Əbu Nəsr Tacəddin Əbdülvəhhab ibn Əli ibn Əbdilkafi əs-Subki (ərəb. تاج الدين السبكي; fevral 1327, Qahirə – 1 yanvar 1370, Dəməşq[1]) — Şafii fəqihi və bioqraf.[2] Subkiyyə nəslinə (ərəb. البیت السبكیة) mənsub olduğu üçün əs-Subki nisbəsi ilə məşhurlaşmışdır.[3]
Tacəddin əs-Subki | |
---|---|
ərəb. تاج الدين السبكي | |
Doğum tarixi | fevral 1327 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1370 (42 yaşında) |
Vəfat yeri | |
Atası | Təqiyyəddin əs-Subki |
Elm sahəsi | fiqh |
Hicri 727-ci (1327) ildə Qahirədə dünyaya gəlib. Ona İbnüs-Subki də deyiblər.[2] İlk təhsilini atası Təqiyyəddin əs-Subkidən alıb. Kiçik yaşlarında Quranı əzbərləyib. Şam qazıl-qudatı təyin edilən atası ilə birlikdə hicri 739-cu (1338) ildə Dəməşqə köçüb. Burada bir çox alimlərdən dərslər alıb: Zəhəbi, Yusif ibn Əbdürrəhman əl-Mizzi, Şəmsəddin İbnün-Naqib, Şəhabəddin İbnül-Kəyyal, Zeynəddin İbn Teymiyyə, Əbu Həyyan əl-Əndəlüsi, İbn Nübatə əl-Misri, Bədrəddin ibn Cəməa və İbn Seyyidün-Nəs bunlardan bəziləridir. İstedadı və səyi nəticəsində 18 yaşında fətva vermək hüququ əldə edib.
Əziziyyə, əl-Adiliyyətül-kübra, Qəzzaliyyə, Əzraviyyə, əş-Şamiyyətül-Bərraniyyə, əş-Şamiyyətül-Cəvvaniyyə, Nasiriyyə, Əminiyyə və Əşrəfiyyə Darül-hədisi kimi Dəməşq mədrəsələrinin bir çoxunda dərs deyən Subki, Qahirədə İmam Şafii məscidi, Şeyxuniyyə mədrəsəsi və İbn Tolun məscidi kimi qurumlarda müəllimlik edib. Firuzabadi, Şəhabəddin ibn Hicci, İbn Sənəd (Məhəmməd ibn Musa) əl-Ləhmi, Nəsirəddin ibn Əşair əl-Hələbi və İmran ibn İdris əl-Kinani onun tələbələrindəndir.
Əs-Subki, hicri 754-cü (1353) ildə Şam naibi Əmir Əlaədin Əli ibn Əli əl-Mardininin xüsusi katibi təyin edilir. 756-cı ilin Rəbiül-əvvəl ayının sonları isə qazı naibi təyin olunur və ölümünə kimi bu vəzifədə qalır. O, Zilhiccənin 7-si 771-ci (2 iyul 1370 və ya 1 yanvar 1370) ildə Dəməşqdə vəbadan vəfat edir və Qasiyundakı Subkilər türbəsində dəfn edilir.[2]
Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Cəmul-Cəvami fi Üsulil-Fiqh, Rəful-Həcib ən Müxtəsəri-İbnil-Həcib, əl-Əşbah vən-Nəzair, Muidün-Niam və Mübidün-Nikam, Təbəqatüş-Şafiiyyətil-Kübra[4] və s.