Əbu Bistam Şöbə ibn əl-Həccac ibn əl-Vərd əl-Əzdi əl-Bəsri (ərəb. شعبة بن الحجّاج; 702, Vasit, Vasit mühafəzəsi – 777, Bəsrə) — Təbəi-tabiin nəslinə mənsub mühəddis və rical alimi.[1]
Şöbə ibn Həccac | |
---|---|
ərəb. شعبة بن الحجاج | |
![]() | |
Doğum tarixi | 702 |
Doğum yeri | |
Vəfat tarixi | 777 |
Vəfat yeri | |
Elm sahəsi | hədis |
Tanınmış yetirmələri | İbn İshaq, Süfyan əs-Səvri, Abdulla ibn Mübarək, əl-Kisai, Əbu Yusif, Harun ər-Rəşid |
Hicri 82–87 (701–706) illəri aralığında Vasitdə anadan olmuşdur.[1] Ailəsi haqqında məlumat yoxdur, lakin Şöbənin həyatına nəzər saldıqda valideynlərinin hədis elminə maraqlı olduqları məlum olur.[2] Onun uşaqlıq və ilk gənclik illəri Vasitdə kemişdir. Əzd qəbiləsinin mövlası olub. 728-ci ildən əvvəl Bəsrədə məskulaşan Şöbə, orada Həsən əl-Bəsridən fiqh öyrənmişdir. O, həm də Bəşşar və Həmmad adlı qardaşlarının təhsil xərclərini də öz üzərinə götürmüşdür. Gəncliyində şeirə həvəsli olub, bir müddət Tirimmah ət-Taidən dərslər almışdır. Əsmai onu "Şeirdə Şöbədən daha biliklisini görmədim" deyərək tərifləmişdir. Ancaq daha sonra Həkəm ibn Uteybənin təsiri ilə hadis sahəsinə yönəlmişdir. O, Həsən əl-Bəsri, Məhəmməd ibn Sirin, Amir əş-Şəbi, Ənəs ibn Sirin, Amr ibn Dinar kimi şəxsiyyətlərə yetişmiş, 400-dən çox tabiin alimindən hədis nəql edərək əshabül-hədisin ən məşhur simalarından biri olmuşdur.[3] Kufə, Məkkə, Mədinə, Bağdad və Mədain şəhərlərinə səfərlər etmişdir. Şöbəyə Əməş, Əyyub əs-Səhtiyani, İbn İshaq, Süfyan əs-Səvri, Əbdürrəhman ibn Mehdi, Vəki ibn Cərrah, Abdullah ibn əl-Mübarək, Yəhya ibn Səid əl-Qəttan, Adəm ibn Əbu İyas, Əbu Davud ət-Təyalisi və Amr ibn Mərzuk tələbəlik etmişdir. Müəllimlərinin bir qismi də ondan hədis rəvayət etmişdir. Şöbə comərd, kasıblara qarşı mərhəmətli, dünya malına dəyər verməyən zahid bir şəxs olub, dövlət adamlarından hədiyyə qəbul etməmişdir.
Hadis elmi baxımından Şöbəni önəmli edən cəhətləri bunlardır:
Hədisin bütün sahələri haqqında dərin biliyinə görə ona "əmir əl-möminin fil-hədis" (hədisdə möminlərin əmiri) ləqəbi verilmişdi. O, zəif və tərk olunmuş ravilər haqqında apardığı dəyərləndirmələrlə İraq alimlərinə istiqamət göstərmişdir. Şafii onun bu xüsusiyyətinə işarə edərək, "Əgər Şöbə olmasaydı, İraqda hədis bilinməzdi" demişdir. Əvvəlki nəslin hədis mütəxəssislərindən biri olduğu üçün dövrünün bütün məşhur hədis isnadlarında onun adı vardır. Hadisələrin doğru şəkildə təsbitinə önəm verər, mütəxəssis sayılmayan şəxslərin hədis rəvayət etməsini tənqid edər, hədis uyduran şəxsləri isə sultana şikayət etməklə hədələyərdi. Səhih bir hədis əldə etməyin ona hər kəsdən və hər şeydən daha əziz olduğunu söyləyərdi. Tədlisi böyük bir cinayət sayar, muənən hədisi isə müttəsil (zənciri birləşik) hesab etməzdi. Müəllimlərinin dinləmə yolu ilə aldıqları mənbələri açıq şəkildə göstərilməyən və ya özü tərəfindən bilinməyən rəvayətləri, eləcə də icazətlə rəvayət etmə üsulunu qəbul etməzdi. Ehtiyatlılığı səbəbilə yalnız siqa (etibarlı) saydığı şəxslərdən hədis alar, pərdə arxasından rəvayəti eşidən şəxsin rəvayətini qəbul etməz, təqva sahibi olmayan şəxslərdən də hədis rəvayət etməzdi. Şübhə duyduğu hədisləri rəvayət etməzdi. Dərslərdə ən çoxu iki hədis öyrənər, bunları yaxşıca hifz etmədən, yenilərini öyrənməzdi. Hədisləri yazmaz, əzbərləyərdi. Hədis yazan tələbələrinə qəzəbləndiyi söylənsə də, özünün də hədis yazdığı, başqalarına məxsus kitabları araşdırdığı, yazı yolu ilə hədis aldığı, kitab müəllifi olduğu və şəxsi kitabxanasının olduğu məlumdur.[4][5] Şöbənin hədis məşğuliyyətinin ilk illərində Rafizilərin bəzi fikirlərini mənimsəmişdir. Lakin bəsrəli hədis alimlər ilə etdiyi debatlar nəticəsində bu fikirlərindən daşınmışdır.[6] Ondan "Əyanüş-Şia"da bəhs olunmasının səbəbi də bu olmuşdur.[7]
Mənbələrdə Şöbəyə "əl-Qəraib fil-hədis", "Kitabü-Şöbə", "Müsənnəfü-Şöbə" və "Təfsirül-Quranil-əzim" kimi bir sıra əsərlər nisbət edilir. Bununla belə, o, bu əsərlərin elmə layiq olmayan şəxslərin əlinə keçməsini istəmədiyi üçün ölümündən əvvəl mirasının məhv edilməsini vəsiyyət etmiş və oğlu Səad bu vəsiyyəti yerinə yetirmişdir. Şöbə, Bəsrə bölgəsində ilk müsənniflərdən biri kimi qeyd edilsə də, dövrümüzə onun heç bir əsərinin çatmaması bu vəsiyyətlə əlaqələndirilə bilər. Bu hal, həm dövrün elmə və ədəbə verdiyi həssas yanaşmanı, həm də bəzi klassik mənbələrin zamanımıza niyə tam çatmadığını anlamaqda mühüm ipucu verir.[1]
Şöbə və rəvayətləri haqqında çoxlu əsərlər qələmə alınmışdır. Onlardan bəziləri bunlardır:
Əhməd ibn Hənbəl: Kitabü-Hədisi-Şöbə.,[8] Müslim ibn Həccac: Məşayixu-Şöbə və ər-Ruvat ən Şöbə.,[9] Əbül-Qasım əl-Bəqavi: Hikəyatü-Şöbə və Amr ibn Mürrə., Nəsai: Müsnədü-hədisi-Şöbə ibn əl-Həccac., Əbu Qureyş əl-Kuhistani: Kitabü-Hədisi-Malik və Süfyan və Şöbə.,[10] İbn Hibban: Mə xaləfəs-Səvri fihi Şöbə və Mə ində Şöbə ən Qatədə və ləysə ində Məbəd ən Qatədə., Təbərani: Müsnədü-Şöbə. və s.