlərdə tarixi topoqrafiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.[9][12][25][26][27] Ümumilikdə, Yuri Kovalenko 70-dən çox elmi məqalənin müəllifidir.[10][11]
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücum əməliyyatlarının ilk saatlarında "Poltava" 16-cı ayrıca motoatıcı batalyonunun tərkibində Qluxov uğrunda döyüşlərdə iştirak etmişdir. O zaman ukraynalı döyüşçülər Qodunovka yaxınlığında yerləşən beynəlxalq magistral yolda Rusiya zərbə kolonuna qarşı döyüşmüşdülər. Daha sonra 2022-ci ilin fevral-mart aylarında Brovarı istiqamətində və Çerniqov vilayətində döyüş əməliyyatlarında iştirak etmişdir.[28][29] Çerniqov vilayətinə nəzarətin yenidən Ukrayna tərəfinə keçməsindən sonra, 2022-ci ilin aprelində Baturində baş tutan döyüşlərdə iştirak etmişdir.[30] Sonra bir müddət xəstəxanada müalicə almış, eyni zamanda könüllü fəaliyyətlə məşğul olmuşdur. O, xidmət etdiyi briqada üçün avtomobillərin alınması üçün danışıqlar aparmış və maşınları özü sürmüşdür. Qısa müddətdən sonra yenidən cəbhəyə qayıtmışdır. O, cənub, sonra isə tammiqyaslı müharibənin ən qaynar nöqtələrində döyüşdüyü şərq cəbhəsinə keçid etmişdir.[7] İvan Vıqovski adına 58-ci əlahiddə motoatıcı briqadanın 16-cı əlahiddə motoatıcı batalyonunda atıcı-snayper vəzifəsini tutmuşdur.[1][10]
2023-cü il martın 14-də Luqansk vilayətinin Severodonetsk rayonunda, Kreminna şəhər icmasının Kuzmino kəndi yaxınlığındakı Serebryansk meşəsində çoxgünlük ağır döyüşlər zamanı[1][10][17][21][31][32][33][34][35][36][37][38][39] tank atəşindən həlak olmuşdur.[40] Onun nəşini silahdaşı Vladimir "Bazuka" döyüş bölgəsindən çıxarmışdır.[2]
Vida mərasimi 18 mart 2022-ci ildə Qluxovda Berezovski və Bortnyanski abidəsi yaxınlığında keçirilmişdir.[41] Yuri Kovalenko vəsiyyətinə uyğun olaraq Qluxovşinanın Nekrasovo kəndində dəfn edilmişdir.[7][8][9][42]
Yuri Kovalenkonun həyat yoldaşı jurnalist, Qluxov Şəhər Şurasının əməkdaşı Oksana Kovalenko idi. Onların iki qızı — böyük qızı Lesya və kiçik qızı İvanka qalmışdır. Qızları və nəvəsi hazırda Almaniyada yaşayır. Rusiyanın tammiqyaslı hücum əməliyyatları zamanı böyük qızı Lesyanın Varvara adlı qızı olmuşdur.[7][8][21] Dəfn mərasimindən sonra, 20 mart 2023-cü ildə Oksana Kovalenko həyat yoldaşının xidmət etdiyi "Poltava" 16-cı əlahiddə motoatıcı batalyonunun müdafiəçilərinin ehtiyacları üçün "Yuri Kovalenkodan" qeydi ilə 40 min qrivna köçürmüşdür. Bu vəsait Yuri Kovalenkonun dəfni üçün insanların göndərdiyi pullar idi.[43]
28 aprel 2023-cü ildə Qluxov Şəhər Şurasının deputatları Qluxov şəhər ərazi icmasında iki küçənin Yuri Kovalenkonun şərəfinə adlandırılması barədə səs vermişdir. Onun doğulduğu Nekrasove kəndində yerli sakinlər Nekrasov küçəsinin Kovalenkonun adını daşımasını istəmişdilər. Bu təklifi kəndin rəhbəri Nadiya Kebets irəli sürmüşdür. Qluxov şəhərində Yuri Kovalenkonun ailəsi ilə yaşadığı Nekrasov küçəsinin sakinləri təşəbbüs göstərmiş, sorğu keçirilmiş və imzalar toplanmışdır. Mikrorayon sakinlərinin iradəsini şəhər şurasına deputat Anatoli Moskalyenko çatdırmışdır.[9][44][45]
14 mart 2024-cü ildə, Kovalenkonun ölümünün ildönümündə, "Qluxov" Milli Qoruğunun Arxeologiya Muzeyinin binasında həlak olmuş hərbçi və tarixçi Yuri Kovalenkonun xatirəsinə memorial lövhə açılmışdır.[46]
2023-cü ilin noyabrında Ukrayna Təhsil və Elm Nazirliyinin Ukraynaşünaslıq Elmi-Tədqiqat İnstitutu Ukraynanın Xalq Qəhrəmanı Yuri Kovalenko adına gənc ukraynaşünas alimlər üçün ad mükafatı təsis etmişdir. Bu mükafat ukraynaşünaslığın aktual problemlərinin işlənib hazırlanması, ukraynaşünaslıq elminin ən mühüm problemlərinin həlli, mədəni irsin qorunması və Rusiyanın tammiqyaslı hücum əməliyyatı şəraitində Ukrayna cəmiyyətinin konsolidasiyası ilə məşğul olan alimlərə verilir.[1][9][47]