. Love.az

Zulfuqar Sariyev - Wikipedia - Love.az

Ana Səhifə - Zulfuqar Sariyev

Zülfüqar Hüseyn oğlu Sarıyev (yanvar 1883, Şuşa – 1969, Bakı) — Azərbaycan opera müğənnisi (tenor), muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1940).

Zülfüqar Sarıyev
Ümumi məlumatlar
Doğum tarixi yanvar 1883
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1969
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Bakı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Səs tembri lirik tenor
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1940

Həyatı

redaktə

Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyi üçün uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olmuşdur. Muğam və milli musiqiyə olan həvəsindən əlavə, səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açmış, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənmişdir.[1]

Zülfüqar Sarıyev 1917-ci ildən başlayaraq dərnəklərdə, 1920-ci ildən isə opera səhnəsində çıxış etmişdir. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Bağırova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov və başqaları ilə birlikdə çalışmışdır. Zülfüqar Sarıyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" və başqa opera və operettalarda Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış etmişdir.[2][3]

Əsasən, xarakterik rolların ifaçısı olmuş Zülfüqar Sarıyev xüsusi ifa imkanına və lirik tenor səsə malik olmasına baxmayaraq, bəstəboy olması səbəbindən hər zaman ikinci dərəcəli rolları oynamağa məcbur olmuşdur.[1]

Zülfüqar Sarıyev opera tamaşalarından əlavə, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə çıxış etmişdir.[2]

Zülfüqar Sarıyev 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[⇨]

Zülfüqar Sarıyev 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Zülfüqar Sarıyev". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 sentyabr 2022. 7 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
  2. ↑ 1 2 "Zülfüqar Sarıyev". portal.azertag.az. 19 sentyabr 2022. 7 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
  3. ↑ Zülfüqar Sarıyev // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 185. ISBN 978-9952-34-075-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zülfüqar_Sarıyev&oldid=7872493"
LOVE.AZ