Əsəd rejiminin süqutu — 8 dekabr 2024-cü ildə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində süqut etdi. Hafiz Əsədin 1971-ci ildə İslahedici inqilab nəticəsində prezidentliyə başlamasından 2025-ci ilədək Suriyanı irsi diktatura kimi idarə edən Əsəd ailəsinin hakimiyyəti Dəməşqin ələ keçirilməsi ilə süquta uğradı.
Əsəd rejiminin süqutu | |
---|---|
Əsas hadisə: Suriya vətəndaş müharibəsi çərçivəsində 2024-cü ildə Suriya müxalifətinin başlatdığı irimiqyaslı hücumlarıın tərkib hissəsi | |
![]() Bəşər Əsəd 2024-cü ilin mayında. Devrilməsindən təxminən yeddi ay əvvəl | |
Tarix | 8 dekabr 2024 |
Yeri | Suriya |
Səbəbi | Suriyalı müxaliflərin irimiqyaslı hücumları |
Nəticəsi |
• Suriya prezidenti Bəşər Əsəd Dəməşqin süqutundan sonra Moskvaya getdi[1] • Hökumətyönlü qüvvələrin məğlubiyyəti və Suriya Ərəb Respublikasının süqutu[2] • Suriya müxalifəti paytaxta və Suriyanın böyük hissəsinə nəzarəti ələ keçirdi • İsrailin Suriyaya hücumu (2024) |
![]() |
Keçmiş prezidenti tapmağa cəhd edən müxaliflərin Cənub Əməliyyat Otağının qüvvələri Dəməşqə soxularkən, Əsədin paytaxtı təyyarə (ehtimal ki, Suriya Hava Qüvvələrinin 9218 saylı uçuşu[3]) ilə naməlum istiqamətdə tərk etməsi ilə bağlı xəbərlər ortaya çıxdı.[4] Suriyalı üsyançılar daha sonra dövlət televiziyası vasitəsilə rejim üzərində qələbə qazandıqlarını, Rusiya Xarici İşlər Nazirliyi isə Bəşər Əsədin istefa verdiyini və Suriyanı tərk etdiyini açıqladı.[5] Daha sonra Əsədin ailəsi ilə birlikdə Rusiyaya sığındığı açıqlandı.[6]
Əsəd ailəsi və ya Əsəd sülaləsi kimi də tanınan[7] ailə, Hafiz Əsədin 1971-ci ildə Suriya prezidenti olmasından sonra ölkəni idarə edirdi. Hafiz Əsədin 2000-ci ilin iyununda ölümündən sonra onun yerinə oğlu Bəşər Əsəd keçdi.[8][9][10][11]
Hafiz Əsəd öz rejimini müasir Suriya tarixinə səciyyəvi olmayan şəxsiyyətə pərəstişlə seçilən bürokratiya kimi qurdu. Məktəblərdən bazarlara və dövlət idarələrinə qədər hər yerdə Əsədin şəkilləri, portretləri, sitatları və tərifləri nümayiş olunur və Hafiz Əsəd rəsmiləşdirilmiş "Əsədist" ideologiyasında "Ölməz Lider" və "Müqəddəs"[12] kimi xatırlanırdı. Hafiz Suriya cəmiyyətini militarist xətt üzrə yenidən təşkil etdi və israrla beşinci kalonna tərəfindən "xaricdən dəstəklənən təhlükələr" ritorikasına müraciət etdi və beləliklə ordu ictimai həyatın mərkəzi aspekti kimi təbliğ edildi.[13][14][15]
Hafiz Əsədin 1970-ci ildə hakimiyyəti ələ keçirməsindən sonra dövlət xətti ilə suriyalılara "xəyali vahid Bəəsçi kimlik" və eləcə də Əsədizm ideyaları altında birləşməyə əsaslanan yeni milli diskurs təbliğ edildi.[16] "Şəbiha" (ruhlar) kimi tanınan və Hafiz Əsədə sadiq olan şəxslər "Bəşərdən başqa tanrı yoxdur!" kimi şüarlarla Əsəd sülaləsini ilahiləşdirir və qeyri-konformist əhaliyə qarşı psixoloji müharibə aparırdılar.[17]
Hafizin ölümündən sonra hakimiyyət oğlu və partiya tərəfindən "Gənc Lider" və "Xalqın Ümidi" kimi qəbul edilən varisi Bəşər Əsədə miras qaldı. Şimali Koreyadakı Kim sülaləsi modelindən yüksək dərəcədə təsirlənən rəsmi təbliğat, Əsəd sülaləsinə ilahi xüsusiyyətlər aid edir və Əsəd patriarxlarına müasir Suriyanın qurucuları kimi hörmətlə yanaşırdı.[13][14][15]
2011-ci ildə Birləşmiş Ştatlar, Avropa Birliyi və Ərəb Liqasının əksər üzvləri Suriya vətəndaş müharibəsinə səbəb olan Suriya inqilabı hadisələri zamanı, Ərəb baharı etirazçılarına qarşı basqılardan sonra Əsədi istefaya çağırdı. Vətəndaş müharibəsi 580.000-ə yaxın insanın ölümünə səbəb oldu və onlardan minimum 306.000-i qeyri-döyüşçülər idi. Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, mülki şəxslərin 90%-dən çoxu Əsəd tərəfdarı olan qüvvələr tərəfindən qətlə yetirilib.[18] Əsəd hökuməti Suriya vətəndaş müharibəsi zamanı çoxsaylı hərbi cinayətlər törədib.[a] Belə ki, Suriya Ərəb Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə kimyəvi hücum həyata keçirilib.[24] Ən ölümcül kimyəvi hücum isə 21 avqust 2013-cü ildə baş tutmuş Qutadakı zarin qazı hücumu olub. Hücum nəticəsində həlak olanların sayı haqqında konkret rəqəm olmasa da, müxtəlif mənbələrə görə 281–1729 arası şəxsin öümü ilə nəticələnib.
2013-cü ilin dekabrında BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pilley bəyan etdi ki, BMT-nin apardığı araşdırmanın nəticələri Əsədin müharibə cinayətlərində əli olduğunu göstərir. "OPCW"-BMT Birgə İstintaq Mexanizmi və "OPCW-UN IIT" apardıqları araşdırmalar nəticəsində, Əsəd hökumətinin 2017-ci ildə Xan-Şeyxun şəhərinə və 2018-ci ildə isə Duma şəhərinə edilmiş kimyəvi hücumlara görə məsuliyyət daşıdığı qənaətinə gəliblər. 15 noyabr 2023-cü ildə Fransa Suriyada mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyinə görə Əsədin həbsinə order verib.[25] Əsəd bu ittihamlarla bağlı iddiaları qəti şəkildə rədd edib və xarici ölkələri, xüsusən də ABŞ-ı rejim dəyişikliyinə cəhddə ittiham edib.[26]
7 dekabr 2024-cü ildə müxalifət qüvvələri təqribən iyirmi dörd saatlıq hərbi əməliyyatlardan sonra Hüms şəhərinin nəzarətini tam ələ keçirdi. Müqavimət göstərə bilməyən hökumət qüvvələri həssas sənədləri məhv edərək sürətlə geri çəkildilər. Hümsün tutulması üsyançı qüvvələrə kritik nəqliyyat infrastrukturuna, xüsusən də Əsədin hərbi bazası və Rusiya hərbi obyektlərinin yerləşdiyi Dəməşq şəhəri ilə Suriyanın sahil bölgəsini birləşdirən magistral yol qovşağına nəzarəti təmin etdi.[27]
Əsədin müttəfiqi Hizbullah qüvvələri Hüms yaxınlığındakı Qusayr rayonundan təxminən 150 zirehli maşın və yüzlərlə döyüşçünü təxliyə etdilər. Rejimin mövqeyinin zəifləmə səbəbinin əsas müttəfiqlərinin dəstəyinin azalması olduğu güman edilir. Belə ki, hazırda Rusiya Ukrayna ilə, Hizbulla isə İsraillə hərbi qarşıdurmadadır.[27]
Dekabrın 7-də suriyalı üsyançılar yaxınlıqdakı şəhərləri ələ keçirdikdən sonra Dəməşqi mühasirəyə almağa başladıqlarını elan etdilər. Üsyançıların komandiri Həsən Əbdül Qani açıqlamasında "qüvvələrimiz paytaxt Dəməşqin mühasirəyə alınmasının son mərhələsini həyata keçirməyə başlayıb" deyə qeyd etdi.[28] Üsyançılar paytaxtın cənub girişinə 20 kilometr (12 mil) məsafədə olan Sənameyn şəhərini ələ keçirdikdən sonra paytaxtı mühasirəyə almağa başladılar.[29] Axşama yaxın hökumətyönlü qüvvələr Ceramana, Qətəna, Muadamiyət əş-Şam, Dərayya, Kişvə, Dumayir, Dəra və Mezzeh aviabazası daxil olmaqla Dəməşqin kənarındakı yaşayış məntəqələrini, o cümlədən yaxınlığındakı əraziləri tərk etdilər.[30]
Suriya Ordusu isə dövlət mediası vasitəsilə ictimai asayişi qorumağa çalışaraq, vətəndaşları milli təhlükəsizliyi pozmağa yönəlmiş "yalan xəbər"lərə məhəl qoymamağa çağırdı. Hərbi rəhbərlik əhalini ölkənin müdafiəsinə sadiq qalacaqlarına əmin etdi, baxmayaraq ki, onların bunu etmək imkanları getdikcə məhdudlaşırdı. Müxalifətin kəşfiyyat bölmələri paytaxtın müdafiə xəttini yardılar və şəhərin bütün strateji yerlərində mövqelər yaratdılar. Xüsusi əməliyyat qrupları Əsədi Dəməşq daxilində axtarsalar, onun yerini tapmaq cəhdləri nəticəsiz qaldı.[31]
Ceramananın əsas meydanında etirazçıların Hafiz Əsədin heykəlini yıxması və bir neçə şəhərətrafı qəsəbədə irimiqyaslı etirazların baş verməsi səbəbindən axşam saatlarında hökumətyönlü qüvvələr həmin bölgələrdən geri çəkildilər.[31]
Həmin dövrdə Dəməşqdə Əsəd hökumətinin yüksəkrütbəli rəsmiləri ilə müxalifət qüvvələri arasında ölkənin tərk edilməsi bağlı danışıqlar aparıldığı bildirilirdi. Həmçinin bu hadisələr zamanı İran rəsmiləri Bəşər Əsədin ölkədən qaçdığına dair xəbərləri təkzib etdilər, lakin onun Dəməşqdə harada olduğu bildirilmirdi. Müxalifət qüvvələrinin paytaxta daxil olmasından sonra Əsədin prezident mühafizəsi artıq onun iqamətgahını tərk etmişdi. 7 dekabr 2024-cü il axşam saatlarında üsyançı qüvvələr Əsədin yeri ilə bağlı kəşfiyyat məlumatı tapmadılar və onu axtarmağa başladılar.[31]
Dekabrın 8-də Heyət Təhrir əl-Şam rəsmi Twitter/X hesabında Suriyanın ən böyük həbsxanalarından biri olan Dəməşqin Sednaya həbsxanasındakı məhbusları azad etdiyini elan etdi. Təşkilat bunu əvvəlki insan haqları pozuntuları qarşısında öz qüvvələrinin simvolik və strateji qələbəsi, Əsəd hökumətinin isə ədalətsizliklərinin süqutu kimi qiymətləndirdi.[32]
Müxalifətin Dəməşqə daxil olması hökumətin müdafiə mövqelərinin sürətlə dağılması səbəbindən minimal müqavimətlə baş verdi. Suriya İnsan Haqları Müşahidə Qrupu müxalifət qüvvələrinin Dəməşqdə bir neçə kritik obyekti, o cümlədən dövlət mediası və Dəməşq Beynəlxalq Hava Limanını uğurla ələ keçirdiyini təsdiqlədi. Müxalifət sürətlə irəliləyərək əsas nəqliyyat yollarına və strateji rayonlara, xüsusən də Mezza rayonuna nəzarəti təmin etdi.[33][34]
Suriya Ordusunun iki yüksəkrütbəli rəsmisinin məlumatına görə, dekabrın 8-i, səhər saatlarında Əsəd sürətlə pisləşən təhlükəsizlik şəraiti səbəbindən şəxsi təyyarəsi ilə Dəməşqdən açıqlanmayan yerə yola düşmüşdü. Eyni zamanda, Suriya sakinləri Dəməşq boyunca Allahu əkbər ("Allah böyükdür") şüarları və güclü atəş səsləri eşitdiklərini bildirirdilər.[32][35] Daha sonra Rami Abdel Rəhman (Suriya İnsan Haqları Müşahidə Qrupu) Bəşər Əsədin "Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə Suriyanı tərk etdiyini" bildirdi.[36][37] Həmçinin Mixail Ulyanov (Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri) "Telegram" hesabında Əsəd və ailəsinə Rusiyadan sığınacaq verildiyini elan etdi.[38]
Birinci xanım Əsma Əsəd, müxalifət qüvvələrinin Dəməşqə doğru irəliləməsinə təxminən bir həftə qalmış üç uşağı ilə birlikdə Rusiyaya getmişdi. Paralel olaraq Əsədin ailə üzvlərinin bir hissəsinin, o cümlədən onun bacısı tərəfdən olan qohumlarının Birləşmiş Ərəb Əmirliklərinə sığındığı bildirildi. Müxalifətin irəliləməsindən bir neçə gün əvvəl Misir və İordaniya rəsmilərinin Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırdıqları barədə məlumatlar yayılsa da, Misir Xarici İşlər Nazirliyi və İordaniya səfirliyi bunu inkar etdi.[39][40] Dekabrın 8-dən etibarən Əsəd ailəsinin Moskvaya qaçması və Rusiyadan sığınacaq alması xəbərləri yayıldı.[38][41][42]
HTŞ lideri Əbu Məhəmməd əl-Culani "Telegram"da Suriya dövlət qurumlarının dərhal hərbçilər tərəfindən ələ keçirilməyəcəyini və bunun əvəzində tam siyasi keçid tamamlanana qədər müvəqqəti olaraq Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali tərəfindən idarə ediləcəyini bildirdi. Əl-Cəlali isə sosial mediada paylaşdığı videoda Dəməşqdə qalmağı və Suriya xalqı ilə əməkdaşlıq etməyi planlaşdırdığını açıqladı. Eyni zamanda Suriyanın "normal bir ölkəyə" çevriləcəyinə və digər xalqlarla diplomatik əlaqələrə başlaya biləcəyinə ümid etdiyini bildirdi.[35] O, həmçinin Əsəd rejiminin süqutunu "region tarixində yeni səhifə" adlandırıb və Suriyanın məzhəbçilik və korrupsiya ilə xarakterizə olunan "İran ambisiyaları üçün oyun meydanı" halına gəlməsini pisləyib.[43]
9 dekabrda Suriya Qurtuluş Hökumətinin başçısı Məhəmməd əl-Bəşir Suriya keçid hökumətinin yeni baş naziri təyin edildi.[44]
8 dekabr 2024-cü ildə İsrail ordusu Suriyanın Qüneytirə vilayətində hərbi əməliyyatlara başladı. Zirehli texnika ilə hərəkətə kəçən İsrail ordusu, İsrailin işğal etdiyi Qolan təpələri ilə Suriyanın qalan hissəsi arasındakı bufer zonaya doğru irəliləyərək, Tel-Əyubə də daxil olmaqla Qüneytirə vilayətinin mərkəzi bölgələrini artilleriya atəşinə tutdu.[45][46] Bu əməliyyat Yom Kippur müharibəsi nəticəsində 31 may 1974-cü ildə əldə edilmiş atəşkəs razılaşmalarından sonra İsrail qüvvələrinin son 50 ildə ilk dəfə Suriya sərhədini keçməsi halı idi.[15]
İsrailin baş naziri Benyamin Netanyahu Suriya Ərəb Ordusunun mövqelərini tərk etməsi səbəbindən Suriya ilə 1974-cü il sərhəd razılaşmasının iflasa uğradığını və mümkün təhlükənin qarşısını almaq üçün İsrail Müdafiə Qüvvələrinə (İMQ) hər iki ölkə arasında atəşkəs xətti sayılan "bənövşəyi xətti" müvəqqəti olaraq yenidən işğal etməyi əmr etdiyini açıqladı.[47][48]
Bundan əlavə, İsrailin Suriyanın Xalxala aviabazasını və Dəməşqin Məzze bölgəsini hədəf alan hava hücumlarını təşkil etdiyi bildirilir.[49]
Dəməşqdə, xüsusən də Müdafiə Nazirliyi və Suriya Silahlı Qüvvələrin qərargahının yerləşdiyi, hakimiyyəti mərkəzi olan Əməvi meydanında əhali tərəfindən şənliklər təşkil edildi və bu görüntülər sosial mediada yayıldı. Müdafiə Nazirliyinin rəsmilərinin bu hadisələr zamanı oradan təxliyə edildiyi bildirilir.[35][52]
Livanda yüzlərlə insan ölkənin şimalındakı Tripoli və Akkar şəhərlərində, həmçinin əsasən Hizbullah və Əsəd hökumətinə qarşı çıxan sünni müsəlmanların yaşadığı Bar Eliyas şəhərində Dəməşqin süqutundan sonra bayram təşkil edib.[53][54] Həmçinin Bəəs Partiyasının Livanın Halbada şəhərindəki ofisinə basqın edildi və Əsədin portreti yerə atılaraq tapdalandı.[55]
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramının baş əməkdaşı Nataşa Holl hökumətin süqutunu Əsədin ənənəvi müttəfiqlərinin zəifləməsi, həmçinin Rusiyanın Ukraynadakı müharibəyə yönəlməsi və regional problemlərlə üzləşməsi ilə əlaqələndirib. Bundan əlavə o, əhalinin təxminən 90 faizinin yoxsulluq həddinin altında yaşaması və bir çoxunun köçkün düşərgələrində yaşaması kimi ağır iqtisadi şəraitin hökumətə dəstəyin azalmasına səbəb olduğunu qeyd edib.[35]
Beynəlxalq Böhran Qrupundan baş analitik Cerom Drevon, Suriya müxalifətinin üsyançı koalisiyasının müxtəlifliyini nəzərə alaraq, Suriyada yeni idarəetmə sistemi ilə bağlı qərarın "son dərəcə çətin" olacağını qeyd edib və əlavə edib ki, "bəzi qrupların strukturlaşdırılmış olmasına baxmayaraq, çoxluq təşkil edən digər qruplar isə strukturlaşdırmamış lokal qruplardır".[79]
The Syrian president maintained he was fighting to preserve his country and criticized the West for intervening. "Good government or bad, it's not your mission" to change it, he said.