The Dangers in My Heart,[a] Yaponiyada tanınan adı ilə Boku no Kokoro no Yabai Yatsu[b], qısaca BokuYaba[c] – Norio Sakuray tərəfindən yazılan və çəkilən manqa seriyası. 2018-ci ilin martında "Akita Shoten" nəşriyyatının "Weekly Shōnen Champion" jurnalında nəşr olunmağa başlamışdır. 2024-cü ilin noyabrına qədər 11 tankobon cildi buraxılmışdır. Manqa seriyası sinifin çunibyo və tənha şagirdi Kyotaro İçikava ilə sinifin ən populyar qızı Anna Yamada arasındakı yaranan romantik münasibətlərdən bəhs edir.
The Dangers in My Heart | |||||||||||||||||||||||||||||||||
![]() Birinci tankobon cildinin üzlüyü. Personajlar: Anna Yamada (solda) və Kyotaro İçikava (sağda). | |||||||||||||||||||||||||||||||||
僕の心のヤバイやつ (Boku no Kokoro no Yabai Yatsu) | |||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Janr | romantik komediya,[1] həyat dilimi[1] | ||||||||||||||||||||||||||||||||
Manqa | |||||||||||||||||||||||||||||||||
Manqaka | Norio Sakuray | ||||||||||||||||||||||||||||||||
Nəşriyyat | Akita Shoten | ||||||||||||||||||||||||||||||||
Jurnal |
| ||||||||||||||||||||||||||||||||
Demoqrafiya | şonen | ||||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 8 mart 2018 – hazırda | ||||||||||||||||||||||||||||||||
Cildlər | 11 (cild siyahısı) | ||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||
![]() |
Seriya əsasında "Shin-Ei Animation" tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023-cü ildə, ikinci mövsümü 2024-cü ildə yayımlanmışdır. 2024-cü ildə spin-off ranobesi nəşr olunmuşdur.
Kyotaro İçikava vaxtının çoxunu cinayət ensiklopediyaları oxuyaraq keçirən asosial və çunibyo şagirddir. O, sinfin ən populyar və gözəl qızı olan, modellik və aktrisalıq ilə məşğul olan Anna Yamadanı "öldürməyin" fantaziyasını qurur. Lakin Yamadanı müşahidə etdikcə əslində onun da qəribə bir qız olduğunu görür. Yamada gizlicə yemək yemək üçün məktəb kitabxanasına gəlməyə başlayanda onlar arasında gözlənilməz romantik münasibətlər inkişaf etməyə başlayır.
Norio Sakuray verdiyi müsahibədə idolların fanatı olduğunu, favorit idolu ilə eyni sinifdə oxusaydı onunla ünsiyyətinin necə olacağı barədə xəyallar qurduğunu bildirmişdir. O, bu fikirlərindən təsirlənərək "The Dangers in My Heart" manqasını və Anna Yamada personajını yaratmağa qərar vermişdir. İçikava personajını yaradarkən özünü düşündüyünü bildirmişdir. Sakuray İçikavanın Yamada ilə interaksiyalarından sonra özünü "sağaltdığını" vurğulamaq üçün fəsilləri "karte" adlandırmağa qərar vermişdir.[2]
Prodüser Kazuki Endo manqanın 2-ci və 3-cü cidlərini oxuduqdan sonra manqanı çox bəyənmiş və anime adaptasiyasını çəkmək üçün "Akita Shoten" redaktorlarına təklif göndərmişdir. Redaktor Keyta Takakaşi müsahibəsində bildirmişdir ki, Endonun layihəyə olan entuziazmi anime təklifini qəbul etməsi üçün əsas faktorlardan biri olmuşdur. Endo animenin ssenarisi üçün Cukki Hanadaya müraciət etmiş və manqa ilə öncədən tanışlığı olan Hanada təklifi dərhal qəbul etmişdir. Endo "A Silent Voice" anime filminin saundtrekini çox bəyəndiyi üçün Kensuke Uşionu animenin bəstəkarı kimi seçmişdir.[3] Uşio animenin saundtrekini bəstələmək üçün doğma şəhərinə getmiş və məktəbdə gedərkən istifadə etdiyi yolu gəzərək qeydə almışdır.[4] Rejissor Hiroaki Akaqi emosiyaları və personajlardakı dəyişiklikləri əks etdirmək üçün rənglərə diqqət yetirmişdir. Sakuraydan icazə alaraq manqada personajların sinifdə əyləşdikləri yeri animedə bir qədər dəyişdirmişdir. Səs aktyorlarının seçilməsi prosesi zamanı Hina Yoomiyanın nadir səsə malik olmasını bəyənmiş, çips yemə səhnəsini yaxşı ifa etdiyi üçün Yamada roluna onu seçmişdir.[5]
Manqa seriyası Norio Sakuray tərəfindən yazılır və illüstrasiya olunur. Manqanın individual fəsilləri "karte" adlanır. Manqa 8 mart 2018-ci ildə "Akita Shoten" nəşriyyatının "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır.[6] 10 aprel 2018-ci ildə "Champion Cross" manqa saytına köçürülmüşdür.[7] 10 iyul 2018-ci ildə "Champion Cross" və "Champion Tap!" saytları birləşdirilmiş və manqa yeni yaradılmış "Manga Cross" saytında serializasiya olunmağa başlamışdır.[8] 2024-cü ilin noyabrına qədər manqanın 11 tankobon cildi buraxılmışdır.[9]
Spin-off manqası "Twi-Yaba" müxtəlif qısa hekayələr kolleksiyasından ibarətdir və Sakurayın rəsmi "Twitter" hesabı vasitəsilə yayımlanır. Manqanın adı "Twitter" və "Yabai" sözlərinin birləşməsindən ibarətdir.[10]
"Shin-Ei Animation" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023-cü ilin aprelindən iyuluna qədər TV Asahi kanalında yayımlanmış və 12 seriya davam etmişdir.[11] Animenin rejissoru Hiroaki Akaqi, ssenaristi Cukki Hanada, personaj dizayneri Masato Katsumata, bəstəkarı Kensuke Uşiodur.[12] Açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan "Shayō"[d] mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan "Sū Sentimental"[e] mahnısıdır.[13]
"Twi-Yaba" spin-off manqasına əsaslanan, hərəsi bir neçə dəqiqə davam edən qısa seriyalardan ibarət anime adaptasiyası 10 dekabr 2023-cü ildə yayımlanmışdır.[10]
Anime serialının ikinci mövsümü 2024-cü ilin yanvarından aprelinə qədər TV Asahi kanalında yayımlanmış və 13 seriya davam etmişdir. Açılış mahnısı "Atarayo" qrupu tərəfindən ifa olunan "Boku wa..."[f] mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan "Koi Shiteru Jibun Sura Aiserunda"[g] mahnısıdır.[11]
20 fevral 2024-cü ildə "YouTube"da "Re:Zero" və "The Danger in My Heart" personajlarının yer aldığı qısa krossover animesi buraxılmışdır.[14] 29 sentyabr 2024-cü ildə anime serialının iki mövsümünün hekayəsini ümumiləşdirən və finaldan sonrakı hekayəyə dair yeni səhnələr ehtiva edən anime filmi anons edilmişdir.[15]
Kota Nozomi tərəfindən yazılan, Sakuray və sune tərəfindən illüstrasiya olunan spin-off ranobesi "Media Factory" nəşriyyatı tərəfindən 25 sentyabr 2024-cü ildə buraxılmışdır. Ranobeyə 4 fərqli hekayə daxildir: İçikavanın ibtidai məktəbdə əldə etdiyi nadir kart və həmin vaxt tanış olduğu sirli qadın, İçikava və Yamada arasındakı münasibətlərin Moekonun gözündən təsviri, İçikava və Yamadanın cüt görüşü, Yamadanın anasının gizli hekayəsi.[16]
Manqa 2020-ci ildə "Tsugi ni Kuru" Mükafatının veb-manqa kateqoriyasının qalibi olmuşdur.[17] Həmin il Yaponiyada kitab mağazaları işçilərinin 15 başlıqdan ibarət manqa tövsiyəsi siyahısına daxil olmuşdur.[18] 2021-ci ildə 250.000 iştirakçı arasında keçirilən "ən çox anime adaptasiyası istənilən manqa seriyaları" sorğusunda birinci yeri tutmuşdur.[19]
"THEM Anime Reviews" tənqidçisi Alan Mudi animeni "Teasing Master Takagi-san" və "Lovely Complex" animeləri ilə müqayisə etmişdir.[20]