. Love.az

Ebu Hemid Isferayini - Wikipedia - Love.az

Ana Səhifə - Ebu Hemid Isferayini

Əbu Həmid Əhməd ibn Əbi Tahir Məhəmməd ibn Əhməd əl-İsfərayini (ərəb. أبو حامد الإسفراييني‎; 955, Xorasan – 1016[1], Bağdad) — İslam alimi.

Əbu Həmid İsfərayini
ərəb. أبو حامد الإسفراييني‎
Doğum tarixi 955
Doğum yeri
  • Xorasan, Abbasilər xilafəti
Vəfat tarixi 1016[1]
Vəfat yeri
  • Bağdad
Elm sahəsi fiqh

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Tələbələri
    • 1.2 Şəxsiyyəti
    • 1.3 Elmi məqamı
    • 1.4 Ölümü
    • 1.5 Əqidəsi
  • 2 İstinadlar

Həyatı

redaktə

Ləqəbləri "Zamanının imamı", "Şafiilərin fəqihi", "Şeyxul-İslam"dır. əl-İsfərayini nisbəti hal-hazırda İranın Şimali Xorasan ostanında yerləşən İsfərayen şəhəri ilə bağlıdır. Neysəbur şəhərinin yaxınlığındadır. Hicri 344-cü ildə anadan olub.

İyirmi yaşında, yəni hicri 364-cü ildə Bağdada gəlir. Orada Əbül-Həsən əl-Mərzubən və Əbül-Qasim əd-Dəraki kimi alimlərdən fiqh və digər elmləri öyrənir. Həmçinin Əbu Bəkr əl-İsmayıli, Əbül-Həsən əd-Dəraqutni, İbrahim ibn Muhəmməd ibn Abdək əl-İsfərayini və Abdullah ibn Adiy kimi hədis imamlarından hədis eşitmiş və hədis öyrənmişdir. Şafii məzhəbində fəqih oldu, fiqhdə, təfsirdə, üsulda bir mütəxəssis, görkəmli alim oldu, barmaqla işarə olunan nadir şəxsiyyətlərdən idi.

Tələbələri

redaktə

Tələbələri arasında çox sayda alim və imam vardır. Onların arasında ən məşhurlarından Əbut-Tayyib ət-Təbəri, Əbül-Həsən əl-Məvərdi, əl-Fəqih Suleym ibn Əyyub ər-Razi, Əbu Əli əs-Sinci, Əbül-Həsən əl-Məhəmili kimi görkəmli alimlər vardır. Məşhur "Şərh Usul İtiqad Əhlis-Sünnə val-Cəməa" kitabının müəllifi Əbül-Qasım Hibətullah əl-Lələkəi onun tələbəsi olmuşdur.

Şəxsiyyəti

redaktə

Əbu Həmid, Allahdan çox qorxan, təqvalı və zahid bir şəxs olub. Vaxtını dərs verməklə və elmi münazirələr ilə keçirib. Həmçinin heybətə və hörmətə sahib biri idi. Əs-Subki deyir:

  Əbu Həmid dünyavi işlərdə cahı uca bir şəxs idi. (Bir gün) möminlərin əmiri xəlifə ilə (arasında) bir şey baş verir ki, bu, Əbu Həmidi ona (bu sözləri) yazmağa vadar etdi:

Bil ki, sən məni öz vilayətimdən endirməyə qadir deyilsən, məni bu məqama Allah vali edib. Mən isə bir kağız parçasında iki və ya üç kəlmə Xorasana yazıb səni xəlifəlik məqamından endirə bilərəm.[2]

 

Allahın dini uğrunda və bidətlərə və bidət əhlinə qarşı mübarizədə gördüyü işlər əvəzsizdir. əs-Subki "ət-Təbəqat" kitabında zikr edir ki, onun zamanında şiələr guya İbn Məsudun mushafını tapıb çıxarırlar. Bunun nəticəsində hicri 398-ci ildə böyük bir fitnə baş verir, Əhlis-Sünnə ayağa qalxır, həmçinin şiələr də ayağa qalxırlar. Sonunda bu məsələ qazılara və alimlərə götürülür. Əbu Həmid şiələrin hüzurunda mushafın təhrif edilmiş bir mushaf olduğunu deyir. Şiələrin gənclərindən bir qrup buna görə Əbu Həmidin evinə tərəf yönəlirlər ki, ona əziyyət versinlər. Buna görə Əbu Həmid evindən köçür, lakin xəlifə ona dəstək verərək fitnəni yatızdırır və o, evinə geri dönür.

Elmi məqamı

redaktə

Əbu İshaq əş-Şirazi "ət-Təbəqat" kitabında deyir:

  Bağdadda din və dünya rəisliyi ona gəlib çatdı. əl-Muzəninin kitablarını şərh edərkən onun dərslərində qeydlər yazılmışdır. Yer üzünə onun tələbələri yayıldı. Məclisində üç yüz fəqih toplanardı.[3][4][5]  

Muhyiddin ən-Nəvəvi deyir:

  Şeyx Əbu Həmidin qeydləri əlli cildə yaxın bir həcmdədir, orada alimlərin məzhəblərini zikr edir, onların dəlillərini geniş izah edir və onlara cavab verir. Onun yanında bir qrup alim fiqh öyrənib. Onların arasında Əbu Əli əs-Sinci vardır. Əbu Əli əs-Sinci həm də əl-Qaffəlin yanında fəqih olmuşdur və onların hər ikisi də İraq və Xorasan məktəbinin iki şeyxidir və məzhəb bu ikisindən yayılıb.[6][5]  

Xətib əl-Bəğdədi deyir:

  Bizə Əbu Həmiddən rəvayət etdilər və siqa biri idi. İbnül-Mübərak məscidində onun dərslərində iştirak etdim. Birinin belə dediyini eşitdim ki, onun məclisinə yeddi yüz fəqih gələrdi. İnsanlar deyərdilər: "Əgər əş-Şafi onu görsəydi onunla çox fərəhlənərdi."[7]  

Yenə deyir:

  Əbu İshaq əş-Şirazi bizə rəvayət etdi:

"əl-Qadi Əbu Abdilləh əs-Sayməridən soruşdum: "Fəqihlərdən gördüklərin içində münazirədə ən güclü olan kimdir?" Dedi: "Əbu Həmid əl-İsfərayini." Əl-Qazı Əbu Abdilləh əs-Sayməri isə zamanında hənəfilərin şeyxi və imamı idi.

 

İbnüs-Saleh əş-Şəhrəzuri deyir:

  Həqiqətən Allah hər yüz ilin başında bu ümmət üçün onlara dinini təzələyən birini göndərər" hədisini bəzi alimlər Şeyx Əbu Həmid haqqında təvil ediblər. əş-Şafi ikinci yüzilliyin başında idi və İbn Sureyc üçüncü yüzilliyin başında idi və Əbu Həmid dördüncü yüzilliyin başında idi.[8][9]  

Əbu İshaq əş-Şirazi "ət-Təbəqat" kitabında həmçinin qeyd edir ki, hənəfi fəqihi Əbül-Həsən əl-Qaduri ona xüsusi hörmət göstərərdi və zamanının digər fəqihlərindən üstün tutardı.

İbn Kəsir deyir:

  Hətta ona ikinci əş-Şafi deyərdilər.[10]  

Tarixçilər qeyd edirlər ki, on yeddi yaşında fətva verməyə başlamışdır. Ölənə qədər fətva vermiş və ölüm ayağında olarkən demişdir:

  Fəqih olduq və öldük.  

Zəhəbi onun tərcümeyi-halını başlayarkən onu "əl-Üstad, əl-Əllamə, Şeyxul-İslam" ləqəbləri ilə zikr edir. İbn Kəsir qeyd edir ki, onunla həm razılaşanlar, həm də ona müxalif olanlar onun şanının, məqamının ucalığında ittifaq ediblər. Elmə olan marağı əvəzsiz idi. Rəvayət olunur ki, Misirə adam göndərib yüz dinara Şafiinin imlalarını ehtiva edən kitablar almışdır.

Əbu Həmid özü bir çox kitabın müəllifidir. Kitabları içərisində ən məşhuru əl-Muzənidən gələn müxtəsər və digər kitabların üzərinə yazdığı qeydlərdir. Həmçinin fiqh üsulunda bir çox kitab yazmışdır. "əl-Müxtəsər" adı ilə tanınan bir kitabı vardır ki, əs-Subki "ət-Təbəqat" kitabında o kitabı gördüyünü deyir, lakin qeyd edir ki, "ər-Ravnəq" adı ilə tanınan bu kitab Əbu Həmidə nisbət olunur, lakin atası Təqiyyəddin əs-Subki o kitabın Əbu Həmidə nisbətində şəkk etmişdir. Bunun səbəbini isə qeyd etmir.

Ölümü

redaktə

Bu görkəmli şəxs hicri 406-cı ildə Bağdad şəhərində vəfat edib. əl-Xətib deyir:

  Əbu Həmid dörd yüz altıncı ildə şəvval ayı vəfat etdi. Həmin gün (cənazəsində) çoxlu adam iştirak etmişdi, evində dəfn olundu. Dörd il sonra ordan götürülərək Bəbu Hərb deyilən yerdə dəfn olundu.[11]  

Əqidəsi

redaktə

İbn Teymiyyə deyir:

  Şeyx Əbül-Həsən Məhəmməd ibn Əbdilməlik əl-Kərxi əş-Şafii "əl-Fusul fil-Usul anil-Əimmətil-Fuhul İlzəmən li Zəvil-Bidəi val-Fudul" adlandırdığı kitabında deyir:

"… İmam Əbu Mənsur Məhəmməd ibn Əhmədi belə deyərkən eşitdim: İmam Əbu Bəkr Abdullah ibn Əhmədi belə deyərkən eşitdim: "Şeyx Əbu Həmid əl-İsfərayinini belə deyərkən eşitdim: "Məzhəbim, əş-Şafinin və bütün ölkələrin fəqihlərinin məzhəbi budur ki, Allahın Kəlamı məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Quranı Cibril – əleyhissalam – Allahu Təalədən eşitmiş olaraq daşımışdır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Cibrildən eşidib və səhabələr onu Allahın elçisindən – salləllahu aleyhi va səlləm – eşidiblər və bizim dillərimiz ilə dediyimiz, (kitabın) iki üz arasında olan, eşidilmiş, yazılmış, hifz edilmiş və nəqş olunmuş olaraq sinələrimizdə olan Odur. "Bə" və "tə" kimi hər bir hərfi Allahın Kəlamıdır, məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun." Şeyx Əbul-Həsən deyir: "Şeyx Əbu Həmid (əl-İsfərayini) əl-Bəqilləni və kəlam əhlini şiddətlə inkar edərdi." Əbül-Həsən deyir: "Bir çox imam və şeyxlərdən eşitdiyimə görə şafii imamları əl-Əşariyə nisbət edilməyə hər zaman nifrət etməyə və bunu çirkin bir iş saymağa, əl-Əşarinin öz məzhəbini üzərində qurduğu (prinsiplərdən) bəraət etməyə və bu (prinsiplərin) həndəvərinə yaxın getməyi tələbələrinə qadağan etməyə davam ediblər. Bunu eşitdiyim şeyxlərdən biri əl-Hafiz əl-Mutəmin ibn Əhməd ibn Əli əs-Səcidir. Onlar deyirlər: Bir qrup etibarlı şeyxlərdən belə dediklərini eşitdik; dedilər: "Elmi və tələbələri ilə Yer üzünü bürümüş imamların imamı Şeyx Əbu Həmid Əhməd ibn Tahir əl-İsfərayini Kərxin bölgəsindən əl-Mənsur camisinə cüməyə tələsərkən caminin böyründəki ər-Ravzi adı ilə tanınan bağa daxil olardı və orada olanlara yaxınlaşaraq deyərdi: "Mənim adıma şahidlik edin ki, əl-Bəqilləninin dediyi kimi yox, Əhməd ibn Hənbəlin dediyi kimi Quran Allahın Kəlamıdır, məxluq deyildir." Bunu insan qrupları arasında təkrarlayardı. Ondan bunun səbəbini soruşduqda belə cavab vermişdi: "Mənim onlardan – yəni əşarilərdən – uzaq olmağım, əl-Bəqilləninin məzhəbindən uzaq olmağım haqqındakı xəbər ölkədə salehlərin və insanların arasında yayılması üçün (belə edirəm), çünki qəribdə olan fəqihlərdən bir qrup gizlicə əl-Bəqilləninin yanına daxil olurlar, onun yanında kitablar oxuyurlar və onun məzhəbi ilə fitnəyə düşürlər və öz ölkələrinə qayıtdıqda heç şübhəsiz ki, bidətlərini aşkarda yayırlar. Camaat da elə zənn edir ki, onu məndən öyrəniblər, guya mən demişəm, halbuki mən əl-Bəqilləninin məzhəbindən və əqidəsindən uzağam." Şeyx Əbül-Həsən deyir: "Şeyxim İmam Əbul-Mənsur əl-Fəqih əl-Əsbəhənini belə deyərkən eşitdim: Şeyximiz İmam Əbu Bəkr əz-Zəzəqanini belə deyərkən eşitdim: "Əbu Həmid əl-İsfərayininin dərsində idim və öz tələbələrini "Kəlam" elmindən və əl-Bəqilləninin yanına daxil olmaqdan çəkindirərdi. Bir qrup tələbəsinin "Kəlam" elmini öyrənmək üçün gizlicə əl-Bəqilləninin yanına daxil olması xəbəri çatdı və mənim də onlarla birlikdə onlardan olduğumu zənn etdi." Davamında bir hekayəni nəql edir və axırında deyir ki, "Şeyx Əbu Həmid mənə dedi: "Ey oğlum! Sənin bu adamın – yəni əl-Bəqilləninin – yanına daxil olmağın xəbəri mənə çatdı. Ondan uzaq ol, çünki o, bidətçidir və insanları zəlalətə çağırır. Əks halda mənim məclisimdə iştirak etmə!" Dedim: "Mən onların dediyində Allaha sığınıram və Allaha dönürəm. Sizi şahid tuturam ki, mən onun yanına getmirəm." (Şeyx Əbul-Həsən) dedi: "əl-Fəqih İmam Əbu Mənsur Səd bin Əli əl-İclini belə deyərkən eşitdim: Bağdaddakı bir neçə şeyx və imamdan eşitdim və güman edirəm ki, Şeyx Əbu İshaq əş-Şirazi onlardan biri idi, dedilər: "Əbu Bəkr əl-Bəqilləni Şeyx Əbu Həmid əl-İsfərayinidən qorxduğu üçün hamama üzü örtülü gedərmiş." (Şeyx Əbul-Həsən) dedi: "Etibarlı bir qrup alim — onlardan biri də əl-Qazı Əbu Mənsur əl-Yəqubidir – mənə İmam Abdullah ibn Məhəmməd ibn Əlidən – və o, Şeyxul-İslam əl-Ənsaridir – belə dediyini xəbər verdi: "Əbdürrəhmən bin Muhəmməd bin əl-Hüseyni – və o, əs-Suləmidir – belə deyərkən eşitdim: "Əbu Həmid əl-İsfərayini, Əbut-Tayyib əs-Suluki, Əbu Bəkr əl-Qaffəl əl-Mərvazi və Əbu Mənsur əl-Həkimi "Kəlam" elmini və onun əhlini inkar edərkən gördüm." Dedi: "Əhməd ibn Əbi Rafi və bir qrup alimdən eşitdim ki, Əbu İshaq əl-İsfərayini’nin əl-Bəqilləniyə qarşı şiddətini zikr edirdilər." Şeyx Əbül-Həsən əl-Kərxi dedi: "Şeyx Əbu Həmidin kəlam əhlinə qarşı şiddəti məşhurdur, hətta əş-Şafinin fiqh üsulunu əl-Əşarinin üsulundan ayırmışdır və ondan bunları Əbu Bəkr əz-Zəzəqani qeydə almışdır. O qeydləri məndə mövcuddur. Şeyx Əbu İshaq əş-Şirazi də "əl-Lumə" və "ət-Təbsira" kitablarında onu özünə nümunə götürmüşdür, hətta əl-Əşarinin görüşü əshabımızın bir görüşünə müvafiq olduqda ikisini ayırardı və deyərdi: "Bu, əshabımızdan bəzisinin görüşüdür və əşarilər də bu görüşdə olublar və onları əş-Şafinin əshabından saymamışdır. Üsulud-Din hələ bir yana qalsın, heç fiqh üsulunda onlara və məzhəblərinə yaxşı baxmamışdır.[12]

 

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://books.google.fr/books?id=O_ThejxhdP0C&newbks=0&printsec=frontcover&pg=PA52. S. 52.
  2. ↑ Təbəqat əş-Şəfiiyyə əl-Kubra (ərəb). IV. 64.
  3. ↑ Təhzibul-Əsmə val-Luğat (ərəb). II. 209.
  4. ↑ Təbəqat əs-Subki (ərəb). IV. 62.
  5. ↑ 1 2 Siyər Aləmin-Nubələ (ərəb). XVII. 194.
  6. ↑ Təhzibul-Əsmə val-Luğat (ərəb). II. 210.
  7. ↑ Tarix Bağdad (ərəb). IV. 369.
  8. ↑ Təhzibul-Əsmə vəl-Lüğət (ərəb). II. 209–210.
  9. ↑ Siyəri Aləmin-Nubəla (ərəb). XVII. 195.
  10. ↑ Təbəqat əş-Şəfiiyyin (ərəb). I. 345.
  11. ↑ Tarixu Bağdad (ərəb). IV. 370.
  12. ↑ əl-Fətəva əl-Kubra" (ərəb). VI. 599–601.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbu_Həmid_İsfərayini&oldid=8166645"
LOVE.AZ