. Love.az

Alfons Muxa - Wikipedia - Love.az

Ana Səhifə - Alfons Muxa

Alfons Mariya Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — beynəlxalq aləmdə Alphonse Mucha kimi tanınan, çex rəssamı, illüstratoru və qrafika rəssamı. Parisdə yaşayarkən o dövrdə populyar olan Art Nouveau (Ar-Nuvo, modern incəsənət) istiqamətində öz dəsti-xətti, çəkdiyi yüksək üslublu dekorativ teatr posterləri, xüsusilə Sara Bernarın posterləri ilə tanınıb.[9] O, dövrünün ən məşhur obrazlarına çevrilmiş illüstrasiyalar, reklamlar, dekorativ panellər və dizaynlar hazırlamışdır. Karyerasının ikinci yarısında, 57 yaşında vətənə qayıtmış və özünü 1912-1926-cı illər arasında kətan üzərində çəkdiyi “Slavyan eposu” kimi tanınan iyirmi monumental rəsm əsərinə həsr etmişdir. 1928-ci ildə Çexoslovakiya Respublikasının müstəqillik əldə etməsinin on illiyi münasibətilə “Slavyan eposu” seriyasından olan bütün rəsmlərini çex xalqına bağışlamışdır və bunu həyatda özünün ən vacib işi hesab etmişdir.[10].

Alfons Muxa
çex. Alfons Mucha
Doğum adı Alfons Maria Mucha[3]
Doğum tarixi 24 iyul 1860(1860-07-24)[1][2][…]
Doğum yeri
  • İvançise[d], Avstriya imperiyası[4][5][…]
Vəfat tarixi 14 iyul 1939(1939-07-14)[1][2][…] (78 yaşında)
Vəfat yeri
  • Praqa, Bohemiya və Moraviya protektoratlığı[4][5][…]
Vəfat səbəbi ağciyər iltihabı[6]
Dəfn yeri
  • Vışeqrad qəbiristanlığı[d][7]
Fəaliyyəti plakatçı rəssam[d], litoqraf, fotoqraf, qrafik dizayner, rəssam, poçt markası dizayneri[d], dizayner, illüstrasiyaçı[d], qrafika ustası[d], müəllim, zərgərlik dizayneri, universitet müəllimi[d]
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d] (1884–1887)[6],
  • Jülian Akademiyası[6]
Stillər modern, simvolizm[8]
Tanınmış işləri
  • Slavyan eposu
Mükafatları "Frans İosif" ordeni (Avstriya imperiyası) "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa)
İmza
muchafoundation.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Erkən həyatı
  • 2 Münhen dövrü
  • 3 Parisdə aldığı təhsil və ilk uğuru
  • 4 Sara Bernar və “Gismonda”
  • 5 Komersiya İncəsənəti və Plakatlar
  • 6 1900-cu il, Paris Ümumdünya Sərgisi
  • 7 Zinət əşyaları və Jorj Fuke ilə əməkdaşlıq
  • 8 “Documents Decoratifs” və Muxanın müəllimlik fəaliyyəti
    • 8.1 "Documents Decoratifs" dərsliyindən götürülmüş bəzi fraqmentlər [53]
  • 9 “Le Pater”
  • 10 Amerika səfərləri və evlilik
  • 11 Praqaya köçməsi və “Slavyan eposu” (1910-1928)
  • 12 Masonluq fəaliyyəti
  • 13 Son illəri və vəfatı
  • 14 Mirası
  • 15 Alfons Muxa yaradıcılığı Bakıda
  • 16 Maraqlı tarixçələri olan plakatlar
  • 17 Qalereya
  • 18 İstinadlar
  • 19 Ədəbiyyat
  • 20 Xarici keçidlər

Erkən həyatı

redaktə

Muxa 24 iyul 1860-cı ildə Moraviyanın cənubundakı kiçik İvançiçe şəhərində doğulub.[11] İvançiçe o vaxtlar Avstriya İmperiyasının əyaləti olub, indi Çexiya Respublikasının bir bölgəsidir.[12] Ailənin gəliri cüzi olmuşdur; atası Ondrej məhkəmə icraçısı, anası Amalie isə dəyirmançı qızı olmuşdur. Bu, Ondrejin ikinci evliliyi idi. Birinci həyat yoldaşı vərəm xəstəliyindən vəfat etmişdi və ondan üç uşağı var idi. Alfons ikinci evlilikdən olan böyük uşaq idi. Ailədə uşaqların hamısının adları "A" hərfi ilə başlayırdı.[13]

 
Alfons Muxanın İvançiçe şəhərində yaşadığı ev

Muxa erkən yaşlarından rəsm çəkməyə başlayıb. Uşağın əl işinə heyran qalan yerli tacirlərdən biri ona o dövrdə az tapılan kağız hədiyyə edib.[14] Məktəbə gedənə kimi Muxa yalnız sol əli ilə rəsm çəkib, çünki solaxay olub. Sonralar hər iki əli ilə işləməyi öyrənib. Onun musiqi istedadı olub: o, alt səsli müğənni (tenordan yüksək, sopranodan aşağı) və skripka ifaçısı olub. Xalq məktəbini (Volksschule) bitirdikdən sonra təhsilini davam etdirmək istəsə də alınmayıb, çünki özündən bğyük üç ögey qardaş-bacısı məktəbdə oxuyurdular. Ona görə Alfonsun təhsilinə pulları olmamışdır.

Musiqi müəllimi onu Brnodakı Müqəddəs Tomas Abbatlığının xormeysteri Pavel Křížkovskýnin yanına göndərmişdir ki, xora qəbul etsinlər. Alınsaydı, təhsil haqqını monastır ödəyəcəkdi. Křížkovski gənc Alfonsun istedadına heyran qalsa da, onu xora götürə bilmir, çünki başqa bir istedadlı gənc musiqiçini artıq götürmüşdü. Həmin musiqiçi Leoš Janáçeki idi.[13]

Křížkovský Alfons Muxanı Müqəddəs Pyotr və Pavel Kafedral kilsəsinin xormeysterinin yanına göndərmişdir. Alfons bir müddət orada xorda oxumuş, eyni zamanda, kilsənin maliyyəsi hesabına Brnoda gimnaziyada təhsil ala bilmişdir. Səsi kəsildikdən sonra o, xoru tərk etmiş, lakin messalar zamanı skripkada çalmağa davam etmişdir.[13] Həmin vaxtı o, qatı dindar olmuşdur. Sonralar belə yazacaqdı:

  "Mənim üçün rəsm çəkmək, kilsəyə getmək və musiqini anlamaq bir-biri ilə o qədər sıx bağlıdır ki, çox vaxt qərar verə bilmirəm - kilsəni musiqisinə görə sevirəm, yoxsa müşayiət etdiyi müqəddəs mərasimdəki yerinə görə onu sevirəm?"  

Alfons Muxa musiqidən tutmuş ədəbiyyata, rəssamlığa kimi bütün sahələrdə güclü çex millətçiliyi mühitində böyümüşdür. O, vətənpərvərlik mövzusunda təşkil olunan mitinqlər üçün vərəqələr və plakatlar hazırlamışdır.[15]

İfaçılıq qabiliyyəti ona musiqi təhsilini Moraviyanın paytaxtı Brno şəhərindəki gimnaziyasında davam etdirməyə imkan vermişdir, lakin onun əsl arzusu rəssam olmaq idi. Buna görə o, teatr dəstləri və digər dekorasiyaların dizaynı ilə bağlı özünə iş tapmışdır. 1878-ci ildə Praqa Rəssamlıq və İncəsənət Akademiyasına müraciət etsə də, rədd cavabı almışdır, ona "başqa bir karyera tapmağı" tövsiyə etmişlər.

1880-ci ildə, 19 yaşında İmperiyanın siyasi və mədəni paytaxtı Vyanaya getmişdir və Vyana teatrları üçün dekorasiya hazırlayan “Kautsky-Brioschi-Burghardt” şirkətində quruluşçu rəssam kimi işə başlamışdır. Vyanada olarkən o, muzeyləri, kilsələri, sarayları və xüsusən teatrları gəzmiş, işəgötürən tərəfindən pulsuz teatr biletləri əldə etmişdir.[15] O, həmçinin Vyanada bir çox saraylar, dövlət binaları üçün freskalar hazırlayan, portretlər və geniş formatlı tarixi rəsmlər ustası olan çox məşhur rəssam, akademik Hans Makartla tanış olmuşdur. Onun iş üslubu Muxanı bədii istiqamətə yönəltmiş və sonrakı yaradıcılığına böyük təsir göstərmişdir. [16] Muxa fotoqrafiya ilə eksperimentlərə başlamış və sonralar bu, onun işində mühüm alətə çevrilmişdir. [17] Təəssüf ki, 1881-ci ildə baş vermiş dəhşətli yanğın onun işlədiyi firmanın əsas müştərisi olan “Ringtheater”i məhv etmişdir.

1881-ci ildə, cibində qalan pulla Alfons Muxa qatara minib şimala, Moraviyaya gəlmişdir. O, Moraviyanın cənubundakı Mikulovda yerləşmişdir və portretlər, dekorativ sənət işləri, məzar daşı yazıları hazırlamağa başlamışdır.[18] Burada onun əməyi yüksək qiymətləndirilmişdir. Yerli mülkədar və zadəgan, qraf Eduard Kuen-Belasi ona Emmahof (həyat yoldaşı Emmanın şərəfinə adlandırmışdır) qəsrindəki iqamətgahını, daha sonra Tiroldakı ata-baba yurdu, Qandeqq qəsri üçün bir sıra freskalar çəkməyi tapşırmışdır. Emmahofdakı rəsmlər 1948-ci ildə yanğın nəticəsində məhv olmuşdur, lakin onların kiçik formatda ilkin versiyaları mövcuddur, hazırda Brnodakı muzeydə nümayiş olunur.

Muxa öz ustalığını mifoloji mövzularda, qadın formalarında və bitki bəzəklərində göstərə bilmişdir. Varlı mülkədar olmaqla yanaşı qraf Belası, həmçinin rəssamlığa maraq göstərdiyi üçün həyat yoldaşı Emma ilə çıxdığı Avropa gəzinti turlarına Alfons Muxanı da götürmüşdür. Onu Venesiyaya, Florensiyaya və Milana aparıb sənəti göstərmiş, həmçinin bir sıra rəssamlarla, o cümlədən Münhendə yaşayan məşhur romantik rəssam Vilhelm Kray ilə tanış etmişdir.[19]

Münhen dövrü

redaktə
 
ABŞ, Şimali Dakota ştatı, Pisek şəhəri, Roma Katolik kilsəsində təsvir olunmuş Kiril və Mefodinin portretləri
 
Münhen Akademiyasının tələbələri, 1886-cı il. Alfons Muxa oturanlar arasında sağdan ikincidir, profildən

Qraf Belasi Alfons Muxanı rəsm təhsili alması üçün Münhenə gətirmiş, buradakı İncəsənət Akademiyasında təhsil alma haqqını və yaşayış xərclərini ödəmişdir. 1885-ci ilin sentyabrında Muxa oraya köçmüşdür.[16][18] Muxanın Münhen Akademiyasında oxuduğuna dair, bir tələbə kimi oraya daxil olması barədə heç bir qeyd yoxdur. Bununla belə, o, bir sıra görkəmli slavyan rəssamları, o cümlədən əslən çex olan Karel Vítězslav Mášek və Luděk Marold ilə yaxından tanış olmuş, həmçinin məşhur şair və yazıçı Boris Pasternakın atası Leonid Pasternakla dostluq etmişdir.[20]

Münhendə o, çex tələbə klubunu qurmuş və Praqada dərc edilən millətçi nəşrlərə siyasi illüstrasiyalar çəkmişdir. 1886-cı ildə o, Şimali Dakota ştatının Pisek şəhərində Roma Katolik kilsəsini qurmuş bəzi qohumları da daxil olmaqla bir qrup çex mühacirləri tərəfindən Çexiyanın himayədarları hesab edilən müqəddəs Kiril və Mefodinin rəsmlərini çəkmək üçün xeyli pul almışdır. [21] O, Münhendəki bədii mühitdən çox razı idi və dostlarına belə yazırdı:

  "Budur, mən yeni sənət mühitindəyəm, rəsm çəkirəm. Yüngül səy göstərməklə müxtəlif çətin cərəyanlardan böyük sevinc hissi ilə keçirəm. Burada ilk dəfə olaraq əvvəllər mənə əlçatmaz görünən məqsədlərimə yetişirəm"  

Lakin o, Münhendə daimi qala bilməyəcəyini anlamışdı, çünki Bavariya hökuməti əcnəbi tələbələrə və sakinlərə olan məhdudiyyətləri get-gedə artırmışdı. Buna görə qraf Belasi ona ya Romaya, ya da Parisə getməyi təklif etmişdi. Belasinin maddi dəstəyi ilə Alfons Muxa 1887-ci ildə Parisə köçmək qərarına gəlmişdir.[22]

Parisdə aldığı təhsil və ilk uğuru

redaktə

Muxa 1888-ci ildə Parisə köçmüş, əvvəl Jülian Akademiyasına [23], növbəti il Kolarossi Akademiyasına (Académie Colarossi) daxil olmuşdur. Hər iki məktəb çox fərqli üslublar öyrədilirdi. Julian Akademiyasında onun ilk professorları çılpaq qadınlar və alleqorik rəsmlər üzrə ixtisaslaşmış Jül Lefevr və realist, dramatik üslubda tarixi, dini rəsmlər çəkən Jean-Paul Laurens idi.

1891-ci ilin 25 iyul tarixində Muxa himayədarı Qraf Belasidən məktub alır. Məktubda qraf Muxaya ayırdığı subsidiyanı (hər ay 200 frank) dayandırdığını yazırdı. O, hesab edirdi ki, Muxa artıq özü pul qazanmalıdır, bunu bacarar. Pulsuz qalan Muxa Kolarossi Akademiyasını yarımçıq tərk etməli olur. [24]

Parisdə o, böyük slavyan icmasının köməyi ilə sığınacaq tapmışdır. 13,Rue de la Grande Chaumière ünvanında Crémerie adlı pansionatda yaşamışdır. Buranın sahibəsi Şarlotta Karon sənətdə mübarizə aparan rəssamlara sığınacaq verməklə tanınmışdır; lazım gəldikdə, o, kirayə pulu əvəzinə rəsm və ya rəsmlər qəbul edirdi.

Muxa, Parisdə jurnal illüstratoru kimi uğurlu karyera qurmuş Münhendən tanıdığı başqa bir çex rəssamı, Lüdek Maroldun yolu ilə getmək qərarına gəlmişdir. 1890-1891-ci illərdə o, gündəlik seqment əsasında romanlar çap etdirən həftəlik “La Vie Populaire” jurnalı üçün illüstrasiyalar təqdim etməyə başlamışdır. Onun Gi de Mopassanın yazdığı “Faydasız Gözəllik” romanı üçün çəkdiyi illüstrasiya jurnalın 22 may 1890-cı il nömrəsinin üz qabığında getmişdi. Muxa həm jurnal, həm də kitab şəklində gənclər üçün qısa hekayələr dərc edən “Le Petit Français Illustré” jurnalı üçün illüstrasiyalar təqdim etmişdir. Dramatik döyüş səhnələrini və digər tarixi hadisələri, o cümlədən jurnalın 23 yanvar 1892-ci il nömrəsinin üz qabığında getmiş Fransa-Prussiya müharibəsindən bir səhnəni əks etdirən illüstrasiyanı çəkib hazırlamışdır.[25]

Muxanın çəkdiyi illüstrasiyalar ona sabit gəlir gətirməyə başlamışdır. O, ifa etmək üçün fisqarmon musiqi aləti və foto çəkmək üçün şüşə neqativləri ilə işləyən ilk foto kamerasını ala bilmişdir. O, özünün və dostlarının fotoşəkillərini çəkir və rəsmləri tərtib etmək üçün müntəzəm olaraq bundan istifadə edirdi. Alfons Muxa bu arada Pol Qogen ilə dost olmuş və 1893-cü ilin yayında Qogen Taitidən qayıdandan sonra bir müddət eyni studiyada işləmişlər. 1894-cü ilin son payızında o, fəlsəfə və mistisizm maraqlarını bölüşdüyü dramaturq Avqust Strindberqlə də dost olmuşdur.[26]

Jurnal illüstrasiyalarından sonra o, kitab üçün illüstrasiyalar çəkməyə başlamışdır; tarixçi Şarl Senyobos ona Alman tarixinin səhnələri və epizodlarını təsvir etməyi tapşırmışdır. Onun çəkdiyi dörd illüstrasiya, o cümlədən biri Frederik Barbarossanın ölümünü təsvir edən illüstrasiyadır ki, 1894-cü ildə Paris Rəssamlar Salonunda nümayiş etdirilmək üçün seçilmişdir. O, Parisdə rəsmi tanınması haqqında ilk fəxri medalını almışdır.[25]

Muxa 1890-cı illərin əvvəllərində daha bir mühüm sifariş almışdır. Bu, incəsənət, memarlıq və dekorativ sənət haqqında kitabların nəşrində ixtisaslaşmış Mərkəzi Təsviri İncəsənət Kitabxanası idi. Kitabxana daha sonra, 1897-ci ildə Ar-Nuvo üslubunun populyarlaşmasında erkən və mühüm rol oynayan “Art et Decoration” adlı yeni jurnal buraxmağa başlamışdır. Muxa digər müştəriləri üçün illüstrasiyalar, o cümlədən Ejen Manuelin uşaq şeirləri kitabı və “La Costume au théatre” adlı teatr sənəti jurnalında illüstrasiyalar dərc etməyə davam etmişdir.

Sara Bernar və “Gismonda”

redaktə
 
1896-cı ilin sonunda Parisdə, "Grand Hotel"də Sara Bernar 50 illik yubileyini qeyd etmişdir. Yubileydə iştirak yalnız dəvətnamə ilə olduğundan Muxa daha 3 ədəd dəvətnamə əldə etmək üçün bu plakatı çəkməli olmuşdur.[27]

1894-cü ilin son günləri Alfons Muxa Fransanın teatr aktrisası Sara Bernar ilə əməkdaşlıq edəndən sonra onun karyerasında gözlənilməz dönüş olmuşdur. Muxa daha sonralar bunu belə izah edirdi: "1894-cü ilin dekabrın 26-da Sara Bernar “Gismonda” tamaşasının davamı üçün Moris de Brunhofa zəng etdi. Brunhof teatr afişaları dərc edən “Lemercier” nəşriyyatının meneceri idi. Viktoriyan Sardunun pyesi artıq 1894-cü ilin 31 oktyabrından Sen-Martin bulvarında yerləşən “Renaissance” Teatrında böyük rəğbətlə səhnədə oynanılırdı. Sara Bernar Milad bayramlarından sonra teatrın fəaliyyətinin uzadılmasının reklamı üçün yeni afişa hazırlamağa qərar vermişdi və bunun üçün 1 yanvar 1895-ci il tarixinə kimi onun hazır olmasını təkid etmişdir. Bayram ərəfəsi olduğundan “Lemercier”in daimi rəssamlarından heç biri işdə deyildi. Bircə mən işdə olduğumdan Brunhof sifarişi mənə tapşırdı". [25]

Muxa əvvəllər də Sara Bernarın rəsmlərini çəkmişdi. O, 1890-cı ildə "Le Costume au Théâtre" üçün Kleopatranın çıxışının bir sıra illüstrasiyalarını çəkmişdi. “Gismonda” 1894-cü ilin oktyabrında ilk dəfə səhnədə göstəriləndə “Le Gaulois” jurnalı Milad əlavəsi üçün hazırladığı nömrədə Bernarın bir sıra illüstrasiyalarını yaratmağı Muxaya tapşırmışdı. Jurnalın əlavəsi həmin dövr üçün çox baha qiymətə, 1 nüsxəsi 50 santimə satılmışdır.[28]

Çox qısa müddət ərzində hazırlanmış "Gismonda" plakatı aktrisanın real ölçüsündən daha böyük alınmışdı; onun ğlçüləri 213x75 sm. idi. İlk dəfə idi ki, Parisdə belə uzun plakat hazırlanırdı. Plakatda Sara Bernar Bizans zadəgan qadını libasında təsvir olunmuşdu, başına səhləb çiçəyi və digər güllərdən çələng taxmış, əlində Pasxa bayramı həftəsinə uyğun olaraq palma budağı tutmuşdur. Afişanın bənzərsiz xüsusiyyətlərindən biri aktrisanın başının arxasında, az qala halэ kimi bəzədilmiş göy qurşağı formalı tağ idi ki, bu da onun üzünə diqqətш daha çox cəlb edirdi. Bu üslub Muxanın gələcəkdə hazırladığı bütün teatr posterlərinin hamısında hiss olunacaqdı. Yəqin ki, vaxt məhdudiyyətinə görə fonun bəzi yerləri bəzəksiz, boş qalmışdır, çünki Muxanın üslubu bütün xırda detalları işləməklə tanınır. Plakatda yeganə fon bəzəyi aktrisanın başının arxasında təsvir olunmuş Bizans mozaika plitələri idi. Plakat o dövrün tipik parlaq rəngli afişalarından fərqli olaraq son dərəcə incə çəkilmiş və yüngül pastel rəngləri özündə əks etdirmişdir. Onun yuxarı hissəsi zəngin tərtib edilmiş və bəzədilmişdir, aşağı hissəsində isə vacib məlumatlar maksimum qısa formada verilmişdir - sadəcə teatrın adı yazılmışdır.[29]

 
Gismonda plakatı, 1894-cü il 26 dekabr. Muxa plakatı standart litoqrafiya daşının üzərində işlədikdən sonra onları birlləşdirmişdir. Ondan əvvəl bunu edən olmamışdır. Ona görə bütün plakatların ortasında birləşdirmə xətti hiss olunur.Eksponat Praqadakı Muxa muzeyində nümayiş etdirilir.

"Gismonda" plakatı 1895-ci il yanvarın 1-də Paris küçələrində görünən kimi dərhal sensasiyaya səbəb olmuşdur. Bəzi yerlərdə onu yapışdıran kimi kleyi qurumamış afişalardan qoparırlarmış. [30]Bernar ona verilən reaksiyalardan məmnun qalmışdır. O, 1895 və 1896-cı illərdə plakatın dörd min nüsxəsini sifariş etmişdir və Muxa ilə əməkdaşlığa dair altı illik müqavilə imzalamışdır. Çəkdiyi afişalarla Muxa şəhərin hər yerində günbəgün məşhurlaşmışdır.[31][32]

“Gismonda”dan sonra Bernar digər naşir F.Şampenoa ilə altı illik müqavilə bağlayıb əməkdaşlığa başlamışdır. F.Şampenoanın Sen-Mişel bulvarında üç yüz işçisi və iyirmi buxar presi olan böyük tipoqrafiyası var idi. O, Muxaya bütün əsərlərini dərc etmək hüququ müqabilində yüksək aylıq maaş verirdi. Gəliri artdıqdan sonra Muxa Fransua Mansart tərəfindən inşa edilmiş 6,Rue Val-de-Grâce ünvanında yerləşən böyük tarixi binaya köçmüş, burada studiyası olan üç otaqlı mənzil kirayələmişdir.[33][34]

Muxa Sara Bernarın digər pyeslərinin hər biri üçün plakatlar, afişalar hazırlamışdır. O, ilk böyük uğurlarından biri olan "La Dame aux Camélias"dan (1896-cı ilin sentyabrı) sonra, Sara Bernar üçün “Lorenzaccio” (1896); “Medea” (1898); “La Tosca” (1898) və “Hamlet” (1899) tamaşalarının afişalarını çəkmişdir. O, digər afişaları çəkərkən “La Tosca”da etdiyi kimi Sara Bernarın fotoşəkillərindən istifadə etmişdir. Muxa afişalardan əlavə Bernar üçün teatr proqramları, dəstlər, kostyumlar və dekorasiyalar hazırlamışdır. Həm aktrisa, həm işgüzar qadın olan Sara Bernar kolleksiyaçılara satmaq məqsədilə hər pyes üçün müəyyən sayda çap olunmuş əlavə plakatlar dərc etməyi tapşırmışdır.[35]

Komersiya İncəsənəti və Plakatlar

redaktə

Sara Bernar üçün çəkdiyi afişalar Alfons Muxanın uğurlu reklamı olmuş və digər firmalar da onunla maraqlanmağa başlamışlar. Muxa “JOB” siqaret kağızları, “Ruinart” sampan şərabı, “Lefèvre-Utile” peçenyeləri, “Nestlé” uşaq qidası, “Ideal” şokoladı, “Meuse” pivəsi, “Moët-Chandon” sampan şərabı, “Trappestine” brendi və “Waverly and Perfect” velosipedləri üçün reklam plakatları hazırlamışdır.[36]

“Champenois” tipoqrafiyasında o, həmçinin yeni bir məhsul növü, dekorativ panno, mətnsiz, sırf bəzək üçün plakatlar yaratmışdır. Onlar münasib qiymətə böyük tirajla çap olunmuşdur. 1896-cı ildə nəşr olunmuş ilk seriya “The Seasons” (Fəsillər) adlanırdı. Burada hər fəsli təmsil edən yüksək dekorativ çiçək kompozisiyaları ilə bəzədilmiş dörd fərqli qadın təsvir olunmuşdur. 1897-ci ildə o, “Champenois” üçün “Reverie” adlı çiçək kompozisiyada təsvir olunmuş gənc qadının tək dekorativ panelini yaratmışdır. O, həmçinin “Zodiac” seriyasından bürclərlə əhatə olunmuş qadın başını əks etdirən təqvim hazırlamışdır. Bu əsərlərin hüququnu o, yenidən “La Plume” (Qələm) incəsənət jurnalının redaktoru Léon Deşama satmış və onları 1897-ci ildə böyük rəğbətlə yenidən nəşr etdirmişdir.

“The Seasons” seriyasından sonra “The Flowers” (Güllər), “The Arts” (İncəsənət nümunələri) (1898), “The Times of Day” (Günün vaxtları) (1899), “Precious Stones” (Qiymətli daşlar) (1900) və “The Moon and the Stars” (Ay və Ulduzlar) (1902) adlı plakatlar yaratmışdır[37]. 1896-1904-cü illər arasında Muxa “Champenois” üçün yüzdən çox plakat dizayn etmişdir. Onlar Yapon kağızı və ya perqament üzərində çap olunmuş bahalı versiyalardan tutmuş, bir neçə təsviri birləşdirən daha ucuz qiymətə təqvim və açıqcalar formasında satılmışdır.[38] Onun çəkdiyi plakatlar demək olar ki, saçları arabesk üslubunda qıvrılmış və dolu bədənli gözəl qadınlara həsr olunmuşdur. Bu qadınların hər biri real personajlar idilər, onların bir çoxunun fotoları mövcuddur və bu qadınlar heç də gözəl deyildilər, amma Muxa onları öz gördüyü kimi təsvir etmişdir. Onun Paris və Monako-Monte-Karlo dəmir yolu xətti üçün çəkdiyi plakatda (1897) nə qatar, nə Monako, nə də Monte-Karlonu təsvir edən mənzərə yer alıb. Burada fırlanan çiçək naxışları ilə əhatə olunmuş qatarın təkərlərinə bənzəyən xəyal içində oturmuş gözəl gənc qadın təsvir olunmuşdur.[39]

Muxanın çəkdiyi plakatların şöhrəti sənət dünyasına uğur qazandırmışdır. 1896-cı ildə Leon Deşam onu “Salon des Cent”də əl işlərini nümayiş etdirməyə dəvət etmişdir. O, Muxanın emalatxanasına gəlmiş və bu plakatı seçmişdir. Muxa onun hələ tamamlanmadığını desə də, Deşam inad edərək onun üzərində reklam xarakterli bir neçə söz yazmağı tapşırmışdır. Sonralar yarımçıq işlənmiş bu plakat çox məşhurlaşacaqdı. [40]1897-ci ildə Muxa həmin salonda 448 əl işini nümayiş etdirərək böyük uğur qazanmışdır. “La Plume” jurnalı onun yaradıcılığına həsr olunmuş xüsusi buraxılış nəşr etdirmişdir və bundan sonra Alfons Muxanın sərgisi Vyana, Praqa, Münhen, Brüssel, London və Nyu-Yorkda nümayiş etdirilmişdir. Bu, rəssama beynəlxalq şöhrət qazandırmışdır.[41]

  •  
    Muxanın "Cycles Perfecta" velosiped firması üçün çəkdiyi reklam plakatı. 1902-ci il. Paris, d'Orsay muzeyi
  •  
    JOB siqaretləri üçün Muxanın çəkdiyi reklam plakatı.1896
  •  
    Salon sta, XX sərginin reklamı üçün Muxanın çəkdiyi plakat. 1896-cı il
  •  
    "La Plume" (Qələm) jurnalının naşiri Leon Deşan Muxa yaradıcılığının vurğunu idi. O, mütəmadi olaraq Muxanın əl işlərini jurnalda yayımlayıb onu reklam edirdi. Jurnalın 1897-ci ildə çıxan 199-cu nömrəsi bütövlükdə Muxaya həsr olunmuşdur.[42]
  •  
    Muxanın 1896-cı ildə çəkdiyi "Zodiak" plakatı. Rəngli litoqrafiya. 1896.
  •  
    Monako-Monte-Karlo dəmir yolunun reklamı (1897).
  •  
    "Cassan Fils" çap evinin 25 illik yubileyinə həsr olunmuş reklam plakatı. 1897-ci il. Praqada Muxa muzeyində nümayiş etdirilir.

1900-cu il, Paris Ümumdünya Sərgisi

redaktə
 
1900-cu ildə Parisdə keçirilmiş Ümumdünya Sərgisində Bosniya-Hersoqovina pavilyonu üçün Muxanın çəkdiyi mural rəsmdən bir fraqment. Hazırda Parisdəki Petit Palais muzeyində nümayiş etdirilir.
 
A scene from the decoration of pavilion of Bosnia-Herzegovina at the Paris Universal Exposition of 1900, now in the Museum of the Petit Palais, Paris (1900)

1900-cu ildə Parisdə keçirilmiş Ümumdünya Sərgisi incəsənətin Ar-Nuvo (modern) üslubunu tərənnüm edən ilk böyük sərgi kimi tanınmışdır. Bu sərgi Muxaya Vyanada heyran olduğu tarixi mövzuda çəkilmiş irimiqyaslı rəsmlərə tamamilə fərqli yanaşmaq üçün istiqamət vermişdir. Həmçinin, ona çex vətənpərvərliyini ifadə etməyə imkan vermişdir.

Onun Parisdə əcnəbi səslənə adı (Muxa) fransız mətbuatında çoxlu fərziyyələrə səbəb olmuş və bu onu çox əsəbiləşdirdiyindən özünə "Myuşa" ləqəbi seçmişdir. Sara Bernar onu həmişə müdafiə edərək “La France” jurnalına müsahibəsində belə demişdir: "O, təkcə mənşəyinə görə deyil, həm də hisslərinə, əqidəsinə və vətənpərvərliyinə görə Moraviyalı çex olduğunu bəyan etmişdir".[41]

Muxa sərgidə iştirak etmək üçün Avstriya hökumətinə müraciət etmiş və Bosniya və Herseqovina pavilyonu üçün freskalar yaratmaq sifarişi almışdır. 1878-ci ildə imzalanmış Berlin Müqaviləsinə görə Bosniya-Hersoqovina Osmanlı imperiyasından ayrılaraq Avstriyanın himayəsi altına keçmişdir. Ona görə bu sərgidə Bosniya-Hersoqovinanın sənaye, kənd təsərrüfatı və mədəniyyət nümunələri nümayiş etdirilirdi. Sərgi üçün inşa edilən ikimərtəbəli müvəqqəti binanın on iki metrdən hündür tavanları, üç böyük zalı və günbəz pəncərələrindən içəri düşən təbii işıqlandırması var idi. Muxanın teatr dekorasiyasları çəkmək sahəsində qazandığı təcrübə ona qısa müddət ərzində hündür tavanlı binada irihəcmli rəsmlər çəkmək imkanı verirdi.[43]

Bosniya-Hersoqovina pavilyonu ilə bağlı Muxanın orijinal konsepsiyası bölgədəki slavyan sakinlərin xarici qüvvələrin işğalı nəticəsində çəkdikləri iztirabları əks etdirən bir qrup freska yaratmaq idi, lakin sərginin sponsorları, regionun yeni işğalçı qüvvəsi Avstriya hökuməti bunun Ümumdünya Sərgisi üçün bir qədər pessimist olduğunu bildirmişdir. Ona görə Bosniya-Hersoqovina pannosunun dizaynını gələcəkdə Balkanlarda qurulacaq cəmiyyəti təsvir etmək üçün katoliklərin, pravoslav xristianların və müsəlmanların bir-biri ilə harmoniya içində yaşayacaqları məqsədilə dəyişdirilməsi məsləhət görülmüşdür. Muxa yeni sifarişlə işə başlamışdır. O, dərhal Balkanlara səyahət edərək orada yaşayan xalqların geyimlərini, mərasimlərini və memarlıq eskizlərini çəkmiş və bunları yeni işinə daxil etmişdir. Onun dekorasiyasına bir böyük alleqorik rəsm, “Bosniya Ümumdünya Sərgisi üçün öz məhsullarını təklif edir” və regionun tarixini, mədəni inkişafını göstərən üç divarı əhatə edən böyük freskalar dəsti daxil idi. Muxa freskanın yuxarısındakı tağlı lentdə görünən, xarici hökmranlıq altında olan bosniyalıların əzab-əziyyətlərini əks etdirən bir neçə təsvir daxil edə bilmişdir. Teatr işlərində olduğu kimi, burada da o, poza verən modellərin fotoşəkillərini çəkir və onların formalarını öz bildiyi kimi sadələşdirirdi. Bosniya-Hersoqovina mövzusu dramatik hadisələri təsvir etsə də, ümumi təəssürat baxımından sakitlik və harmoniya bəxş edirdi.[44]

Muxa divar rəsmlərindən başqa, Bosniya pavilyonu restoranının menyusunu da tərtib etmişdir. Sərgidə onun əsərləri müxtəlif formalarda təqdim olunmuşdur. O, bu sərgidə Avstriyanın rəsmi iştirakı ilə bağlı plakatlar, Bosniya pavilyonu restoranının rəsmi açılış ziyafəti üçün menyularla yanaşı, həmçinin zərgər Jorj Fuke və ətir istehsalçısı Houbigant üçün qızılgül, portağal çiçəyi, bənövşə və göbələk qoxularını əks etdirən qadın heykəlləri və pannoları olan vitrinlər yaratmışdır. Onun daha ciddi işi, o cümlədən “Le Pater” jurnalı üçün çəkdiyi rəsmlər Avstriya pavilyonunda və Böyük Sarayda (Grand Palais) Avstriya bölməsində nümayiş etdirilmişdir.[45]

Sərgidəki işinə görə Alfons Muxaya Avstriya hökuməti tərəfindən "Frans İosif ordeni" kavaleri titulu verilmişdir. Eləcə də Fransa hökuməti ona "Fəxri Legion" ordeni kavaleri adı vermişdir.

Sərgi zamanı Muxa daha bir qeyri-adi layihə təklif etmişdir. Hamıya məlum idi ki, sərgi üçün xüsusi olaraq tikilmiş Eyfel qülləsini tədbir başa çatdıqdan sonra sökəcəklər. Bununla bağlı Muxa təklif etmişdir ki, sərgi bitdikdən sonra qüllənin başındakı kürsüdə insanlığa dair abidə ucaldılsın. Nəticədə, Eyfel qülləsi sökülməmiş, həm turistlər, həm parislilər arasında məşhurlaşmış və sərgi başa çatdıqdan sonra orijinal formasında qalmışdır.[43]

Zinət əşyaları və Jorj Fuke ilə əməkdaşlıq

redaktə
 
Alfons Muxanın Parisdə Jorj Fukenin zərgərlik mağazası üçün dizyn etdiyi salon. Parisdə "Carnavalet" muzeyində nümayiş etdirilir.

Alfons Muxanın maraq dairəsinə zərgərlik işləri də daxil idi. Onun 1902-ci ildə nəşr etdirdiyi "Documents Decoratifs” kitabında broşlar və digər zinət əşyaları üçün mürəkkəb dizaynlı lövhələr, fırlanan arabesklər, bitki formaları, həmçinin mina və rəngli daşların inkrustasiyası təsvir edilmişdir.

1899-cu ildə o, zərgər Jorj Fuke (Georges Fouquet) ilə əməkdaşlıq edərək Sara Bernar üçün qızıl və minadan hazırlanmış ilan şəklində bilərzik düzəltmişdir. Bernar həmin bilərziyi “Medea” tamaşasında taxmışdır. İrji Muxanın sözlərinə görə, bilərzik Bernarın artritdən əziyyət çəkən biləyini gizlətmək üçün nəzərdə tutulmuşdur. İlan formasında düzəldilmiş spiral bilərziyin dizaynı Muxanın Ar-Nuvo rəsmlərinin fırlanan üslubuna istinad edirdi.[46]

Muxa tərəfindən Fuke üçün dizayn edilmiş “Cascade” lampası (1900) qızıl, mina, opal, kiçik brilyantlar, folqa və deformasiyaya uğramış mirvarilərdən ibarət olaraq şəlalə şəklində düzəldilmişdir. Paris Ümumdünya Sərgisindən sonra Fuke “Maxim” restoranı ilə üzbəüzdə, 6, Rue Royale ünvanında yeni mağaza açmaq qərarı vermişdir. O, Muxadan mağazanın interyerini dizayn etməyi xahiş etmişdir.[47] Dizaynın mərkəzi elementləri rəngli şüşələrlə bəzədilmiş, tunc və ağacdan hazırlanmış ənənəvi lüks simvolu sayılan iki tovuz quşundan ibarət idi. İnteryerin bir tərəfində çılpaq qadın heykəli ilə əhatə olunmuş gölməçəyə su səpən üç qırqovul quşlu fəvvarə var idi. Salon oyma qəliblər, vitraj pəncərələri, bitki motivləri ilə çəkilmiş nazik sütunlu tavanla bəzədilmişdir. Mağazanın salonu Ar-Nuvo dekorunun zirvəsi idi.[48]

1901-ci ildə mağaza açılanda parislilərin zövqləri artıq dəyişməyə başlamışdı. İnsanlar Ar-Nuvo üslubundan uzaqlaşaraq daha təbii dizayna keçməyə üstünlük vermişdilər. Ona görə 1923-cü ildə mağazanın salonunu söküb ənənəvi dizaynla əvəz etmişlər. Xoşbəxtlikdən, mağaza sahibi orijinal dekorasiyanın çox hissəsini evinin çardağında qoruyub saxlaya bilmişdir. 1914 və 1949-cu illərdə Fukenin varisləri onları Parisdəki “Carnavalet” muzeyinə bağışlamışlar. Həmin salonu bu gün muzeydə görmək mümkündür.[49]

  •  
    Jorj Fukenin zərgərlik salonuna giriş
  •  
    Salonun tavanından bir görüntü
  •  
    Salonun döşəməsindən bir fraqment
  •  
    Salonun interyeri
  •  
    Salonun interyerindən bir fraqment

“Documents Decoratifs” və Muxanın müəllimlik fəaliyyəti

redaktə
 
Alfons Muxanın müəllifi olduğu "Documents Decoratifs" dərsliyinin üz qabığı. 1899-cu il. Praqa, Muxa muzeyi.
 
Alfons Muxanın Kolorassi Akademiyasında tədris etdiyi kursun reklam plakatı

Muxanın növbəti yaradıcılıq layihəsi 1902-ci ildə “Librarie Centrale des Beaux-arts” tərəfindən nəşr edilmiş, “Documents Decoratifs” adlanan kitab, dərs vəsaiti olub. Bu kitabda akvarel təsvirləri olan yetmiş iki ədəd çap lövhəsi yer almışdır. Kitabda bəzək və bəzək əşyalarında çiçək, bitki və təbii formalardan istifadə yolları təqdim olunmuşdur. Muxa yazırdı ki, onun yanına gəlib öyrənmək istəyənlərin sayı çox olduğundan, o isə hamıya vaxt tapa bilmədiyindən, belə bir kitab nəşr etdirmək qərarına gəlmişdir.[50]

"Documents Decoratifs" kitabının davamı kimi 1905-ci ildə Alfons Muxa digər dərsliyini, "Figures Decoratives"i nəşr etdirmişdir. Dərslikdə 40 illüstrasiya təsvir olunmuşdur. Bu kitabın da naşiri “Librarie Centrale des Beaux-arts” (Paris Təsviri İncəsənət Mərkəzi Kitabxanası) olmuşdur.[51]

Təxminən 1900-cü ildə Muxa müəllimlik fəaliyyətinə başlamışdır. O, Parisdə tələbə olduğu Kolorassi Akademiyasında dərs deməyə başlamışdır. Onun tədris kursu kataloqda belə təsvir edilmişdir: “Muxa kursunun məqsədi tələbəyə dekorativ panellərə, pəncərələrə, çini qablara, emallara, mebellərə, zinət əşyalarına, plakatlara və sair əşyalara tətbiq olunan bədii bəzək üçün lazımi biliklər verməkdir”.[52]

"Documents Decoratifs" dərsliyindən götürülmüş bəzi fraqmentlər [53]

redaktə
  •  
    1902-ci ildə nəşr olunmuş "Documents Decoratifs" kitabından fraqment.
  •  
    "Documents Decoratives" dərsliyindən fraqment
  •  
    1902-ci ildə Alfons Muxa tərəfindən nəşr edilmiş dərslikdən fraqment
  •  
    "Documents Decoratifs" dərsliyindən fraqment
  •  
    1902-ci ildə Alfons Muxanın nəşr etdirdiyi "Documents Decoratifs" dərsliyindən bir fraqment

“Le Pater”

redaktə

Muxa teatr və reklam işlərindən xeyli gəlir əldə etmişdir, lakin o, daha ciddi bir işlə, böyük sənətlə məşğul olmaq, filosof kimi tanınmaq istəmişdir. Alfons Muxa dindar katolik olsa da, eyni zamanda, mistisizmlə maraqlanmışdır. 1898-ci ilin yanvarında o, Paris mason lojası “Grand Orient de France”a qatılmışdır.

1900-cü ildə keçirilmiş Paris Ümumdünya Sərgisindən bir müddət əvvəl, o, xatirələrində yazırdı:

  "Mən köhnə işimdən əsl məmnunluq duymadım. Anladım ki, yolumu başqa səmtə, bir az daha yüksəkliklərə salmalıyam. Hətta ən qaranlıq guşələrə nur saça biləcək bir işıq, yol axtarırdım və uzağa getmək lazım deyildi. Pater Noster (Atamız)!Niyə bu sözlərə şəkilli ifadə verməyək?"  

Beləliklə, o, naşir Anri Pyatseyə dua kitabı nəşr etmək təklifi etmişdir. Kitabın quruluşu belə idi - əvvəlcə simvolik ornamentli titul səhifəsi gəlirdi, sonra eyni ornament duanın hər sətirində bir növ variasiya şəklində inkişaf edirdi, bütün sətrlər xəttatlıq şəklində izah edilmiş bir səhifə ilə davam edirdi və hər bir sətrin mənasını təsvir şəklində çatdıran səhifə ilə yekunlaşırdı.

“Le Pater” dua kitabı 1899-cu ilin 20 dekabrında 510 nüsxə ilə çap edilmişdir. Onun 390 nüsxəsi fransız, 120 nüsxəsi çex dilində nəşr olunmuşdur. Orijinal akvarel rəsmləri olan nüsxələr 1900-cu ildə keçirilmiş Paris Ümumdünya Sərgisində Avstriya pavilyonunda nümayiş etdirilmişdir. Alfons Muxa bu rəsmləri özünün şah əsəri hesab etmişdir. O, bu haqda 5 yanvar 1900-cü il tarixində “New York Sun” qəzetində verdiyi müsahibəsində söyləmişdir. Kitabdakı rəsmlərə “can qoyduğunu” söyləmişdir. [54]

  •  
    "Le Pater" dua kitabının üz qabığı.(1899)
  •  
    Alfons Muxanın rənglədiyi "Le Pater" dua kitabından bir səhifə. 1899-cu il.
  •  
    "Le Pater" (Atamız) dua kitabından bir səhifə. 1899-cu il. Rəsmlərin müəllifi: Alfons Muxa.
  •  
    Muxanın 1904-cü ildə Edmond Arokurun ssenarisi əsasında səhnəyə qoyulmuş "La Passion" dini teatr tamaşası üçün çəkdiyi plakat. Bu, rəssamın dini mövzuda işlədiyi ilk plakat olub. Onu çəkdikdən sonra Muxa ABŞ-a köçüb. Bir neçə ildən sonra Parisə qayıtsa da daha plakat çəkməyib.[55]
  •  
    Alfons Muxanın illüstrasiyalarını çəkdiyi "Le Pater (Atamız) dua kitabının 7-ci səhifəsi - "Və bizi sınağa çəkmə, bizi şərdən xilas et"

Amerika səfərləri və evlilik

redaktə
 
ABŞ-da "The New York Daily News" qəzetində 1904-cü ildə Alfons Muxa haqda getmiş məqalə. Praqadakı Muxa muzeyində nümayiş etdirilir.
 
Himayədarı Riçard Çarlz Kreynin qızı Jozefinanın Slavia rolunda rəsmi (1908)

1904-cü ilin martında Muxa ilk dəfə ABŞ-a, Nyu Yorka getmişdir. Onun niyyəti 1900-cü ildə Paris Ümumdünya Sərgisi zamanı ağlına gəldiyi möhtəşəm layihəni, “Slavyan eposu”nu həyata keçirmək üçün maliyyə dəstəyi tapmaq idi.[56] Amerikaya yola düşməmişdən əvvəl baronessa Salomon de Rotşild ona təqdimat məktubu vermişdi. Nyu-Yorka gələndə Alfons Muxanı burada artıq tanıyırdılar, Sara Bernar 1896-cı ildən Amerika turlarına çıxırdı və Muxanın çəkdiyi plakatları, afişaları ABŞ-da geniş nümayiş etdirirdi.

Muxa Nyu-Yorkdakı Mərkəzi Parkın yaxınlığında bir studiya icarəyə götürüb, portretlər çəkmiş, müsahibələr vermiş və mühazirələr söyləmişdir. O, panslavyan təşkilatları ilə əlaqələr qurmuş və tez-tez Nyu-Yorkda təşkil olunan ziyafətlərə getmişdir. Belə ziyafətlərin birində zəngin iş adamı və xeyriyyəçi, panslavyan filantrop Çarlz Riçard Kreynlə tanış olmuşdur. Çarlz Kreyn Muxaya qızının portretini ənənəvi slavyan üslubunda çəkməyi tapşırmışdır. O, Muxanın Slavyan tarixinə dair monumental rəsmlər silsiləsi çəkmək həvəsini bölüşmüş və onun bir nömrəli himayədarı olmuşdur. Muxa sonralar Çexoslovakiya pullarını hazırlayarkən 100 kronluq əskinazın üzərində Slaviya model kimi Kreynin qızının portretindən istifadə edəcəkdi.[57]

O, Nyu-Yorkdan Moraviyaya, ailəsinə yazırdı:[14]

  "Amerikaya gəlmək qərarıma siz çox təəccübləndiniz, bəlkə də heyrətləndiniz, amma əslində mən bir müddət idi ki, bura gəlməyə hazırlaşırdım. Mənə aydın oldu ki, Parisin monotonluğundan uzaqlaşmayana qədər heç vaxt istədiyim şeyi həyata keçirməyə vaxtım olmayacaq, daima nəşriyyatların şıltaqlığı ilə qarşılaşacağam... Amerikada var-dövlət qazanmaq, rahat həyat və ya şan-şöhrət tapmağı düşünmürəm, yalnız daha faydalı iş görmək imkanı əldə etmək istəyirəm."  

Onun Fransada yarımçıq qalmış işləri olduğundan 1904-cü ilin may ayının sonunda Parisə qayıtmışdır. Bütün sifarişləri bitirdikdən sonra, 1905-ci ilin yanvar ayının əvvəlində yenidən Nyu-Yorka qayıtmışdır. 1905-1910-cu illər arasında dörd dəfə Amerikaya səfər etmişdir, hər dəfə beş-altı ay müddətində burada qalmışdır.

Alfons Muxa 1906-cı ilin 10 iyun tarixində Praqada Mariya (Muxa ona Maruşka deyə müraciət edirdi) Xitilova ilə ailə qurmuşdur və onlar birlikdə Nyu-Yorka gəlmişlər. 1909-cu ilə qədər ABŞ-da qalmışlar. Onların ilk övladı olmuşdur. Qızı Yaroslava 1909-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Oğlanları İrji Muxa isə 1915-ci ildə Praqada anadan olmuşdur. [58] Muxa bundan əvvəl Berta de Laland adlı qadınla vətəndaş nigahında yaşamışdır, lakin onlar tez ayrılmışlar və Muxa onu həyatından tam silmişdir, memuarlarında belə adını çəkməmişdir.[59]

Muxanın ABŞ-da əsas gəliri müəllimlikdən olmuşdur. O, beş həftə ərzində Nyu-Yorkda Qadın Tətbiqi Dizayn Məktəbində və Filadelfiya İncəsənət Məktəbində illüstrasiya və dizayn dərsləri demişdir. Həmçinin, Çikaqo İncəsənət İnstitutuna professor kimi qonaq çağrılmışdır. Amerikada ona təklif edilən əksər kommersiya işlərini rədd etmişdir, lakin 1906-cı ildə sabun şirkətinin “Savon Mucha” mağazasının vitrinini və sabun qutularını dizayn etməyə razı olmuşdur. 1908-ci ildə o, Nyu-Yorkdakı Alman Teatrının interyerini bəzəyərək böyük layihə həyata keçirmişdir. "Faciə", "Komediya" və "Həqiqət"i təmsil edən üç böyük alleqorik Ar-Nuvo freskasını hazırlamışdır. Muxa Amerikada teatr dekorasiyası ilə yanaşı, qrafika, səhnə və kostyum dizaynı ilə də məşğul olmuşdur.[60]

Bədii baxımdan onun Amerikaya səfəri uğurlu alınmamışdır, çünki portret janrında rəsmlər çəkmək onun istedadının kiçik bir hissəsi idi. Həmçinin, Nyu-Yorkdakı Alman Teatrı açıldıqdan bir il sonra 1909-cu ildə bağlanmışdır. 1929-cu ildə isə sökülmüşdür. Muxanın çəkdiyi rəsmlər məhv olmuşdur. Onlardan yalnız cızma-qaralar, kiçik etüdlər və fotolar qalmışdır.[61]

Muxa amerikalı aktrisa xanım Lesli Karter (“Amerikalı Sara Bernar” kimi tanınırdı) və Brodvey ulduzu Maude Adams üçün posterlər hazırlamışdır, lakin bunlar bir çox cəhətdən onun Bernar üçün çəkdiyi plakatların təkrarı olmuşdur. Alfons Muxanın Amerikada çəkdiyi ən yaxşı rəsmi himayədarı Çarlz Kreynin qızı Jozefinanın portreti hesab olunur.[57]

Praqaya köçməsi və “Slavyan eposu” (1910-1928)

redaktə
 
1931-ci ildə Alfons Muxa Slavyan bankının sifarişi ilə Müqəddəs Vitt kilsəsi üçün vitraj hazırlamışdır. Burada müqəddəs Kiril və Mefodinin həyatından bəhs edən fraqmentlər yer almışdır. Vitrajın mövzusu Muxanın 1907-ci ildə Slavyan bankı üçün çəkdiyi plakatdan götürülmüşdür.[62].
 
Alfons Muxanın 1911-ci ildə Praqa şəhər administrasiya binasında (Bələdiyyə binasıa (Obecní Dum)) rəsmlər çəkdiyi merin oturduğu otağın tavanı

Parisdə yaşadığı müddətdə Alfons Muxa tarixi rəsmlər çəkmək və Avropanın slavyan xalqlarının nailiyyətlərini göstərmək arzusundan heç vaxt vaz keçməmişdir. O, 1908 və 1909-cu illərdə “Slavyan eposu” planlarını tamamlamış, 1910-cu ilin fevralında amerikalı filantrop Çarlz Kreyn layihəni maliyyələşdirməyə razı olmuşdur.

1909-cu ildə Alfons Muxaya Praqa şəhər administrasiyasının yeni binasının interyerində divar rəsmləri çəkmək təklif olunmuşdur. O vaxt Praqa şəhəri hələ Avstriya İmperiyasının tərkibində idi. Təklifdən sonra Alfons Muxa həyat yoldaşı Mariyaya belə yazırdı:[63]

  "Mən təkcə sənət üçün deyil, həm də bizim slavyan ruhumuz üçün həqiqətən yaxşı bir iş görə biləcəyəm"  

Ona edilən təklif qısa müddətdə böyük mübahisəyə səbəb olmuşdur, çünki Muxa yerli rəssamlara görə əcnəbi, kənardan gəlmə idi və bu işi belə bir adama tapşırmaq çoxlarını hiddətləndirmişdir. Nəticədə, Muxa ancaq meriyanın zalını bəzəmişdir, digər otaqları başqa rəssamlar işləmişlər. Muxa günbəzli tavanda və divarlarda slavyanların əsrlər boyu Avropa tarixinə verdiyi töhfələri və slavyan birliyi mövzusunu əks etdirən qəhrəmanlıq pozalarında atletik fiqurlarla bol olan bir sıra irimiqyaslı freskalar hazırlamışdır. Onun bu işi Parisdə gördüyü işlərlə tamamilə ziddiyyət təşkil etmişdir, daha çox vətənpərvərlik mesajı vermək məqsədi daşımışdır.[64]

Meriyanın Zalı 1911-ci ildə tamamlanmışdır və bundan sonra Alfons Muxa əsas diqqəti ən vacib hesab etdiyi işə, "Slavyan eposu" silsiləsindən rəsmlər çəkməyə yönəltmişdir. Rəsmlərin yarısı çexlərin, yarısı digər slavyan xalqlarının ruslar, polyaklar, serblər, macarlar, bolqarlar, o cümlədən Afon dağının pravoslav monastırları tarixinə həsr olunmuşdur. Ümumilikdə "Slavyan eposu" iyirmi rəsmdən ibarət idi. Rəsmlərin ölçüsü nəhəng idi: 6x8 metr. Onları çəkmək üçün Alfons Muxa 1928-ci ilə qədər Qərbi Bohemiyadakı Zbiroh qalasında bir mənzil və studiya icarəyə götürüb orada qalmışdır.[64]

Layihəni həyata keçirməzdən əvvəl o, Rusiya və Polşadan tutmuş Balkanlara qədər bütün Slavyan ölkələrini gəzmiş, çoxlu eskizlər və fotoşəkillər çəkmişdir. O, rəsmləri çəkməzdən əvvəl səhnələr düzəldir, modellərə kostyumlar geyindirir, onların fotosunu çəkir və kino kameradan istifadə edirmiş. Rəsmlər daha tez qurusun, rənglər daha parlaq və uzunömürlü olsun deyə Muxa yumurta tempera boyasından istifadə etmişdir.[64]

Alfons Muxa 1912-1926-cı illər arasında iyirmi rəsmdən ibarət olan “Slavyan eposu” seriyasını tamamlamışdır. Birinci Dünya Müharibəsi zamanı, Avstriya İmperiyasının Fransa ilə müharibə etdiyi dövrdə, kətan əldə etmək çətin olduğu vaxtlarda belə məhdudiyyətlərə baxmayaraq o, dayanmadan işləmişdir. Muxa işini müharibə başa çatdıqdan sonra, yeni Çexoslovakiya Respublikası yarananda da davam etdirmişdir. O, “Slavyan eposu” üzərində işləməklə yanaşı, hökumət üçün də çalışmışdır. 1918-ci ildə Çexoslovakiyanın pul əskinazlarının dizaynını hazırlamışdır.[54] Həmçinin, yeni yaradılmış ölkə üçün poçt markaları hazırlamışdır. Kommersiya işlərindən əl çəkmiş, lakin arabir xeyriyyə və mədəni tədbirlər, məsələn, Cənub-Qərbi Moraviya İttifaqı Lotereyası və Praqadakı mədəni tədbirlər üçün plakatlar hazırlamışdır.[65]

1928-ci ildə Çexoslovakiyanın 10 illik müstəqilliyi ilə bağlı şəhər administrasiya ilə müqavilə bağlamış və “Slayvan eposu" silsiləsindən olan bütün rəsmləri Praqa şəhərinə bağışlamışdır.

“Slavyan eposu" rəssamın sağlığında iki dəfə, 1919 və 1928-ci illərdə Praqada nümayiş etdirilmişdir. 1928-ci ildən sonra onları büküb anbara qoymuşlar.[64]

1963-cü ildən 2012-ci ilə qədər bu rəsmlər Çexiyanın Cənubi Moraviya bölgəsindəki Moravski Krumlovda yerləşən qəsrdə nümayiş etdirilmişdir. 2012-ci ildə onları Praqada Milli Qalereyada, Veletřní Sarayında nümayiş etdirmişlər.[66] 2021-ci ildə bu rəsmləri nümayiş etdirmək üçün Praqanın mərkəzində başqa yer seçilmişdir. Hazırda həmin yerdə tikinti işləri gedir. 2026-cı ildə tamamlanması planlaşdırılır.[67]

Masonluq fəaliyyəti

redaktə
 
Alfons Muxanın Çexoslovakiya Mason lojası üçün dizayn etdiyi medal. 1920-ci il. Praqadakı Muxa muzeyində nümayiş etdirilir

Alfons Muxa Parisdə yaşadığı dövrdə, 1898-ci ildə Fransa mason lojasına üzv seçilmişdir.[68] 1918-ci ildə Çexoslovakiya dövləti yaradıldıqdan sonra o, ilk çexdilli mason lojasının qurulmasında fəal iştirak etmişdir. 1923-cü ildə o, Çexoslovakiyanın yeni Baş Lojasının Böyük Ustadı, 1930-cu ildə isə Şotlandiya Nizamnaməsinə uyğun olaraq Çexoslovakiya Ali Mason Şurasının Suveren Böyük Komandiri olmuşdur.

Mason simvolizmi Alfons Muxanın rəsmlərində, xüsusən də “Le Pater” kolleksiyasında öz əksini tapmışdır. Onun Çexoslovakiya mason lojası üçün hazırladığı bir neçə medal hazırda Praqada Muxa muzeyində nümayiş etdirilir.

Son illəri və vəfatı

redaktə
 
Alfons Muxanın Praqada, Vışehrad qəbiristanlığında Slavín abidəsində dəfn olunmasına dair xatirə lövhəsi.

Siyasi təlatümlərlə müşahidə olunan 1930-cu illərdə Alfons Muxa yaradıcılığına Çexoslovakiyada az diqqət yetirilmişdir. Bununla belə, 1936-cı ildə Parisdəki “Jeu de Paume” muzeyində onun 139 rəsmi, o cümlədən “Slavyan eposu” seriyasından üç rəsmi uğurla nümayiş etdirilmişdir.[69]

Adolf Hitler və nasist Almaniyası 1930-cu illərdə Çexoslovakiyanı təhdid etməyə başlamışdır. Həmin vaxtı Muxa 1936-cı ildən 1938-ci ilə qədər “Ağıl Əsri”, “Müdriklik Əsri” və “Sevgi Əsri” əsərlərini üzərində işləmişdir, lakin onları tamamlaya bilməmişdir.[70]

15 mart 1939-cu ildə Alman ordusu Praqada qələbə paradı keçirmiş və Hitler Praqa qalasında Böyük Alman Reyxinin keçmiş Çexoslovakiyaya aid olan torpaqlarını - Bohemiya və Moraviyanın protektoratını elan etmişdir. Muxa slavyan millətçisi və mason olduğu üçün hədəfə alınmışdır.[71] Onu həbs etmiş və bir neçə gün dindirib sərbəst buraxmışlar. Həmin vaxt onun səhhəti pisləşmiş, ağ ciyər iltihabına yoluxmuşdur. 1939-cu ilin 14 iyul tarixində böyük rəssam 79 yaşına 10 gün qalmış vəfat etmişdir. Həmin dövrdə Praqada ictimai xarakter daşıyan toplantılar qadağan edilsə də, onun dəfninə xeyli adam gəlmişdir. Alfons Muxanı Çex mədəniyyətinin görkəmli xadimləri üçün ayrılmış Vışehrad qəbiristanlığında, Slavin abidəsində dəfn etmişlər.[72] Muxa mason olduğuna görə onun dəfnində keşiş iştirak etməmişdir, vida nitqini çex rəssamı Maks Svabinski söyləmişdir.[73]

Mirası

redaktə
 
Alfons Muxanın "Květiny" (Güllər) silsiləsindən 1898-ci ildə çəkdiyi panno.

Alfons Muxa incəsənət tarixində daha çox Ar-Nuvo üslubu ilə tanınan rəssam olmuşdur, halbuki, oğlu İrji Muxanın sözlərinə görə atası Ar-Nuvo haqqında yüksək fikirdə olmamışdır.[38]

  "Bu nədir, Ar-Nuvo? İncəsənət heç vaxt yeni ola bilməz"
Alfons Muxa
 

Muxa bu gün böyük şöhrət qazansa da, sağlığında belə Ar-Nuvo üslubu artıq köhnəlmişdi. Rəssamın irsini oğlu İrji Muxa öyrənib tədqiq etmişdir. O, həyatının çox hissəsini atası haqda yazmağa və onun yaradıcılığını araşdırmağa həsr etmişdir. Hazırda bu işi rəssamın nəvəsi Con Muxa həyata keçirir.

Vəfatından sonra Alfons Muxa yaradıcılığına diqqət yetirilməsə də, 1998-ci ildə Praqada açılmış Muxa Museyi rəssama həsr olunmuş yeganə muzeydir. [74]

Dünya şöhrətli tennisçi İvan Lendl Muxa əsərlərindən ibarət ən böyük kolleksiyaya malikdir. O, bu əsərləri rəssamın oğlu İrji Muxa ilə tanış olduqdan sonra toplamağa başlamışdır. Onun kolleksiyası ilk dəfə 2013-cü ildə Praqada ictimaiyyətə nümayiş etdirilmişdir.[75]

5122 nömrəli asteroid Alfons Muxanın adını daşıyır.[76]

Alfons Muxa yaradıcılığı Bakıda

redaktə

2018-ci ilin 16 fevralında Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: Gözəllik axtarışında” adlı sərgisi təşkil edilmişdir. Sərgidə rəssamın nəvəsi Con Muxa iştirak etmişdir. [77]

Sərgidə böyük rəssamın 80-dən çox əl işi nümayiş etdirilmişdir. Onlardan biri 1923-cü ildə çəkdiyi “Dan Ulduzu” və ya "Sibir" adı ilə tanınan rəsm olmuşdur. Rəsmdə Sibir çöllərində qarın üstündə oturmuş, soyuqdan donaraq son dəqiqələrini yaşayan qadın təsvir olunmuşdur. Rəsmin ərsəyə gəlməsində Muxanın həyat yoldaşı Mariya Xitilova model kimi rol oynamışdır. Bunu sübut edən fotoşəkil hazırda Praqadakı Muxa muzeyində nümayiş etdirilir.

Azərbaycanlı mütəxəssislərin dediyinə görə rəsmdə qadının başına örtdüyü şal Azərbaycan kəlağayısıdır. Lakin, rəssamın nəvəsi Con Muxa bu şalın haradan və nə vaxt alınmasına dair onda məlumat olmadığını demişdir.[78]

Sərgi üç ay, 2018-ci ilin 16 may tarixinə kimi davam etmişdir.

  •  
    Muxanın həyat yoldaşı Mariya Xitilova "Ulduz" və ya "Sibir" adlanan rəsmə poza verərkən. 1923-cü il. Foto Praqadakı Muxa muzeyində nümayiş etdirilir.
  •  
    "Dan ulduzu" və ya "Sibir" adlanan rəsmdən bir fraqment
  •  
    Alfons Muxanın 1923-cü ildə çəkdiyi "Ulduz" və ya "Sibir" kimi tanınan rəsmi.

Maraqlı tarixçələri olan plakatlar

redaktə
  •  
    Aptekdə satılan “La Cola des İncas” dərmanının reklamı. İnklərin tayfa başçısını təsvir etmək üçün Muxa əvvəl muzeylərə getmiş, oradakı rəsmlərə baxmış, sonra bu plakatı işləmişdir, lakin kobud səhv etmişdir - ink tayfa başçısı əvəzinə, Meksikanın şərqindəki Yukatan adasında yaşayan mayalıların şəklini çəkmişdir. Xoşbəxtlidən, həmin dövrdə bu dərmanı alanlar arasında inklərlə mayalıları bir-birindən ayırd edən adam olmamışdır. [79]
  •  
    Fransanın cənub-qərbində yerləşən Lüşon kurortunun reklam plakatı. At belində oturmuş kişi şəhərdəki kazinoda oynamağı və termal sularda üzməyi tövsiyyə edir. Plakatda memarlıq abidələrinin təsviri Muxa üslubuna uyğun gəlmədiyindən, həmçinin müəllifin adının göstərilməməsi onu bir müddət Ejen Qrasa aid olduğunu deməyə imkan vermişdir, lakin Reyms kataloqunu diqqətlə araşdırdıqdan, həmçinin rəssamın arxivində onun eskizləri tapıldıqdan sonra dəqiq məlum olmuşdur ki, plakatın müəllifi Alfons Muxadır. [80]
  •  
    "JOB" siqaret firması üçün çəkilmiş, amma tamamlanmamış plakat.Muxa “Job” siqaret firması üçün 3 plakat çəkibmiş. Onlardan ikisi bu gün çox məşhurdur, lakin üçüncünü tamamlaya bilməmişdir. Onun natamam plakat eskizi Muxanın arxivindən tapılmışdır. Hazırda bu plakat Praqada, Milli Qalereyada nümayiş etdirilir. [81]
  •  
    Londonda nəşr olunan “The West End Review” jurnalının reklam plakatı. Plakat tamamlanmamışdır. Səbəbi indiyə kimi məlum deyil. Bu, Muxanın çəkdiyi ən böyük reklam plakatıdır. Onun ölçüsü 307.3 x 218.4 sm-dir. Muxa bu plakatı doqquz litoqrafiya daşının üzərində işləmiş, sonradan onları birləşdirmişdir. [82]
  •  
    Alfons Muxanın Amerikada yaşayan musiqiçi çex dostunun qızı Zdenka Çernının Avropa turu üçün çəkilmiş reklam plakatı. Muxa Çikaqo Unversitetində dərs deyərkən onların evidə qalmışdı. Çernının üç qızı var idi, onların hamısı istedadlı musiqiçi idilər. Muxa biləndə ki, dostunun qızı Zdenka 1914-cü ilin payızında Avropa turuna çıxmağa hazırlaşır, onun üçün hədiyyə olaraq bu plakatı çəkmişdir, lakin Birinci Dünya müharibəsi başladığından tur təxirə salınmış və plakatdan istifadə edilməmişdir. [83]
  •  
    Saçın bərpası və tez uzanması üçün losyon reklamı.Bu plakat rəssamın bacısı Annanın istehsal etdiyi losyonun reklamı üçün çəkilib. Onun təsviri nəinki reklam plakatlarında, həmçinin Annanın biznesdə istifadə etdiyi flakonlarda, zərflərin üstündə və poçt markalarında belə getmişdir. Anna losyonu hər yerdə belə reklam edirdi ki, onun iti maşın altına düşmüşdür və ciddi xəsarət almışdır. Bu losyondan onun yarasına sürtmüş, it tez sağalmış, hətta dərisinə çoxlu tük gəlmişdir. Losyonun sonrakı aqibəti bizə məlum deyil, lakin plakatın təsviri bügünümüzdə də çox məşhurdur. [84]
  •  
    “Təbiət” adlanan bu heykəli Muxa 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sərgisində Avstriya pavilyonunda nümayiş etdirmişdir. O, nadir hallarda qadınları gözübağlı təsvir edirdi. Bu baxımdan heykəl unikal əl işi hesab olunur. Hazırda Yaponiyanın Osaka prefekturasının Sakai şəhər muzeyində nümayiş etdirilir.[85]

Qalereya

redaktə
  •  
    Muxanın 1897-ci ildə Ümumdünya Sərgisi üçün dizayn etdiyi keramik boşqab və 1899-cu ildə "Lefevre-Utile" firması üçün rənglədiyi dəmirdən biskvit qabı. Praqa, Alfons Mucha muzeyi.
  •  
    Alfons Muxaya məxsus kreslo ve yazi masasi. Praqadakı Muxa muzeyində nümayiş etdirilir.
  •  
    "Letem ceskym svetem" (Çex dünyası üzərindən uçuş) fotoalbomu. 1898-ci il. Albomda Bohemiya, Moraviya, Sileziya və Slovakiyaya dair 500 ağ-qara foto yer almışdır. Fotoalbomun illüstrasiyalarını Muxa çəkmişdir. Praqa, Muxa muzeyi.
  •  
    Praqadakı Muxa muzeyində nümayiş etdirilən "Petit Francais illustre" jurnalının 3 nüsxəsi. 1891-ci il.
  •  
    1898-ci ilin 31 dekabrından Muxa "Cocorico" adlanan satirik jurnal üçün bir neçə üz qabığının şəkillərini çəkmişdir. [86] Praqadakı Muxa muzeyində nümmayiş etdirilən həmin jurnalda getmiş litoqrafiya rəsmləri üçün etdiyi bəzi cızma-qaralar.
  •  
    Alfons Muxanın 1920-ci ildə çəkdiyi "Tale" rəsmi. Praqada Muxa muzeyində nümayiş etdirilir.
  •  
    Praqadakı Muxa muzeyinin pəncərələrindən biri. Burada rəssamın 1911-ci ildə çəkdiyi "Hyazint şahzadəsi" plakatı təsvir olunub.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Alfons Maria Mucha (nid.).
  3. ↑ birth registry.
  4. ↑ 1 2 The Fine Art Archive. 2003.
  5. ↑ 1 2 Artists + Artworks (ing.).
  6. ↑ 1 2 3 https://hedendaagsesieraden.nl/2022/11/05/alphonse-mucha/.
  7. ↑ BillionGraves (ing.). 2011.
  8. ↑ Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
  9. ↑ "Mucha, Noted Artist, Dropped First Name; Death Due To Shock Caused By Germans' Seizure Of Prague". The New York Times. 18 July 1939. İstifadə tarixi: 20 April 2008. The artist Mucha—he always signed his work without his given name, which he preferred to ignore—died here ...
  10. ↑ Benezit Dictionary of Artists. — 2006. — ISBN 978-0-19-977378-7, 978-0-19-989991-3. URL: https://www.oxfordartonline.com/benezit/view/10.1093/benz/9780199773787.001.0001/acref-9780199773787-e-00116736
  11. ↑ Victoria Charles; Klaus Carl. 1000 Portraits of Genius. Parkstone International. 2014. səh. 401. ISBN 9781783104017.
  12. ↑ Jean Lahor. Art Nouveau. Parkstone International. 2012. səh. 111. ISBN 9781780427904.
  13. ↑ 1 2 3 Mucha, Jiří. Alfons Mucha (çex) (2nd). Prague: Mladá fronta. 1982. OCLC 9692391. 23-051-82.
  14. ↑ 1 2 Sato, 2015. səh. 7
  15. ↑ 1 2 Sato, 2015. səh. 9
  16. ↑ 1 2 Thiébaut, 2018. səh. 19
  17. ↑ Sato, 2015. səh. 9–10
  18. ↑ 1 2 Sato, 2015. səh. 11
  19. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.26
  20. ↑ Sato, 2015. səh. 12-13
  21. ↑ Thiébaut, 2018. səh. 20
  22. ↑ Thiébaut, 2018. səh. 22
  23. ↑ (fr) Patrick Bade, Mucha
  24. ↑ Thiébaut, 2018. səh. 23
  25. ↑ 1 2 3 Thiébaut, 2018. səh. 24–25
  26. ↑ Sato, 2015. səh. 18
  27. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.121
  28. ↑ Thiébaut, 2018. səh. 43
  29. ↑ Sato, 2015. səh. 22
  30. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.98
  31. ↑ Thiébaut, 2018. səh. 43–44
  32. ↑ Sato, 2015. səh. 21–22
  33. ↑ Sato, 2015. səh. 26
  34. ↑ Thiébaut, 2018. səh. 70
  35. ↑ Tierchant, 2009. səh. 238–240
  36. ↑ Sato, 2015. səh. 26–36
  37. ↑ Thiébaut, 2018. səh. 74–77
  38. ↑ 1 2 Sato, 2015. səh. 43
  39. ↑ Thiébaut, 2018. səh. 97
  40. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.118
  41. ↑ 1 2 Sato, 2015. səh. 46
  42. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.136
  43. ↑ 1 2 Thiébaut, 2018. səh. 86–88
  44. ↑ Sato, 2015. səh. 62
  45. ↑ Sato, 2015. səh. 64
  46. ↑ Bade, Patrick; Charles, Victoria. Alphonse Mucha (English). Parkstone International. 2013. 123. ISBN 9781783100408.
  47. ↑ Thiébaut, 2018. səh. 133–142
  48. ↑ Thiébaut, 2018. səh. 133–134
  49. ↑ Thiébaut, 2018. səh. 134–138
  50. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.186
  51. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.65
  52. ↑ Thiébaut, 2018. səh. 148
  53. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Москва. Арт Родник. 2010.-200c.
  54. ↑ Thiébaut, 2018. səh. 111
  55. ↑ Иван Лендл:Альфонс Муха. Москва. ООО "Магма", 2018.-320с.
  56. ↑ Sato, 2015. səh. 67
  57. ↑ 1 2 Thiébaut, 2018. səh. 159
  58. ↑ Sato, 2015. səh. 68
  59. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.50
  60. ↑ Sato, 2015. səh. 68–71
  61. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.70
  62. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.86
  63. ↑ Sato, 2015. səh. 73
  64. ↑ 1 2 3 4 Sato, 2015. səh. 78
  65. ↑ Thiébaut, 2018. səh. 162–166
  66. ↑ Jiřičná, Klára. "Slav Epic finally on display". 16 May 2012. 29 July 2014 tarixində arxivləşdirilib.
  67. ↑ "Art Nouveau pioneer Alphonse Mucha's Slav Epic finds a home at last—and it's designed by Thomas Heatherwick". 22 January 2021.
  68. ↑ http://www.muchafoundation.org
  69. ↑ Sato, 2015. səh. 90
  70. ↑ https://dzen.ru/a/YZJpqsvvxkhoU8pC
  71. ↑ "Who owns Alphonse Mucha's Slav Epic?". The Economist. 6 December 2016. İstifadə tarixi: 8 December 2016.
  72. ↑ Sato, 2015. səh. 90–91
  73. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.86-87
  74. ↑ https://www.mucha.cz/
  75. ↑ Ivan Lendl: Alphonse Mucha, retrieved 16 July 2014.
  76. ↑ https://www.spacereference.org/asteroid/5122-mucha-1989-az1
  77. ↑ https://heydar-aliyev-foundation.org/az/content/view/59/4593/Heyd%C9%99r-%C6%8Fliyev-Fondunun-vitse-prezidenti-Leyla-%C6%8Fliyeva-%E2%80%9CAlfons-Muxa%3A-g%C3%B6z%C9%99llik-axtar%C4%B1%C5%9F%C4%B1nda%E2%80%9D-adl%C4%B1-s%C9%99rginin-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F-m%C9%99rasimind%C9%99-i%C5%9Ftirak-edib
  78. ↑ https://archive.today/20250707050501/https://vzglyad.az/news/103488/%D0%92-%D0%91%D0%B0%D0%BA%D1%83-%D0%BE%D1%82%D0%BA%D1%80%D1%8B%D0%BB%D0%B0%D1%81%D1%8C-%D0%B2%D1%8B%D1%81%D1%82%D0%B0%D0%B2%D0%BA%D0%B0-%D0%B2%D0%BD%D1%83%D0%BA%D0%B0-%D0%90%D0%BB%D1%8C%D1%84%D0%BE%D0%BD%D1%81%D0%B0-%D0%9C%D1%83%D1%85%D0%B8-%D0%A4%D0%9E%D0%A2%D0%9E.html#selection-847.0-847.45
  79. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.90.
  80. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.106.
  81. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.120.
  82. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.139.
  83. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.280.
  84. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. Стр.295.
  85. ↑ Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018.
  86. ↑ Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Арт Родник. 2010 г. стр.157
  Rəssam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

Ədəbiyyat

redaktə
  • Rogasch, Wilfried, redaktorAlfons Mucha. The Great Masters of Art. Munich: Hirmer Publishers. 2020. ISBN 978-3-7774-3488-9. OCLC 1129022058.
  • Sato, Tomoko. Alphonse Mucha: The Artist as Visionary (ingilis). Cologne: Taschen. 2015. ISBN 978-3-8365-5009-3.
  • Thiébaut, Philippe. Mucha et l'Art Nouveau (fransız). Paris: Éditions du Chêne. 2018. ISBN 978-2-81231-806-1.
  • Tierchant, Hélène. Sarah Bernhardt- Madame Quand même (fransız). Paris: SW Télémaque. 2009. ISBN 978-2-7533-0092-7.
  • Розалинда Ормистон. Альфонс Муха. Лучшие произведения. Москва. Арт Родник. 2010. – 200 с. ISBN 978-5-404-00098-6
  • Иван Лендл: Альфонс Муха. Москва. ООО «Магма», 2018. – 320 с. ISBN 978-5-93428-116-9

Xarici keçidlər

redaktə
  • The Mucha Foundation
  • Mucha Museum in Prague
  • Əsərləri və ya müəllifi olduğu işlər: Alfons Muxa İnternet arxivində
  • Community Website sharing news, articles and individuals' opinions about Mucha's art
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alfons_Muxa&oldid=8242461"
LOVE.AZ