Putinizm və ya Putinçilik — Rusiya prezidenti Vladimir Putin tərəfindən tətbiq edilmiş siyasət üçün istifadə edilən termin. Qərb mediasında Putinizm və Putinist terminləri əsasən Putinin administrasiyası dövründə keçmiş SSRİ-nin və ya müasir Rusiyanın hərbi təhlükəsizlik agentliklərində işləmiş siloviklərin ölkənin siyasi və maliyyə gücünün böyük hissəsinə nəzarət etdiyinə işarə etmək üçün istifadə edilir.[1][2] Bir çox silovikilər[3][4] Putinin şəxsi dostları olmuş və ya əvvəllər FSB, Daxili İşlər Nazirliyi və ordu kimi dövlətin təhlükəsizlik və kəşfiyyat orqanlarında işləmişdirlər.[5][6][7]
Rusiya dövlətinin iqtisadi aktivlərinin "çekistlər tərəfindən ələ keçirilərək" onların aparıcı rus oliqarx qrupuna çevrilməsi və "Rusiya dövlətinin maliyyə, media və inzibati resurslarına nəzarəti ələ alması" prosesinin Putinin yaxın adamları və dostlarından ibarət bir qrup tərəfindən həyata keçirilməsi haqqında iddialar meydana gəlmişdir.[8][9] Bu proses zamanı demokratik azadlıqlar və insan hüquqları da məhdudlaşdırılmışdır. Culi Andersonun sözlərinə görə, Rusiya " FSB dövlətinə" çevrilmişdir.[10][11] Kütləvi depolitizasiya Putinizmin sosial xəttinin mühüm elementi kimi tanınır. Cəmiyyətin ictimai iştirakçılığına süni maneələrin yaradılması ilə siyasət, cəmiyyətin müdaxiləsindən azad olunmuş və tamamilə hakimiyyət başında olanların ixtiyarına verilmiş "saf idarəçiliyə" çevrilmişdir. Putinizmin sosial müqaviləsi insanlara siyasətə qarışmamaq müqabilində iqtisadi inkişaf və şəxsi həyatda əhəmiyyətli azadlıqlar təklif edir.[12]
"Putinizm" termini birinci dəfə Andrey Piontkovskinin 2000-ci il yanvar ayının 11-də "Sovetskaya Rossiya" qəzetində dərc olunmuş və elə həmin gündə"Yabloko" partiyasının saytına əlavə edilmiş məqaləsində istifadə edilmişdir. Piontkovski Putinizmi "Rusiyada fırıldaqçı kapitalizmin ən yüksək və son mərhələsi" kimi təsvir etmişdir. Bu mərhələdə "yarı unudulmuş klassikin" təbirincə deyilərsə, burjuaziya demokratik azadlıqlar və insan haqları bayrağını dənizə atmışdır. Bu, eyni zamanda nifrət yolu ilə milli birliyin təmin edilməsi, ifadə azadlığına və məlumat azadlığına hücumlar, xarici dünyadan təcrid olunma və daha çox iqtisadi tənəzzül kimi elementləri özündə birləşdirən bir müharibədir.[13][14]