Aşıq Hüseyn Cavan və ya Hüseyn Əliyev (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 21 Azər hərəkatının iştirakçısı. Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967).
Aşıq Hüseyn Cavan | |
---|---|
![]() | |
Doğum tarixi | 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 14 noyabr 1985(1985-11-14) |
Dəfn yeri | |
Fəaliyyəti | şair, aşıq |
Mükafatları |
![]() ![]() ![]() |
![]() | |
![]() |
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün Azərbaycan Milli Hökuməti tərəfindən "21 Azər" medalı ilə, incəsənət sahəsində göstərdiyi fəaliyyətə görə isə SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunub.
Əliyev Hüseyn Mikayıl oğlu 1916-cı ildə Qaradağ mahalının Uti kəndində anadan olub.[1][2][3] Atasının vəfatından sonra anası Zöhrə ilə birlikdə Şimali Azərbaycana köçüblər.[4][5] Bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, daha sonra isə Dəliməmmədli şəhərində yaşayıblar.[5]
1927-ci ildən Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olub.[6][5][7] 1938-ci ildə SSRİ-dən sürgün olunub və Təbrizdə yaşayıb.[2][5]
1934-cü ildən şeir yazsa da,[8] poetik yaradıcılığa əsasən 1941-ci ildən başlayıb.[9] Özünə "Cavan" təxəllüsü götürüb. İlk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və digərləri Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetində dərc olunub.[9][5]
21 Azər hərəkatında iştirak edib. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[10][11][12] Hüseyn Cavan da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib.[13] 1945-ci il dekabrın 21-də Azərbaycan Milli Hökuməti qurulub.[14] 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.[1][2] Eyni ayda Təbrizdə Təbriz Dövlət Filarmoniyası təşkil olunub.[15] Aşıq Hüseyn Cavan filarmoniyada direktor müavini təyin olunub.[9][16] Onun rəhbərliyi ilə filarmoniyada aşıqlar ansamblı yaradılıb.[9][17]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırılıb.[18][19] Bundan sonra Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər etməyə başladılar.[20] Nəticədə Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[21][22] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[20][23][24] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[22][25] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[20][26] Lakin bu istəyi də cavabsız qaldı.[27]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[28][29][30] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[31][32] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[32] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[31][32] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[31][33] Azərbaycan Milli Hökuməti süqut etdi.[34][35] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[36][37] Bundan sonra da qırğınlar və talan davam etdi.[33][36] Minlərlə insan həbs olundu, sürgün edildi.[38] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[39][40][41] Şah qoşunları Hüseyin Cavanı da öldürmək məqsədilə axtarırlar.[16] Özünü tapa bilmədikdə isə evini qarət edib əlyazmalarını məhv edirlər.[16] Şahın xəfiyyələri tərəfindən həyat yoldaşı Həmidə və övladları həbs olunaraq İranın cənub vilayətlərindən olan Xürrəmabada sürgün olunurlar.[16] Sürgündə ikən 2 övladı dünyasını dəyişib.[16]
Aşıq Hüseyn Cavan da Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. 1946-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləyib.[5] Milli Hökumət dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[42] Aşıq Hüseyn Cavan da bu cəmiyyətin üzvü olub.[42] 1948-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.[43] 1948-ci ildən Goranboy rayonunun Kəhrizli kəndinə köçüb.[5]
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Aşıqlar dəstəsinin bədii rəhbəri olub.[2][5] SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunub.[2][5] 1967-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi fəxri adını alıb.[44] Müxtəlif vaxtlarda Bakıda "Azadlıq mahnıları" (1950), "Aşığın arzuları" (1950), "Şerlər" (1953), "Sədəfli saz" (1956), "Qoşmalar" (1959), "Şerlər" (1962), "Danış telli sazım" (1966), "El aşığı" (1975), "Bahar kimi" (1979) adlı kitabları nəşr olunub.[45]
1985-ci il noyabrın 14-də vəfat edib və Kəhrizli kəndində dəfn olunub.[9][5]
1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib.[46] Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır.[46][47] Bu filmdə Aşıq Hüseyn Cavanın ifası da lentə alınıb.
2016-cı il noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Hüseyn Cavanın 100 illik yubileyi qeyd olunub.[48]