Dranqarnir (far. Drangarnir; hərf. "kekurlar") – Farer adalarında yerləşən iki kekur. Tindholmur və Vaqar adaları arasında yerləşir. Böyük kekur Stori Dranqur (hərf. "böyük kekur"), kiçik kekur Litli Dranqur (hərf. "kiçik kekur") adlanır. Dranqarnir Farer adalarının yeganə hava limanına yaxın bir yerdə yerləşdiyi üçün turistlər tez-tez Stori Dranqurda yerləşən təbii körpünü görməyə gəlirlər.
"Dranqarnir" farer dilindən tərcümədə "kekurlar" deməkdir. Daha çox tanınan və daha böyük olan kekur Stori Dranqur adlanır. Bu ad hərfi tərcümədə "böyük kekur" deməkdir. Nisbətən kiçik kekur Litli Dranqur hərfi tərcümədə "kiçik kekur" deməkdir.[1][2][3]
Dranqarnir Tindholmur və Vaqar adalarının arasında yerləşir və iki kekurdan ibarətdir. Hündürlükləri 70 metr təşkil edir. Nisbətən böyük olan kekur təbii körpü əmələ gətirir.[1]
Dəniz quşları may–sentyabr aylarında Dranqarnirin bazalt kliflərində yuva qurur.[1]
Dranqarnir populyar görməli yerlərdən və hikinq məkanlarından biridir. Bura ancaq qayıqla çatmaq olar. Turistlər Farer adalarının yeganə hava limanı olan Vaqar Hava Limanı yaxınlığında yerləşən Sorvaqur kəndindən yola düşürlər. Farer adalarının qanunvericiliyinə görə onlar bələdçidən istifadə etməlidirlər.[1] Bir çox yerli biznes Dranqarnirə qayıq turları təşkil edir.[2] Dranqarnirə Bour kəndindən də çatmaq olar.[1]
2010-cu ildə buraxılmış "Əjdahanı necə əhliləşdirilməli" animasiya filmində əsas personaj Hıçqırıqın əjdahası Dişsiz ilə təbii körpünün altından uçduğu səhnə üçün Dranqarnirdən ilhamlanıblar. 2025-ci ildə çəkilmiş layv-ekşn remeyk filmində Hıçqırıq və Dişsiz real dünyadakı Dranqarnirdə uçurlar.[4][5][6]