Meydan TV jurnalistlərinin həbsi — Azərbaycanda 2023–2024-cü illərdə vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası çərçivəsində 2024-cü il, dekabrın 6-da Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Əli (Quliyeva)[1] və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko və Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov həbs edilmişdi. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
2024-cü il dekabrın 6-da, saat 18:25-də Meydan TV-nin redaktoru Orxan Məmməd özünün facebook sosial şəbəkə hesabında üç saatdan çoxdur ki, Meydan TV-nin jurnalistləri Aynur Elgünəş, Natiq Cavadlı, Aytac Tapdıq və Xəyalə Ağayeva, həmçinin müstəqil jurnalist Ramin Deko ilə əlaqə yaratmağın mümkün olmadığı ilə bağlı paylaşım etdi.[2] Bu məlumatdan on dəqiqə sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti vətəndaş Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıdığını bildirdi. Həmçinin əlavə araşdırmaların aparıldığı, bir neçə şəxsin də araşdırma çərçivəsində saxlanıldığı qeyd olundu.[3]