Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı | |
---|---|
Baş redaktor | Camal Əzimov |
İcraçı redaktor | Sezər Allahverdiyev |
Məsul redaktor | Xədicə Abbasova |
Əməkdaşlar |
Samir Nəcəfov Vüqar Kərimov Şəbnəm Həsənova Nərmin Qarabəyli Gülnar Fərzəliyeva Şahnaz Səfərli Nüsrət Ağazadə |
Növ | hüquq |
Dövrilik |
ildə 2 dəfə (aprel və sentyabrda) |
Təsisçi | BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti |
Təsis tarixi | noyabr 2014 |
İlk buraxılışı | may 2015 (2015-may) |
Ölkə |
![]() |
Dil |
Azərbaycan dili İngilis dili |
ISSN | 2412-5555 |
bsulawreview.org |
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı (ing. Baku State University Law Review) ― BDU Hüquq Fakültəsinin tələbələri tərəfindən redaktə və dərc olunan resenziyalı hüquq jurnalı.[1]
Jurnalda həm peşəkar hüquqşünaslar, həm də tələbələr tərəfindən yazılmış məqalələr yer alır. Jurnalın redaktorları Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin üzvləri sırasından seçilir. Redaksiya heyəti daimi olaraq hər ilin aprel və sentyabr aylarında 2 sayda olmaqla yeni buraxılışlar dərc edir.
BDU Tələbə Hüquq Jurnalı ilk dəfə BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olaraq 2014-cü ilin noyabr ayında Orxan Abdulkərimli tərəfindən təsis edilmişdir. Jurnalın ilk sayı 2015-ci ilin may ayında dərc olunmuş, yayımlandıqdan bir ay sonra "HeinOnline", 2023-cü ildə isə "Scopus" məlumat bazalarına daxil edilmişdir. Jurnal Azərbaycanda "Scopus" bazasında indekslənən ilk və yeganə tələbə jurnalı və "HeinOnline" bazasına yerləşdirilmiş tək Azərbaycan jurnalıdır.[2][3]
2016-cı ilin mayınadək olan müddətdə isə jurnal "Scholastica", "ExpressO" məlumat bazalarına üzv qəbul olunmuşdur.[2]
2025-ci ildə isə jurnalın Berkli Kaliforniya Universiteti və Yel Universitetinin kitabxanalarında yerləşdirilməsinə nail olunmuşdur.[3][4][5] Həmin il aprelin 15-də jurnalın 10 illik yubiley tədbiri keçirilmişdir.[6]
BDU Tələbə Hüquq Jurnalının fəaliyyətində ABŞ-nin Harvard, Yel, Stanford kimi universitelərinin təcrübəsindən yararlanılmışdır. Müəyyən edilən jurnal siyasəti dünya səviyyəsində tanınan akademik hüquqi yazı qaydalarına əsaslanmışdır. Burada Azərbaycan və ingilis dilində tələbələr və müəllimlər tərəfindən yazılmış məqalələr dərc olunur. Məqalələr qəbul edilərkən onların, xüsusilə, aktual problemlərlə bağlı olmaqlarına əhəmiyyət verilir. Həmçinin konstitusiya hüququ, beynəlxalq hüquq, mülki hüquq, cinayət hüququ ilə yanaşı, kommersiya hüququ, vergi hüququ, rəqabət hüququ, informasiya texnologiyaları hüququ kimi sahələrdə və yeni mövzularda olan məqalələrə üstünlük verilir.[2]
Jurnal 14 iyun 2023-cü ildə Azərbaycan Arbitraj Assosiasiyası tərəfindən Parisdə keçirilmiş ilk Azərbaycan Arbitraj Günü tədbirində təşkilatçı tərəfdaş kimi iştirak etmişdir. 2024-cü ildə Tələbə Hüquq Jurnalı hüquqi yazı ilə bağlı göstərişləri və mühüm detalları əks etdirən "Akademik Hüquqi Yazı Kitabçası"nı dərc etmişdir.[7]
BDU Tələbə Hüquq Jurnalı AMEA və digər qurumlarla əməkdaşlıq çərçivəsində akademik hüquqi yazı və müxtəlif hüquqi mövzularda konfranslar təşkil etməkdədir.[8][9][10][11]
"Akademik Hüquqi Yazı Kitabçası" BDU Tələbə Hüquq Jurnalı tərəfindən akademik hüquqi yazı ilə məşğul olmaq istəyən şəxslər üçün bələdçi olaraq hazırlanmışdır.[7] Kitabça akademik hüquqi yazı barəsində təməl bilik və prinsipləri, eləcə də onun maddi və texniki baxımdan cavab verməli olduğu tələbləri əhatə edir. Jurnalın çoxilllik təcrübəsinə əsaslanan kitabça özündə akademik hüquqi yazı prosesinin müxtəlif mərhələlərinə dair ardıcıl və sistemli tövsiyələr əks etdirir.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının redaksiya heyəti müxtəlif kurslarda təhsil alan və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvü olan hüquq tələbələrindən ibarətdir. Tələbə Elmi Cəmiyyətinə qəbul zamanı tələbələrin onlara verilmiş müxtəlif tapşırıqlar əsasında redaktə, akademik hüquqi yazı və araşdırma bacarıqları dəyərləndirilir. Bu zaman yüksək göstəricilər əldə etmiş tələbələr Jurnalın redaksiya heyətinə qəbul edilir.
Jurnala məqalələrin qəbulu və onların redaktəsi prosesi baş redaktorun nəzarət və idarəsi altında digər redaktorlar tərəfindən icra edilir. Məqalələrin yararlılığı isə rəyçilər tərəfindən qiymətləndirilir. Qiymətləndirilmə prosesi zamanı rəyçilərin işi ikiqat anonimləşdirilmiş şəkildə həyata keçirilir, konfidensiallıq təmin olunur. Jurnalın baş redaktorunun fəaliyyət müddəti 1 ildir və hər il yeni namizədlə əvəzlənir. İlk baş redaktor isə Orxan Abdulkərimli olmuşdur.[12]