Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 və ya 1517[1], Marağa, Şərqi Azərbaycan ostanı və ya Səfəvilər – 1567, Qəhqəhə qalası, Ərdəbil ostanı və ya Səfəvilər) — Şah I İsmayılın üçüncü oğlu olan Səfəvi şahzadəsi və şair. O, Tohfa-ye Sami ("Samın Töhfəsi") adlı əsəri ilə məşhurdur. Bu əsərdə Sam Mirzə özünün müasiri olan şair bioqrafiyalarını yazmışdır.
Əbül Nasir Sultan Sam Mirzə | |
---|---|
![]() | |
1521 – 1529 | |
Əvvəlki | Bəhram Mirzə Səfəvi |
Sonrakı | Bəhram Mirzə Səfəvi |
1532 – 1534 | |
Sonrakı | Bəhram Mirzə Səfəvi |
1549 – 1567 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Surluq yaylağı, Marağa, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Qəhqəhə qalası, Səfəvilər dövləti |
Dəfn yeri | Kəlxuran |
Fəaliyyəti | xəttat, şair |
Atası | Şah İsmayıl Xətai |
Anası | Şah Sultan |
Dini | Şiə İslam |
![]() |
Sam Mirzə hələ azyaşlı ilən Herat hakimi təyin edilmişdir. Azyaşlı şahzadələrin hakimliyə təyin edilməsi Səfəvi imperiyasında geniş yayılmış bir təcrübə idi. Belə təyinatlarda əsas məqsəd onların Qızılbaş əmirlərinin rəhbərliyi altında dövlət idarəetməsində təcrübə qazanmaları idi. Herat hakimliyi zamanı o, şəhərdə bir zamanlar güclü olan və Teymuri hakimiyyətinin mirası olan mədəni nümunələrin təsirinə düşmüşdür. Eyni zamanda onun bu hakimliyi dövrü Qızılbaş əmirlərinin siyasi mübarizələri ilə əhatələnməyi ilə də əlamətdardır.
1534-cü ildə Moğollar tərəfindən idarə edilən Qəndəhar şəhərinə ciddi uğursuzluqla nəticələnən hücumdan və bunun ardınca Buxara xanlığından olan özbəklərin Heratı ələ keçirməsindən sonra Sam Mirzənin siyasi karyerası demək olar ki sonlandı. Onun özünün böyük qardaşı və şahı I Təhmasibdən bu uğursuzluqlar üçün üzr istəməsinə baxmayaraq, heç bir nəticə əldə edilmədi. Siyasi məsələlərdən kənarlaşdırılmasına baxmayaraq, o, hələ də sarayda nüfuzlu şəxslərdən biri idi və bütün bu dövr ərzində özünün əsəri olan Tohfa-ye Samini yazmaqla məşğuldu. Bu əsər onun farsdilli ədəbiyyatla dərin əlaqəsinin, müxtəlif sosial siniflər və yerlər arasında şeiriyyatın yerini göstərmə istəyindən qaynaqlanmışdır. Onun divanı olsa da, sadəcə bir neçə beyti günümüzə qədər gəlib çıxmışdır.
1561/1562-ci ildə o, siyasi qəsddə ittiham edilərək Qəhqəhə qalasına salınmış və 1566/1567-ci ildə meydana gələn zəlzələ zamanı vəfat etmişdir. Özündən sonra sadəcə bir qızı sağ qalmış və İsa xan Gürcü ilə evlənmişdir.
Sam Mirzə 1517-ci ilin 8 sentyabr tarixində İran İraqında dünyaya gəlmişdir. O, Səfəvi sülaləsinin banisi olan I İsmayılın (1501–1524) üçüncü oğludur.[2] Andrew Newmanın iddiasına görə Sam Mirzənin anası gürcü əsilli idi.[3] Theodore Samuel Beers Newmanın bu iddianı səsləndirərkən hansısa qaynağa istinad etmədiyini bildirir və özünün də Sam Mirzənin anasının mənşəyinə qaynaqlarda rast gəlmədiyini əlavə edir. O, Samın anasının Şah İsmayılın kənizlərindən biri olduğunu və hansısa Qızılbaş tayfalarından biri olmadığını güman etdiyini qeyd edir. Beers əlavə edir ki, bu Şah İsmayılın sevimli arvadı olan Taclı Bəyim Mosulludan dünyaya gələn Təhmasib və Bəhram Mirzələrdən fərqli vəziyyət idi. Beers buna əsaslanaraq bildirir ki, Bəhram və Təhmasib doğma qardaş ikən, Əlqas və Sam da qeyri-qızılbaş anadan doğulmuş doğma qardaş idilər. Elə buna görə də, Bəhram Təhmasibin şahlığı dövründə həyatının sonuna qədər yüksək səviyyədə qalsa da, Əlqasın üsyanından sonra Sam Mirzə nüfuzdan düşmüşdü. Hətta Bəhramın oğlu olan İbrahim Mirzə Cahi belə Təhmasibin hakimiyyəti dövründə yüksək nüfuza malik olmağa davam etmiş, onun qızlarından biri ilə evlənmiş, mərkəzi sarayla münaqişəni dəf edərək qeyri-adi hesab ediləcək uzun zaman ərzində Məşhəd hakimi olmağı bacarmışdı.[4]
Bu qadının eyni zamand I İsmayılın bir digər oğlu olan Əlqas Mirzənin də anası olduğu güman edilir. Digər qardaşlar olan I Təhmasib (1524–1576) və Bəhram Mirzənin anaları isə bir başqa qadın idi.[5] Sam Mirzənin adı Şahnamədə Mənüçöhrün sarayında əsas fiqurlardan biri olan, eləcə də Rüstəmin əcdadı olan Samın adından götürülmüşdür.[6][7] Müəllimi isə məşhur alim və şair Abdullah Morvaridin oğlu Məhəmməd Moden olmuşdur.[8]
I Təhmasib, Bəhram Mirzə kimi şəxslərdə olduğu kimi Sam Mirzənin də incəsənət və ədəbiyyatla maraqlanması və öz bədii zövqünü formalaşdırması, yəqin ki, məhz Herat hakimliyi dövrünə təsadüf etmişdir.[9] Sam Mirzənin Heratdakı idarəçiliyi əvvəlcə 1521–1526-cı illərdə Durmuş xan Şamlı, ardınca 1526–1530-cu illərdə Hüseyn xan Şamlı tərəfindən lələ nəzarəti altında həyata keçirilmiş, 1530–1533-cü illərdə isə o, qısa müddətlik Bəhram Mirzə və onun lələsi Qazi xan Təkəli tərəfindən əvəz olunmuşdur. 1533–1536-cı illərdə isə Sam Mirzə yenidən Herat hakimi təyin edilmiş və bu dəfə onun lələsi Ağzivar xan Şamlı olmuşdur.[2][10] Sam Mirzənin hər üç lələsi Şamlı tayfasına mənsub idi. Heratdakı fəaliyyəti dövründə Sam Mirzə, Teymurilər hökmdarı Sultan Hüseyn Bayqaranın (1469–1506) hakimiyyəti zamanı formalaşmış fars mədəniyyətinin qalıqlarını müşahidə etmiş və öz lələlərinin güc mübarizəsinə cəlb olunmuşdur. Rəvayətə görə, Hüseyn xan Şamlı onu I Təhmasibə qarşı taxta namizəd kimi dəstəkləmişdir.[2]
Hökmdar sülaləsinin şahzadələrinin dövlət idarəçiliyi sahəsində erkən yaşlarından təlim-tərbiyə alması ənənəsi I İsmayıl və onun böyük oğlu, eyni zamanda da varisi I Təhmasib dövründə də davam etdirilmişdir. Onlar bunu şahzadələrə vilayətlərin hakimliyini tapşırmaqla və onların üzərinə təcrübəli Qızılbaş əmirlərindən biri olan bir lələnin (tərbiyəçinin) nəzarətini qoymaqla həyata keçirirdilər.[2] Qızılbaşlar türk tayfalarından olan döyüşçülər idilər və Səfəvi ordusunun əsas hərbi qüvvəsini təşkil edirdilər.[11]
1521-ci ildə Şah İsmayıl tərəfindən Herat vilayətinin (müasir Əfqanıstan ərazisində) hakimliyi İbrahim Sultan xan Mosullunun yerinə təyin edilən Sam Mirzəyə verilmişdi.[10] Bu zaman Sam Mirzənin təxminən 4 yaşı var idi və Herat hakimliyinə Durmuş xan Şamlının lələyi ilə təyinat almışdı. Beers Sam Mirzəyə qədər Herat hakimliyində Təhmasib Mirzənin olduğunu və onun lələliyinin də Əmir xan Mosulluda olduğunu bildirir. Sam Mirzənin təyinatından sonra onlar saraya geri çağırılmış, Əmir xanın rütbəsi aşağı salınmış və Div Sultan Şamlı vəliəhd-şahzadə Təhmasibin lələsi təyin edilmişdir.[13]
1524-cü ildə Şah İsmayılın vəfat etməsindən sonra Təhmasib Mirzə şah oldu. Bundan sonra da Səfəvilərin mərkəzi hökuməti Heratdakı vəziyyəti dəyişmə ehtiyacı hiss etmirdilər. Beləliklə, Durmuş xan və Sam Mirzə öz hakimliklərini davam etdirir və zaman-zaman yaşanan özbək hücumları ilə məşğul olurdular. Herat şəhərinin istehkamlarının gücləndirilməsinə xüsusi diqqət ayıran Durmuş xan Şamlı 1526-cı ildə təbii səbəblərdən vəfat etdi və onun yerinə Sam Mirzənin yeni lələsi olaraq onun qardaşı Hüseyn xan Şamlı təyin edildi. Bununla da Sam Mirzə daha çox Şamlı tayfası ilə assosiasiya edilməyə başladı və 1520-ci illərin sonu-1530-cu illərin əvvəllərində Hüseyn xan Şamlının qızı ilə evləndi.[14]
Sam Mirzənin şahzadəliyinin ən önəmli hadisələrindən biri 1528-ci ilin sentyabr ayında baş verdi. Beləki, Təhmasibin rəhbərliyi altında Səfəvilər ordusu Xorasana tez-tez olan özbək hücumlarının qarşısını almaq üçün yürüşə başladılar. Sam Mirzə və qardaşı Əlqas Mirzə də bu yürüşə qatılmışdılar. Baş vermiş Cəm döyüşü nəticəsində qızılbaşlar parlaq qələbə qazandılar. Sam Mirzə döyüşdən sonra yenidən Herat hakimi olaraq təyin edildi və Hüseyn xan Şamlı onun lələsi olaraq qalmağa davam etdi. Lakin bu qələbədən sonra qızılbaş ordusu Xorasanda uzun müddət qala bilmədi. Beləki Bağdadın hakimi Təhmasibə qarşı üsyan başlatdı və onun Osmanlı vassallığını qəbul edəcəyi barədə şayiələr dolanmağa başladı. Buna görə də, Təhmasib bütün ordusu ilə Bağdada yollanaraq şəhəri geri aldı. Bu zaman isə özbək Ubeydullah xan 1529-cu ildə Heratı mühasirəyə aldı. Sam Mirzə və Hüseyn xan Şamlı şəhərin mühasirəsini qıra bilmədikdən sonra onu tərk etdilər.[15]
Heratın itirilməsindən sonra hadisələrin gedişatı qəribə xüsusiyyət almağa başladı. Beləki Sam Mirzə və Hüseyn xan Şamlı sağ qalanlarla birlikdə Təhmasibin yanına getmək əvəzinə Moğol bölgəsi yaxınlığında yerləşən Sistana yönəldilər. Hüseyn xan burada Səfəvi hakimiyyətini bərpa etmə adı altında Şamlı qızılbaşları ilə birlikdə müxtəlif qalalara hücumlar təşkil etməkdə idilər. Martin B Dickson Xorasan şamlılarının bu addımlarını Hüsyen xan ilə Təbrizdə ən güclü qızılbaş olan Çuxa Sultan Təkəli ilə olan düşmənliyi ilə əlaqələndirir. Beləki Hüseyn xan Təhmasibin ən əsas məsləhətçisi halına gəlmiş Çuxa Sultanın Heratın itirilməsindən istifadə edərək onun və tayfasının çöküşünə səbəb ola biləcəyindən qorxurdu. Buna görə də, mərkəzə qayıtmasını mümkün olduğu qədər gecikdirməyə çalışırdı.[16][17]
Ənənəvi olduğu kimi Təhmasib ordusu ilə birlikdə Herata gəldi və qısamüddətli toqquşmadan sonra şəhəri geri aldı. Bu zaman Sam Mirzə və Xorasan şamlıları cənubda yağmalamalarla məşğul idilər. Buna görə də Herata hakim təyin etmək lazım idi. Təhmasib bu vəzifəyə özünün ən kiçik qardaşı olan Bəhram Mirzəni seçdi. Bəhram Mirzənin lələsi olaraq isə Çuxa Sultan ilə eyni Təkəli tayfasından olan Qazi xan Təkəli təyin edildi. Hüseyn xan isə tayfasından olan qızılbaşlarla birlikdə nəhayət 1531-ci ildə İsfahanda yaylaqda olan şah ordusu düşərgəsinə qatıldı. Elə həmin ilin iyununda Şamlı və Təkəli tayfası arasında olan düşmənçilik toqquşmaya keçdi. Şamlılar Təkəli tayfasına hücum etdilər. Hücum zamanı Çuxa Sultan öldürüldü. Lakin Hüseyn xan və Şamlı tayfasından olanlarda Şiraz istiqamətində qaçmağa məcbur oldular. Digər tayfaların rəhbərləri isə vəziyyəti tamamilə dəyişdirmək üçün uyğun məqamın yetişdiyini hiss etdilər. Beləliklə, Təkəli tayfasına qarşı ümumi bir qırğın başladıldı. Bir müddət sonra Şamlı tayfası yenidən saraya dəvət edildilər və Hüseyn xan Şamlı I Təhmasibin ən güclü əmirinə çevrildi. 1531-ci ildə baş vermiş bu hadisə çox zaman "Təkəli fəlakəti" adlandırılmaqdadır.[18]
1534-cü ildə Hüseyn xan Şamlı I Təhmasib tərəfindən edam edildi. Bu hadisə gənc Təhmasibin bütün idarəetməni öz əlinə almasının siqnalı kimi qəbul edilir. Hüseyn xan Şamlı qətlə yetirildikdən sonra Sam Mirzə itaətsizliyə sövq olundu və Buxara xanlığından olan özbəklərə qarşı Heratı müdafiə etmək üçün ona təhkim edilmiş qızılbaş qoşunlarından istifadə etdi. Belə ki, Osmanlı sultanı Süleymanın Səfəvi imperiyasına hücumu başladığı zaman I Təhmasib onunla döyüş hazırlıqlarına başladı. Təhmasib bu zaman Heratda olan Qızılbaşların sədaqətindən şübhələndiyi üçün onları geridə buraxmağı daha uyğun bildi. Bu zaman Şamlı tayfasından olan bir başqa sərkərdə Hüseyn xan Şamlının edam edilməsi xəbəri Xorasana çatdı. Bununla da üsyan başladı. Bu xəbər Osmanlı sultanına qatılaraq Səfəvi imperiyasına yürüş etməyə təşviq edən Üləma xan Təkəli və daha sonra da Qazi xan Təkəli üsyan barədə məlumat Süleymanın düşərgəsinə çatdırıldı. Qazi xan Təkəlinin Süleymana Təhmasib taxtdan endirildiyi halda Sam Mirzənin onun yerinə şah edilməsi fikrini təlqin etdiyi bildirilməkdədir. Qazı xan Təkəlinin Sam Mirzə ilə əlaqəsinin olduğu bilinməkdə idi. Bundan sonra Süleyman düşərgəsində Sam Mirzənin onun mənəvi oğlu olduğunu və Qızılüzən çayından o tərəfə olan torpaqların hakimi təyin edildiyini bildirdi. Bu zaman 18 yaşında olan Sam Mirzənin belə bir istəyinin olub-olmaması və ya Şamlı Qızılbaşlarının əlində kukla hökmdar olmağı qəbul edib-etməməsi bəlli deyil. Hər bir halda real olaraq qərb bölgələrində Qızılbaş xəyənatçilərlə Osmanlı ordusu arasında real əlaqənin olub-olmamasından asılı olmayaraq, effektiv bir kordinasiyanın əldə edilmədiyi dəqiqdir.[19] Üsyanın gedişatı zamanı üsyançılar qərbə getməyərək, şərqə yönəldilər. Bu yürüş nəticəsində Moğolların əlində olan Qəndəhar şəhəri mühasirəyə alındı. 8 aylıq mühasirədən sonra moğol şahzadəsi Kamran tərəfindən müdafiə edilən Qəndəharı ələ keçirmək mümkün olmadı. Ağzıvar xan ələ keçirildi və öldürüldü. Şahın göstərişlərini nəzərə almadan həyata keçirilən bu yürüş Qızılbaş ordusu üçün fəlakətlə nəticələndi.[2][20][19] Sam Mirzə Sistandan keçərək Təbas istiqamətində qaçmağa məcbur oldu və bununla da Herat müdafiəsiz qaldı. Nəticədə, özbəklər şəhəri ələ keçirərək on dörd ay davam edən qəddar bir idarəçilik tətbiq etdilər.[2] Xorasanın Təbas məntəqəsinə gəldikdən sonra Şamlı əmirlərinin bir hissəsini edam etdirən və başlarını şaha göndərərək üzr istəyən Sam Mirzə I Təhmasibə itaət etdiyini bildirdi. Şah isə bunun cavabında ona andlı zəmanət verən məktub göndərdi. Bundan sonra şahzadə və digərləri Şahqulu Xəlifə Zülqədər tərəfindən saraya aparıldı. Sam Mirzə ilə sarayda nəzakətlə davranıldı və hərəmə göndərildi. Təhmasibin əmri ilə şahzadə hər zaman bütün Qızılbaş tayfalarından toplanmış 30 qorçu ilə birlikdə hərəkət etməli idi. Bunun səbəbi hansısa tayfadan qaynaqlana biləcək sui-qəsd ehtimalını minimuma endirilməsi idi. Sam Mirzə üçün ərzaq və geyim belə şah sarayından göndərilməkdə idi.[19] Əlavə olaraq Təhmasib bütün Xorasanı özbəklərdən almaqla birlikdə, Qəndəhara yürüş edərək oranı da ələ keçirməyi bacardı.[21]
Heratın müvəqqəti hakimi kimi Xəlifə Sultan Şamlı təyin edildi.[10] 1537-ci ilə gəldikdə, öz daxili və xarici düşmənlərinin hücumlarını dəf edən I Təhmasibin birbaşa müdaxiləsi sayəsində Herat geri alındı və şəhərdə asayiş bərpa olundu. Sam Mirzə üzr istəsə də, bu hadisə onun siyasi karyerasını sona çatdırdı.[2] 1537-ci ildən etibarən Sam Mirzə imperial ordu düşərgəsində yaşamağa məcbur edildi. 1540-cı illərin ikinci yarısında Sam Mirzənin doğma qardaşı və Şirvan bəylərbəyi Əlqas Mirzə Təhmasibə qarşı üsyan qaldırdı. Dərbənddə öz adına sikkı zərb etdirən və xütbə oxutduran Əlqas Mirzə Təhmasibin ordusuna məğlub olaraq İstanbula gedib Osmanlı sultanına sığındı. Əlqas Süleymanı Səfəvi imperiyasına yürüş etməyə təşviq edir və qızılbaşların Təhmasibə qarşı üsyana başlayacağını bildirirdi. Nəticədə Süleyman Təbrizi ələ keçirsə də, Təhmasibin yandırılmış torpaq siyasəti nəticəsində tez bir zamanda geri çəkilməyə məcbur oldu. Əlqas Süleymandan yeni bir yürüş üçün kiçik bir ordu istəsə də, bu da uğursuz oldu. Bağdaddan Səfəvi torpağına daxil olan Əlqas Həmədan, Kaşan kimi yerləri yağmalaya bilsə də, yürüşünün sonu uğursuz oldu. Qızılbaşlar onu məğlub etdilər və 1549-cu ildə ordusunun çoxu onu tərk etdi. Bəhram Mirzənin rəhbərliyindəki ordu Əlqas Mirzəni ələ keçirdi və Qəhqəhə qalasına salınan Əlqas 1550-ci ildə öldürüldü.[22][23]
Bu baş verən hadisələri Əlqasla doğma qardaş olan Sam Mirzəni də narahat etdiyi bəllidir. Əfzal əl-Təvarix əsərində bildirilir ki, bu hadisələr Sam Mirzənin Səfəvi sarayı daxilindəki statusu barədə əvvəllər olmayan qədər narahatlıq keçirməsinə yol açmışdı. Qazi Əhməd Qumi isə bildirir ki, Sam Mirzə Təhmasibə sadəcə artıq mövcud şəraitdə qala bilmədiyini, yəni nəzarət altında yaşaya bilmədiyini demişdir. Bundan sonra isə I Təhmasib ona Səfəvi sülaləsinin doğma bölgəsi olan Ərdəbildə məskunlaşmağa icazə verdi. O, Ərdəbil hakimi və ailə türbəsi olan Şeyx Səfi məqbərəsinin mütəvəllisi təyin edildi.[23]
Bununla belə, Sam Mirzə sarayda hörmətli fiqur olaraq qalmaqda davam etdi. Buna baxmayaraq, o, siyasi baxımdan önəmli bir rol oynamırdı. Cəngavərlik xüsusiyyətlərinə sahib olan Sam Mirzə 1544-cü ildə Moğol imperatoru Hümayunun dövlət səfəri zamanı hunar numudan adlı cəngavərlik sənətində üstün bacarığını nümayiş etdirdi. Ədəbiyyata sıx bağlı olduğu bildirilən Sam Mirzə, ən geci 1550-ci ildən başlayaraq "Töhfeyi-Sami" adlı əsərini yazmağa başlamış və 1560/61-ci ildə tamamlamışdır.[24][2] Katib və tarixçi Əhməd Qəffari Qəzvini bu dövrdə Sam Mirzənin xidmətində olmuş, 1552-ci ildə "Tarixi-nəgarəstan" adlı ümumdünya tarixini qələmə almışdır.[25]
Sam Mirzənin oğlu Rüstəm Mirzə Səfəvi sülaləsinin Ərdəbildə məskunlaşan tirəsi olan Şeyxavənd ailəsindən olan qız ilə evlənmişdi. Şeyxavəndlər ənənəvi olaraq Ərdəbildəki ən güclü ailə hesab edilirdilər. Rüstəm Mirzənin ölümündən sonra güman edilir ki, Sam Mirzənin bu ailə olan münasibətləri də sürətlə pisləşmişdir. Beers güman edir ki, əslində Samın Ərdəbildəki hakimliyi nominal xarakte rdaşımışdır və əsl işlər əvvəllər olduğu kimi Şeyxavənd ailəsinin əlində qalmışdır. Beləki bu ailənin rəhbəri olan Məsum bəy Şeyxavənd bu zaman Təhmasibin ən yaxın əmirlərindən idi. Sam Mirzə 1557-ci ildə Xorasanda oğlunun məzarını ziyarət edib geri dönərkən Qəzvində dayanmış və qardaşı Təhmasib ilə qısa, səmimi bir görüş keçirmişdi. Lakin onilliyin sonlarına yaxın Şeyxavənd ailəsi ilə münasibətləri getdikcə daha gərgin bir hal almışdı. Əgər Qazi Əhmədin yazdıqları doğru sayılarsa, Sam Mirzə təvazökar və fəzilətli bir həyat tərzini üstün tutur, Ərdəbilin nüfuzlu şəxslərini dini baxımdan qeyri-qanuni sayılan fəaliyyətlərdən (nā-maşrūʿāt) çəkindirməyə çalışırdı. Beers güman edir ki, bu Şah Təhmasibin özünün də əleyhinə olduğu tamğavat (uyğunsuz vergilər) məsələsi ilə əlaqəli ola bilər. Hər bir halda, 1560-cı ildən etibarən Sam Mirzənin vəziyyəti artıq gərginlikdən təhlükəli olmağa doğru təkamül etdi. Beləki həmin il Şah Təhmasib ağır xəstələnmişdi və sağaldıqdan sonra Sam Mirzənin şahın ölümünü gözləyərək Qəzvinə doğru yola çıxdığı barədə bir şayiə yayılmışdı. Şayiəyə görə, Sam Mirzə paytaxta yaxınlaşanda şahın sağaldığı xəbəri ona çatmış və o da Ərdəbilə geri dönmüşdü. Əfüştəhi Nətənziyə aid Nəqavat əl-əsar adlı əsər bu şayiəni fakt kimi təqdim edir və bunu Sultan Məhəmməd Xudabəndənin 1577-ci ildə II İsmayılın ölümünə inanmaq istəmədiyinə dair rəvayətlə əlaqələndirir. Lakin Xülasət ət-təvarixdəki izah daha ətraflı və inandırıcı görünür. Qazi Əhməd yazır ki, bu yalan şayiəni Ərdəbildə Sam Mirzə ilə münaqişəyə girən Şeyxavəndlərdən biri yaymışdı. Lakin Şah Təhmasibin yanında Sam Mirzənin müdafiəsinə şəxsən yenə Şeyxavəndlərdən Məsum Bəy çıxmışdı. Məsum bəy şahı inandırmağa çalışmışdı ki, Sam Mirzə Ərdəbildən kənara bir addım atsaydı, bu, dərhal saraya bildirilməli idi. Bu da bir daha Sam Mirzənin səlahiyyətlərinin məhdud olduğunu göstərir.[26]
Sam Mirzə hesab edirdi ki, Ərdəbildəki mövqeyi artıq davam etdirilə bilməzdi və növbəti dəfə Qəzvinə səfərini bəhanə edərək Məşhədə köçürülməyi xahiş etməyə qərar verdi. Bu fürsət 1562-ci ilin əvvəlində, Şah Təhmasibin çox sevdiyi bacısı Şahzadə Sultanumun (digər adı ilə Mahin Banu) vəfatından sonra ortaya çıxdı. Ailə üzvləri anım mərasimləri üçün saraya çağırılmışdı və Sam Mirzə bu məqamdan istifadə edərək öz vəziyyətini izah etməyə çalışdı, xüsusilə də Ərdəbilə qayıtmaq istəmədiyini vurğuladı. Qazi Əhmədin bildirdiyinə görə, Şah Təhmasib əvvəlcə qardaşının istəyini yerinə yetirməyə hazır idi, lakin məsləhətçiləri onu Sam Mirzənin Xorasan bölgəsində yaşamasının düzgün olmayacağına inandırdılar. Beləliklə, Sam Mirzə iki yeniyetmə oğlu ilə birlikdə Qəhqəhə qalasına göndərildi. Onlar bu qalada altı il məhbus həyatı yaşadılar.[27]
Həmin dövrdə Qəhqəhə qalasında həbsdə saxlanılan altı Səfəvi şahzadəsinin adı məlumdur: Sam Mirzə və onun iki oğlu; Əlqas Mirzənin sağ qalan iki oğlu; və 1557-ci ildən etibarən artıq orada saxlanılan Təhmasibin öz oğlu İsmayıl Mirzə. Məhbuslara bir-birilə ünsiyyət qadağan edilmişdı. Ən azından İsmayılın digərlərindən ayrı saxlandığı dəqiqdir. Mühafizəçilərin əsas narahatlıqlarından biri, Şah Təhmasibin oğlunun yazı yaza biləcəyi boş kağızlara çıxışının qarşısını almaq idi. Xülasət ət-təvarixə görə, İsmayılın kitablarının kənar səhifələri kəsilmişdi ki, o, ora qeydlər yaza bilməsin. Lakin buna baxmayaraq, Sam Mirzə gələcəyini müəyyən edəcək bir səhv edərək qardaşı oğluna məktub göndərməyə nail olmuşdu. Görünür, bu məktub qəsidə formasında yazılmışdı və burada Sam Mirzə, İsmayıl taxta çıxdığı təqdirdə, onun tərəfindən Təhmasibin etdiklərindən daha yaxşı rəftar görəcəyinə ümid etdiyini ifadə edirdi. Bir müddət sonra, 1567-ci ildə Qahqaha qalasının rəisi İsmayıl Mirzənin hücrəsinə baxış keçirmiş, onun bütün yazılarını toplayıb möhürləyərək Qəzvinə göndərmişdi. Qaynaqlara görə, Şah Təhmasib Sam Mirzənin bu qəsidəsini oxuduqda qohumlarının belə gizli fəaliyyətlərinə qəzəblənmişdi. Bu hadisə ilə bağlı salnamələrdə adı yalnız bu kontekstdə çəkilən bir şəxs olan Məhəmməd Bəy Qoyunçuoğlu bir qrup silahlı qorçu ilə birlikdə saraya çağırıldı. Şah ona Qəhqəhədə beş düşməninin olduğunu və onlara qarşı tədbir görülməli olduğunu bildirdi. Qalanın rəisinə göndərilən əmrdə deyilirdi ki, Məhəmməd bəy və adamları şahın xüsusi tapşırığı ilə gəlirlər və İsmayıl Mirzə istisna olmaqla, bütün digər şahzadələr qalada bir yerə yığılmalıdır. Beləliklə, beş şahzadə bir yerdə toplanaraq edam edildi. Qazi Əhməd yazır ki, əvvəlcə onları zəhərləmək planlaşdırılmışdı, lakin məhbuslar bu barədə şübhələndiklərinə görə bu plan baş tutmamışdı. Buna görə də icraçılar hücrələrə daxil olaraq edamı əllə həyata keçirmişdilər. Rəvayətə görə, Sam Mirzə əvvəlcə oğullarının və qardaşı oğullarının ölümünü izləmiş, daha sonra boğularaq öldürülmüşdü. İsmayıl Mirzəyə isə toxunulmamışdı; o, Qəhqəhə qalasında demək olar ki, daha bir on il keçirmişdi.[2][28]
Lakin bu hadisənin detallarını müəyyən etmək mümkün deyil. Qazi Əhməd bildirdiyi bu məlumatların təfərrüatlarına toxunan başqa bir mənbə yoxdur. Bundan əlavə, Xülasət ət-təvarix Sam Mirzənin ölümündən sonrakı hadisələri təsvir edərkən, vəziyyət daha da mübahisəli hal alır. Qazi Əhmədin yazdığına görə, edam edilən şahzadələr əvvəlcə qalada dəfn olunmuş, daha sonra isə onların nəşləri Ərdəbil yaxınlığındakı Kalxuran kəndinə köçürülmüşdü. Onların ölüm xəbəri saraya çatdıqda baş verənlərlə bağlı iki müxtəlif məlumat mövcuddur. Birincisinə görə, Şah Təhmasib bəyan etmişdi ki, silahlı bir dəstə onun xəbəri və icazəsi olmadan Qəhqəhə qalasına gedərək qardaşını və qardaşı oğullarını qətlə yetirmişdir. İkinci məlumata əsasən isə şah elan etmişdi ki, qalada baş verən zəlzələ nəticəsində İsmayıl Mirzə istisna olmaqla, bütün şahzadələr həlak olmuşdur. Qazi Əhməd Təhmasibin bu ikinci açıqlamasının gerçəyə daha yaxın olduğunu iddia edir.[29] Beers Sam Mirzənin ölümü barədə ümumiləşdirici olaraq bunları qeyd etmişdir:
Əslində, zəlzələ hekayəsi barədə məlumatı biz Takmilat əl-əxbār əsərində tapırıq. Bu salnamə 978/1570-ci ildə tamamlanmış və müəllifi Əbdi bəy Şirazidir. Əbdi bəy həmçinin, Sam Mirzənin 975/1567-ci ildə vəfat etdiyini təsdiqləyir və bu tarixə dair bir xronoqram da təqdim edir. Görünür, qarşımızda bir növ "Səfəvi cinayət sirri" dayanır: bir neçə şahzadənin gizli şəkildə edamı; bir neçə il sonra saray tapşırığı ilə qələmə alınmış salnamədə bu hadisənin üstünü örtmək məqsədilə uydurulmuş örtücü bir hekayə; və gerçək hadisənin yalnız çox az sayda əsərdə — I Təhmasibin ölümündən sonra, lakin Səfəvi tarixçiliyinin I Şah Abbas dövründə bərqərar olmasından əvvəl — qorunub saxlanmış "həqiqi bir rəvayət" kimi yaşaması.
Burada Cavahir əl-Əxbar əsərindən də bir parçanı qeyd etmək yerinə düşər. Budaq Münşi Qəzvini bu əsəri II İsmayılın qısa hakimiyyəti dövründə, 984/1576–77-ci illərdə qələmə almış və burada Sam Mirzə ilə Əlqas Mirzənin oğlunun qatili kimi Məhəmməd bəy Qoyunçuoğlunu göstərmişdir. Onun məlumatına görə, bu şəxs yaxın zamanda yaxalanaraq həbs olunmuşdu. Görünən odur ki, bu işdə ədalət yalnız Təhmasibin vəfatından sonra bərpa edilə bilmişdi.
Əlimizdəki mənbələr bizə ən azı bu qədərini deməyə əsas verir: Sam Mirzə 975/1567-ci ildə Qəhqəhə qalasında vəfat etmişdir; o, oğulları və qardaşı oğulları ilə birlikdə Şah I Təhmasibin əmri ilə konkret bir şəxs tərəfindən qətlə yetirilmişdir. Eyni zamanda güclü əsaslarla ehtimal edə bilərik ki, saray bu hadisənin gerçək məğzinin tarixi qeydlərdən kənarda saxlanması üçün çalışmış, şahzadələrin guya zəlzələ nəticəsində həlak olduqları haqqında bir hekayə yaymış və salnaməçiləri (birbaşa və ya dolayı yollarla) bu məsələyə toxunmamağa vadar etmişdir.
"Sami" təxəllüsü ilə şeirlər yazan Sam Mirzə, dövrünün şairlərinin tərcümeyi-hallarını əhatə edən Töhfeyi-Sami əsəri ilə tanınır. Bu əsər onun farsdilli poeziya və şairlər ilə geniş şəkildə məşğul olduğunu nümayiş etdirir.[2] Əsər, Əlişir Nəvainin Məcalisün-Nəfais ("Dəyərli Məclislər") adlı oxşar əsərindən ilham almış[30] və Dövlətsah Səmərqəndinin Təzkirətüş-şüəra ("Şairlərin Təzkirəsi") əsərinin üslubunda yazılmışdır.[31] Töhfeyi-Sami I İsmayıl dövründən bəri tanınmış 714 şairin qısa tərcümeyi-halını ehtiva edir. Bu qeydlərdə ad, mənşə, fəaliyyət yeri, vəzifələr, təhsil və bədii bacarıqlar kimi müxtəlif məqamlar qeyd edilir. Lakin məlumatlar çox zaman əhatəli deyil; bəzi hallarda şairlərin əsərləri və ya sevdiyi üslublar barədə məlumat verilməyib və bəzən titullar da göstərilmir.[2] Sam Mirzə giriş hissəsində şairlərə heyranlığını bildirərək onların keçmişin məşhur şairlərini – Əmir Xosrov, Sədi Şirazi, Ənvəri və Firdovsini – geridə qoyduğunu iddia edir.[24]
Birinci fəsil dövrün hökmdarlarına həsr edilmişdir; burada I İsmayıl və ailəsi ilə yanaşı, Herat uğrunda Sam Mirzə ilə mübarizə aparmış özbək hökmdarı Ubeydullah xan kimi düşmənlər də yer alır. İkinci fəsil İslam peyğəmbəri Məhəmmədin nəsli və şiə ruhanilərinə həsr olunub. Üçüncü fəsil vəzirləri və katib sinfindən olan yüksəkvəzifəli məmurları əhatə edir. Dördüncü fəsil bəzən şeir yazan nüfuzlu şəxslərə həsr olunmuşdur. Beşinci fəsil əsas şeir fiqurlarını – əvvəlcə ən məşhurlarını, sonra isə ikinci dərəcəli olanları təqdim edir. Altıncı fəsil farsca yazan türk dilli şairlərə həsr edilib. Yeddinci fəsil isə zəif şairlər (poetasterlər) barədədir.[2] Beers bu əsəri belə təvir edir:[32]
Sam Mirzənin yazdığı təzkirə təxminən yeddi yüz bioqrafik qeyd (əlyazmalar arasında say fərqli ola bilər) ehtiva edir və yeddi fəsilə bölünür. Onun quruluş prinsipi enən ictimai iyerarxiyaya əsaslanır. Birinci fəsil bir neçə sülalənin şah və şahzadələrinin poetik fəaliyyətinə həsr olunmuşdur; ikinci fəsil seyyidlərə və dini alimlərə (ülamāʾ) aiddir; üçüncü (və ya dördüncü) fəsil vəzirlərə (vüzərāʾ) və digər qələm əhlinə (arbāb-i qələm) ayrılmışdır; dördüncü (və ya üçüncü) fəsil isə şeir yazmış müxtəlif nüfuzlu şəxsləri əhatə edir; beşinci və açıq fərqlə ən böyük fəsil "əsl şairlərə" (şuʿarāʾ) həsr olunmuşdur; altıncı fəsil türkcə (etnik baxımdan türk) şairləri əhatə edir; yeddinci və sonuncu fəsil isə "digər sadə camaatın" (sāʾir-i ʿavāmm) içində şeir yazanlara ayrılmışdır. Bu cür təzkirələrdə bəzi şəxslər məşhur, bəziləri isə tamamilə tanınmamış olduğundan, haqlarında yazılan qeydlərin uzunluğu da dəyişkəndir. Məsələn, ʿAbd al-Rahmān Cami (898/1492-də vəfat etmiş) kimi mühüm bir şairə müasir çap nəşrində on səhifəyə qədər yer ayrıla bilərsə, yeddinci fəslin bir çox fiqurları sadəcə bir neçə sətrlə qeyd olunur. Bununla belə, ümumən vurğulanmalıdır ki, Töhfət üs-Sami farsdilli təzkirələr arasında "yer baxımından ən səmərəli istifadə olunmuş" əsərlərdən biridir – yəni müvafiq olaraq kiçik həcmli bir əsərdə yüzlərlə şəxsə dair qeyd yerləşdirilmişdir. Bu təzkirənin diqqətəlayiq digər bir xüsusiyyəti onun müasir və yaxın dövr şəxsiyyətlərinə fokuslanmasıdır. Sam Mirzə əsərində Teymurilər dövrünün son onilliklərindən əvvəl vəfat etmiş heç bir şəxsə dair qeyd verməmişdir.
Təzkirədə iki element müntəzəm şəkildə yer alır: şairin mənşəyi və bir beyt nümunəsi. Bu nümunələr adətən yalnız bir misra, çox vaxt qəzəlin ilk beyti (məṭla‘) ilə məhdudlaşır. Sam Mirzə fars poeziyasını yalnız bir bölgəyə məxsus görmək əvəzinə, onun yayıldığı bütün məkanların təsiri ilə formalaşan bir irs kimi təqdim edərək fars poeziyasının əsl mahiyyətini göstərməyə çalışır. O, sadə zəhmətkeşlərdən tutmuş yüksək təbəqəyə qədər poeziyanın müxtəlif ictimai təbəqələrə yayılmasına xüsusi maraq göstərir. Xüsusilə ticarət və sənətkarlıq kimi sadə peşələr diqqətini çəkir.[2]
Sam Mirzənin həmçinin bir divan (şeirlər toplusu) yazdığı qeyd olunur, lakin bu əsər dövrümüzədək gəlib çatmayıb. İran azərbaycanlısı ziyalı Məhəmməd Əli Tərbiyyətin bildirdiyinə görə, divan 6.000 beyt ehtiva etmişdir. O, əl yazmasını görərək bir qəzəlin beytini sitat gətirmişdir. Töhfeyi-Samidə də bəzi şeirlərindən nümunələr verilmişdir.[2] Sam Mirzə, ehtimal ki, həm şair, həm də rəssam olan qardaşı oğlu İbrahim Mirzə üçün bir nümunə olmuşdur.[33]
Ssm Mirzə Hüseyn xan Şamlının qızı ilə evlənmişdi.[35] Onun Rüstam Mirzə adlı bir oğlu var idi və bu oğul Şeyxavənd ailəsinin bir üzvü ilə evlənmişdi. Lakin Rüstəm Mirzə hələ gənc yaşlarında, 1554-cü ilin yazında çiçək xəstəliyindən vəfat etmişdir.[36] Beləki 1554-cü ildə qaynaqlarda bildirildiyinə görə Sam Mirzə 16 yaşlı oğlu Rüstəm Mirzə üçün 6 ay toy etmişdir. Gəlinin yeni evinə köçməsindən qısa müddət sonra Rüstəm Mirzə xəstələnmiş və ölmüşdür. Bu Sam Mirzə üçün önəmli emosional çöküşə yol açmışdı. Beers Rüstəm Mrzənin ölümünün Sam Mirzə üçün təkcə emosional nəticələrinin olmadığını güman etməkdədir:[37]
Bu, təbii ki, Sam Mirzə üçün emosional baxımdan faciəvi bir hadisə idi, lakin eyni zamanda onun Ərdəbildəki siyasi perspektivlərinə də zərər vurmuş ola bilər. Qazi Əhməd Quminin verdiyi məlumata görə, Rüstəm Mirzənin həyat yoldaşı Səfəvi nəslinin nüfuzlu Şeyxavənd qolu ilə bağlı idi. Həmin dövrdə Şeyxavəndlərə, Şah Təhmasibin ən yaxın məsləhətçilərindən biri olan və əvvəllər Səfəvi türbəsinin idarəsini əlində saxlayan Məsum bəy (ö. 977/1570) rəhbərlik edirdi. (Aşağıda da qeyd olunacağı kimi, həmin illərdə Səm Mirzənin gerçəkdə nə dərəcədə səlahiyyət sahibi olduğu sual altındadır. Ola bilər ki, o, Ərdəbildə sadəcə formal bir fiqur olmuş, əslində isə vəzifəli şəxslər öz hesabatlarını Məsum Bəyə və onun qohumlarına təqdim etmişlər.) Şeyxavəndlərlə qurulacaq qohumluq münasibətləri Səm Mirzəyə Ərdəbildə daha sabit bir mövqe qazandıra bilərdi. Nəticə etibarilə bu baş vermədi. O, yerli hakim ailənin rəğbətini heç vaxt qazana bilmədi və bu hal sonrakı illərdə qarşılaşdığı çətinliklərə töhfə verdi.
Rüstəm Mirzə Məşhəddə dəfn edildi. Lakin ilk dövrlərdə hərəkət azadlığından məhrum olan Sam Mirzə oğlunun məqbərəsini ziyarət edə bilmədi. Şah Təhmasib Herat hakimliyi edən oğlu İsmayıl Mirzəni mərkəzə geri çağırmaq üçün 1557-ci ildə göndərdiyi heyətə daxil edilən Sam Mirzə oraya gedərkən Məşhəddə bir ay qaldı və oğlunun məzarını ziyarət etdi. Bu zaman Bəhram Mirzənin oğlu İbrahim Mirzə onu hörmətlə qarşıladı. Bu Sam Mirzənin böyüdüyü imperiyanın şərq hissələrini sonuncu dəfə görməsi oldu.[38]
Sam Mirzənin İsa xan Gürcü ilə evli bir qızı da var idi.[39][40] XVII əsr tarixçisi Əbdülhəmid Lahorinin verdiyi məlumata görə, Sam Mirzənin oğullarından biri olan Mir Arif Ərdəbili Böyük Moğol imperatoru Əkbərin (1556–1605) sarayına daxil olmuş, lakin sufi inancına görə sarayda ona təklif edilən vəzifələri qəbul etməmişdir.[41] Onun nəslindən olanlar Lahorda məskunlaşmış və Böyük Moğol hökmdarlarından pul mükafatları almaqda davam etmişlər.[41] Beers isə Əlqas Mirzə ilə Sam Mirzənin birbaşa kişi nəslinin 1567-ci ildə Qəhqəhə qalasında öldüyünü bildirir. Əxbarnamədə Əkbər şah ilə görüşdüyü iddia edilən Mir Arif Ərdəbilinin adına isə Səfəvi qaynaqlarında rast gəlinmədiyini qeyd edir. O, eyni zamanda Sam Mirzənin ölümündən sonra fəaliyyət göstərən və adı qaynaqlara düşən hər hansısa qız övladına da rast gəlmədiyini bildirir. [42]
Vikianbarda Sam Mirzə ilə əlaqəli mediafayllar var. |