Rüfət Eldar oğlu Səfərov (11 oktyabr 1981, Zəhmət, Zəngibasar rayonu) — azərbaycanlı hüquq müdafiəçisi və siyasi məhbus; sabiq müstəntiq. Rüfət Səfərov 2011-2015-ci illərdə Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 20 dekabr 2015-ci ildə ictimaiyyətə “insanların haqq və hüquqlarının tapdanması”na dözə bilmədiyi üçün vəzifəsindən istefa etdiyini bildirib. Səfərovun bu addımından bir müddət sonra - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev göstərişi ilə onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. Yanvarın 15-də həbs edilib, bir həftə sonra isə ev dustaqlığına buraxılıb. 8 sentyabr 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. 2 il 6 ay həbsdə qaldıqdan sonra Azərbaycan Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb.[3] Həbsdən azad olduqdan sonra əvvəl ictimai fəal olaraq çalışıb. 2020-ci ilin iyulunda "Müdafiə xətti" hüquq müdafiə təşkilatını təsis edib və həmin təşkilatın icraçı direktoru olaraq çalışıb. Həmin dövrdən bu tərəfə Azərbaycanda hüquq müdafiəçisi fəaliyyət göstərib.
Rüfət Səfərov | |
---|---|
![]() Rüfət Səfərov 2023-cü ildə | |
Doğum tarixi | (43 yaş) |
Doğum yeri | Zəngibasar rayonu, Ermənistan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Eldar Sabir oğlu Səfərov[1] |
Anası | Tahirə Tahir qızı Səfərova[2] |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | hüquq müdafiəçisi, siyasi məhbus |
Fəaliyyət illəri | 2020— |
Mükafatları | |
![]() |
2024-cü ilin dekabrında Cinayət Məcəlləsinin 127.2.3-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 221.1-ci (xuliqanlıq), 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə həbs edilib. Bu həbsi yerli və beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub. Səfərovun sözlərinə görə, insan hüquqlarının müdafiəsinə görə ABŞ Dövlət Katibi Entoni Blinken ABŞ-da ona mükafat təqdim edəcəkdi, bunun qarşısını almaq üçün də o, həbs olundu.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Rüfət Səfərov 11 oktyabr 1981-ci ildə Zəngibasar rayonunun Zəhmət qəsəbəsində Eldar Sabiroğlunun ailəsində anadan olub.[4] 1988-сi ilin əvvəlində azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində ailəsi ilə birgə Zəngibasar rayonundan qovulub. 1988-1998-ci illərdə Binəqədi rayonunda 135 nömrəli tam orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.
2004-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas olaraq çalışıb.[5] 2004-2011-ci illərdə həm də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü olub.[6]
2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına qəbul olub. 1 oktyabr 2011-ci ildə Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunub. II dərəcəli hüquqşünasdır.
2011-ci ildən Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışan Rüfət Səfərov 20 dekabr 2015-ci ildə vəzifəsindən istefa verdiyini və bu barədə baş prokuror Zakir Qaralova məktub göndərdiyini bildirdi.[7] O, məktubu həm də mətbuat vasitəsilə ictimailəşdirdi.[8] Səfərov bundan sonra haqsızlığa qarşı mübarizə aparacağını da sosial media hesabında bildirdi. Səfərov istefasını “insanların haqq və hüquqlarının tapdanması”na dözə bilmədiyi üçün etdiyini vurğuladı[9] və baxışlarının “bu rejimlə üst-üstə düşmədiyini” bildirdi.[10] Baş Prokurorluq 21 dekabr 2015-ci il tarixində Rüfət Səfərovun “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olduğunu bildirdi.[11]
Səfərovun bu addımından bir gün sonra - 2015-ci il dekabrın 21-də onun iş otağında və yaşadığı evdə axtarış aparılıb.[12] Axtarış nəticəsində şəxsi кompüteri, mobil telefonları, sənədləri götürülüb.[13] Səfərov dekabrın 21-dən baş verənlərə etiraz olaraq aclıq aksiyasına başladı.[14][15][16] 2016-cı il yanvarın 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransı zamanı Rüfət Səfərovla bağlı idarəyə müxtəlif müraciətlərin daxil olduğunu, onun haqqında Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığını bildirdi.[17] Cinayəti işini şərh edən zaman Səfərov ittihamı qərəzli və əsassız alandırdı, həmçinin "həbsdən, ağır işgəncələrdən, ən dözülməz hallardan belə qorxmadığını" bildirdi.[18] Yanvarın 15-də Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Rüfət Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçildi.[19] Vəkili Bəhruz Bayramovun sözlərinə görə Rüfət Səfərov məhkəmədə ittihamı qəbul etmədiyini bildirdi, onu “absurd və gülməli” adlandırdı.[20] Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi Rüfət Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.[21]
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də, saat 17:00 radələrində evə gələrkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.[22] Rüfət Səfərovun sosial media hesabında özünün xahişi ilə yazıldığı bildirildiyi paylaşımda onun heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla saxlanıldığı bildirilirib.[23] Səfərovun atasının sözlərinə görə, insan hüquqlarının müdafiəsinə görə ABŞ Dövlət Katibi Entoni Blinken ABŞ-da ona mükafat təqdim edəcəkdi, bunun qarşısını almaq üçün oğlu həbs olunub.[24] Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə isə Səfərovun torpaq alqı-satqısı ilə əlaqədar bir nəfər arasında münaqişə olub və bu səbəblə saxlanılıb, bununla bağlı araşdırma aparılır.[25] Saxlandıqdan sonra Binəqədi Rayon Polis İdarəsinə aparılan Rüfət Səfərov Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.[26][27] Rüfət Səfərovla görüşündən sonra vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərov ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülüb. “O dedi ki, iki gündən sonra mükafat ABŞ Dövlət Katibi Entoni Blinken tərəfindən ona təqdim ediləcəkdi. Azərbaycan hökuməti bundan xəbər tutduğuna görə bu işi düzüb-qoşub” deyə Elçin Sadıqov bildirib.[28] Dekabrın 4-də Rüfət Səfərova daha bir maddə ilə ittiham irəli sürülüb - 127.2.3-ci (qəsdən sağlamlığa az ağır zərər vurma). Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baş tutan prosesdə Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilib.[29] Vəkil Elçin Sadıqovnın sözlərinə görə Rüfət Səfərovun cinayət törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməyib.[30] “Yalnız həbs qətimkan tədbiri barədə təqdimat verildi. Müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatəti isə təmin edilmədi. Rüfət Səfərov məhkəmədə bildirdi ki, həbsi hüquq müdafiəçisi kimi ondan qisas alınmasıdır. Eyni zamanda o Elmar Hüseynov kimi nəticə gözləyirdi (jurnalist Elmar Hüseynov 2005-ci ilin martında evinin qarşısında qətlə yetirilib, qatillər və sifarişcilər hələ də həbs edilməyib - red), həbs edilməsi daha yüngül cəza oldu” deyə vəkili qeyd edib. Dekabrın 11-də[31] Bakı Apellyasiya Məhkəməsində Səfərovun apellyasiya şikayətinə baxıldı və həbs qətimkan tədibiri ilə bağlı birinci instansiya məhkəməsinin seçdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanıldı.[32]
Rüfət Səfərovun həbsi həm də yerli, həm də beynəlxalq ictimiayyət tərəfindən birmənalı qarşılanmadı və sərt tənqid olundu.[33][34] Onun saxlanmasından dərhal sonra ABŞ Dövlət Departamentinin Mətbuat Katibinin müavini Vedant Patel Turan İnformasiya Agentliyinin suallarını cavablandıran zaman hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahat olduqlarını bildirib.[33][35] Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe Rüfət Səfərovun saxlanması ilə İlham Əliyev sülaləsinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına dair şərtləri yerinə yetirməyə hazır olmadığını göstərdiyini vurğuladı.[36][37] Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun dərhal azad edilməsinə çağırıblar.[38] Avropa İttifaqının (Aİ)nın Azərbaycandakı səfiri Peter Mixalko İnsan Hüquqları Gününə həsr olunmuş tədbir ərəfəsində Rüfət Səfərovun saxlanılmasının 2 il əvvəl Bəxtiyar Hacıyevin həbsi ilə "eyni şəraitdə baş verdiyini" xatırladıb.[39] Amnesty International "Rüfət Səfərovun uydurma "dələduzluq" və "xuliqanlıq" ittihamları ilə həbsi Azərbaycan iqtidarının ölkədəki özgəfikirliləri susdurmaq üçün yorulmaz səylərinin daha bir bariz nümunəsi" adlandırdı və Azərbaycan iqtidarını Rüfət Səfərovu dərhal azad etməyə çağırdı.[40] Həmçinin ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin də Azərbaycan iqtidarını Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.[41] Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Old isə Rüfət Səfərovun saxlanılmasından dərin narahat olduğunu bildirdi.[42] Dekabrın 6-da ATƏT dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının Maltada baş tutan iclası çərçivəsində ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, o cümlədən hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.[43] Azərbaycanın müxalifət liderləri də Rüfət Səfərovun həbsini siyasi motivlərlə əlaqələndirib, onun siyasi məhbus olduğunu bildiriblər.[44] Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Rüfət Səfərovu hazırda ölkənin ən cəsarətli və fəal hüquq müdafiəçisi olduğunu bildirib və onun prokurorluqda işindən imtina edib, siyasi məhbus həyatı yaşadığını xatırladıb.[34] Müsavat Partiyasının sədri İsa Qəmbər Səfərovun saxlanılmasını qınadığını və Səfərovun Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində ən fədakar, ən çox çalışan, mübarizə aparan bir şəxsiyyət olduğunu, onun həbsinin siyasi motivlərlə bağlı olduğunu bildirib.[34] REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Azərbaycanda insanların siyasi və ictimai fəaliyyətinə görə saxlanılmasının, həbs olunmasının yolverilməz olduğunu bildirib[34], Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Azərbaycanda azadlıqda barmaqla sayılacaq sayda hüquq müdafiəçisinin qaldığını, onlardan birinin öz cəsarəti və işgüzarlığı ilə seçilən Rüfət Səfərov olduğunu xatırladıb.[34] Milli Şuranın sədri professor Cəmil Həsənli də Səfərovun planlaşdırılmış əməliyyat nəticəsində saxlanıldığı qənaətində olduğunu və Rüfət Səfərovun son illər siyasi məhbusların hüquqlarının müdafiəsi üzərində çox israrla və vicdanla işlədiyini bildirib.[34]
Dekabrın 10-da ABŞ Dövlət Katibi Entoni Blinken Rüfət Səfərovu ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatının qaliblərindən biri olduğunu elan edib.[45][46]