Firuzşah Zərrinkolah[1] (digər mənbələrdə Zərrin-külah Firuzşah;[2] fars. فیروزشاه زرین کلاه; mənası – Qızıl baş hökmdar Firuz) və ya Qızılbörk Firuz[3] — Səfəvi sülaləsinin bilinən ilk nümayəndəsi.[2]
Zərrin-külah Firuz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Doğum yeri | Mərv |
Vəfat yeri | Ərdəbil |
Fəaliyyəti | Zadəgan |
Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir.[4] Alimlərə görə, o, XI əsrdə Xorasandan Ərdəbilə köç etmişdir.[5] Ordenin eponimi Şeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur.[6] Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır.[7] Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir.[8]
Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir.[2] "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir.[9] "Safvətüs-səfa"da Firuzşah birbaşa İbrahim Ədhəmlə əlaqələndirilir. Onu əsas alan İsgəndər Bəy Münşi də Firuzşahın Ərdəbilə İbrahim Ədhəm tərəfindən göndərildiyini qeyd edir.[1] Bu əsərin Oqtay Əfəndiyev və Namiq Musalı tərəfindən edilən tərcüməsində Firuzşah İbrahim Ədhəmin oğlanlarından biri kimi göstərilmişdir. Buna baxmayaraq, onların ikisi də tərcüməçilər bu iddianı əsasız qəbul etmişdir.[10]